SON DƏQİQƏ
» » “Əfvə qədər siyahını açıqlamaq istəmirik, çünki...” – Müsahibə

“Əfvə qədər siyahını açıqlamaq istəmirik, çünki...” – Müsahibə

Tarix:

21-02-2019, 19:17

/ 10 476 dəfə oxundu.
“Əfvə qədər siyahını açıqlamaq istəmirik, çünki...” – Müsahibə

Teleqraf.com İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi Bürosunun rəhbəri, Hüquq Müdafiəçilərinin Monitorinq Komitəsinin üzvü Səidə Qocamanlı ilə müsahibəni təqdim edir:

- Səidə xanım, Əfv Komissiyasının iclasının keçirilməsi insanlarda Novruz bayramı ərəfəsində əfv veriləcəyi gözləntilərinə səbəb olub. Bu barədə nə deyə bilərsiniz?

- Qeyd edim ki, mən Əfv Komissiyasının üzvü deyiləm. Onu deyə bilərəm ki, Əfv Komissiyası fəaliyyət göstərir və kifayət qədər ciddi işləyir. Ancaq Əfv Komissiyasının fəaliyyətinin nəticəsini Novruz bayramı ərəfəsində görə bilərik. Hər halda biz hüquq müdafiəçisi olaraq, öz tərəfimizdən nə lazımdırsa, həyata keçirmişik və işlərimizi davam etdiririk.

- Konkret hansı işlər görmüşünüz?

- Siyahılarımızı Əfv Komissiyası da daxil olmaqla müvafiq qurumlara göndərmişik. Cənab Prezidentə müraciət etmişik. Ancaq əfv fərmanı Prezidentin müstəsna səlahiyyətinə aid olan məsələdir. Qeyd edim ki, Novruz bayramından sonra Avropa Şurası Parlament Assambleyasının yaz sessiyası başlayacaq. Və kifayət qədər gərgin sessiya keçə bilər. Ona görə də biz hazır olmalıyıq. Bu mənada biz əfvin olmasını və daha çox məhbusun azadlığa buraxılmasını görmək istərdik. Lakin bir daha vurğulayım ki, əfv fərmanı imzalamaq yalnız Prezidentin səlahiyyətində olan məsələdir. Ümid edirik ki, cənab Prezident Novruz bayramı ərəfəsində çoxlu sayda məhbus ailəsinə sevinc bəxş edəcək.

- Siz həm də görüşlər keçirirsiniz. İndiyə qədər kimlərlə görüşünüz olub?

- Bəli, bizim indiyə qədər bir sıra görüşlərimiz olub. Əfv Komissiyasının üzvləri, nazirlər, vətəndaş cəmiyyətinin üzvləri ilə təmaslarımız olur. Mütəmadi olaraq, lobbiçilik aparır və tərtib etdiyimiz siyahının lobbiçiliyini edirik. Məsələn, ötən həftə Daxili İşlər naziri Ramil Usubovla görüşmüşük. Əslində Ramil Usubovla azı ildə bir dəfə görüşürük. Qeyd edim ki, bu görüş problemli məhbuslarla bağlı deyil. Bizə il ərzində çoxlu sayda şikayətlər daxil olur. Bu şikayətlərin əksəriyyətinin həlli üçün bilavasitə nazirlə görüşmək çox faydalı olur. Vətəndaşların problemlərini həll etməyə çalışırıq. Ramil Usubov heç vaxt bizimlə görüşdən qaçmır, hər zaman qaldırdığımız problemlərin həlli üçün əlindən gələni edir. Belə görüşlərin nəticəsində insanların problem və şikayətləri aradan qaldırılır. Hesab edirəm ki, bu, çox effektiv bir fəaliyyətdir.

- İndi hüquq müdafiəçiləri müxtəlif siyahılar tərtib edir. Sizin təmsil olunduğunuz Hüquq Müdafiəçilərinin Monitorinq Qrupunun hazırladığı siyahı haqqında nə deyə bilərsiniz?

