SON DƏQİQƏ

Fərəc Quliyev: Mən hansı statusda oluram olum “əsas olan dövlətdir, qalanı təfərrüatdır”

Tarix:9-07-2020, 09:34 Oxunub:2 855


 
Milli Dirçəliş Hərəkatı partiyasının sədri, istiqlalçı sabiq millət vəkili  Fərəc Quliyevin  GunAz.az-a müsahibəsi.
 
- Fərəc bəy Xarici İşlər Nazirliyində baş verənlərə münasibətinizi bilmək istərdik.
- Ölkədə korrupsiyaya qarşı mübarizə islahatların tərkib hissəsi kimi çox vacibdir. Açığı strateji dövlət strukturlarında bir çatışmazlıq olduqda mən çox narahat oluram. Bir rayon icra aparatında baş verən neqativlə strateji dövlət strukturlarında baş verən neqativ eyni assosiasiyanı vermir. Dövlət orqanizmdirsə bu strukturlar o bədənin həyati əhəmiyyətli əzalarıdır. Mən hansı statusda oluram olum "əsas olan dövlətdir, qalanı təfərrüatdır” sabit şüarımdır. Təki XİN-də problemlər yalnız maliyə ilə əlaqəli olsun… İnformasiya axını və oxşar problemlər ortaya çıxarsa bu hamımız üçün çox üzücü olar.
 -Sizcə Xarici işlər nazirliyinin qüsurları niyə vaxtaşırı diqqətə alınmayıb? 
- Bu strukturun istehsalı günlük məhsul deyil. On illər sonraya hesablanmış fəaliyyət qurulmalıdır. Hər addımın, hər kəs tərəfindən sorğulanması da doğru deyil. Amma ümumi istiqamətlər, milli hədəflər aydın olmalıdır. Əlbəttə rast gəldiyimiz çatışmazlıqları görəndə aradan qaldırılmasını istəmişik. Məsələn, mən Parlamentdə çıxışımın birində konvensiyalara razılıq veriləndə əlavə edilmiş xəritə ilə bağlı etiraz bildirmişdim. Xeyli müddət sonra ratifikasiya edəcəyimiz başqa bir sənədə yenə həmin xəritə əlavə olunmuşdu. Mən bu xəritəyə irad tutaraq bildirdim ki, "burada işğal olunmuş Azərbaycan əraziləri göstərilib və adlar yazılıbdır: Martuni, Mardakert, Hadrut. Biz bu adları dəyişmişik axı. Mən keçən dəfə dedim ki, standart xəritələrdən istifadə edirlər. Mənə irad bildirdiniz ki, standart xəritələr yoxdur. Görünür standart xəritələrdir, bunu dəyişmək lazımdır. Axı, biz bunu konvensiyaya əlavə eləmişik və harasa göndərəcəyik. Biz bu adları dəyişmişik, onlar olduğu kimi yazılmalıdır. Xarici İşlər Nazirliyinə bildirmək lazımdır ki, standart xəritəni kənara qoysunlar, normal bir xəritə hazırlasınlar. Üstəlik, bəyanatda işğal olunmuş ərazilərimizi göstərəndə Naxçıvanın Kərki və Qazaxın işğal olunmuş ərazilərinin adlarını da bura salmaq lazımdır. Bu çox ciddi sənəddir, müxtəlif yerlərə gedir”.
 Bəzən kiçik görünən bir detal belə çox əhəmiyyətli olur. Mən illərdi deyirəm ki, Ermənistan - Azərbaycan - Dağlıq Qarabağ ifadəsi zərərlidir, Bu Ermənistan –Azərbaycan müharibəsidir.
XİN-in bütün sənədlərində Ermənistan - Azərbaycan – Dağlıq Qarabağ ifadəsi işlədilir. Nəhayət ki, biz doğru olan Ermənistan –Azərbaycan müharibəsi ifadəsini işlətməliyik. Azərbaycan unitar dövlətdir. Azərbaycan ifadəsinin içərisində Qarabağ da Naxçıvan da, Şəki də, Şirvan da və s. bölgələr də yer alır. Ermənistan - Azərbaycan - Dağlıq Qarabağ ifadəsi zərərlidir. Dağlıq Qarabağı ayrıca ifadə etməklə düşmən tərəfin müstəqil subyekt kimi siyasi proseslərdə bu ifadədən istifadəsinə tutaraq vermiş oluruq. Ona görə Ermənistan – Azərbaycan müharibəsi ifadəsindən istifadə olunmasını münasib gördüyümü bildirmişəm.
