SON DƏQİQƏ
» » “İnandığım insanlar başımdan basdılar...”

“İnandığım insanlar başımdan basdılar...”

Tarix:

13-10-2018, 21:21

/ 10 966 dəfə oxundu.
“İnandığım insanlar başımdan basdılar...”

Novruz Qartal: “Çox direktorlar görmüşəm, Əliqismət müəllim qədər ağıllısını görməmişəm...”

“Atam həmişə deyirdi ki, səndən çoban olacaq...”

- Novruz müəllim, sənətə gəlişinizi necə xatırlayırsınız?

- Gənclik illərindən bu sənətə həvəsim olub. Orta məktəbdə oxuyanda bir az dəcəl olmuşam. Atam kolxozçu idi, həmişə deyirdi ki, səndən çoban olacaq. Kənddə klubda dram dərnəyi var idi. Mən onun üzvüydüm. O dərnəyə Ermənistanın əməkdar rəssamı Cabbbar Quliyev rəhbərlik edirdi. Orda ilk dəfə səhnəyə “Vaqif” dramında vəzir rolunda çıxmışam. Sonra orda mahnılardan, rəqslərdən, yumorlardan ibarət bir konsert proqramı düzəltdik və düşdük rayonların yollarına...

Qərbi Azərbaycanda orta məktəbi bitirəndən sonra Bakıya gəldim. “Qara şəhər”də “Azərtexsnab”da işləyirdim. Məzəli və şən olduğuma görə direktor deyirdi ki, sənədlərini İncəsənət İnstitutuna ver, səndən yaxşı aktyor olar. 1966-cı ildə sənədlərimi İncəsənət İnstitutuna verdim. Elə birinci il də qəbul olundum. Ədil İsgəndərov, Təhmasib, Müxlis Qənizadə imtahan götürdü. Sonra Ədil müəlimin assisenti Əmənulla Rəsulov bizə dərs deyirdi, Ədil müəllim də gəlib etüdlərə baxardı. Mənimlə daxil olanların hamısı dərnək aktyorları idi. Mənsə ləhcə ilə danışırdım. Deyirdim, nə qələt elədim bura gəldim. Ədil müəllim də həmişə deyirdi ki, “bunlardan aktyor olmayacaq, qadam, aktyor səndən olacaq. Bunlar dərnəkdən gəlib, bişiblər. Amma sən sıfırdan başlayırsan”.

Ədil müəllim çox gözəl insan idi. Nə qədər yüksəkdəydisə, bir o qədər də sadə idi. Həmişə məşq proseslərində deyirdi ki, əgər sənin istedadın varsa, qovsalar da, incitsələr də, istəyinə nail olacaqsan. Fəxr edirəm ki, elə bir ustaddan dərs almışam...

- Teatra gəlişiniz necə oldu?

- 1967-1968-ci illərdə institutda oxuya-oxuya Musiqili Komediya Teatrına gözətçi düzəldim. Süleyman Ələsgərov o vaxt teatrın baş dirijoru idi. İl yarım gözətçi işləyəndən sonra o məni teatra rejissor müavini götürdü. Sonra Şəmsi Bədəlbəylinin assistenti oldum.
Gözətçi olanda qapıda dayanırdım, hamı mənim yanımdan keçirdi. Elə o vaxtdan Şəmsil Bəbəlbəyli, teatrın rəssamı Böyükağa Mirzəzadə, Süleyman Ələsgərov, Lütvəli Abdullayev, Nəsibə Zeynalova ilə tanışlığım, yaxınlığım yarandı. Bir dəfə qapıda oturmuşam, kənddən gələn adam, rus dilinidə bilmirəm. Mənə də tapşırıblar ki, içəri heç kimi buraxma. Bir də gördüm ki, bir yaraşıqlı, eynəkli kişi girdi içəri. Dedim, hara gedirsiniz, içəri olmaz, qoy Şəmsi müəllimə zəng edim, ondan sonra. Zəng elədim Şəmsi müəllimə ki, bir yaraşıqlı kişi sizi istəyir. O da ordan qayıtdı ki, Rauf Hacıyevdi. Şoka düşdüm. Dedim, mən naziri içəri buraxmamışam ki. Şəmsi müəllim düşdü, Rauf müəllimi yuxarı apardı. İndi mən dəli olmuşam. Deyirəm, bu məni işdən qovacaq. Bir saatdan sonra nazir Şəmsi müəllimlə düşdü. Rauf müəllim bir pilləkən ayağını atdı, sonra geri qayıtdı. Dedi ki, “siz bir yerdə oxuyursunuz?”. Dedim, İncəsənət İnstitutunun aktyorluq fakültəsində oxuyuram. Döndü Şəmsi müəllimə, dedi ki, “bereqite etoqo parnya”.“İnandığım insanlar başımdan basdılar...”

