SON DƏQİQƏ
» » Həftədə bir dəfə bayrağımızı qaldırmağa icazə verilirdi - Tarix

Həftədə bir dəfə bayrağımızı qaldırmağa icazə verilirdi - Tarix

Tarix:

27-05-2018, 08:40

/ 11 065 dəfə oxundu.
Həftədə bir dəfə bayrağımızı qaldırmağa icazə verilirdi - Tarix

Gunaz.az Cümhuriyyət Xalq Partiyasının sədri Bədrəddin Quliyevin Teleqraf.com-a verdiyi  müsahibəni təqdim edir:

- Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi müxtəlif formalarda qeyd edilir. Cümhuriyyət partiyası olaraq, sizin yubileylə bağlı düşüncələriniz necədir?

- Cümhuriyyətin 100 illiyi hər bir Azərbaycan türkünün fəxr edəcəyi tarixdir. Bizim dövlət quruculuğu prosesində 1918-ci ilin 28 mayı xüsusi əhəmiyyətə malikdir. Təsəvvür edin ki, böyük imperiyalara sahib olan azəri türkü 1813-cü ildən sonra müstəmləkə xalqına çevrilib və bu şəkildə 100 il yaşayıb. Bir əsrdən sonra müstəqillik ideyası ortaya çıxıb və müstəqilliyini elan edib. Sözsüz ki, cümhuriyyətin elan edilməsində beynəlxalq situasiyanın da rolu olub. Rusiyada baş verən fevral inqilabı, onun arxasınca oktyabr hadisələri, daha sonra Qafqaz seyminin dağılması və üç ölkənin müstəqilliyinin elan edilməsi baş verib. Biz müstəqillik bəyannaməsini Tiflisdə elan etdik. Həmin dövrdə rusların “beşinci kalon”u buna maneçilik törədirdi. Xüsusilə, bolşevik adı altında erməni daşnakları Azərbaycanda hakimiyyəti ələ aldı, Andranikin rəhbərliyi ilə regionlarda türkləri qırmağa başladılar. Əslində məqsəd türk bölgəsinin dağıdılması, tarixi torpaqlarımızı ələ keçirmək, milli sərvətlərə sahiblənmək idi. Bu plana uyğun olaraq, ermənilərə əsas rol verilirdi. Bir sözlə, bir tərəfdən erməni və kürd dövləti yaratmaq, digər tərəfdən isə ruslar və ermənilərin Bakını ələ keçirmək, bura sahib çıxmaq mübarizəsi gedirdi. Vilson modelinə görə, bölgəni ələ keçirmək üçün ilk növbədə onun xammalına, neftinə sahib çıxmaq, həmin xalqı milli problemlər içərisində saxlamaq, yad admları hakimiyyət başına gətirmək, beləcə milli sərvətlərinin sahibi ola bilməməsinə nail olmaq lazımdır.

Belə bir dövrdə Azərbaycan Xalq Cümhuriyyəti yarandı. Cümhuriyyətimiz elan edilsə də, paytaxt Bakı onun əlində deyildi. Odur ki, burada Nuru Paşanın adı xüsusi qeyd edilməlidir. Paytaxtımız Gəncəyə köçdü. Daha sonra iyunda Bakının azad edilməsi əməliyyatına başlandı və sentyabrın 15-də Bakı azad olundu. AXC-nin ilk bayrağı olan qırmızı ay və səkkiz güşəli ulduz indi bizim partiyanın bayrağında əks olunub. Biz cümhuriyyəti yaradanlara, bu yolda həyatlarını verənlərə, ölkəni yadlardan təmizləyənlərə ehtiram olaraq, bu bayrağı qaldırmışıq və bu ənənəni gələcək nəsillərə ötürməyə çalışırıq. Əslində noyabrın 9-na qədər AXC-nin istifadə etdiyi al-qırmızı səkkizguşəli ulduzun əks olunduğu bayrağa imperiya bayrağı deyilirdi. 9 noyabrdan sonra ingilis generalı Tomson həftədə bir dəfə üçrəngli bayrağımızın qaldırılmasına icazə verirdi. Ümumiyyətlə, bu bölgəni dağıtmaq, türklərə öz keçmişini unutdurmaq, onları pərən-pərən salmaq niyyəti vardı, hətta bayrağımızı qaldırmağa belə icazə verilmirdi. 1919-cu ilin 12 yanvarında AzərbaycanıMillətlər Liqasının tanınmasına qədər bu proses davam edirdi.

