SON DƏQİQƏ
» » Öz əsgərinin gəlişinə sevinən Qarabağ torpağı

Öz əsgərinin gəlişinə sevinən Qarabağ torpağı

Tarix:

14-10-2020, 16:17

/ 3 506 dəfə oxundu.
Öz əsgərinin gəlişinə sevinən Qarabağ torpağı


Bəli. 1988-ci ilin fevral ayının 22-dən başlayan Qarabağ müharibəsi 32 il idi ki, səngimək bilmir və 1994-cü ildən atşkəs elan olunsa da zaman-zaman ermənilər cəbhə bölgələrində həmvətənlərimizə güllə atıb, onlara xəsarət yetirir və çoxlu insanlarımız da şəhid olurdular. Hətta həmin vaxtlardan yaradılan Minsk qrupu Amerika, Rusiya və Fransanın həmsədrliyi ilə həmişə birtərəfli mövqe tutub, hayasızcasına ermənilərə köməklik edirdilər. Onların yeganə bir məqsədi vardı: "Nəyin bahasına olursa-olsun Qarabağı bütövlükdə ermənilərə vermək”. Artıq 32 il gözləyən xalqımız toparlandı və 2020- ci ilin sentyabr ayının 27-dən Qarabağda erməni gavurları olan düşmənlərimizə çox layiqli cavablar verməyə başladı. Az bir vaxtda döyüş bölgələrində üstünlüyü ələ keçirdi və düşmənə layiqli cavab verməklə bir neçə yaşayış məntəqələrimizi, döyüş üçün çox vacib olan çoxlu yüksəklikləri ələ keçirdi. Rəşadətli əsgərimiz, Suqovuşanda erməni bayrağını bir əsgi kimi kənara atıb, orada üçrəngli Azərbaycan bayrağını dalğalandırdı. Bu gün də rəşadətli ordumuz, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qələbəyə doğru çox inamla irəliləyir. Deməli, tezliklə üç rəngli bayrağımızı Şuşada, Xankəndində ucaltmağımız günlərə çox az qalıb. Bütün bu xoş xəbərləri eşitdikcə bütövlükdə xalqımız sevinc göz yaşları ilə bir-birini salamlayır. Bax biz, bu sevinci necə də böyük ümidlə gözləyirdik…

Biz əvvəllər də 2016-cı ilin aprel və 2020-ci ilin iyul ayında da ermənilərlə üz-üzə gəlib, onlara layiqli cavablar vermişdik. Amma həmin vaxtı bəzi super güclü ölkələr bizə imkan vermədi ki, döyüşlərimizi uğurla davam etdirək. Artıq bütün bunlardan cana doyan Azərbaycan xalqı Ali Baş Komandanımızın rəhbərliyi və qardaş Türkiyənin dəstəyi ilə yenidən döyüşləri bərpa elədi. Artıq bu döyüş də bizim Qarabağda Böyük Vətən Müharibəmiz hesab olunur. Və çox sevindirici haldır ki, xalqımız arasında çox böyük milli birlik yaranıb və bir millət olaraq iqtidar da, müxalifət də bir yumruq kimi birləşərək, düşmənə layiqli cavablar verir. Bu müharibədə xalq arasında çox böyük ruh yüksəkliyi var. Hamı arxa cəbhədə olan cavanlarımızı döyüş bölgələrinə çox böyük şadyanalıqla, yüksək əhval-ruhiyyə ilə yola salır. Xalqımızın bu böyük əhval-ruhiyyəsini qoruyub saxlaması üçün bu gün ziyalılarımızdan, ağsaqqallarımızda daha çox şey tələb olunur. Onlar özlərinin böyük düşüncəsi, müdrik ağlı ilə bu gün ön cərgədə olmalıdırlar. Və xalqımızı qələbələrə daha çox ruhlandırmalıdırlar. Artıq xaricdə yaşayan azərbaycanlılar da, yaşadıqları ölkədə böyük yürüşlər keçirməklə Azərbaycanın yanında olduqlarını lazım olan şəkildə göstərirlər. Oktyabr ayının 3-də Almaniyanın ən böyük şəhərlərindən biri olan Düsseldorf şəhərində, Almaniyada yaşayan türklər və azərbaycanlıların birgə keçirdikləri nəhəng yürüş buna əyani sübutdur. 

