SON DƏQİQƏ
» » Mirzə Cəlil bu əsərini niyə gizlətmişdi? – Əsəd Cahangirdən qalmaqallı müsahibə

Mirzə Cəlil bu əsərini niyə gizlətmişdi? – Əsəd Cahangirdən qalmaqallı müsahibə

Tarix:

30-03-2019, 08:39

/ 10 697 dəfə oxundu.
Mirzə Cəlil bu əsərini niyə gizlətmişdi? – Əsəd Cahangirdən qalmaqallı müsahibə

"Bu barədə heç kəs qəti fikir deyə bilməz"

"Bu gün Mirzə Cəlil haqda qalxan və bir az da radikal xarakter daşıyan aksiyanın günahı indiyədək onu çox şişirdən adamlardadır. Çünki tarix həmişə öz tərəzisində hər şeyi yerbəyer edir. Buna görə də, günahı təkcə Mirzə Cəlilin əleyhinə danışanlarda yox, vaxtilə onu şişirdənlərdə də axtarmaq lazımdır".

Ədəbi tənqidçi, şair Əsəd Cahangir belə düşünür.

- Son günlər Mirzə Cəlilin əsərləri ətrafında gedən müzakirələrə münasibətiniz necədir? Mirzə Cəlili xalqı təhqir etməkdə ittiham edənlər də var, buna qarşı çıxanlar da...

- Mirzə Cəlil haqda həqiqətləri xalqa çatdırmaq lazımdır. Onun yaradıcılığı və həyatı haqda bir çox faktlar ictimaiyyətdən gizli saxlanılıb. Zaman keçdikcə bu faktlar üzə çıxacaq və hamıya məlum olacaq. Ədəbiyyat tariximizin öyrənilməsi naminə bu faktlar araşdırılmalıdır.

Amma razı deyiləm ki, bu faktlardan Mirzə Cəlilin qara haşiyəli portretinin yaradılması üçün istifadə etsinlər. Bir tərəf onu inkar etmək mövqeyi tutur, başqa bir tərəf isə birmənalı şəkildə onun ideal obrazını yaratmaq istəyir. Bununla da razılaşmaq olmaz. Buna görə də, heç bir tərəfin metodologiyasını və yanaşma tərzini düzgün saymıram. İndiyədək Mirzə Cəlil yaradıcılığının araşdırılması ilə məşğul olanlar "Danabaş kəndinin əhvalatları"nın Yekaterina Qabaşvilinin "Maqdananın Lurcası" hekayəsindən, "Danabaş kəndinin məktəbi"nin yenə də Qabaşvilinin "Kənd müəllimi" hekayəsindən, yaxud "Ölülər"in Meterlinkin "Müqəddəs Antoninin möcüzəsi" pyesindən gəldiyini yaza bilmirlərsə, yaxud bilib qeyd etmirlərsə, bunu qeyri-məqbul saymaq olar.

- Maraqlıdır...

- Mirzə Cəlilin "Danabaş kəndinin əhvalatları"nı həyatının sonunadək çap etdirməməsi də maraqlı idi. Bu əsər ölümündən sonra dərc olundu. Cəlil Məmmədquluzadə yaradıcılığı ilə məşğul olanlar bu suala cavab verməlidir. Sübut etsinlər ki, Mirzə Cəlil haqda fakt irəli sürənlər haqsızdır, bizi inandırsınlar. Qaragüruhla bir-birinin üzərinə getmək lazım deyil, faktlarla aydın mənzərə yaratmaq lazımdır.

Amma istənilən halda Mirzə Cəlildən "xalq düşməni" obrazı yaratmağın əleyhinəyəm. Hesab edirəm ki, Mirzə Cəlil yaradıcılığına onun yaşadığı tarixi şərait kontekstindən, onun mənsub olduğu ədəbi cərəyan, dünyagörüşü, maarifçilik nöqteyi-nəzərindən yanaşmaq lazımdır. Hansısa yazıçının öz xalqına tənqidi münasibəti onu "xalq düşməni" adlandırmağa əsas vermir. Məni bunu qeyri-elmi, səthi və dayaz münasibət hesab edirəm.

- Mirzə Cəlilin "Danabaş kəndinin əhavalatları"nı həyatının sonunadək çap etdirməməsi məsələsinə toxundunuz. Hesab etmək olarmı ki, sağkən çap etməməsinin əsas səbəbi elə Qabaşvilidən təsirlənmə idi?

