SON DƏQİQƏ
» » Erməni "deputat" Bağırovun qəbri üçün 10 min aldı

Erməni "deputat" Bağırovun qəbri üçün 10 min aldı

Tarix:

27-02-2020, 22:27

/ 1 958 dəfə oxundu.
Erməni "deputat" Bağırovun qəbri üçün 10 min aldı

GunAz.az tanınmış jurnalist Asəf Quliyevin Axar.az-a verdiyi müsahibəsini təqdim edir:

- Razmik Petrosyanın Xocalı ilə bağlı etirafı olan videonu ilk dəfədir ictimaiyyətə təqdim etdiniz. Bunun tarixçəsi haqqında danışa bilərsinizmi?

- Bu videonu mən çəkməmişəm. Düzdür, bu mənim hazırladığım “Məzar” filmi üçün çəkilib, amma onun müəllifi mən deyiləm. “Məzar” filminin tarixçəsi haqqında bir az danışım. Bu tarixçə 2007-ci ildən başlayır. Hər şey Milli Qəhrəman Allahverdi Bağırovun məzarının qorunması ilə bağlı informasiyadan start götürdü. Mən o zaman Vitali Balasanyandan şübhələnirdim. Çünki bunu edəcək adam kifayət qədər tanınmış olmalıydı ki, belə bir riskə getsin. Bizdə olduğu kimi, ermənilərdə də düşmən tərəfdən olanın məzarına gül aparmağa münasibət bəllidir. Sonradan Balasanyan bunları təkzib elədi və bildirdi ki, Razmik Petrosyanla əlaqə saxlayın. Təbii ki, mənim Razmiklə əlaqə saxlamaq imkanlarım yox idi. O zamanlar ictimai fəal, indi isə “parlament”də deputat olan Hayk Xanumyanla əlaqə saxladım və o, Razmiklə əlaqə yaratmağa kömək etdi.

Avropa İttifaqının Sülh Təşəbbüsləri proqramı var idi. Mən müraciət edib, belə mövzunun olduğunu və onu filmə çevirmək istədiyimizi dedim. Onlar məndən Qarabağda tərəfdaş tapmağımı istədilər. Tərəfdaş kimi mən ilk növbədə Hayka müraciət etdim, amma o razılaşmadı. Xanumyanın iddiaları böyük idi. İndinin özündə “prezidentliyə namizəddir”. Xanumyan o zaman siyasətçi olduğunu desə də, sonradan mən onu öz üsullarımla yola gətirə bildim. Ona başa sala bildim ki, bu layihə Avropa Birliyinin proqramı çərçivəsindədir və maliyyələşdirməni də mən həyata keçirmirəm. Təbii ki, onlar ehtiyat edirdilər ki, bu onların imicinə mənfi təsir göstərər, amma AB-nin maliyyəsi onları şirnikləşdirdi.

- Söhbət təxminən nə qədər vəsaitdən gedir?

- Burada biz vəsait xərcləmədik. Lakin Xanumyan təxminən 10 min avroya qədər pul aldı. Biz bir neçə dəfə Tiflisdə görüşdük, ssenariləri müzakirə edib, planlaşdırdıq, müsahibləri müəyyən etdik. Bəzən gözlənilməz situasiyalar ortaya çıxdı. Bununla belə onlar söz verdikləri kadrları çəkib gətirməyi ləngitdilər. Mən uzun müddət gözlədim və hətta AB-yə belə qarşı tərəfin kadrları zamanında verməməsiylə bağlı müraciət etdim. Onlara kadrlar mənə verilməzsə, bu filmi vaxtında tamamlaya bilməyəcəyimi dedim. Bir neçə aydan sonra Xanumyan mənə bildirdi ki, kadrlar hazırdır və Tiflisdə kadrları vermək üçün görüşməyi təklif etdi. Tiflisə getdim və kadrlara baxanda şoka düşdüm. Biz bilirdik Ağdamdakı Şəhidlər Xiyabanında hər şey dağıdılıb və təbii ki, ora indi də o vəziyyətdədir, amma Allahverdi Bağırovun məzarının üzərinə başdaşı qoymuşdular. Əvvəlcə təəccübləndim, amma sonradan anladım ki, ləngimə prosesi məhz bundan ötəri imiş. Yəni “biz hətta azərbaycanlı hərbçinin məzarını belə qoruyuruq” şəklində müsbət erməni imici yaratmaq istəyirdilər, halbuki ətrafdakı digər məzarların hamısı dağıdılmışdı. Təbii ki, bu gözdən pərdə asmaq üçün idi.

