SON DƏQİQƏ

Şuşa səhnəsində hayqırmaq istəyirəm...

Tarix:

5-02-2020, 13:31

/ 3 500 dəfə oxundu.
Şuşa səhnəsində hayqırmaq istəyirəm...

Afaət Əliyeva: Vətənə olan sevgimi, düşmənə olan nifrətimi Şuşa səhnəsində hayqırmaq istəyirəm...

 

Müsahibimiz Mingəçevir Dövlət Dram Teatrının aktrisası Afət Əliyevadır

Afət Məmməd qızı Əliyeva 1969-cu ildə Yevlax rayonunun Ərəbbəsrə kəndində anadan olub. Orta təhsilini də orada alıb. Orta məktəbi başa vurduqdan sonra Şuşa Mədəni Maarif Texnikumuna daxil olub.Texnikumu bitirdikdən sonra təyinatla Yevlax şəhərinə göndərilib.Yevlax Mədəniyyət Şöbəsində metodist, Xalq teatrında rejissor işləyib. Quruluş verdiyi uğurlu tamaşalara görə ümumitifaq festifallar lauriyatı-döş nişanı ilə təltif olunub. 2000-ci ildən Mingəçevir Dövlət Dram Teatrında aktrisa işləyir. Ailəlidir.Şuşa səhnəsində hayqırmaq istəyirəm...

-Afət xanım, siz keçən il ömrünüzün yarım əsrini geridə qoydunuz. Lap gənclik illərindən də teatrla bağlısınız. Geriyə baxanda nə düşünürsünüz: teatr sizə nə verib?

-Deyərdim ki, çox şeyi. Lap uşaq yaşlarımdan mədəniyyət işçisi olmaq istəmişəm. Amma aktirisa olmaq heç ağlıma belə gəlməyib. O vaxtlar mənim üçün klub, yaxud özfəaliyyət işçisi olmağın heç bir fərqi yox idi.Təki mədəniyyət sahəsində çalışım. Odur ki, orta məktəbi bitirib, Şuşa Mədəni-Maarif Texnikumuna qəbul oldum.Təyinatla Yevlaxa gəldim, şəhər Mədəniyyət Şöbəsində metodist işlədim.Yevlax Xalq teatrında rejissorluq da elədim. Bir neçə kiçik həcmli tamaşalara quruluş da verdim. Deyirdilər ki, yaxşı hazırlamışam. Amma hiss eləyirdim ki, nə isə çatmır. Nə isə çatmamaq deməli, teatr imiş. Bax elə həmin vaxtdan da aktrisa olmaq həvəsinə düşdüm. Ona görə də 2000-ci ildən taleyimi Mingəçevir Dövlət Dram Teatrı ilə bağladım və aktirisa oldum. Artıq 50-dən çox rollar oynamışam.

-O illərdən bu illərə nələri gətirmisiniz?

- Birinci onu deyim ki, xasiyyətimi dəyişməmişəm. Həmişə səmimiyyətimi, insanlara olan münasibətimi saxlamışam. Duyğu və düşüncələrimi də o illərdən bu illərə gətirmişəm. Arzularımın bir çoxu, şükürlər olsun ki, bu illərdə reallaşıb. Reallaşmayanları da olub... Əsasən də tearla bağlı, oynamaq istədiyim rollar var ki, o arzularımın hələ ki, çoxunu reallaşdıra bilməmişəm.

-Arzulayaq ki, onlar da reallaşsın! Mən biləni siz əvvəllər ümumittifaq festivallar laureatı adına layiq görülmüsünüz. 2018-ci ildə isə ölkə başçısının sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edildiniz.

- Ümumittifaq festivallar laureatı adını hələ tələbə ikən qazanmışam. O ki qaldı “Tərəqqi” medalına, bu, hər bir yaradıcı insan kimi mənim üçün də böyük şərəfdir. Bu təltif həm də mənim məsuliyyət hissimi çox artırıb.

-Tamaşaçı zövqü və işlədiyiniz teatrda repertuar seçiminə sizin münasibətinizi bilmək istərdim?

-Düzünü desəm, repertuar seçiminə münasibətim heç də yaxşı deyil. Çox istərdim ki, dünya dramaturqlarının şedevr əsərləri bizim teatrın da repertuarında çox olsun.