- Bu irad XİN–in diqqətinə çatdırıldımı, nəzərə alındımı?
- Həmişə çağırış edirdim ki, Milli Məclisdə qaldırılan məsələlər mütləq müvafiq sturukturların nəzərinə çatdırılsın. Təəsüf ki, bu edilmirdi. Doğrudur, ikinci çıxışımdan sonra xəritə ilə bağlı iradım nəzərə alındı və bundan sonrakı sənədlərə xəritə əlavə olunanda artıq yenisi qoyulurdu. Ümumiyyətlə isə, Milli Məclislə XİN-in əlaqəsi və ortaq çalışması vəziyyətə adekvat deyildi. Mən demək olar ki, hər dəfə növbəti sessiya başlayanda iş planına təklif edirdim ki, Milli Məclis bir iclasını Qarabağ dinləmələrinə həsr etsin. Bu iclasda Müdafiə nazirliyi və xarici işlər nazirliyi iştirak etsin, bütün məsələlər-xüsusilə danışıqlardakı vəziyyət və təkliflərin çərçivəsi haqda məlumat verilsin. İclas qapalı keçirilə də bilərdi və cəmiyyəti narahat edən məqamlar ictimaiyyətə çatdırılardı. Bu çox vacib idi. 
- Bunu zəruri edən əsas səbəblər nə idi?
-Biz kim, nə vaxt, harda, necə suallarının cavablarını bu müzakirələrdə tapmalıydıq. Qarabağ məsələsini fəaliyyət proqramında görən qurumlar eyni məzmunda ortaq davranış nümayiş etdirməlidir. Bu çərçivə XİN-də müəyyən olunmalı və iş bölgüsünə uyğun hər subyekt fəaliyyətin bu ortaq sənədə uyğun qurmalıdır. Belə müzakirələr olmadığından boşluqlar yaranır.
Ermənistan tərəfindən Azərbaycana qarşı törədilən təcavüz siyasətinə görə beynəlxalq hüquqi məsuliyyət hələ də açıq qalır. Bu təkcə Beynəlxalq qurum və super dövlətlərin seleksiya siyasətinə bağlı deyil. Koordinasiya olunmuş siyasətin qurulmaması da səbəblərdəndir. 2019-cu ilin sentyabr ayında Milli Məclisdə təklif etdim ki, dövlətçiliyimizə və ərazi bütövlüyümüzə qarşı Ermənistanın törətdiyi təcavüz cinayətinə görə Ermənistanın beynəlxalq hüquqi məsuliyyəti haqda BMT TŞ-na ünvanlanacaq müvafiq sənədin müzakirəsi təxirəsalınmadan keçirilsin. Təbii ki, bu sənədi layihə halında XİN təqdim etməli idi. Sənəddə BMT Nizamnaməsi və beynəlxalq hüquqda nəzərdə tutulan özünümüdafiə hüququnun tətbiqinə başlanılması xüsusi qeyd olunsun. Təcavüz aktının bu və ya digər formasına görə təcavüzkar dövlət BMT TŞ qarşısında birbaşa məsuliyyət daşıyır. Bu isə BMT TŞ-na təcavüzkar haqqında məcburi tədbirlərin görülməsi səlahiyyəti verir. Çünki müasir beynəlxalq hüquqa görə məsuliyyət restitusiya və reparasiya formasında nəzərdə tutulur. Bunu əsas götürərək BMT nizamnaməsinin 7-ci fəslinə müvafiq olaraq məcburiyyət tədbirlərinin işə salınmasını hədəf götürməliyik. ATƏT-in vasitəçiliyi ilə aparılan danışıqların heç bir nəticəsinin olmadığı bir zamanda Ermənistanla danışıqların yeni mərhələsini gözləməyin heç bir mənası olmadığını bildirdim. Ən yaxşı halda Ermənistanla danışıqların sonucu Ter-Petrosyan dönəmindəki səviyyəyə gələr ki, belə vəziyyətdə ermənilər sadəcə hakimiyyəti dəyişməklə yenidən sıfırdan başlamaq təcrübəsinə malikdirlər. Məqsədsə, təbii ki, indiki status-kvonu uzatmaqdır. Oxşar çıxışım 2012-ci ildə də olmuşdu.Artıq açıqca hamımız müşahidə edirik ki, Ermənistanın davranışları danışıqların heç bir əhəmiyyətinin olmadığını göstərir. Ona görə də artıq Ermənistanın beynəlxalq rəydə ifşa prosesini tamamlayıb, işğal altındakı ərazilərin reinteqrasiyasına başlamalıyıq. 