Söz verdiyim kimi kadrları götürdüm, bunlara da ssenaridə nəzərdə tutduğumuz kimi işləyəcəyimizi dedim. Burada bir haşiyəyə çıxım. Qarabağ münaqişəsindən danışanda bəzi dostlarımız çalışırlar ki, müəyyən şeyləri şişirtsinlər. Buna ehtiyac yoxdur. Həqiqəti demək bizim haqlı olduğumuzu sübut etmək üçün yetərlidir.

Kadrları götürüb gəldikdən sonra evdə kompüteri açanda ikinci şoku yaşadım. Təsəvvür edin ki, bir gün geciksəydim, bir gün ləngisəydim, kadrları götürə bilməyəcəkdim. Məlum oldu ki, həmin gecə məzar daşı dağıdılıb.

- Necə yəni? Axı müsbət imic üçün yaradılan şey necə ola bilər ki, bir günə dağıdılsın?

Burada bir sıra incə məqamlar var. Xanumyan Dağlıq Qarabağda Paşinyanın ən sadiq və etibarlı adamlarından biri hesab olunurdu. Paşinyan inqilabından sonra Xanumyan güclənməyə başladı. Buna görə də o, Bako Saakyandan tutmuş güc nazirliklərinə qədər hər kəsin istefasını tələb edirdi. Nəticədə polisin və Milli Təhlükəsizlik Xidmətinin rəhbərləri istefaya getdi.

Ermənistanda bizdən fərqli olaraq bütün bu layihələr haqqında xüsusi xidmət orqanlarına məlumat verirlər. Bu, reallıqdır. Buna görə də “Dağlıq Qarabağ”ın istefaya göndərilən “milli təhlükəsizlik xidmətinin” rəisi (o zamanlar bu Arşavir Qaramyan idi. Hazırda “təhlükəsizlik şurasının” rəhbəridir – red.) baş verənlərdən və o daşın qoyulmağından xəbərdar idi. Bako Saakyan da onun istefasını qəbul etdikdən sonra belə çölə atmadı və onu özünün “milli təhlükəsizlik üzrə müşaviri” etdi. Yeni “müşavir” prosesi bilirdi və bunu bildiyi üçün onun istefasını tələb etmiş adama qarşı siyasi kampaniya aparmağa başladı. Nəticədə o, həmin gecə məzar daşını dağıtdırmağı (2018-ci ilin iyununda Qaramyan istefaya göndərilib, iyulunda isə Allahverdi Bağırovun məzar daşının dağıdılması videosu yayılıb – red.) təşkil etdirdi. Bunu mən müxtəlif mənbələrdən öyrənmişəm. Bununla bağlı kadrları yəqin ki, görmüsünüz. Çox maraqlıdır ki, indi axtarsanız, bu kadrları Yutubdakı erməni kanallarında tapa bilməzsiniz. Yenə də deyirəm, biz həqiqəti deyəndə bu yetərli olur.

Onlar özləri sonra başa düşdülər ki, nə qədər böyük səhv ediblər. Çünki bunlar bir tərəfdən özlərini humanist kimi göstərib məzar daşı düzəldirdilər, digər tərəfdən isə bu məzar daşını dağıdaraq, özlərinin vandal simalarını göstərmiş oldular.

