SON DƏQİQƏ

“Lokomotiv adam”

Tarix:

3-05-2019, 17:46

/ 1 340 dəfə oxundu.
“Lokomotiv adam”

 

Azərbaycan güclü iqtisadiyyatı, zəngin təbiəti ilə bərabər, eyni zamanda dünyada idman ölkəsi kimi tanınır. Ta qədim zamanlardan el arasında pəhləvan adlandırılan igid, qorxmaz, güclü, qüvvətli oğullarımız çox olub. Saleh Süleyman, Rəşid pəhləvan, Qaçay Pəhləvan, Bahadur Pəhləvan, Mənsur Əhmədov, Əlyar Əliyev və başqalarının adlarını iftixarla xatırlayırıq. Zəngəzur bölgəsinin Qubadlı elində yaşamış Pəhləvan Bahadur yuxarı kəndlərdən axıb gələn arxın suyunun səmtini dəyişmək üçün iri qaya parçasını tək başına qaldıraraq dağ suyunun qarşısını kəsib, bol-bərəkətli bağ-bağatını sulayarmış. 5-6 nəfər nə qədər güc eləsələr də həmin qaya parçasını yerindən tərpədə bilməzlərmiş. Pəhləvan Bahadur bağını-bostanını doyunca suladıqdan sonra qaya parçasını qaldıraraq kənara tullayar və sonra qonşuları öz bostanlarını rahatca sulayardılar.“Lokomotiv adam”

Uzun illər BDU-nin İdman kafedrasında baş müəllim, kafedra müdiri işləmiş və yüzlərlə güləşçilər yetişdirmiş keçmiş SSRİ-nin idman ustası, məhşur pəhləvanımız 85 yaşı Mənsur Əhmədov 1960-62-ci illəri xatırlayaraq deyir: “Həmin illərdə Bakı Sirkinin açılışında məhşur pəhləvanımız Saleh Süleymana “Dinamo” cəmiyyəti tərəfindən diplom yazmışdılar. Çox adam ona Sarı Süleyman deyirdi. Diplomu mən təqdim etməli oldum. Saleh Süleyman dedi: Niyə o diplomun birin yazmısınız, axı hər dəfə yarışlardan qayıdarkən dəmir-dümürü ortalığa tökürəm. Evdə həyat yoldaşım onu yığışdırır və bir tərəfə yerləşdirir. O diplomun biri də ömür-gün yoldaşıma düşür”.

Bol-bərəkətli qədim Beyləqan torpağı da çox igidlər, qəhrəmanlar və pəhləvanlar yetişdirib. Belə pəhləvanlardan biri də Nurəddin Beyləqanlıdır. Müsahibimin başqa pəhləvanlardan fərqi odur ki, o, qeyri adi bir gücə malikdir. Belə ki, saçı ilə təyyarəni, vaqonu, gəmini yerindən tərpədərək dartıb aparır. 150 milli metrlik mismarı alnı ilə taxtaya vurur, dişi ilə həmin mıxı çıxardır. Dəmir armaturları dişi ilə hörür. Bir neçə ağır daşları (girləri) əli, ayağı və dişi ilə qaldıraraq müxtəlif fəndlər nümayiş etdirir.

Redaksiyamızın qonağı olan Nurəddin Beyləqanlıya ilk sualımız bu oldu:

“Lokomotiv adam”- Sizdə bu qədər güc hardandır?

- Bizim kəndimiz Araz boyu ərazidə yerləşir. Saf təbiəti, havası və gözəl mənzərəsi ilə zəngin olan yurdumuzda hələ uşaq vaxtlarından idmanla məşqul olmuşam. Kənddə uşaqlarla tez-tez güləşər, qol gücümüzü sınayardıq. Hətta özümdən yaşda böyük olan gənclər də mənimlə qol güləşinə çıxaraq mərcləşərdilər. Hər dəfə qalib gələrkən kənd uşaqları mənə hörmətlə yanaşardılar. Valideynlərim də məndə olan qeyri adi gücü hiss edib idmanla məşqul olmağıma şərait yaratdılar. Sonradan el-oba arasında, Respublikada və dünyada məhşurlaşdım.

Azərbaycanın hər bir diyarında, keçmiş Sovetlər Birliyinin bütün şəhərlərində, bir çox xarici ölkələrdə mötəbər tədbirlər keçirtmişəm.

- Keçirdiyiniz bu tədbirlər necə qarşılanır?

- Eşidənlər, bilənlər bu tədbirə həvəslə qatılırlar və on minlərlə tamaşaçı canlı olaraq göstərdiyim idman fəndlərini maraqla izləyirlər. Təşkil etdiyim hər bir tədbir dövlət himnimizin səsləndirilməsi ilə başlayır. Bütün tədbirlərə Azərbaycan bayrağı ilə çıxıram. Tamaşaçılar çox maraq və heyrətlə izləyirlər. Nümayiş etdirdiyim gücə hətta gözlərinə inanmayanlar, heyrətlənənlər daha çox olur.

