SON DƏQİQƏ
» » Xamis Məmmədovun qardaşı: Onun öldüyünü gec biliblər

Xamis Məmmədovun qardaşı: Onun öldüyünü gec biliblər

Tarix:

4-02-2019, 20:39

/ 10 925 dəfə oxundu.
Xamis Məmmədovun qardaşı: Onun öldüyünü gec biliblər

Azərbaycanlı idmançı, ötən ay Sabunçu 3 saylı Şəhər Klinik Xəstəxanasında dünyasını dəyişmiş Xamis Məmmədovun qardaşı Xəlil Məmmədovun Oxu.Az saytına müsahibəsi

– Siz əvvəldən qardaşınızın yanında olmusunuz. O, nə üçün xəstəxanaya müraciət etmişdi?

– Cümə axşamı Xamisin həyat yoldaşı mənə zəng etdi ki, özünü yaxşı hiss etmir, Sabunçu xəstəxanasına gedib. Açığı, oranı bəyənmədiyi üçün məndən onu başqa özəl xəstəxanaya aparmağımı istəyirdi. Xamisin özü ora müraciət etmişdi. Maşını da xəstəxananın həyətində idi. Getdim, gördüm, hal-əhval tutduqdan sonra dedi ki, yoxlatdırmışam, ağ ciyərimdə iki ləkə var, mənə pnevmaniya diaqnozu qoyulub. Ona deyilibmiş ki, on gün orda yatdıqdan sonra hər şey qaydasına düşəcək...

Açığı, mən xəstəxanadan narazıyam. Günorta 13:00-da mənə xəstəxanadan zəng etdilər ki, qardaşın vəfat edib. Özləri bunu səhər 11:00-da biliblər. Necə yəni, səhər tezdən bir adam bilməyib ki, axşamdan bu adam keçinib?! Mən bu hissədən narazıyam. Mən burda özümü və Xamisi də günahlandırıram ki, gərək ağ ciyərində ləkə olduğunu bildikdən sonra onun bu nahiyəsini yoxlatdıraydıq. O, Sabunçu Xəstəxanasında terapiya şöbəsində olmamalı idi. Tibbi savadım yoxdur deyə, ağciyər xəstəsinin terapiya şöbəsində müalicə olunduğunu bilmirəm, bu araşdırılmalıdır.

– Amma o ora soyuqladığı üçün müraciət etmişdi...

– Bəli, özünü pis hiss edirdi. Nəfəs almaqda çətinlik çəkirdi. Orada müayinə zamanı pnevmaniyasının olduğu bilinib. Müalicə necə gedibsə, gecə vəziyyəti ağırlaşıb. Bunu tam bilmək üçün ekspertiza tələb etməli idim, meyit yarılmalı idi. Xəstəxananın baş həkim müavini özü bildirir ki, bizdə reanimasiya şöbəsindən başqa heç bir yerdə nəzarət yoxdur. Demişdi ki, bunun əvəzində palatada həkim çağırmaq üçün düymə var.

– Siz meyitin yarılmasına niyə razılıq vermədiniz?

– Mən xəstəxanaya gələndə qardaşımı o vəziyyətdə gördüm deyə... Artıq öldüyü tam dəqiq idi. Çoxdan keçinmişdi. Dəqiq bilirəm ki, onun öldüyünü gec biliblər. İynə vurulandan sonra onun özünü necə hiss edib-etmədiyinə baxan olmayıb. Palata yoldaşı mənə bunları deyib. Xəstəxana işçiləri elə bilib ki, o yatıb... Mən axşam 21:00-da onun yanından çıxmışdım. 23:00-01:00 arası onun qızdırması qalxıb və ona iynə vurublar.

Səhər 05:00-a kimi sağ olub. Sonra “ay ana” deyib zarıyıb. Palata yoldaşından belini ovxalamasını istəyib. Sonra böyrü üstə uzanıb. Elə biliblər ki, yatıb, amma həmin vaxt keçinibmiş. Bədəninin qıc olmasından, əlinin qatlanmağından bildim ki, onun öldüyünü səhər 11:00-12:30-a kimi bilən olmayıb.

– Onun yanında yaxınlarından heç kim qalmayıb?  

– Üç gün onun yanında olmuşam. Özümü də ona görə günahkar hiss edirəm ki, onu aparmağa gəlmişdim. O mənə dedi ki, yox, bu xəstəxana evimin yaxınlığıdır, bu tərəfdə zalım açılacaq. Hər gün gəldikdə özünü yaxşı hiss etdiyini dedi. Məndə də arxayınlıq yarandı. Ona görə də Xamisi başqa xəstəxanaya apara bilmədim. Ağciyər xəstəsi olduğunu bilə-bilə orda saxladıq. Elə bil ki, “Mercedes”i “Zapı” ustasına göstərirsən...

– Baş həkimin müavini Cahangir Həsənov saytımıza açıqlamasında demişdi ki, onun ölümü trombdan da ola bilər...

– Ağciyərdə iltihablaşma baş veribsə, bunun qarşısını almaq olar. Hər şeyi trombun üzərinə atmaq olmaz.

– Son vaxtlar xarici ölkələrdə olmuşdumu?

– Yox, yox. Onun quş qripinə yoluxması ilə bağlı yazılanlar yanlış söhbətdir. Deyək ki, yazılanlar düzdür, onun arvad-uşağını da yoxlatdırmışıq, belə bir virus aşkarlanmayıb onlarda. Onun ciyərlərinə soyuq olub, sadəcə.

– Yenidən döyüşlərə qayıtmaq fikri vardı?

– Açığı, onun karyerasının pik dövrü 2005-2013-cü illər idi. Həmin dövrdə o zədələr almışdı. Belində yırtıq vardı, əməliyyat olunmuşdu. Həbib Nurməhəmmədova uduzduğu döyüşdə zədəsi vardı. Həmin görüşdə fiziki görünüşünün zəif olduğu, kökəldiyi görünür. Özüm Vəkillər Kollegiyasının üzvüyəm. Həbibin atası Əbdülmanaf ofisimdə olub. Onun Əhməd adlı yaxın qohumunu Bakıda aldadıb pulunu əlindən almışdılar. Həmin işdə vəkil kimi onlara kömək edib pulun bir hissəsini geri qaytarmağa nail olmuşdum.

Əbdülmanaf öz “Instagram” səhifəsində də Xamisin Dağıstana gedəndə onu yola saldığını yazıb. Xamis hələ Həbib məşhur olmayanda Əbdülmanafın diqqət mərkəzində idi. Gedib həvəskarlar üzrə sambo çempionatlarında iştirak edirdi. Həbib məşhurluq qazananda artıq Xamis müəyyən səbəblərdən geri gedirdi.

– Həbib və atası Əbdülmanaf başsağlığı vermək üçün Azərbaycana gəlməyi planlaşdırır?

– Həbibin atası mənə başsağlığı verib, təsirli sözlər yazıb. “Instagram”da da yazıb ki, məni sərhədə kimi aparardı və deyərdi ki, maşını mən sürəcəyəm, sən istirahət et. Özünün bu münasibətlə Azərbaycana gələcəyini isə deyə bilmərəm. O, Xamisin xətrini çox istəyirdi, evində saxlayıb onu yarışlara aparırdı. Onlar bura gələndə Xamis onlara hotel tuturdu.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