Sonra Şəmsi müəllim geri qayıtdı. Dodağında təbəssüm var idi. Bilirdim yumşalıb. Az sonra Lütvəli müəllim gəldi. Gözü mənə sataşdı, dedi, qanın qaradı, xeyir ola? Dedim ki, əmi, nazirimiz Rauf Hacıyev içəri girirdi, mən də onu buraxmadım. Bunun axırı nə təhər olacaq? Özü də Şəmsi müəllimə dedi ki, “bereqite etovo parnya”. Bu nə deməkdir? Lütvəli müəllim qaytıdı ki, “baho, sənin evin yıxıldı ki. Yəni o deməkdir ki, bu oğlanı burdan rədd elə getsin”. Lap dəli oldum. Dedi, çayımı içim, Şəmsi müəllimin yanına qalxım, görüm neynirəm.
Dalınca Nəsibə xanım gəldi. Dedi ki, nə olub sənə, qanın qaralıb. Dedim, məmə, “bereqi etovo parnya” nə deməkdi? Dedi ki, “bu oğlandan muğayət ol” deməkdi. Dedim, bəs Lütvəli əmi deyir ki, evin yıxıldı, səni işdən çıxarır. Dedi, indi gedirəm onun yanına...

Sonra Şəmsi müəllim maaşımı 15 manat artırdı, Süleyman müəllimin köməkliyi ilə məni səhnə arxasına keçirdilər. Orda köməkçi işləyə-işləyə bütün rolları əzbər bilirdim. Nəsibə xanımın oğlu Cahangirlə “Toy kimindir?” səhnəciyini hazırladıq. Dedik ki, məmə, buna bir bax. Dedi, gedin Lütvəli baxsın. Əmidən xahiş elədik ki, əmi, sən Allah bir bizə bax. Cahangir Uzunu, mən də Qoşunu oynayırdım. Böyük məşq zalımız var idi Tağıyev teatrında. Əmi gəldi bizə baxdı. Xeyir-duasını verdi. Dedi ki, “Qoşunu mən də oynamışam, Səyavuş da. Amma sən başqa cür oynadın. Uğurlu olsun. Bundan sonra bizim konsertlərdə bu tamaşanı siz oynayacaqsınız, biz oynamayacağıq”.

Sonra xora, xordan da aktyor ştatına keçdim. “Gözün aydın”dan, “Durna”dan parçalar oynayardıq. Həm də aparıcılıq eləyirdim.
də aparıcılıq eləyirdim.

“Xoşbəxtəm ki, 72 yaşında hələ “xalq artisti” almamışam”

- 72 yaşınız var. Bu yaşda özünüzü necə hiss eləyirsiniz?

- Bu yaşda özümü çox əla hiss edirəm. Direktorumuz Əliqismət Lalayev həmişə mənə deyir ki, şuxluğunu qoru. Məni çox istəyir. Sağ olsun. Mən də onu çox istəyirəm.
Səhhətim yaxşıdır. Hələ ki həkimə müraciət eləməmişəm. Bir də görürsən ayağım ağrıyır. O da fikirdəndi. Xəstəxanaya düşəcək halda deyiləm. Evdə problem var. Yoldaşım bir az xəstədi, insult keçirib. Onun nazı ilə oynamaq məni bir az incidir. Evdən çıxıram, deyirəm işim var. Deyir, qolum ağrıyır. Bax buna dözmək var...

- Əməkdar artist adını çox gec -65 yaşında aldınız. Bəs “xalq artisti”ni nə vaxt alacaqsınız?

- İstər əməkdar, istərsə də Prezident mükafatı, bunları Əliqismət Lalayevin vaxtında aldım. Əliqismət Lalayevə qədər mənim ən çox sevdiyim, inandığım, qastrol səfərlərində olduğum insanlar bunu mənə eləmədilər. Əksinə, başımdan basdılar. Əliqismət müəllimin gəlişi mənim həyatımda, sənətimdə dönüş yaratdı. Buna görə mən yalnız və yalnız Əliqismət Lalayevə borcluyam. İndi xatirələrimi yazmağa başlamışam. Çox direktorlar görmüşəm. Amma Əliqismət müəllim qədər ağıllı, savadlı, uzaqgörən, teatrı dərindən başa düşən, həmişə axtarışda olan bir direktor görməmişəm. Musiqili Teatr ömründə xarici ölkədə qastrol səfərində olmamışdı. 2010-cu ildə Əliqismət müəllimin sayəsində biz Tehran şəhərində “O olmasın, bu olsun”u iki dəfə ən böyük zalda oynadıq. Orda Almaniyadan, Türkiyədən, Rusiyadan, Özbəkistandan, Polşadan, Qazaxıstandan festivalda iştirak edən teatrlar var idi. Biz birinci yerə çıxdıq.

Yarım əsrdən çoxdur səhnədəyəm. Xoşbəxtəm ki, bu yaşımda gündəmdəyəm. Bu yaşımda nəinki teatrda, ictimai həyatda da fəalam. Bizim Heydər Əliyev siyasəti, Heydər Əliyev kursuna, Azərbaycan Respublikasının Prezidentinə Milli Dəstək Təşkilatı var. Bu təşkilatın baş məclis sədrinin müaviniyəm. Onminlərlə üzvlərimiz var. Tədbirlərdə, konfranslarda bölgələrdə oluram. Prezident seçkilərində də bizim təşkilat çox fəallıq göstərdi. Yeni Azərbaycan Partiyasının ətrafında birləşib Prezidentimizin arxasında yumruq kimi olmaqdı bizim məqsədimiz.