- Əslində bu faktı mən üzə çıxarmışam. 2015-ci ildə gürcü kinosu ilə maraqlanırdım, gürcü filmlərini izləyirdim. Çxeidzenin "Maqdanın Lurcası" filmini gördüm. Filmi görəndə heyrətləndim. Çünki burada təsvir olunan hadisələr, obrazlar, süjet, ideya, konflikt və bunun həlli "Danabaş kəndinin əhavalatları" ilə paraleldir. Araşdırdım ki, film XIX əsrin ikinci yarısında Qoridə yaşamış və maarifçi ideologiyaya mənsub olan Yekaterina Qabaşvilinin hekayəsi əsasında çəkilib.

Sonradan o da məlum oldu ki, Qabaşvili Mirzə Cəlilin Qoridə təhsil aldığı illərdə məşhur yazıçı olub.

Gürcüstanla əlaqə saxladım, onun bəzi əsərlərini əldə etdim, oxudum. Qabaşvilinin məlum hekayəsini oxuduqdan sonra bəlli oldu ki, doğrudan da "Danabaş kəndinin əhavalatları" ilə "Maqdananın Lurcası" arasında paralellik var. Bu əsəri o, "Danabaş kəndinin əhvalatları"ndan əvvəl, təxminən 1891-1892-ci illərdə yazıb. Bundan bir-iki il sonra isə Mirzə Cəlil "Danabaş kəndinin əhavalatları"nı qələmə alıb.

- Yəqin həmin dönəmdə Mirzə Cəlil də Qabaşvilinin əsərləri ilə tanış idi...

- Bu da sual doğurur ki, niyə Mirzə Cəlil bu hekayəni məhz həmin illərdə yazmışdı? Süjetin, əsas obrazların oxşarlığı, konflikt və bunun həllindəki paralellik, xüsusən də eşşək obrazı... Sual doğuran başqa bir məsələ də Mirzə Cəlilin bu əsəri sağkən çap etdirməməsi, ölümündən sonra çap olunmasıdır. Qabaşvili Mirzə Cəlildən bir neçə il sonra vəfat edib, "Danabaş kəndinin əhvalatları" isə Mirzə Cəlilin ölümündən bir neçə il sonra çap olunub.

Əlbəttə, burada açıq-aşkar təsirlənmə var. Mirzə Cəlilin "Danabaş kəndinin məktəbi" hekayəsində də Qabaşvilinin "Kənd müəllimi" hekayəsinin təsiri var. Bunlar sadəcə iki faktdır. Hesab edirəm ki, ciddi araşdırsan, Yekaterina Qabaşvili və Mirzə Cəlil arasında digər paralellikləri də üzə çıxarmaq olar.

Əslində mən burada qəbahət görmürəm, mən bunun gizlədilməsini qəbahət sayıram. Mən bunların Mirzə Cəlilə qarşı ittiham aktına çevrilməsinin də əleyhinəyəm. Çünki dünya ədəbiyyatında təsirlənmələr həmişə olub. Mirzə Cəlildən əvvəl də olub, sonra da...

- Məsələn?

- Təsirlənmələr həmişə olub və dəhşətli faciə deyil. Sadəcə, bunun gizlədilməsi mənə qəribə gəlir. Əgər Mirzə Cəlil təsirlənibsə və bu bizim ədəbiyyatımızın faktıdırsa, bunu gizlətməyə ehtiyac yoxdur. Onda onu da gizlətmək lazımdır ki, Füzuli Nizamidən "Leyli və Məcnun" mövzusunu götürüb. Onda o da gizlədilməli idi ki, "Faust" mövzusunu Hötedən əvvəl Marlo işləyib, "Hamlet" mövzusunu yenə də Şekspirdən əvvəl Marlo işləyib. Yaxud "Azərbaycan" şeirini Səməd Vurğundan əvvəl Əhməd Cavad yazıb.

Onda bunların hamısı gizlədilməlidir? Əgər bir adama münasibətdə nəsə gizlədilirsə, onda hamıya münasibətdə gizlədilməlidir, açıqlanırsa, hamısı açıqlanmalıdır. Ədəbiyyata vahid və ədalətli bir prinsiplə yanaşmalıyıq.

- Araşdırmaçıları başa düşdük, ola bilsin ya sevgidən, ya da hansısa səbəbdən bunu gizlədiblər. Bəs Mirzə Cəlilin özü bu əsərini niyə gizlədirdi? Bu, bir az qəribə görünür.