Burada da əsas fiqur Xanumyan idi. Onlar Razmik Petrosyanla birgə videomüraciət etdilər və burada da niyə bu hərəkəti etdiklərini əsaslandırmağa çalışdılar. Hətta burada Balasanyanın da adını çəkib deyirdilər ki, onun da bu işlərdən xəbəri var. Balasanyanla Xanumyanın əvvəl çox yaxın münasibətləri olub. Balasanyan bundan öncə “prezidentliyə namizəd” olanda (2012-ci ildə Bako Saakyana qarşı rəqib olub və ikinci yeri tutub – red.) Xanumyan onun vəkillərindən biri olub və onun bütün piar kampaniyasını aparıb. Son proseslər zamanı Balasanyan Köçəryanı müdafiə edəndə artıq Xanumyanla yolları ayrıldı və indi bir-birinə qarşı ciddi rəqibdirlər, hər ikisi “prezidentliyə namizəddir”.

- Allahverdi Bağırovun məzar daşının dağıdılmasından sonra Xanumyan sizə filmlə bağlı hansısa təklif irəli sürdümü və ya aranızda hansısa anlaşmazlıq yarandımı?

Əslində keçən ilin oktyabrında biz filmin təqdimatını keçirməli idik. Xanumyan bununla razılaşmadı. Buna mənim ssenaridən kənara çıxmağımı əsas gətirdi. Ssenaridən kənara çıxmaq isə mənim məzar daşının dağıdılma səhnəsini filmə əlavə etməyim idi. Onlar bizə görüşüb müzakirə etməyi təklif etdilər. Görüşəndə dedim ki, bir-birimizə düşmən kimi baxmağımıza rəğmən mən məzar daşının qoyulması həqiqətini göstərirəm, amma başqa bir həqiqət də var. Mən bunu necə gizlədə bilərəm? Sonradan anladım ki, Xanumyanın siyasi iddiaları var və Balasanyanla yolları ayrıldığı üçün istəmir ki, Balasanyanın adı filmdə müsbət mənada hallansın. Filmdə Balasanyan məhz Allahverdi Bağırovla danışıqlar aparıb, məhz bunun sayəsində 1003 nəfəri Balasanyan Azərbaycana geri verib. Təbii ki, bunun əvəzində Allahverdi Bağırov qarşı tərəfin cəsədləri, əsirləri ilə bağlı lazım olan səviyyəni gözləyirdi. Filmdə Balasanyan məhz kimlərin meyitini götürdüklərini deyir. Bu mənada Balasanyan onlar üçün müsbət obraz olur ki, bu da Xanumyana xoş bir şey deyil.

- Bir daha dəqiqləşdirim. Görüşünüz 2018-2019-cu illəri əhatə edir?

Xanumyan 2018-də filmin yayımından imtina etdi, bir müddət danışıqlar apardıq və yenidən görüşdük, amma yenə bir nəticə hasil olmadı. 2019-cu ildəki görüşə isə gəlmədi. Bundan sonra qərara gəldim ki, filmi Azərbaycanda təqdim edim.

- Allahverdi Bağırovun qəbrinin düzəldilməsi məsələsindən bəhs etdiniz. Qəbri düzəltdirən məhz Xanumyanmı olmuşdu?

Xanumyan bu işlərin təşkilatçısı olub. Çünki qrantı o almışdı. Daş ora Allahverdi Bağırovun köhnə dostu olan Razmik Petrosyanın adından qoyulmuşdu. Yəni o, Xanumyanın adından qoyula bilməzdi. Bundan əvvəl də mən bilirdim ki, kimsə gedir, məzara gül qoyur və Allahverdinin xatirəsini yaşadır. Bunu təkcə Razmik Petrosyan yox, keçmiş futbolçu Leonid Ohanesyan da edib. O, əvvəllər Ağdamda yaşayırdı, sonradan Xankəndiyə köçüb. Bir sözlə, ad Razmik Petrosyanın olsa da, təşkilatçı Xanumyan olub.

