SON DƏQİQƏ
» » Kritik vəziyyət: "Tullantı suları təmizləyib istifadə etməliyik..." - MÜSAHİBƏ

Kritik vəziyyət: "Tullantı suları təmizləyib istifadə etməliyik..." - MÜSAHİBƏ

Tarix:

19-06-2020, 13:57

/ 4 228 dəfə oxundu.
Kritik vəziyyət: "Tullantı suları təmizləyib istifadə etməliyik..." - MÜSAHİBƏ

Havaların istiləşməsi ilə ölkə ərazilərində suyla bağlı problemləri aktullaşdırıb. Rəsmi mənbələrdən verilən məlumata görə, Azərbaycan su ehtiyatlarının məhdud olduğu ölkələr sırasındadır. Hazırda ölkədə təkcə içməli su deyil, suvarma sularının da azalması müşahidə edilir. Mütəxəssislər hesab edir ki, su qıtlığına səbəb qlobal istiləşmədir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin müdiri Rasim Səttarzadə Teleqraf.com-un suallarını cavablandırıb.

- Rasim müəllim, Azərbaycanın nə qədər su ehtiyatı var?

- Azərbaycanın su ehtiyatları barədə sonuncu dəfə 70-ci illərdə dəqiq qiymətləndirmə aparılıb. Onda təxminən 30 milyard kubmetrə yaxın yerüstü su var idi. Bunun da təxminən 70 faizi transərhəd, yəni ölkənin sərhədlərindən kənarlaşan sulardı. Təxminən 8 milyard yeraltı su ehtiyatı qeyd olunmuşdu. Bundan sonra dəqiq qiymətləndirmələr aparılmayıb.

Hazırda həmin qiymətləndirmənin aparılmasına qərar verilib və bu istiqamətdə iş gedir. Çox güman ki, indi o rəqəmlər nisbətən az olacaq. Azsulu illərdə yerüstü su ehtiyatları 22-24 milyard kubmetr ola bilər. Çoxsulu illərə nisbətən az sulu illərdə yerüstü su ehtiyatları təxminən 20-30 faiz az ola bilər.

- Su ehtiyatlarının azalması səbəbləri haqda nə deyərdiz?

- Qlobal iqlim dəyişmələri fonunda dünyanın bütün nöqtələrində su ehtiyatları azalan istiqamətdə gedir. Azərbaycan da qlobal iqlim dəyişmələrinin təsirindən kənarda qalmayıb. Temperaturun artması nəticəsində yağıntılar azalır, buxarlanma artır.

Buz və qar ehtiyatları azalır ki, bunların da hamısı suəmələgətirən faktorlardır. Sözsüz ki, bu zaman çayların, göllərin suyu azalır, nəticədə anbarların da su ehtiyatlarının da həcminə təsir edir.

- Dəniz suyunu duzsuzlaşdıran zavodun istehsal etdiyindən içməli su kimi istifadə olunurmu?

- Bu zavod pilot layihə olaraq Salyanın Xıdırlı kəndi ərazisində tikilib. Gələcəkdə su ilə bağlı hər hansı problem yaranarsa, alternativ su mənbəyi kimi istifadə etmək nəzərdə tutulub. Salyanın arid (quraq) ərazi olmasına baxmayaraq, burada ETSN-nin yaşıllaşdırma layihələri var.

Bu zavodda istehsal olunan su həmin ərazidə əkilən ağacların suvarılmasına istifadə olunur. Zavod həmin suyu içməli su keyfiyyətinə qədər təmizləməyə imkan verir. Əgər lazım olsa, bu suya minerallar əlavə etməklə içməli su kimi də istifadə etmək olar. Zavodun gündəlik istehsal gücü 2000 kubmetrdir.

Yeni yaradılan alternativ su mənbələri varmı?

- Azərbaycanın su mənbəyi əsasən yerüstü sular və bir də Xəzər dənizidir. Alternativ su mənbəyi kimi, dağ çaylarını coğrafi relyef imkan verən yerlərdə təbii çökəliklərə doldurmaq mümkündür. Yaxud da iri fermer təsərrüfat sahibləri özləri üçün su toplamaq anbarı düzəldə bilər ki, bura sonrakı mərhələdə istifadə etmək üçün qar, yağış sularını toplamaq olar.

Bizim ən vacib saydığımız isə tullantı sularının təmizləyib təkrar istifadə olunmasıdır. Külli miqdarda tullantı suyu var, bu su həcmlərini təmizləmədən keçirdikdən sonra texniki və digər məqsədlər üçün istifadə etmək olar.

- Tullantı sularının təmizlənməsi baha başa gəlirmi?

- Onsuz da tullantı suları təmizlənib ya Xəzər dənizinə, ya da digər təbii mənbələrə atılır. Tutaq ki, 1 milyon kubmetr tullantı suyu təmizlənib Xəzərə atılır. Bu suyu Xəzərə axıtmamaq olar, əlavə təmizlənmə prosesi keçdikdən sonra yaşıllıqların suvarılmasında istifadə oluna bilər. Bakıda kifayət qədər parklar, yaşıllıqlar və bağlar var. Bunların hamısının yüksək dərəcədə təmizlənmiş su ilə suvarılır. Bunun əvəzinə tullantı sularını təmizləyib texniki məqsədlər üçün maksimum şəkildə istifadə etmək olar.

- Sudan səmərəsiz istifadə və onun çirklənməsi kimi problemlərin həlli üçün hansı addımlar həyata keçirilir?

- Ölkə əhalisinin sayının artması, həyat standartlarının yüksəlməsi və suvarılan kənd təsərrüfatı sahələrinin genişlənməsi səbəbindən suya olan tələbat getdikcə artır. Bəzən elə dərəcədə çirklənmə baş verə bilər ki, su ehtiyatlarından istifadə etmək mümkün ola bilməz.

Digər tərəfdən səmərəsiz istifadə də su ehtiyatlarını azaldır. Bəzən insanlara 1 litr su istehlakı lazım olur, amma 3 litr su istifadə edir. Buna görə maksimum dərəcədə itkilərin qarşısını almaq lazımdır. Ümumiyyətlə, su istehlakına münasibəti dəyişilməlidir. İstehlak mədəniyyəti olmalıdır. Suyu qiymətli təbii sərvət kimi qəbul edib, israfçılığa yol vermədən ondan səmərəli istifadə etmək lazımdır.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