SON DƏQİQƏ

“Azərbaycan kinosunda çox böyük xaos var”

Tarix:

29-10-2018, 17:33

/ 10 775 dəfə oxundu.
“Azərbaycan kinosunda çox böyük xaos var”

Səidə Quliyeva: “Kim bir dənə sponsor tapırsa, başlayır film, serial çəkməyə...”

“Ədil İsgəndərov 3 il məni qəbul eləmədi...”

- Səidə xanım, niyə bu sənəti seçdiniz?

- Gözümü açandan bu peşəyə marağım olub. Çünki bizim ailəmizdə bu sənətə maraq çox
olub. Baxmayaraq ki, mənim nəslimdə heç kim bu sənətlə məşğul olmayıb. Hələ ki, ilk mənəm. Bilmirəm, sonuncu da mən olacağam, ya yox? Bizim ailə albomumuzda ilk şəkil Ələsgər Ələkbərovun olub. Bu, artıq çox söz deyir. Atam teatr vurğunuydu. Həmişə deyirdi ki, “39 dəfə “Vaqif” tamaşasına baxmışam, bircə dəfə baxa bilmədim. Onda da Ələsgər Ələkbərov rəhmətə getdi”. Ə.Ələkbərov rəhmətə gedəndən sonra atam teatra getmədi. O dövrdə insanlar teatra, musiqiyə, mədəniyyətə çox bağlıydılar. Görünür, mənim də bu sənətə gəlməyimdə evimizdəki yaradıcılıq atmosferinin rolu olub.

- Bəs, atanız aktrisa olmağınıza razıydı?

- Atam, əlbəttə, aktrisa olmağıma razı deyildi. O, əsl bakılıydı. Bakılılar da qız uşağının incəsənətə getməyinə heç cür razılıq vermirdilər. Baxmayaraq ailəmizdə bu sənətə çox böyük maraq, sevgi var idi, bilirdim ki, atam razı deyil. Mən də bu barədə ancaq anamla söhbət edirdim. Mənə təkan verən də anam oldu. 1974-cü ildə Bakıdakı 199 nömrəli orta məktəbi bitirəndən sonra anamın dəstəyi ilə İncəsənət İnstitutuna daxil oldum.

- Sizə hansı sənətkarın kursunda oxumaq nəsib oldu?

- Məndən imtahanı Rza Təhmasib, Əzizağa Quliyev, Firəngiz Şərifova götürdü. Çox rahatlıqla sənət imtahanından “5” aldım, SSRİ xalq artisti Ədil İsgəndərovun kursuna qəbul olundum. Onda Ədil müəllim artıq hər yerdən, Kinostudiyadan da işdən çıxmışdı. Bizim bəxtimizdən bütün diqqətini İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsinə yönəltmişdi. Hər gün dərsə gəlirdi. Biz də onun dərslərindən çox şey öyrənirdik. O, hər tələbəyə fərdi yanaşırdı. Düz 3 il məni qəbul eləmədi. Deyirdi ki, sən institutdan çıxsan yaxşıdı. Ona görə ki, mən həddindən artıq gərgin idim. İstədiyimi ifadə edə bilmirdim. Daxilim partlayırdı, amma ifadə edə bilmirdim. Çox utancaq idim. Bu günə qədər də o gərginlik, utancaqlıq məndə var. Amma aydın məsələdir ki, səhnədə yoxdu.

Ədil müəllim aktyoru hərtərəfli hazırlayırdı. Həm komik, həm tragik janrda rollar verirdi. Mənə də diplom işi olaraq Süleyman Sani Axundovun “Eşq və intiqam” əsərindəki baş rolu -Həcəri vermişdi. Elə oldu ki, Şekspirin “On ikinci gecə” əsərindəki Mariyanı da verdi. Bu səbəbdən biz -Ədil müəllimin yetişdirmələri həm komediya, həm tragediya, həm melodrama oynaya bilirik. Bizim üçün janr söhbəti yoxdu.

- Akademik Dram Teatrına gəlişiniz xatirinizdə necə qalıb? Birdən-birə o nəhəng səhnədə oynamaq gənc qız üçün çətin olmadı?