Ancaq Cümhuriyyət qurulduqdan qısa müddət sonra böyük addımlar atıldı. Ordunun ilk rəhbəri Xosrov bəy oldu. Sonradan o, Qarabağın qubernatoru təyin edildi. Ən sevimli komandan isə Həbib Səlimov idi. Bütün uğurlu əməliyyat Həbib bəyin rəhbərliyi ilə başlayıb.

- Hansı əməliyyatları nəzərdə tutursunuz?

- Həmin dövrdə bizim Lənkəran bölgəsi İran Gilanına tabe idi. Bizim o bölgədə iradəmizi təmin etmək üçün Həbib bəy Səlimovun rəhbərliyi ilə qoşunlar cənuba yeridildi. Orada Azərbaycan dövlətinin varlığı təmin edildi, separatçılar dağıdıldı. O ərəfədə Zəngəzur istiqamətində ermənilər baş qaldırdı. Həbib bəyin başçılığı ilə ordumuz Zəngəzurda erməni qüvvələri, separatçılar və başqa ölkələrin maşası rolunda çıxış edənlərin müqavimətini qırdı. Bundan sonra Dağlıq Qarabağda ermənilərin müqaviməti sındırıldı, ermənilər ağ bayraq qaldırdı. Azərbaycan heyəti Parisə Millətlər Liqasına gedəndə erməni icması Azərbaycan daxilində yaşamağa razı olduğunu ifadə edirdi, bununla bağlı müraciət imzalamışdılar. Yəni bir tərəfdən demokratik dəyərlər önə çıxmışdı, digər tərəfdən isə güc amili. İndi də biz bu praktikanı təkrarlaya bilərik. 1988-ci ildən başlasaq, Qarabağ münaqişəsinin yenidən yaranmasından 30 il keçir. Fakt ondan ibarətdir ki, vəziyyət dəyişməyib. Biz bu mənada demokratik dəyərlər və güc faktorundan yararlanmalı, ərazilərimizi işğaldan azad etməliyik.

- Milli kimlik deyəndə nə anlaşılmalıdır?

- Milli kimlik millətin adının rəsmən müəyyən olunması, millətin adının özünə qaytarılmasıdır. Məsələn, 1936-cı il konstitusiyasına qədər bizim sənədlərimizdə millətimizin türk olduğu yazılırdı. Milli kimlik budur. Biz müstəqilliyin ilk illərindən millətin adını özünə qaytardıq. Cənubdakı qardaşlarımız özünə türk deyir. Bizim Borçalıda, Dərbənddə, İraqda olan tarixi Azərbaycan torpaqlarında yaşayanlar özlərinə oğuz türkü deyirdi, millətimiz də türk olaraq yazılırdı. İmperiya bizi parçaladıqca milli kimlik məsələsi bilərəkdən arxa plana atılıb, unutdurulub. Millət öz adını, kökünü, tarixini, ənənəsini, dost və qardaşlarını tanımayıb. Bu milləti öz kökündən ayırmaq prosesidir. Bizi türk soyundan, türk kimliyimizdən uzaqlaşdırmaq siyasəti aparılıb. Düşmənlərimiz bizə türk desə də, imperiya siyasəti nəticəsində biz milli kimliyimizi ortaya qoya bilməmişik. Yeri gəlmişkən, sonuncu referendumda qəbul olunanKonstitusiyanın 44-cü maddəsinə görə, hər bir ölkə vətəndaşına milli kimliyini ifadə etmək haqqı verilib. Mən cümhuriyyətin 100 illiyi ilə bağlı milli kimlik məsələsinin geniş müzakirə edilməsini təklif edirəm. Kampaniya apararaq türklüyümüzü özümüzə qaytaraq. Bu nə qədər özümüzə qayıtmayıbsa, türk dünyası arasında əlaqələr zəif olacaq. Fakt odur ki, bizim üzərimizə türk olduğumuza görə gəlirlər. Anqlosaks, rus, fars modelinə baxsaq, görərik ki, bizi türk olduğumuz üçün sıxışdırır, silmək istəyirlər. İrandakılar oradakı türk faktorundan qorxur, ona görə soydaşlarımızın öz dilində yazıb oxumasına imkan vermirlər.

- Milli kimlik məsələsi həll edilsə, toplumun gücü daha da artar?

