SON DƏQİQƏ

Faiq Hüsiyev: "Yeniləşən Azərbaycana yeni televiziya konsepsiyası və yeni ideoloji mexanizmlər lazımdır"

Tarix:6-06-2020, 20:28 Oxunub:2 379

ARAYIŞ: Faiq Hüsiyev "Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin nəzdindəki Teleradio Akademiyasının rektoru, əməkdar jurnalistdir. TV tamaşaçıları onu AzTV-nin "Gecə kanalı”, "Körpü”, "Sorağınız gəlir”, "Bizimlə birgə” və "Gecəyə doğru” verilişlərindən tanıyır. "Həftə” analitik-informasiya proqramının aparıcısı olub.

Əməkdar jurnalist televiziyalarla bağlı yeni konsepsiya üzərində işlədiyini deyir.

GunAz.az bununla bağlı F.Hüsiyevlə müsahibəni oxucuların diqqətinə çatdırır:

– Faiq bəy, televiziyaya ilk gəlişinizi necə xatırlayırsınız?

– 1993-cü ilin noyabrında həmkarım Varis Yolçuyevlə birlikdə AzTV-nin "Gecə kanalı” verilişinə müəllif kimi dəvət almışdıq. Biz o zaman qəzetdə işləyirdik. Həmin dönəmdə Gənclik redaksiyasının baş redaktoru Bəxtiyar Qaraca və baş redaktorun müavini İlham Alışanov bu layihəni gəncliyin yeni səsi kimi gördüklərindən veriliş, demək olar ki, uğurlu eksperiment kimi ərsəyə gəlmişdi. Müasir Azərbaycan jurnalistikasının ilk mükafatlarından olan "Dan ulduzu” da birinci dəfə bizim verilişə təqdim olunmuşdu.

Sonra Beynəlxalq proqramlar redaksiyasında istedadlı jurnalist, rəhmətlik Cavanşir Cahangirovla birlikdə çalışdıq. Bu redaksiya xaricdə yaşayan soydaşlarımız üçün təbliğat mərkəzi kimi fəaliyyət göstərirdi. Təsəvvür edin, 1995–2005-ci illər ərzində təkcə mən 200-dən çox verilişin müəllifi olmuşdum. Həmin redaksiyada birlikdə çalışdığım həmkarlarım – Babək Göyüş, Əli Alıyev, Sədaqət Muradova, Fərhad Hüseynov, Nazim Zeynalov və başqaları da soydaşlarımızın Vətənimizdə tanıdılması işinə dəyərli töhfələr vermişdilər.

2006-cı ildə Müəllif Proqramları Departamentinə direktor təyin edildim. Qısa müddət ərzində "Gecəyə doğru”, "Peşəkar”, "Bizim ev” və sair kimi maraqlı verilişlər hazırladıq. Dəvət etdiyimiz kənar müəlliflər də bacarıqlarını ortaya qoya bildilər.

2007-ci ilin aprelində informasiya proqramları studiyasının direktoru təyin edildikdən sonra həyatım, demək olar ki, tamamilə "Xəbərlər” proqramına bağlandı. 2009-cu ildə isə Prezident İlham Əliyevin Sərəncamı ilə "Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədr müavini təyin olundum. 2015-ci ilin mayınadək bu vəzifəni icra etdim. Həmin illərdə hər üç saatdan bir efirə çıxan "Xəbərlər”in daha operativ olmasına, xarici ölkələrdə xüsusi müxbir məntəqələrinin sayının artırılmasına nail olduq. "Mədəniyyət” və "İdman” TV-lərin xəbərlərinin ayrıca hazırlanması üçün çevik reportyorlar qrupları təşkil etdik. Hər saatdan bir xəbərlərin yayılması prosesinə keçidin əsaslarını yaratdıq. Hazırda isə Televiziya və Akademiyasının rektoruyam.

– Adətən belə tarixlərdə yalnız uğurlardan danışırlar və qüsurları xatırlamamağa çalışırlar. Amma bu "ənənə”ni bir balaca pozmaq istərdim. Çünki bu sahədə müzakirələrə səbəb olan ciddi problemlər mövcuddur. Peşəkar gözü ilə telekanalların durumunu necə dəyərləndirirsiniz?