- Baxmayaraq ki, böyük sənətkarlardan dərs almışdım, Əzizağa Quliyev bizim səhnə danışığı müəllimimiz, Kamal Həsənov rəqs müəllimimiz idi, çox çətin oldu. Şekspirin “Heç nədən hay-küy” tamaşasında mənə rol verdilər. Gördüm ki, səhnədə yeriyə bilmirəm, heç nə edə bilmirəm. Səhnənin xırda incəliklərini, detallarını bilmək üçün təcrübə lazımdı. Məni ora Tofiq Kazımov götürmüşdü. Mən gələndə tək idim. Mənə baş rollar verildi. Tərəf müqabillərim də titan aktyorlar idi. Gənclər yox dərəcəsindəydi, ancaq Sevil Xəlilova ilə Məhbubə Məlikova vardı. İki ildən sonra Firəngiz Mütəllimova, Bəsti Cəfərova, Zemfira Nərimanova, İlham Əsgərov gəldi. Gənclərin sayı çoxaldıqca mənə olan qısqanclıq da azalırdı. Tərəf müqabillərim Hökumə Qurbanova, Məlik Dadaşov, Nəcibə Məlikova, Sofa Bəsirzadə, Əlabbas Qədirov, Kamal Xudaverdiyev, Yaşar Nuri, Rəfael Dadaşov idi. Beləcə, get-gedə nəhəng aktyorlardan aktyorluğun sirlərini, səhnədə necə hərəkət eləməyi, necə nəfəs almağı öyrəndim. İllər sonra mənim diplom tamaşam olan “Eşq və intiqam”ı Akademik Teatrda Lütvi Məmmədbəyov hazırladı. Mənə də 20 ildən sonra Həcər obrazını verdi...
Bu minvalla 2018-ci il sentyabrın 1-də səhnə fəaliyyətimin 40 ili tamam oldu.

“Mən ölü aktrisa deyiləm...”

- Gənc yaşlardan Şeksprin əsərlərində oynamaq xoşbəxtliyi sizə nəsib olub. İndi hansı möhtəşəm tamaşada baş rolda oynamaq ürəyinizdən keçir?

- Biz rejissordan, tərtibatdan, tərəf müqabilindən asılıyıq. Əlbəttə, hər bir aktyor istəyər ki, dahi Şekspirin əsərində oynasın. Mən ölü aktrisa deyiləm ki, ürəyimdə tutum ki, hansı rolu oynamaq istərdim. Mən rejissordan asılı aktrisayam. Dəfələrlə şahidi olmuşam ki, aktyor və aktrisanın öz istəyi, sifarişilə yaratdığı obraz çox uğursuz alınıb. Aktyor öz sənətinin, özünün vurğunudu. Fikirləşir ki, rolu istədiyi kimi oynaya bilər. Əslində isə bunu rejissor görməlidi.

- Deyəsən, rejissor sarıdan bəxtigətirən aktrisalardansınız...

- Azərbaycanda elə bir rejissor yoxdu ki, mən onunla istər kinoda, istər teatrda işləməyim. Çox yaxşı haldı ki, işlədiyim rejissorlar sonradan mənə yenə müraciət edirlər. Televiziyadan Ramiz Həsənoğlunun 11 tamaşasında oynamışam. Vaqif Mustafayevin 6-7 filmində çəkilmişəm. Bu, mənim şanslı aktrisa olmağıma dəlalət edir. Digər tərəfdən, mənimlə işləmək onlar üçün asandı. Vaqif Mustafayevlə işləyəndə özümü dünya səviyyəsində aktrisalar kimi hiss eləyirəm. Ona görə ki, iş prosesində biz bir-birimizi yarım sözdən başa düşürük.

- Ailənizdə sənətinizi davam etdirən varmı?

- Aktyor kimi sənətimi davam etdirən yoxdu. Amma yoldaşım Az.TV-də səs rejissorudu. Oğlum İncəsənət Universitetinin kino operatorluğu fakültəsini bitirib. İndi magistr pilləsindədi. Mənim ailəmdə yaradıcılıq atmosferi var. Sənətimə də həmişə hörmət olub. Hərdən həmkarlarımla söhbət edirəm. Deyirlər ki, evdə öz tamaşama baxa bilmədim. Soruşuram ki, niyə? Deyir, uşaqlar futbola baxdılar, yoldaşım başqa kanala baxdı... Bizdə belə söhbət ola bilməz. əgər mənim verilişim gedirsə, yoldaşım mütləq onu diskə yazır. Bu, özü də mənim sənətimə hörmətdi. Elə vaxt olur ki, evdə olmuram, gəlib görürəm ki, verilişi ya yoldaşım, ya da oğlum yazıb. Oturub baxıram.

- Yeri gəlmişkən, dəvət aldığınız verilişlərin, aparıcıların səviyyəsi sizi qane edirmi?

- Verilişlərin aparıcıları çox savadsızdırlar. Hətta o insanların mənə verdikləri suallar düzgün olmur. Çox zaman da məndən “Bala- başa bəla” tamaşasındakı rolumla bağlı müsahibə almaq istəyirlər. Məni də bu, çox əsəbiləşdirir. Elə insanlara çalışıram ki, müsahibə verməyim.

- Amma sizə ən çox şöhrət gətirən İlyas Əfəndiyevin ssenarisi əsasında hazırlanmış “Atayevlər ailəsi” teletamaşasında yaratdığınız Reyhan obrazıdır.

- Bu teletamaşada Reyhan mənim ilk rolumdu. Allah Lütvi Məmmədbəyova rəhmət eləsin. O, təzə gələn aktyorları məxsusi götürdüyü tamaşalarla sınağa çəkirdi. Cavan aktyorları cəmiyyətə tanıtdırırdı. Mən də o aktrisalardan bir oldum. Mənə orda baş rolu verdi. Bir günün içində tanındım. O tamaşa mənə kamera qarşısında dayanmağı, tərəf müqabilləri ilə ünsiyyəti öyrətdi.