Eləcə də məmləkətimizin klassik dramaturqlarının da əsərlərinin teatrımızda tez-tez hazırlanması yaxşı olar. Aktyor, aktrisa yalnız yaxşı dram əsərlərində və maraqlı rejissorlarla işlədikcə püxtələşə və yetişə bilər. Axır vaxtlar tanınmış rejissorlar- Əməkdar incəsənət xadimləri Ağalar İdrisoğlunun və Bəhram Osmanovun bizim teatrda tamaşalar hazırlaması, teatr kollektivimiz üçün bir məktəbdir. Ustad dərsləridir desəm yanılmaram. Biz onlardan çox şeylər öyrənirik. Əsasən də rol üzərində necə işləməyi, pyesi dəqiq necə təhlil eləməyi onlardan öyrənməklə biz çox şeylər qazanmışıq. Belə rejissorlar teatrımızda nə qədər çox tamaşalar qoysalar teatr kollektivimiz üçün çox yaxşı olar. Çünki teatrı inkişafı bilavasitə rejissorla bağlıdır.

Şuşa səhnəsində hayqırmaq istəyirəm...Tamaşaçı zövqünə gəldikdə isə, təbii ki, biz onu korlamamalıyıq. Mövsümün əvvəlində hansı tamaşaların hazırlanması barədə məlumat alırıq. Sonralar işin gedişatında biz tamam başqa piyesləri hazırlayırıq. Niyə? Bilmirəm, ola bilər ki, bu da bir zərurətdən doğur. Aktyorlar arasında yaxşı bir deyim var.”Qonaq qabağına çıxan tamaşa”. Bax, bizdə belə tamaşalar azdır. Axır vaxtlar Bəhram Osmanovun hazırladığı Federiko Qarsia Lorkanın “Qanlı toy”, Ağalar İdrisoğlunun quruluş verdiyi Qənbər Şəmşiroğlunun ( Eyni adlı roman əsasında səhnələşdirənlər-Nəriman Ocaqlı, Ağalar İdrisoğlu) “Caninin etirafı” məhəbbət odası və Redyard Kiplinqin “Mauqli” əsəri əsasında Nicat Kazımov və Ağalar İdrisoğlunun səhnələşdirdikləri “Mauqlinin yeni il arzuları” belə tamaşalardan oldu. Hər üç tamaşa həm teatr kollektivinin, həm də tamaşaçıların da xoşuna çox gəlib. Bax bunlar bizi daha yaxşı işləməyə həvəsləndirir. Belə monumental tamaşalar repertuarımızda nə qədər çox olsa, tamaşaçılar da teatrımıza çox gələr.

-Repertuarda yaxşı tamaşaların çox olması Azərbaycandakı bütün teatrın ən qlobal problemlərindən biridir. Onun həlli üçün nə etmək lazımdır?

-Bundan çıxış yolu var. Bu yaxınlarda bədii şuranın sədri, teatrın direktoru Səxavət Məmmədov teatrın ümumi yığıncağında bu məsələyə toxundu. Qeyd etdi ki, bədii şura təcili şəkildə yenidən formalaşmalıdır. Pyeslər səhnəyə qoyulmazdan əvvəl şura üzvləri tərəfindən oxunub, dərindən müzakirə edilməlidir. Biz hal-hazırda müharibə şəraitində yaşayırıq. Belə olduğu halda repertuarda əsas yeri vətənpərvərlik mövzusu tutmalıdır. Biz vətənə olan sevgimizi, yağı düşmənə olan nifrətimizi dövlətin tirbunasından – səhnədən tamaşaçılarımıza aşılamalıyıq. Bu bizim vətəndaşlıq və vəzifə borcumuzdur. Ən dəhşətlisi budur ki, Azərbaycan Dövlət Teatrlarının demək olar ki, hamısında Qarabağ müharibəsilə, dövlətçiliklə bağlı əsərlər demək olar ki, çox azdır. İndi sevindirici haldır ki, bizim teatrımızda yuxarıda dediyim mövzulara həsr olunan Qənbər Şəmşiroğlunun “Caninin etirafı” romanı əsasında Nəriman Ocaqlı və Ağalar İdrisoğlunun səhnələşdirdikləri “Caninin etirafı” iki hissəli faicə-məhəbbət odası tamaşası artıq r üç aydır ki, repertuarındadır. Tamaşaçılar tərəfindən də çox yaxşı qarşılanır. Fevral ayının 17 və 18-də isə biz, bu tamaşa ilə Milli Akademik Dram Teatrının səhnəsində Bakı tamaşaçıları qarşısında da çıxış edəcəyik. İnanıram ki, onların da xoşuna gələcək. Deməli, tamaşaçı zövqünün korlanması da bizdən, teatr kollektivindən asılıdır.Yaxşı repertuar, gözəl oyun tərzi heç vaxt zövqü korlamaz.