Bu müqəddəs işdə də ziyalılar öndə getməli və xalqı öz ardlarınca aparmalıdırlar. Bugün Azərbaycanın ən öndə gedən böyük ziyalılarından biri də tanınmış göz həkimi, yazıçı-publisist, yüzə yaxın hekayənin, novellanır, iki mindən çox aforizmlərin müəllifi Hümbət Həsənoğludur. Biz onunla bu döyüşlərlə bağlı fikirlərini öyrənmək istədik.

-Doktor, sentyabr ayının 27-dən başlayan xalqımızın böyük coşqu ilə öz torpaqları uğrunda apardığı Böyük Vətən Müharibəsi haqqında bir ziyalı kimi nə deyə bilərsiniz?

-Siz bilirsiniz ki, 32 il bundan qabaqkı dövrdə xalqımız erməni gavurları ilə müharibə apardığı bir vaxtda, hətta həmvətənlərimizin əlində olan ov tüfənglərini, hətta evlərində olan bütün kəsigi alətləri belə Sovet rəhbərləri yığmışdılar. Həmin vaxtı biz, Sovetlər Birliyi olan bir ölkənin, imperiyanın tərkibindəidik. Moskvada olan havadarlarının köməkliyi ilə ermənilərə çox böyük üstünlük verilmişdi. Həmin vaxtı SSRİ Müdafi naziri Qraçov idi. Onun anası da erməni idi. Eləcə də baş katib, başıboş Mixail Qarbaçov və arvadı Raisa da erməniləri müdafiə eləyirdi. Hətta həmin vaxtı Yakovlev Ermənistana gedib, onlara tapşırıqlar verirdi ki, Qarabağı götürün. Biz də həmin vaxtı Sovetlər Birliyinin rəhbərliyinə inanırdıq ki, onlar bizi müdafiə eləyəcəklər və ermənilər heç nə eləyə bilməyəcək. Belə dəhşətli haqsızlıq da ola bilməz. Qarabağ bizimdir və bizim də olacaq. Tezliklə hamı öz evinə, öz ocağına qayıdacaq və haqq öz yerini tapacaq. Beləliklə, Moskvada outran rəhbərlər Qarabağdan istifadə eləyib, SSRİ-ni dağıtdılar. Həmin bombanın da fitili Sumqayıt oldu. Çünki Qarabağ hadisələrinini bir sumqayıtlı kimi Sumqayıt hadisələrindən ayırmaq istəmirəm. Bilirsiniz ki, Ermənistan dövlətini I Pyotrun vəsiyyəti ilə ruslar yaradıb. SSRİ də keçmiş Rus dövlətinin bir forması idi. Onlara da Erməni dövləti Zaqafqaziyada çox lazım idi. RuslarQarabağı almaqla ikinci bir Erməni dövləti yaratdılar. Bizim millət də bu 32 ili çox səbirsizliklə gözləyirdi ki, onlara bir şans verilsin və onlar torpağımızın qisasını ala bilsinlər. Nəhayət elə bir imkan yarandı. Burada mən əsasən öz prezidentimiz cənab İlham Əliyevə öz minnətdarlığımı bildirirəm ki, o, qətiyyət göstərdi və böyük dövlətlərin içərisində maraqlı balanslaşdırılmış siyasət qurdu. Orduda və xalqımız arasında böyük ruh yüksəkliyi yaratdı. Və beləliklə də əmr verdi ki, erməni təxribatının qarşısı qəyiyyətlə alınmalıdır. Siz bilirsiniz ki, elə son vaxtlar ermənilər nəinki Qarabağdan, hətta Ermənistandan da dinc əhalimizə qarşı silahlardan istifadə eləyib, dinc əhalimizi qətlə yetirirdilər. Elə bu ilin iyul ayındakı Tovuz hadisələri buna canlı misaldır. Və biz başa düşdük ki, elə bizim öz torpaqlarımızdan- Qarabağdan da, Ermənistandakı torpaqlarımızdan da bizə mərmilər atırlar. Bunu da dünyanın super güc dövlətləri adi bir iş kimi qarşılayırlar. Amerikanın, Rusiyanın və Fransanın rəhbərlik etdiyi Minsk qrupu da bunu adi bir hal kimi qarşılayırdı.Ermənilərə bu vəhşi hərəkətlərinə görə heç nə demirlər. Axı bu necə ola bilər? Burada hansı məntiq var. Artıq görün ermənilər necə azğınlaşdılar ki, sentyabrayının 27-də səhər saat 6-da bizimlə qeyd-şərtsiz müharibə başladı. Ali Baş Komandanımız da əmr verdi və bizim ordu da əks hücuma keçdi. Elə bir gündə 7 kəndi düşmənlərdən azad etdik. Artıqbizim sizinlə müsahibə apardığımız oktyabr ayının 4-də əlavə 8 kənd də ermənilərdən azad olunub. Sevinirəm ki, mənim doğma yurdum Cəbrayıl şəhəri, bir neçə kəndi və bizim ata ocağımız Quycaq kəndi də erməni gavurlarından azad olunub. Bu, məni sevincdən kövrəldir. Bu gün də hücum böyük uğurla davam eləyir. Mən də qətiyyətlə əminəm ki, biz sona qədər vuruşub, torpaqlarımızı erməni gavurlarından tam azad eləyib, tezlıklə Xankəndində, Şuşada və işğal olunmuş bütün torpaqlarımızda üçrəngli bayraqlarımızı ucaldacağıq. Bu qələbə heç də ucaqda deyil. Əsas odur ki, xalqımız Prezidentin ətrafındadır. Onun qətiyyətini dəstəkləyirlər. Hətta Madagizə yenidən əvvəlki adının prezidentimizin əmri ilə Suqovuşan adının qaytarılması hamının ürəyincə oldu. İnanıram ki, ermənilərdən aldığımız bütün kəndlərə onların əvvəlki adları qaytarılacaq. Prezident cənab İlham Əliyev bir neçə gün bundan qabaq yaralıların yanında oldu. Onlarla xoş söhbətlər apardı. Yaralıların da ilk sözü o oldu ki, tezliklə sağalıb, cəbhəyə qayıtmaq istəyirik. Deməli, belə igid oğullarımız erməniləri tezliklə darmadağın edəcəklər. Tez-tez cəbhə bölgələrindən də göstərilən kadrlarda əsgərlərimizin böyük coşqulu əhval-ruhiyyəsi hamımızı sevindirir. Mən hesab edirəm ki, xalqımızda olan bu böyük ruh yüksəkliyinin qarşısında erməni duruş gətirə bilməyəcək. Çünki atalarımızın da belə gözəl məsəli var: "Xalq bir olsa dağ oynadar yerindən”. Bəli. Xalqımız birdir. Möhkəm milli birlik yaranıb. Uzun illərdir ki, biz bu milli birliyi arzu edirdik. Artıq o da reallaşır.