- Sevməyi də öyrətdi?

- Yox. Sevməyi öyrətmək olmur. Sevgi Allah tərəfindən verilən bir hissdi. Mənim Əlabbas müəllimə simpatiyam var idi. Gözəl səs tembri vardı. O vaxt bütün gənc qızlar istəyirdi ki, belə bir tərəf müqabili olsun. Onda Əlabbas müəllim evliydi, uşaqları var idi. Mən subay idim. Dərinə gedən elə bir hisslər yox idi. Sadəcə mən orda Reyhan, o da Cahangir idi...
O dövrün gəncləri bir az sadəlövh idilər. İndiki gənclər maşallah, “Feysbuk”dan, internetdən o qədər şeylər öyrənirlər...

- Bu tamaşadakı əmi-qardaş qızı kimi də rolunuz, təbii, yaddaqalan idi...

- Kamal Xudaverdiyev tərəf müqabili kimi çox böyük aktyor idi. Əlbəttə ki, mən onlardan öyrənirdim.

“Prezident təqaüdü istəyirəm”

- Hansı arzularla yaşayırsınız?

- Ananın ən böyük arzusu övlad xoşbəxtliyidi. Mən artıq 16 ildir ki, şəkər xəstəsiyəm.
Əsəblərimi qoruyuram, intriqalara girmirəm. Övladımı Allah mənə gec verib, onu düşünürəm. O övladım üçün yaşamalıyam. Nəvələr görmək istəyirəm. Oğlumun adı Fərhaddı. İyirmi iki yaşı var. Çox istedadlı, zövqlü oğlandı. Magistraturanı qurtarsın, sonra toyunu eləyəcəyik. Bu günümə şükür...

Hərdən indi çəkilən filmlərə baxıram. Çox narazıyam. Düşünürəm ki, mənim oğlum heç vaxt belə filmlər çəkməz. İstərdim ki, oğlumun uğurları çox olsun. Onun uğurları ilə sevinim. Bugünkü kino çəkilişi məni, oğlumu da qane eləmir.

Əlbəttə, ciddi filmlər də çəkilir. Ancaq bu gün Azərbaycan kinosunda çox böyük xaos var. Kim bir dənə sponsor tapırsa, başlayır film, serial çəkməyə. Bax, buna son qoyulmalıdı. Çünki kino həmişə professional insanların əlində olub və bu gün də olmalıdı. Son dövrlər əsəb sistemimi qorumaq üçün çalışıram ki, ancaq şən əhval-ruhiyyəli filmlərə, melodramalara baxam.

- Di gəl, xarakterinizdə bir çılğınlıq hiss olunur...

- Çılğınlığımı heç vaxt göstərmirəm. Bu, mənim daxilimdi. Daxilim həddindən artıq çılğındı. O, mənim içimi yeyir, dağıdır. Bununla belə, çılğınlığımı ancaq övladıma göstərə bilərəm. Onda da gərək nəsə bir haqsızlıq, bir şey görüm. Əgər mən çılğınamsa, aqressivəmsə, oğlum gəlib məni qucaqlayır, keçir gedir. Allah mənə belə xarakterdə övlad verməklə balans yaradıb.

- “Fransız” filmində qəribə tərzdə şıdırğı rəqs edirsiniz...

- Biz institutda rəqs, musiqi dərsi keçmişik. Bir aktrisa kimi musiqi duyumum da olmalıdı. Bu gün repertuarda olan “Xanuma” tamaşasında rəqs eləyirəm, oxuyuram. Vokal səsimi göstərirəm.

Onda Vaqif müəllim mənə tapşırdı ki, elə rəqs olsun, insan rəqsinə bənzəməsin. İçdən gələn bir şey, için hayqırtısı olsun. Klarnetçalan Vaqif Mərdəkanlı mən oynadıqca musiqinin tempini artırırdı. O rəqsi mənə Vaqif Mərdəkanlı elətdirdi. O qədər gözəl ifa elədi, özüm də bilmədim necə şıdırğı rəqs alındı. Ekspromt alınan bir şeydi. Hərdən olur... Mənə deyəndə ki, sənə fəxri ad veriblər, elə qışqırmışam, evdəkilər elə biliblər kimsə ölüb...

- Bu sənətdə arzuladığınız hər şeyə nail ola bildinizmi?

- Mən indi bircə Prezident təqaüdü istəyirəm. O da dolanışığım üçün. Sənət adamlarının dolanışığı həddindən artıq ağırdı. Tanınmış sənətkarlar üçün durum çox çətindi. Çox istərdim ki, sənət adamlarına verilən qonorarlar yüksək olsun. Mən hamıya mesaj göndərmişəm ki, hansı filmin qonorarı azdı, mənə deməyin, məni narahat etməyin. Hazırda “Qış nağılı”na çəkilirəm. Üçgünlük çəkilişimə verilən qonorar pis deyil. Amma yenə məni qane eləmir...
Namiq Məmmədli

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