- Bu barədə heç kəs qəti fikir deyə bilməz. Ümumiyyətlə, Cəlil Məmmədquluzadə bunu gizlətmişdimi? Bəlkə heç gizlətməmişdi, bəlkə əsəri bəyənməmişdi deyə çap etdirməmişdi. Bəlkə bizim ağlımıza gəlməyən səbəbdən bu əsəri ömrü boyu çap etdirməmişdi? Ola bilsin ki, Yekaterina Qabaşvili hələ sağ idi və Mirzə Cəlil "Danabaş kəndinin əhvalatları"nı çap etdirərdisə, Qabaşvili tərəfindən nədəsə ittiham olunacağından ehtiyat etmişdi?

"Danabaş kəndinin əhvalatları" 1894-cü ildə yazılıb, Mirzə Cəlil 1932-ci ildə vəfat edib. Demək, Mirzə Cəlil 38 il bu əsəri sandıqda saxlamışdı. Niyə saxlamışdı? Bu suala Mirzə Cəlil yaradıcılığını araşdıranla cavab verməlidir. Niyə indiyədək araşdırmaçılar bu məsələyə toxunmayıb, toxunsa da cavab verməyib? Bu da onu göstərir ki, Azərbaycanda Cəlil Məmmədquluzadəşünaslıq hələ özünün primitiv mərhələsindədir. Bu qədər Mirzə Cəlildən yazırlar, araşdırırlar, bütləşdirirlər, amma onun yaradıcılığı ilə bağlı ən elementar məsələləri həll etmirlər.

- Yazıçı Həmid Herisçi isə Mirzə Cəlillə bağlı tamam başqa bir məsələyə diqqəti çəkdi. O iddia edir ki, ermənilərə "bəh-bəh" demək Mirzə Cəlildən başlayıb. Həmid Herisçi nə qədər doğru deyir, yaxud Mirzə Cəlil bizi niyə məhz ermənilərlə müqayisə edirdi? Gürcülər vardı, ruslar vardı...

- Mənə elə gəlir ki, Həmid Herisçi bu məsələdə bir qədər ifrata varır. Əlbəttə, Mirzə Cəlil dönəmində ermənilərə münasibət başqa cür idi. İndi də müharibə şəraitindəyik və münasibətlər tamam başqa cürdür. Düzdür, 1905-1918-ci illərdə qırğınlar olmuşdu, amma münasibətlər müharibə səviyyəsində deyildi. Amma bütün hallarda Cəlil Məmmədquluzadənin ermənilərlə münasibəti haqda suallara birmənalı cavab vermək çətindir.

Qəti surətdə söz deməyi məsuliyyətsizlik hesab edirəm. Yalnız ciddi araşdırmaların nəticəsində cavab vermək olar. Bir fakt var ki, Mirzə Cəlil yazıçı idi, humanist idi. Yəni, yazıçının məsələyə münasibəti siyasətçidən və sıravi vətəndaşdan fərqli olur. Yazıçı məsələyə ümumbəşəri ideyalar kontekstindən yanaşır.

- Məsələn, "Kamança"da kamança ifa edən erməni obrazı...

- "Kamança" pyesində Mirzə Cəlil məsələyə ümumbəşəri ideyalar kontekstindən yanaşmışdı. Bu pyesdə məqsəd o deyildi ki, erməninin çaldığı kamança iki düşmən münasibəti barışdıra bilər. Yox! Söhbət erməninin çaldığı kamançadan yox, sənətin qüdrətindən gedirdi. Mirzə Cəlil demək istəyirdi ki, sənət bütün milli-dini qarşıdurmaların fövqündə dayanır. Burada bizə qarşı duran erməni də, gürcü də, rus da, ingilis də, başqa millətin nümayəndəsi də ola bilərdi. Yəni, Mirzə Cəlil sülh yolunu sənətdə görürdü.

Onun yazıçı konfessiyası bundan ibarət idi ki, sənətin missiyası barışdırmaqdır, nifaq salmaq deyil. Necə ki Sabir də "Beynəlmiləl" şeirini yazmışdı. Bu şeirdə bir-birinə düşmən olan xalq sülhə dəvət olunmuşdu.

Yəni, sənət sülhə dəvət etməlidir, qana, qırğına və müharibəyə yox... Düzdür, mübarizəyə səsləyən sənət də var. Amma sənətkarın qarşısına konkret tələb qoymaq olmaz ki, sən sülhə, yaxud döyüşə səslə. Bu da sənətkarın seçdiyi mövqedən asılıdır. Bu məsələdə biz sənətkara azadlıq verməliyik. Hansısa mövqe nümayiş etdirdiyinə görə sənətkarı ittiham etmək doğru deyil.

Mirzə Cəlil isə hansısa millətin mövqeyindən çıxış etməyib. O, sənətin mövqeyindən çıxış edib.