Qalır xalq artisti adını almaq, o da qismət olsa... Mən eqoist adam deyiləm, həmişə nikbin adamam. Mən də heç vaxt paxıllıq da olmayıb. Hər kəs fəxri ad alıbsa, birinci mən onları təmiz qəlbimlə təbrik eləmişəm. Sənətdə gərək naxışın da ola. Bir tərəfdən də, xoşbəxtəm ki, hələ 72 yaşında xalq artisti adını almamışam. Əgər mən də xalq artisti, fərdi təqaüd, “Şöhrət” ordeni almış olsaydım, bu gün səhnədə qala bilməzdim. Deyəcəkdim ki, hər şeyim var da, nəyimə lazımdı işləmək. Amma indi, buna nail olmaq üçün əlimdən gələni edirəm. Allaha min şükür, tamaşaçılar tərəfindən alqışlanıram, sevilirəm. İnanıram ki, dövlətimiz bu fəxri adlardan məni məhrum eləməyəcək. Yəqin, Novruz Qartalın da ailəsini sevindirərlər...

Novruz Əliyev necə Qartal oldu?

- Bildiyim qədər, mənzil şəraitiniz də ürəkaçan deyil...

- Kirayədə qalıram. Yeddi baş ailəni kirayədə saxlamaq asan məsələ deyil. Allahıma qurban olum. Allah mənə hələ ki güc verib. Çalışıram, işləyirəm. Teatrın rəhbəri də mənə toxunmur. Hörmətimi də saxlayır. Yəqin ev də olar. Allah insanın axırını xeyir eləsin...

- Qartal ləqəbini necə aldınız?

- Hələ küçədə mənə “Qartal müəllim” də deyirlər. Bu adı mən qoymamışam. Burda da məni məhv eləməyə çalışdılar mənim ən çox sevdiyim insanlar. Gürcüstanda qastrol səfərində olduq. O vaxt Tənqid və Təbliğ Teatrındaydıq. Adam çox idi. Bir gündə üç tamaşa oynamalı olduq. Bütün repertuar da mənim üstümdə idi. Mən paltarları bir-birinin üstündən geyinib, soyunurdum. Qırmaqdan bığlar düzəltmişdim. Banket zamanı bir Süleymanov familiyalı qəzet işçisi var idi. Dedi ki, arada sizi görmədik səhnələrdə. Dedim ki, gözlərim tutulmuşdu, müalicə olunurdum. Sağ olsun Ədil müəllim, Nəsibə xanım kömək elədi, müalicə olundum, qayıtdım. Dedi ki, “sən qartalsan yox olursan, bir də görürsən ki, şığıdın gəldin”. Hamı güldü.

Gürcüstandan gələndən sonra yeni proqramla Zaqatala, Balakən, Qaxa qastrola getməyə hazırlaşırdım. Gəldim girdim direktor müavini Elxan Ocaqovun otağına. Gördüm bir afişa vurublar. Oxudum ki, Novruz Qartalın iştirakı ilə “Gülüş səninləsə, yüz il yaşarsan”. Lütfiyyə xanım, Xanım Qafarova və s. aktrisaların adı yazılıb. Baxdım, dedim ki, bəs mənim adım hanı? Elxan güldü, Gürcüstan ləhcəsilə dedi: “Ayə qıblasız, o sənsən dənə”. Mən də elə bilmişdim ki, Novruz Qartal Türkiyədən gələn aktyordu. Dedim ki, necə yəni mənəm? Mən Əliyev kimi təzə-təzə tanınıram, bu Qartal hardan çıxdı? Məni gic eləmək istəyirsiniz? Elə birdəfəlik vurun öldürün, canım qurtarsın. Getdim, teatra gəlmədim. Bir həftədən sonra Hacıbaba Bağırov dalımca maşın göndərdi, gəldim teatra. Dedim, işləmirəm, gedirəm. O nə Qartaldı yazmısınız? Dedi ki, Gürcüstanda sənə Qartal demədilər? Dedim, adama çox söz deyərlər. İndi bununla məni kim tanıyacaq? Məni vurmaq istəyirsiniz? Dedi ki, ölsən də, gedəcəksən tamaşa verməyə. Mən ağlaya-ağlaya getdim. Amma Azərbaycan xalqı, mədəniyyətimizə yüksək qiymət verən insanlar bu ləqəbi qəbul elədilər.

- Ailədə sənətinizi davam etdirən varmı?

- İki oğlum, bir qızım var. Cavidan və Hüseyn adlı iki nəvəm var. Hüseyn hələ balacadır. Amma Cavidanın nəsə qanında var. Deyirəm ki, deyəsən, bu mənim sənətimi davam etdirəcək.

Oğlumu bu il evləndirdim. Arvad xəstəxanaya düşdü. Dedim, heç olmasa, oğlanlarımdan birinin toyunu görsün...
Namiq Məmmədli

скачать dle 12.1

Şərhlər