- Azərbaycan tərəfindən Ermənistanın ifşa olunmasına daha nələri təklif edərdiniz? 
- Məqsəd Ermənistanın ifşa olunması üçün detal axtarmaq deyil. Masada mövqeyimizin güclü olmasıdır, Ermənistan hər vəchlə bəhanələr axtarır, danışıqları bəzi pozucu şərt və təkliflərlə dalana dirəyir. Vasitəçilərsə bu təkliflər ətrafında guya düşünürlərmiş kimi davranırlar. Biz əlimizdəki faktlarla bu oyunları pozmalıyıq. Məsələn, Ermənistanın 1989-cu il dekabrın 1-də parlament tərəfindən qəbul olunan Dağlıq Qarabağın Ermənistana birləşməsi haqda qərarları vardır. Bu sənəd əslində Ermənistanın özünü ifşası məsələsidir. Ermənistan rəsmiləri deyirdilər ki, Dağlıq Qarabağda və ətrafında baş verən döyüşlərdə Ermənistanın iştirakı və əli yoxdur. 2016-cı il döyüşlərində də görsəndi ki, ermənilərin öldürülmüş əsgərləri Yerevana aparılır və onların Ermənistan ordusunun əsgərləri olduğunu bu dövlətin Müdafiə Nazirliyi etiraf edirdi. Amma hər halda 1989-cu ildə qəbul edilən bu qərarın qüvvədən salınmasını tələb edilməsi və ya hər hansı formada danışıqlarda element kimi istifadə olunması çox əhəmiyyətli olardı. Çünki bu ən azından Ermənistan tərəf üçün çətin vəziyyət yaradacaq. Ya Ermənistan o sənədi qüvvədən salmaqla daxildə bəzi qüvvələrin təpkisinə məruz qalacaq, əks halda, qüvvədə saxlamaqla isə beynəlxalq qınağın qarşısında qalacaq. Hesab edirəm ki, bu Ermənistanın da ifşa olunması üçün əhəmiyyətli olardı. 
Yəni XİN Ermənistanın Beynəlxalq qaydaları kobud pozması hallarından yetərincə istifadə etmir?
-Bu diplomatik savaşdı. Hər fürsətdən yararlanmalıyıq. Düşmən haqsızdır və təkcə bizim ərazimizi işğal etməklə təhdidləri məhdudlaşmır. Məsələn, Ermənistanda fəaliyyətdə olan qəzalı AES təhlükəsi xüsusi hal olaraq Beynəlxalq gündəmdə saxlanılmalıdır. Mən "Avronest”-in Moldovada plenar iclasında bu məsələ ilə bağlı məruzə etmişəm. Çox ciddi dəstək aldıq orda və bu AES-in bağlanması ilə bağlı çağırış oldu. Yetərincə, ardıcıl üstünə gedilməsi lazım idi. "Yaşıllar” da bu məsələdə çox maraqlı idi. Maraqların üst-üstə düşməsindən faydalanaraq çalışmalyıq ki, düşmən tərəfin mövqelərinə müəyyən zərbələr vura bilək. Ermənistandakı atom-elektrik stansiyası ilə bağlı çox ciddi təhlükə mövcuddur və onun haqqında müvafiq ölçü götürülməlidir. Üstəlik, həmin atom-elektrik stansiyasının nüvə tullantılarının Azərbaycan ərazisində basdırılmasının potensial təhlükə olduğunu da unutmamalıyıq və bu amili daim beynəlxalq təşkilatlara xatırlatmalıyıq. Onlarla belə fürsət sadalamaq olar.
- Qəbul olunmuş sənədlər unudulurmu? BMT-yə və dgər beynəlxalq təsisatlara nədən təzyiqlər və təsirlər edilməlidir?