– Vaxtilə televiziyada bir varislik xətti var idi. İndi, çox təəssüf ki, bu, yoxdur. Düzdür, kiminsə işini tənqid etmək çox asandır. Amma tənqid acı dərman kimidir – qəbul etməsən, sağalmırsan! Odur ki, həqiqəti etiraf etmək lazımdır. Ucuz reytinq arxasınca qaçan veriliş müəllifləri bütün seyrçi auditoriyasının zövqünü korlayır. "Sənin səviyyənə yüksələ bilmirəmsə, səni öz səviyyəmə endirərəm” prinsipinə televiziyada da rast gəlirik. Bu gün mədəni dəyərlərin aşılanmasının, cəmiyyətin mənəviyyatsızlıq girdabına yuvarlanmasının səbəbi bayağı verilişlərdir. Odur ki, hər bir jurnalistin və televiziya əməkdaşının fərdi məsuliyyəti, öz işinə vicdanla yanaşması böyük əhəmiyyət kəsb edir.

Düşünürəm ki, teleməhsul istehsalçıları arasında rəqabət olmalıdır. Hərçənd bizdə "teleməhsul istehsalı” anlayışının özü müəyyən mənada nisbilik kəsb edir. Dəfələrlə demişəm, bir daha təəssüflə təkrarlayıram: bazar mühiti TV-lərdə peşə indeksini aşağı salıb. Hərçənd, əksinə olmalı idi, çünki rəqabət daha ağıllı yanaşma tələb edir…

Dəyişikliklər dövrün əsas tələbidir. TV sahəsində bu məqam olduqca aktualdır. İnternet, sosial şəbəkələr televiziyanın əsas rəqibinə çevrilib. Müasir dövrün sürət tempinə uyğunlaşa bilməyənlər çox geridə qalırlar. 2004-cü ildə Facebook yaranandan sonra sosial media ənənəvi kütləvi informasiya vasitələrinə meydan oxuyur.

Dünyanın əksər aparıcı dövlətlərində KİV iqtisadiyyata təkan verən, qazanc gətirən bir sahədir. Dünyada teleməhsul bazarı mövcuddur. Biz kimlərinsə hazır formatlarını milli auditoriyaya uyğunlaşdırmaqdansa öz məhsulumuzu ərsəyə gətirə bilərik. "Milli brend” anlayışı televiziya sahəsində də uğur qazana bilər. İstehsal edilən teleməhsul rəqabətə davamlı, maraq doğuran, ictimai dəyər kəsb edən, eyni zamanda kommersiya baxımından uğurlu layihə olmalıdır. Dünya telekanallarının təcrübəsində buna kifayət qədər nümunə göstərmək olar!

– Siz özünüz  vaxtilə  televiziyanın rəhbər şəxslərindən biri  idiniz… Hazırda da rəhbərlik etdiyiniz Teleradio Akademiyası bu sahədə fəaliyyət göstərmək üçün kadrlar hazırlamağa başlayıb. Ümumiyyətlə, teleməkanda baş verənlər barədə fikirlərinizi bilmək maraqlı olardı…

–  Bəllidir ki, televiziya cəmiyyətin ideoloji əsaslarını formalaşdırır və tv müasir cəmiyyətlərin idarə olunmasında əsas mexanizmlərdən birinə çevrilib. Hakimiyyətlə cəmiyyət arasında siyasi kommunikasiya məhz tv vasitəsilə reallaşdırılır. Odur ki,  yeni ideoloji dəyərlər konsepsiyası işlənilməlidir. Fikrimcə, yeniləşən Azərbaycana yeni televiziya konsepsiyası və yeni ideoloji mexanizmlər lazımdır. Biz köhnə ideoloji mexanizmlərlə irəli gedə bilmərik.

Bəlkə bu məsələ ilə bağlı müəyyən ictimai müzakirələrə, beyin mərkəzinin yaradılmasına ehtiyac var. Jurnalist sensasiya xatirinə dövlət və milli maraqları zərbə altında qoymamalıdır. Müasir trendlərə meyllilik, zamanla ayaqlaşma önəm kəsb etsə də, millilik hər bir yanaşmanın fövqündə durmalıdır…

Hamı bilir ki, hər bir idarədə əsas səlahiyyət sahibi birinci şəxs olur. Odur ki, hər bir telekanalın efiri onun rəhbərinin simasıdır! Müavin olarkən əsas qərar qəbul etmək səlahiyyətim olmayıb. Amma  bacardığım qədər bir çox yaradıcı layihələrə yaşıl işıq yandırılmasına nail olmuşam. Bunu çoxu bilir. İndi, təəssüflər olsun ki, təmənnasız münasibətə keçmişin qalığı kimi baxırlar. Hesab edirəm ki, yeni təfəkkür və düşüncə tərzi, birləşdirici pozitiv münasibətlər sistemi təbliğ edilməli və jurnalistikada bu yanaşma  əsas olmalıdır!