Hər il Ulu öndərimiz Heydər Əliyevin doğum günündə möhtəşəm tədbirlərə imza atıram. Dəfələrlə qardaş Türkiyə respublikasında tədbirlər keçirtmişəm. Saçımla qatarı və ya təyyarəni çəkərkən hamı təəccüblə maraqlanır və məni alqışlayırlar.

- Sizi Rusiyada, Avropa ölkələrində, Türkiyədə, Orta Asiya Respublikalarında da kifayət qədər tanıyırlar. Sosial şəbəkələrdə pəhləvanımız haqqında çox yazılıb.  

- Bəli, mən uzun illər Moskva Sirkində işləmişəm. Bütün şəhərləri gəzmişik. Göstərdiyim gücümlə hər kəsi heyrətləndirmişəm. Bir Azərbaycanlı olaraq qürbət eldə qürur duymuşam. Bir çox fəxri fərmanlarla, diplomlarla mükafatlandırılmışam.

Türkiyədə “Lokomotiv adam, Div adam, Əjdaha adam, Dəmir adam” və s. mükafatlara layiq görülmüşəm. Dəfələrlə dünya televiziyalarında keçirdiyim tədbirlər işqlandırılıb. Ayrı-ayrı qəzetlərdə haqqımda məqalələr yazılıb. Bir neçə il əvvəl Ramana qəsəbəsində Əlillərin Reablitasiya Mərkəzində xeyriyyə tədbirləri də keçirtmişəm.

- Sizə bu çətin və məsuliyyətli işlərdə köməklik olubmu?

- Məni xarici ölkələrdə kifayət qədər tanıyırlar. Tədbirlərimizin aparıcısı və hər zaman mənə qayğı göstərən Nisə xanım Yusifqızının

zəhməti böyükdür.

     - Nisə xanım, siz bu yarışların aparıcısı olaraq oxucularımızla hansı yaddaqalan təəssuratlarınızı bölüşmək istərdiniz?

     - Biz Rusiyanın bir çox şəhərlərində, Moskvada, Sankt Peterburqda, Qazaxıstanda, bir sözlə Orta Asiya Respublikalarında möhtəşəm tədbirlər təşkil etmişik. Azərbaycan bayrağı və himnimizin səsləndirilməsi ilə keçirdiyimiz tədbirlər alqışlarla qarşılanıb. Nurəddin Beyləqanlının nümayiş etdirdiyi hər bir fəndi, qol gücü ilə göstərdiyi proqramlar maraqla izlənilir.

      Bir neçə il əvvəl Moskva vilayətində möhtəşəm tədbirlərin birində Nurəddin Beyləqanlının sinəsindən ağır yük maşını keçmə səhnəsi göstərilirdi. Sürücü Azərbaycan dilində sərbəst danışırdı. Yarışın başlamasını gözləmədən və fit verilmədən sürücü ağır tonajlı yük avtomobilini işə salaraq sürətlə pəhləvanın sinəsindən keçdi və qəfildən tormoz əyləcini basaraq avtomobili dayandırdı. Sürücü qayda-qanuna əməl etmədən avtomobili gah irəli, gah geri sürməklə Nurəddin Beyləqanlını əzərək qəstdən öldürmək istəyirdi. Sonradan məlum oldu ki, Azərbaycan dilində sərbəst danışan sürücü Xankəndi (Stepanakert) ermənisi imiş. Burada da erməni paxıllığı və riyakarlığı özünü göstərdi. Amma çox şükürlər olsun ki, pəhləvanımız o ağırlığa sinə gələrək tamaşaçıları heyrətləndirdi. Hətta bir rus qadını göz yaşlarını cilovlaya bilməyib səhnəyə çıxdı və Beyləqanlı pəhləvanımızı bağrına basdı: Yalvarıram bir də belə etmə. Sən dəmirsən? - deyə onun biləklərindən tutaraq heyrətini gizilətmədi.“Lokomotiv adam”

      - Nurəddin Beyləqanlı! Nədənsə heç özünüz haqda danışmırsınız. Xaricdə yaşayan diaspor təşkilatları ilə sıx əlaqə saxlayırsınızmı?

     - Azərbaycanın günü-gündən inkişafı xaricdə yaşayan həmvətənlilərimiz üçün böyük bir güc mənbəyidir. Xarici ölkələrdə çoxlu azərbaycanlı dostlarım var. Rusiyanın Kirov vilayətinin diaspor təşkilatının sədri Elnur Hüseynov böyük hörmətli və nüfuzlu şəxsdir. Diaspor təşkilatlarında fəaliyyət göstərən Azərbaycanlılar ölkəmizdə gedən geniş tikinti, abadlıq, quruculuq işlərini maraqla izləyirlər. Onların qəlbləri də Azərbaycanla bir döyünür. Baxmayaraq ki, uzaq ölkələrdə olsalar da.

    -  Qarabağ müharibəsi, torpaqlarımızın bir parçasının erməni quldurları tərəfindən işğal olunması sizi də çox kədərləndirir.