- Teatrda rol bölgüsü və rejissor işi sizi qane edirmi?

-Bu da yaxşı sualdır. Bildiyimiz kimi, teatrı yaşadan əsas simalar rejissor və aktyorlardır. Onlardan biri bizdə yoxdur. Yəni teatrımızda rejissorumuz yoxdur. Bizə təcili rejissor lazımdır.Tamaşaların hazırlanmasına Bakıdan və bölgələrdən mütamadi olaraq rejissorlar dəvət edirik. Bunun da mənfi və müsbət tərəfləri var. Müsbət tərəfi budur ki, hər bir rejissorun özünün öz dəst-xətti, öz yozumu var. Çox öyrənirsən, çox səhnə yozumlarında oynayıb püxtələşirsən, yenilənirsən. Mənfi tərəfi budur ki, hər bir dövlət teatrının özünün yarandığı gündən öz yaradıcılıq dəsti-xətti olur. Bu dəsti-xətti də teatrda rejissor yaradır. Bizm teatrın isə nəinki baş rejissoru, heç quruluşçu rejissoru belə yoxdur. Tamaşa qoymağa gələn dəvət olunan rejissorların çoxu isə tez-tələsik tamaşa verib gedirlər. Belə olan halda bu ənənə, bu dəst - xətt pozulur, teatr çaş-baş qalır.

-Sizcə dəvətlə gələn rejissorları ən çox keyfiyyət maraqlandırır yoxsa alacağı qonarar?

-(Gülür). Əksər hallarda rejissorların çoxunu məncə qonorar. Siz rol bölgüsünə də toxundunuz. Rol bölgüsündən o qədər də narazılığım yoxdur. Amma dəvət alan hər bir rejissor yaxşı olar ki, rol bölməzdən əvvəl bir neçə tamaşaya baxsın, aktyorları qismən də olsa tanısın və sonra rolları bölsün. Bu xüsusi tapşırıqla olanda yaxşı alınmır. Düzdür, elə rejissorlar var ki, onlar burada bir neçə tamaşa hazırlayıblar. Aktyorları yaxşı tanıyırlar, ona görə də işləri normal alınır. Mən onlardan Bəhram Osmanovu və Ağalar İdrisoğlunu nümunə gətirə bilərəm. Kollektivimizin də onlarla işləmək ürəyincədir. Çünki onlar həm təcrübəli, həm savadlı, həm yüksək təfəkkürə malik və həm də pedaqoq-rejissorlardır. Onların hər bir məşqi elə ustad dərsləri deməkdir.

-Afət xanım hər bir aktyorun həmişə oynamaq istədiyi, amma oynamadığı bir obraz olur. Sizdə necə, varmı?

-Var! Nə qədər ki, gec deyil Hüseyn Cavidin “Afət” pyesində Afət rolunu oynamaq istərdim. Bu, mənim lap gənclik illərindən arzumdur.

-Oxşar obrazlarda nələri təkrarlamaq istəmirsiniz?

-Oxşar obrazlarım çoxdur. Ancaq həmişə çalışmışam ki, onlar bir-birinə oxşamasın. Bunun üçün çox əziyyət çəkmişəm. İstər danışığımda, istər yerişimdə, istərsə də yeni-yeni jestlərlərimdə onları bir-birindən fərqləndirməyə çalışmışam. Nə qədər nail olmuşamsa, artıq bunu tamaşaçılar deyə bilər.

-Rollarınız həyat tərzinizə, xarakterinizə təsir edirmi?

-Əksər hallarda bəli. Birdən xoş əhval-ruhiyyədə oluram, bəzən bədbinləşirəm. Bu da ki, oynadığım obrazların xarakterindən asılıdır. Amma heç vaxt özümdən razı qalmıram, rollarımla öz-özümə həmişə hesabat verirəm.