Filmin çəkilişi zamanı mən həm Vitali Balasanyana, həm Razmik Petrosyana, həm də Leonid Ohanesyana çarpaz suallar göndərmişdim. Hədəf maksimum dərəcədə informasiya almaq idi. Mənim Balasanyanın müsahibəsində hələ də istifadə etmədiyim elementlər var. Zamanı gəldikcə və bu informasiyalar başqa mənbələrdən dəqiqləşdirildikdən sonra onları açıqlayacağam. Razmik Petrosyanın müsahibəsində mən ona Allahverdi Bağırovla görüşlərinin olub-olmaması və görüşdükləri zamanı hansı söhbətlərinin olduğuyla bağlı suallar vermişdim. Burada Petrosyan Allahverdi ilə söhbətlərindən danışır. Bunlardan birində də onlar Xocalıdan çıxan şəxslərin güllələnməsindən danışırlar. Çünki o zaman bu şəxslərlə bağlı bizim üzərimizə yıxılacaq şayiələr yayılırdı. Razmik Petrosyan deyirdi ki, biz Allahverdi ilə bunu söhbət etmişik və mən deyirəm ki, o adamları azərbaycanlıların öldürməsini demək düz deyil. Bu adam bunu açıq şəkildə deyir. Razmik Petrosyanın dediyini mən niyə həqiqət hesab edirəm? Ona görə ki, Razmik Petrosyan Xocalı əməliyyatında batalyon komandiri kimi iştirak edib. Özü də onun üzərinə qoyulan vəzifə Xocalıdan çıxan əhalinin sağa-sola yox, bir istiqamətdə getməyini təmin etmək idi.

- Bəs niyə indi bu videonu yaydınız?

- Başqa mənbələri, xüsusilə Balasanyanın başqa müsahibələrini araşdırdıqdan sonra maraqlı bir detal ortaya çıxdı. Balasanyan iddia edir ki, Xocalıda azərbaycanlıların öldürüldüyü yer Azərbaycanın nəzarətində olub. Mən dəqiq bilirəm ki, həmin yerə girmək mümkün deyildi. Bununla bağlı Seyidağa Mövsümlünün və Çingiz Mustafayevin kadrları da var. Seyidağa Mövsümlü də deyir ki, bizim həmin yerə girməyimiz üçün Allahverdi Bağırov danışıqlar apardı və yalnız bundan sonra biz oraya girə bildik. O zaman sual olunur ki, bu adamlar həqiqətən azərbaycanlıların nəzarəti altında olan ərazidə öldürülüblərsə, Allahverdi niyə kimdənsə oraya girmək üçün icazə almalıydı? Bu detalların hamısını bir yerə yığanda həqiqətin harada olduğunu görə bilirsən. Xocalıdan çıxanların azərbaycanlılar tərəfindən öldürüldüyünü demək tam absurddur.

Prezident İlham Əliyevlə Baş nazir Nikol Paşinyanın sonuncu dialoqunda da baş nazir yenə də həyasızcasına bu versiyanı ortaya atıb, Mütəllibova istinad etdi. Təbii ki, Mütəllibovun çexiyalı jurnalistə dedikləri ilə bağlı nə səsyazısı, nə də görüntü var, amma ermənilər hələ də buna istinad edirlər. Münhen debatından sonra belə qərara gəldim ki, bu görüntüləri ortaya çıxarmaq vaxtıdır.

- Görüntülərdə Petrosyanın ruslarla bağlı da maraqlı iddiaları var. Maraqlıdır, bu sualları da siz vermişdiniz, yoxsa öz təşəbbüsüylə açıqlamışdı?

- Yox, mən belə sual verməmişdim. Məsələ burasındadır ki, Petrosyan xocalılıları Azərbaycanın tərəfinin öldürdüyünü təkzib edir. Bu, bütün erməni təbliğatını alt-üst edir. Lakin Petrosyan da, o videonun çəkilməsində iştirak edənlər də hər şeydən öncə ermənidir. Petrosyan ruslarla bağlı ifadələri səsləndirməklə özünü sığortalayır. Serj Sərkisyan Tomas de Vaala müsahibəsində deyirdi ki, Xocalıda həbsxanadan çıxarılanlar da iştirak edirdi və biz onların qarşısını ala bilməzdik. Petrosyan da videonun sonunda bunu dolayı yolla təsdiq edir. Baş verənləri o, həm də rusların üstünə atmaqla özünü təmizə çıxarmağa çalışır.