    - Əlbəttə, mən özüm Qarabağ müharibəsi veteranıyam. Ağdamsız, Şuşasız, Laçınsız, Kəlbəcərsiz, Qubadlısız, Cəbrayılsız, Zəngilansız yaşamaq qeyri mümkündür. Nəinki Dağlıq Qarabağ, hətta ermənistan adlandırılan o torpaqlar da, bizim dədə-baba yurdumuzdur. Bir müharibə iştirakçısı kimi dəfələrlə cəbhə bölgələrində olmuşam. Ağdamın adı çəkilərkən o igid oğulları, şəhidlərimizi xatırlayıram. Dəfələrlə Allahverdi Bağırovla, Fred Asif Məhərrəmovla, Zahid Qarayevlə, Mikayıl Gözəlovla, Əkbər Rüstəmovla səmimi görüşmüşəm. Cəngavər oğulların yanında olmuşam.

Aprel döyüşlərindəki qələbəmiz bizi çox sevindirdi. Bu yaxınlarda Cəbrayılın Cocuq Mərcanlı qəsəbəsində keçirilən dövlət tədbirinə qatıldım. İnsanların yaşayıb-yaratmaq həvəsini, güzaranını gördüm. Qəlbim sevindi. Məni el-obamız alqışlarla qarşıladı.

Dünyanın hansı ölkəsində oluramsa olum, Azərbaycanın haqq işini təbliğ edirəm.

Ölkə Prezidentimizin, Ali Baş Komandanımızın apardığı çevik və uzaqgörən siyasəti nəticəsində dünya xalqları da Azərbaycanı dəstəkləyir. Ermənistanı təcavüzkar bir ölkə kimi tanıyırlar. Biz Ali Baş Komandanımızın hər bir əmrinə hazırıq. Xarici ölkələrdə olarkən diaspor təşkilatlarında fəaliyyət göstərən dostlarıma, həmyerlilərimə Azərbaycanın cənnət guşəyə çevrilməyini söyləyirəm.

Dahi şəxsiyyət Heydər Əliyev siyasətini uğurla davam etdirən Prezidentimiz İlham Əliyevin misilsiz xidmətlərindən danışaraq qürur hissi keçiririk. Hər dəfə paytaxta qədəm qoyarkən bir-birindən yaraşıqlı, möhtəşəm binaları, gözəl dənizkənarı parkımızı seyr edərkən sanki rahatlanıram. Ölkəmiz günü-gündən gözəlləşir. Bu gözəlliyi görməmək günahdır. Xaricdə yaşayan bədxahlarımız Azərbaycanın gücü qarşısında heç nəyə nail ola bilməzlər. Harda olmuşamsa, Azərbaycanın inkişafından, dövlətimizin qüdrətindən, sülhsevər xalqımızın qonaqpərvərliyindən sevinib fərəhlənmişəm. Paytaxtımızda keçirilən möhtəşəm idman yarışları Azərbaycanı həm idman ölkəsi kimi, həm də sülhsevər bir xalq kimi dünyaya tanıdıb. Bu inkişaf, bu yüksəliş məhz ölkə prezidentimizin əməli fəaliyyətinin bariz “Lokomotiv adam”nümunəsidir.

- Ailədə sizin bu yarışlarda iştirak etməyinizi necə qəbul edirlər?

- Əgər bütün dünya mənim çıxışımla heyrətlənirsə, əlbəttə ki, ailəm də sonsuz dərəcədə sevinir. Hər yarışdan sağ-salamat qayıtmağımı arzulayırlar. Öz aramızdır insan sinəsindən neçə ton ağırlığında yük maşını keçir. Buna dözmək lazımdır. O, ürək isə hələ ki, tükənməyib. Bir qızım var 20 yaşındadır. Cido üzrə çempiondur, həm də məşqçidir. Kökümüzdə pəhləvanlıq genlə davam etdirilir.

- Oxucularımıza sonda nə söz demək istərdiniz?

- Xalqımıza can sağlığı, sülh, əmin-amanlıq arzu edirəm. İdman sağlamlıq deməkdir. Bü günlərdə kinqboksinq üzrə Azərbaycan çempionatı keçirildi. Yeniyetmələrdə idmana qarşı maraq olduqca güclüdür. Əlbəttə ki, bu gücü bizə verən İlahi qüvvədir. Eyni zamanda Azərbaycan Prezidentinin idman sahəsində göstərdiyi diqqət və qayğı hər birimizi qələbə qazanmağa, bir olmağa ruhlandırır.

Hər il may ayında Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş tədbirlər təşkil edirəm. Qol gücümü nümayiş etdirirəm. Hər bir oxucumu və maraqlananları may ayının 5-də Bakının Dəmir yol vağzalının platformasında Dahi Liderimiz Heydər Əliyevin doğum gününə həsr olunmuş tədbirimə dəvət edirəm. Bizə şərait yaradan millət vəkili Cavid Qurbanova da öz təşəkkürümü bildirirəm.

Dəmir yol vağzalında saçımla vaqonu dartmaqla bir daha gücümü dünyaya nümayiş etdirəcəyəm. Sizi də bu tədbirə dəvət edirəm.

Məmuniyyətlə tədbirinizə qatılarıq. Allah igid oğullarımızı qorusun. Maraqlı müsahibəyə görə çox sağolun.

 

Rauf İLYASOĞLU,

Şair-jurnalist

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