-Çox yaxşı vurğuladınız ki, bu gün xalq yüksək əhval-ruhiyyədədir və böyük milli birlik var. Bir ziyalı həkim, yazar kimi sizin xalqa arzularınız nədir?

-Mən başa düşürəm ki, bu müharibədir və biz şəhidlər verəcəyik. Dünyasını dəyişmiş şəhidlərimizin, həmvətənlərimizin valideynlərinə Allahdan böyük səbr diləyirəm və bağsağlığı verirəm. Mən bir şeyi demək istəyirəm ki, Çanaqqala döyüşündə türklərlə birlikdə iki mindən çox azərbaycanlı da iştirak eləyib. Həmin döyüşdə də çoxlu əsgərlər dünyalarını dəyişmişdi. Şəhid olmuşdular. Onların çoxununanaları gəldilər Atatürkün yanına. Böyük Atatürk onlara bir neçə söz söylədi və sonda isə belə dedi: "Siz yenə oğul doğa biləcəksiniz. O oğulları böyüdəcəksiz. Amma torpaq doğmaq mümkün deyil”. Dahi Atatürkün bu sözlərini eşidən həmin analar çıxıb getdilər. Əlbəttə, mən də istəmirəm ki, bizim övladlarımız şəhid olsun. Çünki mən də atayam, babayam. İstəmərəm belə şey olsun. Amma axı biz 32 ildir ki, torpaqlarımızı azad etməkçün səbrlə gözləyirdik. İstəyirdik ki, düşmənlərimiz torpaqlarımızı sülh yolu ilə qaytarsınlar. Amma onlar, təkcə düşmənlərimiz yox, onların havadarları belə bizim səbrimizi zəiflik kimi qəbul elədilər. İndi Azərbaycan oğlu öz sözünü döyüş meydanında deyir və düşmənə nəyə qadir olduğunu sübut eləyir.