- Bəs Əkrəm Əylisli hansı mövqedən çıxış etmişdi?

- Əkrəm Əylisli "Daş yuxular"da siyasi mövqe ortaya qoyub. Amma Əkrəm Əylisli müəyyən bir millətin - ermənilərin mövqeyindən çıxış edib. Mirzə Cəlil isə ermənilərin mövqeyindən çıxış etməyib. O, bu qarşıdurmanın fövqündə dayanan sənətin mövqeyindən çıxış edib.

- Əsəd bəy, amma bir məsələ də var ki, sanki Mirzə Cəlil maarifləndirmə işinin aparılmasının kəskin üsulunu seçmişdi...

- Məsələn, "Danabaş kəndinin əhvalatları"nda maarifləndirməyə münasibət Məhəmmədhəsən əmiyə münasibətdə üzə çıxır. Yaxud, "Poçt qutusu"nun Novruzəlisinə hansı kəskin münasibət var? Onların hər ikisi yazıq və miskin adamlardır. Əksinə onlara yazıçının bir mərhəməti hiss olunur. Yaxud "Usta Zeynal"da usta Zeynala və onun şagirdi Qurbana münasibətdə də bir kəskinlik görmürəm. Onun kəskin münasibəti Xudayar bəyə, Qurbanəli bəyə qarşıdır. Özünə zorla "bəy" dedirdiyinə görə, başqasının malını zor gücünə mənimsədiyinə görə... Yəni, onun öz qəhrəmanlarına qarşı kəskin münasibəti yoxdur, əksinə, mərhəmət hissi var.

Radikal münasibət Xudayar bəy, Qurbanəli bəy kimi yuxarı təbəqənin nümayəndələrinə qarşıdır. Əslində məsələnin dərininə gedəndə, Qurbanəli bəyə qarşı da mərhəmət hissi görünür. Məsələnin lap dərinliyində Xudayar bəy də yazıqdır. Amma "Ölülər" əsərində radikalizm güclüdür. Şeyx Nəsrullaha, Kefli İsgəndərin yaşadığı şəhərin məşədilərinə, hacılarına qarşı müəyyən radikalizm var.

Mirzə Cəlil bəzi qəhrəmanlarına birmənalı münasibət sərgiləmir. Bəli, Şeyx Nəsrullaha isə özünü təmizə çıxarmaq üçün ayaq qoymağa yer saxlamayıb. "Anamın kitabı"nda türkpərəst Vahid Səməd, iranpərəst Mirzə Məhəmmədəli, ruspərəst Rüstəm bəyə ayaq saxlamağa da yer qoymayıb. Amma "Dəli yığıncağı" əsərində bütün obrazların ayaq qoymağa yeri var. Çünki onlar ağıllarını itirmiş adamlardır. Elə cinayətlər var ki, onlara bəraət yoxdur. Məsələn, Şeyx Nəsrullahın cinayəti. Elə cinayətlər də olur ki, bunlar avamlıqdan baş verir. Məsələn, Məmmədhəsən əmi, Novruzəlidə olduğu kimi... Birmənalı şəkildə demək olmaz ki, Mirzə Cəlil hamıya qarşı radikaldır.

AMEA-nın Cəlil Məmmədquluzadə yaradıcılığı ilə məşğul olan əməkdaşları yenidən onun yaradıcılığına qayıdıb bütün suallara cavab verməyə borcluduralar. Bu suallara monoqrafiyalar, elmi araşdırmalar səviyyəsində cavab verilməlidir.

- Ümumiyyətlə, Mirzə Cəlilə qarşı baş qaldırmış bu etiraz aksiyasını necə izah edərdiniz?

- Mənə elə gəlir, Mirzə Cəlilə qarşı yaranmış bu etiraz aksiyasının səbəbi budur ki, onun bir əsrə yaxındır ifrat dərəcədə şişirdilmiş, mübaliğə edilmiş obrazı var. Tarixsə ədalətlidir. Tarix nə insanı layiq olduğundan aşağı səviyyəyə salmağı, nə də layiq olduğundan yuxarı qaldırmağı sevir. Düzdür, buna gec reaksiya verir, amma gec də olsa öz reaksiyasını bildirir. Əgər bir insan aşağılanıbsa, tarix onu öz yerinə qaldırır, şişirdilibsə onu da endirib öz layiq olduğu yerə qaytarır.

Mənə elə gəlir ki, bu gün Mirzə Cəlil haqda qalxan və bir az da radikal xarakter daşıyan aksiyanın günahı indiyədək onu çox şişirdən adamlardadır...(AzNews.az)

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