-Xarici İşlər Nazirliyi, ümumiyyətlə, Qarabağla bağlı işləyən strukturlar məsələyə köklü şəkildə yeni yanaşmalar üzərində işləməlidir. ATƏT-in Minsk qrupu uzun-uzadı şəkildə illərdir, süründürməçilik ilə məşğuldur. On illərdir heç bir nəticə yoxdur. Biz BMT-nin qəbul elədiyi 4 qətnamənin həyata keçməsi üçün, BMT Nizamnaməsinin 7-ci maddəsinin 47–48-ci paraqraflarının həyata keçməsi üçün çalışmalıyıq. BMT-yə mütəmadi olaraq təzyiqlər və təsirlər eləməliyik. Bəzən bizə elə gəlir ki, bu qətnamələr BMT-də oturanların qarşısındadır, işləyəcəklər. O məmurların bəlkə də heç Qarabağ məsələsindən xəbərləri yoxdur. Mən parlamentdə çıxışlarımın birində təklif etmişdim ki, hökumətin xüsusi bir diplomatik işçi qrupu hazırlasın və bu məsələ ilə bağlı müntəzəm işləməsi təmin edilsin. 
- Qarabağla bağlı işləyən strukturlar dedikdə ictimai təşkilatlar, QHT, partiyalar da nəzərdə tutulurmu?
- Hər kəs nəzərdə tutulur. Hətta Qarabağdakı erməni əsilli azərbaycanlılar da nəzərdə tutulmalıdır. Məsələn, Qarabağdakı erməni əsilli azərbaycanlılara çağırış və onların Azərbaycan hakimiyyətinə kütləvi imza ilə müracət etməsi işin xeyirinə olar. 
Azərbaycan həmişə bəyan edib ki, bütün vətəndaşlarına olduğu kimi erməni əsilli azərbaycanlılara da qayğı göstərməyə, sahib çıxmağa hazırdır. Qarabağdakı erməni əsilli azərbaycanlılar Ermənistan tərəfdən Azərbaycanın bu bölgəsini işğal etdikdən sonra girov vəziyyətindədirlər və işğalçıların diqtə etdiklərini icra etmək məcburiyyətindədirlər. Bir qismi isə oradakı vəziyyətdən dolayı Azərbaycanı-Qarabağı tərk edib. Müəyyən vaxtlar Qarabağdakı və ya oradan getmək məcburiyyətində olan erməni əsilli azərbaycanlılar xoşbət və sakit həyatı yalnız öz ölkələrində-Azərbaycanın tərkibində olmasını mətbuatda, müəyyən kütləvi toplantılarda ifadə ediblər. Bu baxımdan Parlament Qarabağda yaşayan erməni əsilli azərbaycanlılara amnistiya tətbiqi ilə bağlı çağırış edə bilər. Əlbəttə Xocalı soyqırımı kimi hadisələrdə iştirak edən, ağır cinayətlər törədənlərdən söhbət getmir. Bu insanlar Azərbaycan hakimiyyət orqanlarına kütləvi imza ilə müracət etsinlər, kənara gedən və ya təşkilata malik olanlar təşkilatları vasitəsilə müracət etsinlər. Qorxmasınlar. Azərbaycan həmişə bəyan etdiyi kimi humanist addımını atmağa, amnistiya elan etməyə hazırdır. Belə bir mövqe parlament tərəfindən sərgilənməlidir. Yeri gəlmişkən nəzərinizə çatdırım ki, oxşar təkliflə Parlamentdə 2016-cı ilin may ayında çıxış etmişəm. Qarabağdakı və ya oradan getmək məcburiyyətində olan erməni əsilli azərbaycanlılarla işləmək lazımdır. Əlbəttə ki, dediklərim öz-özünə hasil olmaz.
Bunlar detaldır. Prinsipcə arzuolunan odur ki, XİN bütün imkanları səfərbər etsin. Qabaqlayıcı gedişlər etsin. Nəhayət masa üzərində müxtəlif adlı planlarla yanaşı Azərbaycan planı aparıcı təkliflər paketi kimi müzakirə olunsun. Bu birinci addım, ikinci-hərbi addım ücün də, üçüncü-düşmənin kaputalizasiya sənədinə imza qoyması üçün də çox vacibdir.
Bilman İSAQ

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN

<