– Hazırda rəhbəri olduğunuz Teleradio Akademiyasının fəaliyyəti nədən ibarətdir?

– Teleradio Akademiya 2010-cu ildə yaradılsa da, indiyədək sırf  televiziya kursları səviyyəsində fəaliyyət göstərib. Arzumuz – Teleradio Akademiyasının ixtisaslaşdırılmış ali təhsil məktəbinə çevrilməsidir. Bu isə, təbii ki, yalnız bizim istəyimizdən asılı deyil. Buna yüksək səviyyədə qərar verilməlidir.

Hazırda ölkəmizdə bir çox sahələr üzrə  ixtisaslaşdırılmış akademiyalar  var. Nəyə görə Teleradionun belə Akademiyası olmasın? Buna çox böyük ehtiyac var. Müasir dövrün  tələblərinə cavab verən, yeni təfəkkürlü və kreativ düşüncə tərzli mütəxəssislərin güclü maddi-texniki bazaya malik olan Akademiyada hazırlanması lazımdır. Çünki seçim mərhələlərində biz bir neçə xarici dil bilən, güclü qələm sahibi, istedadlı, davranışı ilə istənilən cəmiyyətdə qibtə doğura biləcək gənclərlə rastlaşırıq. Bu, bizi şox sevindirir. Belə gənclərin bir il ərzində Akademiyanın auditoriyalarında, studiyalarında və montaj otaqlarında hazırlanması bilirsinizmi nə deməkdir? Bu, ölkə teleməkanının efirdə görmək istəyimiz, tv tələblərinə tam uyğun gələn yeni simalarla təmin olunması deməkdir.

Hazırda tədris prosesinə cəlb etdiyimiz yerli mütəxəssislər böyük təcrübəyə malik, öz imzaları ilə tanınan jurnalistlər, rejissorlar və operatorlardır. İndiyədək keçirdiyimiz ustad dərslərində Rusiya, Türkiyə və Ukraynadan gələn mütəxəssislər də iştirak edib. Birinci tədris kurslarımızı bitirən 21 nəfər dinləyicimiz QSC-də işlə təmin olunub. İkinci tədris kurslarının məzunlarından 5 nəfər əməkdaşlığa cəlb edilib. Hazırladığımız dinləyicilərə AzTV-nin yeni kadr bazası kimi baxırıq. Belə yanaşmanın özü məramımızın nə qədər ciddi və doğru olduğunu göstərir. Əgər hər şeyi peşəkar kadrlar həll edirsə, deməli, onları layiqlilərin sırasından seçib hazırlamaq lazımdır.

– Çox vaxt tələbənin illərlə öyrəndiyi bilik praktikada lazım olmur…

– Son illər bu problemlə daha çox rastlaşırıq. Əgər hansısa bilginin tətbiqi yoxdursa, onu mənimsəmənin nə mənası  var? Müasir televiziya savada əsaslanan bilik və bacarıqların dinamik  tərzdə reallaşdığı məkandır. Əgər jurnalistin hazırladığı materiallarda onun intellekti öz əksini tapmırsa, bu, onun qabiliyyətsizliyidir. Və yaxud savadsız rejissor nəyə quruluş verə bilər? Videokameranın parametrlərini bilməyən operatorun çəkdiyi kadrlar hansı keyfiyyətdə olacaq? Odur ki, dinləyicinin intellektual bazası olmasa, qısa müddətə onu teleradio işçisi kimi hazırlamaq çətindir. Həm də biz kənar dərslər keçmirik ki…

– Sizcə, indiki dövrdə televiziya internetə uduzmur ki?

– Bu gün televiziyanın özü internetdə, internetin özü də televiziyadadır. Bizi bütün sosial şəbəkələrdə izləmək olur. Nəyi nəzərdə tutduğunuzu anlayıram. Müasir dövrün jurnalistikası və ümumiyyətlə, televiziya  fəaliyyətinin dumanlı gələcəyi barədə yazılardan da xəbərim var. Sadəcə, hər kəs öz görmə bucağından hadisələrə qiymət verməklə məşğuldur. 2008-ci ilin mayında ABŞ-da təcrübə səfərində idim. Baxdım ki, NBC, CBS kimi audiovizual KİV nəhənglərinin iş prosesi bizimkindən heç nə ilə fərqlənmir. Azərbaycan Televiziyasındakı "news-room” oradakı şəraitlə rəqabət apara bilər. Fərq – auditoriyanın miqyası, xəbərin aktuallığı və jurnalistin fərdi peşəkarlığındadır. Razıyam, indi jurnalist peşəsi, ümumilikdə, erroziyaya uğramaqdadır. Bu, bir növ öz missiyasını başa vurmuş missionerin aralıqda gəzməsinə bənzəyir. Jurnalistika etimad böhranı keçirir. Bu işdə internetin də böyük "xidmətləri” var. Peşəkar jurnalistika həvəskar blogerliklə əvəzlənməməlidir. Hərəsinin öz yeri var. Əgər bu gün bir blogerin 94 milyon nəfər izləyicisi və 14 milyon dollar illik qazancı varsa, ona ancaq qibtə etmək qalır…