- Biz bilirik ki, Xanumyan Paşinyanın Qarabağdakı əsas tərəfdaşıdır və antirusiya mövqeyi ilə seçilir. Belə çıxır ki, Petrosyandan müsahibə alan Xanumyanın özü bu sualı verməkdə maraqlı olub?

- Ola bilər, amma Xanumyan da maraqlı idi ki, məzar daşı olsun və erməninin müsbət obrazı göstərilsin. Bunun axırı nə oldu? Petrosyanı belə deməyə məcbur etmək Xanumyanın ideyası ola bilərdi.

Doğrudur, onlar mənə Petrosyanın videosunun montaj edərək gətirmişdilər və müəyyən yerlərini kəsmişdilər, amma görünür, məhbusların Xocalıya buraxılması hissəsini kəsmək ağıllarına gəlməmişdi.

- Bu məhbuslar yəqin ki, ermənilər olub...

- Bəli. Hətta mən sizə deyim ki, onların içərisində 1991-ci ildəki “Həlqə” əməliyyatında tutulanlar da var idi. Bu şəxsləri aqressiv olduqları üçün qəsdən oraya göndərmişdilər.

- Söhbətin əvvəlində dediniz ki, Xanumyan, Petrosyan və Ohanesyan Allahverdi Bağırovun məzarını ziyarət edirdilər. Allahverdi Bağırovun məzarı dağıdıldıqdan sonra da onu hələ də ziyarət edənlər varmı? Bununla bağlı hansısa məlumat ala bilirsinizmi?

- Yox, məlumatım yoxdur. Xanumyan bütün əlaqələri kəsib və heç bir vasitə ilə əlaqəyə girmək istəmir. Hətta Tiflisdə də görüşə gəlmədi. Görünür, onun siyasi ambisiyaları var, amma bu film onun siyasi maraqlarına cavab vermir. Lakin Xanumyandan fərqli olaraq Balasanyan filmi normal qarşılayır və yayılmasına heç bir etiraz etmir, fikirlərinin arxasında durur.

- Müxtəlif beynəlxalq təşkilatlar vasitəsilə Qarabağdakı müxtəlif təşkilatlar və aktivistlərlə əvvəllər işləmək mümkün olurdu. Paşinyan hakimiyyətə gəldikdən sonra bu imkanlar hələ də qalır, yoxsa getdikcə daralır?

- Onlar işləməkdə maraqlıdırlar. Lakin onlarla işləmək üçün peşəkar olmaq lazımdır. Bizim ən pis cəhətimiz odur ki, müasir texnologiyaları bilən gənclərimiz münaqişənin detallarından xəbərsizdirlər, bunun əksinə münaqişənin detallarını bilənlər isə müasir texnologiyalardan xəbərsizdirlər. Beynəlxalq təşkilatlar əsasən gənclərlə işləməyə üstünlük verirlər. Bizdə həmçinin erməni ilə oturub söhbət etməyin günah olmasıyla bağlı kompleks var. Məncə, bu, düzgün yanaşma deyil. Məsələn, sizin media holdinq həm ölkə daxilində, həm də xaricdə kifayət qədər məşhurdur, amma Ermənistanda informasiya mənbəyiniz varmı? Təəssüf ki, yoxdur. Məncə, bu, lazımdır. Digər tərəfdən Azərbaycanda sadə erməninin inanacağı nə qədər informasiya resursu var? Bu gün Qarabağda insanların təkcə sosial-iqtisadi vəziyyəti pis deyil, burada insanları həm də informasiya təzyiqi altında saxlayırlar. Bunu mən yox, bunu ATƏT-in xəttiylə həmin ərazilərə dəfələrlə gedən şəxslərdən biri deyir. Dağlıq Qarabağda yaşayanlar çalışırlar ki, buradan çıxsınlar. Bununla bağlı müəyyən məhdudiyyətlər var. Hər Qarabağ ermənisinin Ermənistanın xarici pasportunu almaq imkanı yoxdur və buna görə də xaricə çıxmaq imkanları da məhduddur. Buna görə də orada vəziyyət ağırdır. Mən anlayıram ki, bizim bəzi dostlarımız erməni dilində sayt açdılar, amma bu saytda ermənini hədələməklə nəyəsə nail olmaq mümkün deyil.