-Doktor, indi hansısa xarici ölkələr, elə Fransa bizə irad tutur ki, siz niyə belə eləyirsiniz? Doğrudanmı onlar başa düşə bilmirlər ki, axı biz öz torpağımızda vuruşub, öz torpağımızı işğalçılardan azad edirik. Axı qondarma dövlət olan Dağlıq Qarabağın pulu olmaya-olmaya bu qədər silah-sursat onlarda haradandır? Belə dəhşətli, milyonlar xərclənən səngərləri hansı pulla düzəldiblər? Deməli, həmin silahları onlara Ermənistan verib ki, bizə qarşı istifadə eləsinlər. Eləcə də onlara canlı qüvvə ilə köməklik eləyirlər. Axı ermənistanlının Azərbaycan torpağında nə ölümü var? Buna sizin münasibətiniz necədir?

-Burada mən iki məqama toxunmaq istəyirəm. Prezidentimiz qabaqcıl ölkələrinin prezidentləri ilə telefonla danışıb. Onlar soruşanda ki, niyə müharibə eləyirsiniz? Bizim prezidentimiz də deyib ki, "axı biz öz ərazimizdə döyüşürük və işğalçıları öz ərazimizdən çıxarmaq istəyirik. Axı bütün dünya dövlətlərinin tanıdığı və qəbul etdiyi bizim öz ərazimizdə döyüşlər gedir. Axı biz Ermənistanın ərazisində müharibə aparmırıq. Ona görə də siz Ermənistan rəhbərliyindən soruşun ki, onlar bizim ərazimizdə nə edirlər?” Amma burada çox yaxşı və maraqlı bir məqam var. Səngərdə Azərbaycan əsgəri ilə erməni əsgəri üz-üzədir. Erməni başa düşür ki, bura onun öz torpağı deyil. Belə olduqda onun nə təpəri, nə motivasiyası, nə də özünə inamı var. O, səngərdə oturub, Paşinyanı söyür ki, "axı sən məni bura niyə salıbsan? Axı bu torpaqda mən niyə olmalıyam?” İndi təsəvvür eləyin ki, həmin torpağın yiyəsi erməni gavurunu oradan qovur. Çünki bu torpağın yiyəsi, həmin torpaqdan güc alır. Bəli. Mənim əsgərim Vətən torpağından güc alır. Amma erməni o torpaqdan güc ala bilmir. Çünki o torpaq erməniyə yaddır. O torpaq onu qəbul eləyə bilmir. O torpaq sevinir ki, nəhayət Azərbaycan əsgəri gəlib, öz yurdunu düşməndən azad eləyir. O torpaq onun ayağının səsinə, nəfəsinə sevinir. Min illər eşitdiyi onun danışığına sevinir. Bax bunun qarşısında dayana bilərmi erməni dığası. Yox. Heç vaxt dayana bilməz. Ona görə də eşq olsun Azərbaycan əsgərinə! Eşq olsun Azərbaycan xalqına! Mən elə bu gün yazdığım aforizmlə fikrimi davam etdirmək istəyirəm və deyirəm: "Hamı olsa tən, basılmaz Vətən”.

Burada bir fikrimi də xüsusi vurğulamaq istəyirəm. Dövlətin, dövlət olması üçün bütün atributları ilə yanaşı, bir şərt də çox vacibdir. O xalqın qələbə günü olmalıdır. Təəssüf ki, bizim xalqın belə qələbə günü yoxdur. İnanıram ki, bu Böyük Vətən Müharibəsinin sonunda biz belə bir günü əldə edəcəyik. Yəni vuruşaraq, qələbə günümüzü tarixə yazacağıq. Bax bu qələbə günü xalqımızın zədələnmiş, qürur, iftixar, özümüzə inam hissini özümüzə qaytaracaq. Həmin gün də xalqımızın tarixində qələbə günü kimi əbədi qeyd olunacaq.

 

Ağalar İDRİSOĞLU,

Əməkdar incəsənət xadimi


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