- Mingəçevir teatrında gənclər ilbəil artır. Sizcə, gənc aktyorlara ümid bəsləmək olarmı?

- Çox sevindirici haldır ki, teatrımızın yaradıcı heyətini əsasən gənclər təşkil edir. Hələ teatrda studiya fəaliyyət göstərəndə mən də onlara dərs demişəm. Bu gənclərin püxtələşməsində qismən də olsa payım var. İndi onlar səhnədə peşəkar aktyorlarla çiyin-çiyinə çalışır və onlardan nümunə götürürlər. Teatrımıza Əməkdar artist Akif Mirabovun, Təvəkkül Əhmədovun və Nəsibxan Əliyevin yenidən qayıtması elə gənclər üçün bir məktəbdir. Teatrımızdakı gənclər-Fəridə

Məmmədovanı, İlqar Rəhimovu, Nargilə Abdullayevanı, Paşa Salmanovu, Turqut Məsimlini, Hüseyn Mustafayevi, Eyvaz Əliyevi, Amil Fərzəliyevi, Elvin Əkbərlini, Ceyhun Əhmədovu daha ümidverən aktyor hesab etmək olar .

-Sizcə, onların sənətə məhəbbəti daimidir?

-Nə deyim, vallah. Mən erkən yaşlarımda sıravi mədəniyyət işçisi olmaq istəyirdim. Ancaq təhsil aldığım illərdə müəllimlərim- Respublikanın Əməkdar artistləri Yadigar Muradov və Teymur Məmmədov mənə teatrın əhəmiyyətini, aktyor sənətinin mahiyyətini, ucalığını elə aşıladılar ki, teatrı öz evim, öz ailəm kimi sevdim və sevəcəyəm də. Gənc aktyorlara gəldikdə isə bu tək onlardan asılı deyil. Biz də bu işdə onlara dəstək olmalıyıq və oluruq da! Bir də sizə bir söz deyim: təhsil almaq, savadlı olmaq həmişə vacibdir.Təbii ki, cavan aktyorun yanında istad sənətkar olmalıdır. Cavan aktyor da aldığı təhsildən əlavə həmin ustaddan da sənətin sirlərini öyrənməlidir. Onunla səhnədə tərəf müqabili olduqca ondan öyrənməlidir. İstedadı isə həmişə zəhmət, savad, dünyagörüşü istiqamətləndirir. Mən çox təəssüflənirəm ki, teatrımızda təhsilli aktyorlar barmaqla sayılır. Amma ona da sevinirəm ki, hazırda direktorumuz, çox təşkilatçı insan, dəyərli ziyalı Səxavət Məmmədov Mədəniyyət və İncəsənət Universitetinin rəhbərliyi ilə danışıqlar aparır. Ümid edirəm ki, gələcəkdə bu məsələ öz həllini tapacaq. Bizim teatrın aktyorları da ali təhsil alacaqlar. Bununla birlikdə cavanlara bir də tövsiyyəm budur ki, teatr sənətilə bağlı kitablar oxusunlar. Başqa teatrların, əsasən də dünya teatrlarının tamaşalarına və kinofilmlərinə baxsınlar. Onlar oradan da çox şeylri əxz eləyə bilərlər.

-Siz əvvəlcədən də vətənpərvərlik mövzusunda çox ehtirasla danışdınız. Sizinlə üzün illər bir teatrda işləyən aktyor kimi səmimi deyim ki, əsl azərbaycanlı kimi vətən eşqiniz tükənməzdir...

-Şairin təbiricə desək, “Vətəni sevməyən insan olmaz”. Mən özüm şəhid ailəsiyəm. Qardaşım Elşad Məmməd oğlu Məmmədov Qarabağ döyüşlərində qəhrəmancasına həlak olub. Şəhid bacısı olmağımla fəxr edirəm. Həm də bilirsiniz ki, ixtisas təhsilimi Qarabağın ürəyi sayılan Şuşada almışam. İstərdim ki, günün birində Şuşaya qastrol səfərinə gedək.Vətənə olan sevgimi, düşmənə olan nifrətimi Şuşa səhnəsində hayqırmaq istəyirəm... Məncə həmin günlər heç də uzaqda deyil. Əsas odur ki, xalqımızın arasında milli birlik olsun. Çünki milli birliyi olan xalqlarla bütün millətlər hesablaşır.

Qabil İBRAHİMLİ

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