Baxın, normal düşüncəli ermənilər var idi ki, onlar mənə Azərbaycanın əzələ nümayişinin erməniləri Sərkisyan-Köçəryan komandası ətrafında birləşdirdiyini deyirdilər. Ermənilər düşünürdülər ki, onları Azərbaycanın revanşından ancaq bu klan xilas edə bilər. Aprel müharibəsindən sonra bu mif dağıldı. Elə həmin ermənilər dedilər ki, Paşinyanın qələbə qazanmasının səbəblərindən biri də Aprel döyüşləri oldu. Aprel döyüşlərinə qədər Balasanyan Saakyan, Sərkisyan və Köçəryana qarşı müxalifətdə idi və onlarla heç cür yola getmirdi. Amma Aprel döyüşləri zamanı Balasanyanı Qarabağda “təhlükəsizlik şurasının” sədri təyin etdilər ki, əhalinin əhval-ruhiyyəsini dəyişə bilsinlər. Burada vəziyyət kifayət qədər mürəkkəbdir və bundan yararlanaraq, hər vasitə ilə oraya informasiya ötürməyə çalışmalıyıq. Bunun üçün onların inanacağı informasiya resursları olmalıdır. Taktikanı bir az dəyişməliyik.

- Son olaraq, martın 31-i qondarma rejimdə “prezident seçkisidir”. Bu müsahibədə adı çəkilənlərdən ikisi namizəddir. Onların qalib gəlmək şansı varmı? Digər tərəfdən bu seçkinin nəticəsi qondarma rejimi İrəvandan uzaqlaşdırıb, Bakıya yaxınlaşdıra bilərmi?

Burada bir incə məqam var. Dağlıq Qarabağda kiminsə “hakimiyyətə” gəlməsindən sonra Azərbaycana qarşı münasibətin necə olacağıyla bağlı məsələləri kənara qoymalıyıq. Çünki kimin gəlməsindən asılı olmayaraq, onların münasibəti dəyişməyəcək. Onlar Qarabağın müstəqil subyekt olduğunu və Azərbaycanın bununla hesablaşmalı olduğunu deyirlər. Başqa məqam odur ki, Paşinyanın adamlarından biri Xanumyan olsa da, onun burada reytinqi elə də yüksək deyil. Buna səbəblərdən biri onun yerli olmamasıyla bağlıdır. Paşinyanın indiki halda əsas güvəndiyi adam “xarici işlər naziri” Masis Mailyandır. Mailyandan başqa Araik Arutyunyan da var. Paşinyan istəyir ki, Mailyan lider olsun. Ona görə ki, o, kifayət qədər savadlıdır və müxtəlif kombinasiyalarda əvvəldən-axıra qədər iştirak etmiş adamdır. Neçə illərdir bu mətbəxin içərisindədir.

Paşinyanın istəmədiyi əsas şəxs isə Balasanyandır. Bu gün Balasanyan Köçəryan-Sərkisyan komandasının son qalasıdır. Balasanyan Paşinyanı Qarabağı satmaqda, Azərbaycanla gizli danışıqlar aparmaqda ittiham edir. Bu mənada Balasanyanın da, Mailyanın da gəlməyi Bakıya sərf etmir. Görünür, bunun üçün daha ciddi analiz lazımdır. Hazırda bu namizədlərdən heç birinin Azərbaycanla konstruktiv danışıqlar istəyi yoxdur.

скачать dle 12.1

Şərhlər