– Sizcə bugünkü jurnalistikanın problemi nədədir?

– Ən böyük problem – sözün təsir qüvvəsinin itməsidir.  Digər problem –jurnalistlərin sırf xidməti personala çevrilməsidir. Nəticədə peşəyə hörmət indeksinin aşağı düşməsi, bəzi hallarda peşə məsuliyyəti anlayışının yoxa çıxmasıdır. Daha bir problem isə qələm əhli arasında peşə həmrəyliyinin olmamasıdır. Dəyərlərin təhrif olunması, elementar etik normaların yoxluğu da ciddi problemdir. Jurnalist rolunu ifa edən şoumenlərin ortalıqda olması da problemlər sırasındadır. Onların jurnalistikaya nə aidiyyatı var?

 – Şoumenlər efirdə olmasınlar?

– Onu nəzərdə tutmuram. Söhbət auditoriyanın şoumenlərlə jurnalisti  eyni arşınla ölçməsindən gedir. Milli mətbuatımız yarandığı gündən xalqımızın milli məfkurəsini, şüurunu formalaşdıran ziyalılarımız üçün tribunaya, söz meydanına çevrilib. Onların adları baş hərflərlə Azərbaycan mətbuat tarixinə yazılıb. Jurnalistika ilə zaman-zaman məşğul olanlar bizim gələcəyimizin inkişaf konturlarını cızıblar, Şərqdə ilk demokratik dövlət qurublar, ədəbi dil normalarını yaradıblar. İndi "iynə vurmaqla”, "şpaqat açmaqla”, daha hansısa ekzotik hərəkətlərlə yadda qalanları, Azərbaycan dilinə təcavüz edənləri sanballı  jurnalistlərimizlə necə eyniləşdirə bilərik?  Baxın, əksər tok-şoular məhəllə skamyalarındakı boş-boş dedi-qodu, qiybət və laqqırtı xarakteri daşıyır. Belə verilişlər, məncə, təhlükə mənbəyidir. Odur ki, əksər hallarda tamaşaçı auditoriyası əcnəbi telekanalları izləməyə üstünlük verir…

– Tamaşaçılar ekran qarşısında həm də əyləncəli verilişlərə baxmaq istəyir. Auditoriyanın tələblərini ödəmək üçün əyləncə də olmalıdır…

– Zövqlər müxtəlifdir. Amma bu verilişlər əyləncəli deyil! Bilirik ki, məlumatlandırma, maarifləndirmə və əyləndirmə hər bir telekanalın əsas funksiyasıdır. Hətta ixtisaslaşdırılmış telekanallarda belə efir nisbəti var. Amma hər bir televiziya əməkdaşı bilməlidir ki, efirə baxanların arasında onun ailə üzvləri də var. Televiziya çağrılmamış qonaqdır, odur ki bu qonağın tərbiyəli və ləyaqətli olması mütləqdir…

– Televiziyanın inkişaf yolunu nədə görürsünüz?

– Yeni layihələri reallaşdıra bilən məsuliyyətli və savadlı jurnalistlərə, müasir dövrün sürət və keyfiyyət nəbzini tutan, eləcə də tələblərinə cavab verən prodüsserlərə, rejissorlara ehtiyac var. Həmfikir insanların bir komandada çalışmalarını təmin etmək lazımdır. Jurnalistika yaradıcılıq elementləri olan peşədir. Bu gün dünyada azərbaycanlı şairləri, bəstəkarları, müğənniləri daha çox tanıyırlar, nəinki jurnalistləri. Azərbaycanın dünya miqyasında imicinin artdığı bir tarixi mərhələdə jurnalistlərimiz yeni çağırışlara hazır olmalıdırlar. Axı dünya müqayisə olunaraq dərk edilir…


FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN

<