- Onu deyə bilərəm ki, indi hamı fəallaşıb və çalışır ki, öz siyahısını birinci sıraya keçirsin. Bu siyahılarda kimlər var, onun tərtib edilməsində hansı meyarlar əsas götürüldüyü haqda konkret bir söz deyə bilmərəm. Çünki bu barədə məlumatsızam. Bu gün məlumat almışam ki, xaricdə yaşayanların əli ilə Avropa Şurasının İnsan Haqları Komitəsinə 128 nəfərlik siyahı təqdim edilib.

- Bu sizin siyahı deyil?

- Xeyr, bizim siyahımız deyil. Əslində biz maksimum şəkildə siyahımızı açıqlamaq istəmirik. Bilirsinizmi, siyahını açıqlayanda, nəsə danışanda insanlarımız ümidlənir, sonra kimsə azadlığa buraxılmayanda həbsxanada ümidlə yaşayanlar pis olur. Odur ki, siyahımız haqqında əfvə qədər danışmaq istəməzdik. Onu qeyd edə bilərəm ki, siyahımızda kifayət qədər məhbusun adı var. Əfvdən sonra bu barədə daha rahat danışmaq imkanımız olacaq.

- Həbsdə olan sabiq Səhiyyə naziri Əli İnsanovun azadlığa buraxılması mümkündürmü?

- Mən bunu arzulayıram. Əli İnsanov dövlətin məmuru, naziri olub. Digər tərəfdən, həbsxanada kifayət qədər illərini keçirib. Mən ümid edirəm ki, İnsanovun yaşı, səhhəti nəzərə alınar və o, azadlığa buraxılar. Ümid edirəm ki, bu problem Azərbaycan üçün birdəfəlik qapanar. Bizə qonşu ölkələrdə də belə problemlər olur. Amma nədənsə beynəlxalq qurumlar Azərbaycana qarşı daha sərt davranırlar. Bu nəinki xoşagəlməz hadisədir, eyni zamanda Azərbaycanın nüfuzunu zəiflədən amildir. Bu mənada hesab edirik ki, bu problem də həll edilməlidir. Ümid edirik ki, bizim siyahımızda olanlar azadlığa buraxılacaq. Əli İnsanovun adı da bizim siyahımızda var.

- İlk dəfə problemli kreditlər mövzusunu Hüquq Müdafiəçilərinin Monitorinq Komitəsi qaldırmışdı. İndi məlum olub ki, hökumət bu məsələni araşdırmağa başlayıb. Bu haqda düşüncələriniz nədən ibarətdir?

- Deyə bilərəm ki, bu məsələ bizim keçirdiyimiz əksər tədbirlərdə sosial problem kimi qaldırılıb. Buna bizə daxil olan şikayətlər səbəb olub. Biz bu mövzuya bir daha qayıdacaq və müzakirələr aparacağıq. Hesab edirəm ki, bu problemin həlli mümkündür. Əslində hakimiyyətin son dövrlər atdığı addımlar, müsbət qərarlar, pozitiv hərəkətlər, Prezidentin addımları deməyə ümid verir ki, bu məsələ də öz həllini tapacaq.

- Qəribədir, müxalifət elan edir ki, hakimiyyətin atdığı pozitiv addımlar onun keçirdiyi mitinqin nəticəsidir...

- Yəni, hakimiyyət müxalifətin mitinqindən çəkindiyi üçün bu addımları atıb? Bu tamamilə səhv yanaşmadır və mən belə bir yanaşma ilə əsla razı deyiləm. Dövlət tərəfindən müsbət addımlar atılıb, çünki anlayırlar ki, bu addımlar atılmalıdır. Bizim də belə addımların olacağına dair gözləntilərimiz vardı. İnşallah ki, bu addımlar xeyirli olar və davamı da gələr. Əsas məsələ odur ki, insanların, vətəndaşlarımızın problemləri həll edilsin. Hesab edirəm ki, hakimiyyətin atdığı bu addımlar yalnız müsbət şəkildə qiymətləndirilə bilər. Bu addımların başqa cür yozulmasına heç bir lüzum yoxdur.

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