- Əlbəttə. Türk adının qoyulması türkdilli dövlətlər arasında əlaqələrin artırılması, gələcəkdə dil, siyasət, iqtisadiyyat, mədəni və hərbi baxımdan ciddi əlaqələrin qurulmasına gətirib çıxarar. Və 300 milyonluq türk kimi dünyaya çıxıb vahid güc kimi siyasi proseslərdə iştirak edə bilərik. Türkləri öz köklərindən həm də bundan ehtiyat etdikləri üçün ayırırlar. Müharibə şəraitində olan Azərbaycanda milli kimlik hava və su kimi lazımdır. Milli ruhun güclü olması üçün millət özü, keçmişi, qəhrəmanları ilə fəxr etməlidir. İnsan milli kimliyini dərk etdikcə millətini sevir. Baxın, ölkədən çıxıb xaricə gedirsən, bizimkilər sanki bir kənarda qalıblar. Türk toplumlarından olanlar deyir ki, sizdən gəlib burada məskunlaşanlar sanki türk qanı daşımırlar. Buradan çıxıb gedənlərin çoxu sanki daxilində milli və vətən sevgisi aparmır, vətənə qarşı nifrət aparır. Ona görə də biz milli institutlar qurmalıyıq. Millətin strateji hədəflərini, dostu və düşmənini ayırmaq üçün milli institutlar olmalıdır. Baxın, 1936-cı ildən demək olar ki, 80 il keçib. 80 ildir ki Azərbaycan faktoru ortadadır. Amma dünya sisteminə, ədəbiyyatına, siyasətinə türk faktoru ilə çıxa bilərik. Bax, bu ruhu qaytarmaq lazımdır. İstər Mesopotamiya, istər Amudərya-Sırdərya, istər Kür-Araz mədəniyyəti olsun. İnsan sivilizasiyalarının formalaşdırdığı yerdə türk faktoru var. Zamanında bizim imperiyamız olanda başqa imperiyalar yox idi. İndi bizi parçalayaraq zəif salıblar və intiqam alırlar. Tarixdə ən zəif halqa oğuz türkləri olub. Azərbaycan türkləri ən faciəvi hallarla üzləşib. Biz tariximizi, milli kimliyimizi, coğrafi torpaqlarımızı, soy-kökümüzü unutmamalıyıq. Və nəhayət, torpaqlarımız uğrunda vuruşmalıyıq. Fikir verin, nə qədər ki, Kərkükdə olan qardaşlarımız əlinə silah almamışdı, onlar həmişə ağlayırdı. Ələ silah götürdükdən sonra Mosulun, Kərkükün sahibi oldular, ətraf bölgələrə nüfuz etdilər. Hələbdə türkmənlər əllərinə silah almayana qədər onları sayan yox idi. İndi əllərində silah, arxalarında türk ordusu var.

- Bundan sonra bölgədə dəyişikliklər, proseslərin istiqaməti necə olacaq?

- Əslində bölgənin coğrafiyası dəyişirsə, biz millət olaraq hər varianta hazır olmalıyıq. Baxın, ermənilər saraylarda nökərlik edərək məqsədlərinə yaxınlaşıb. Ruslardan istifadə edərək, Dağlıq Qarabağı ələ keçirib, üstəlik 7 rayonumuzu işğalda saxlayırlar. İndi situasiya dəyişən kimi Ermənistan Qərblə, Avropa ilə oynayır. Halbuki Ermənistan bu torpaqları Rusiya vasitəsilə alıb. İndi erməni kilsəsi geosiyasi vəziyyətə uyğun olaraq yeni proseslərdən uduş əldə etmək üçün oyun qaydalarını dəyişir. Onlar proqramla işləyir. Onların Daşnaksütyun, ASALA kimi təşkilatları olub. Bizim nəyimiz var? Hesab edirəm ki, biz, bu məsələləri ciddi dəyərləndirməliyik. Təsəvvür edin ki, Türkiyənin təxminən 1 milyona yaxın ordusu var, 81 milyonluq ölkədə 21 milyon insanın əlində silah var. Onlar silahsız xalqın nə olduğunu görüb. Təsəvvür edin ki, I Dünya Müharibəsi zamanı ovuc boyda erməni ölkəni yağmalayıb. Osmanlı imperiyası dövründə əhalinin əlində silah olmadı, Balkanlardan tutmuş Qafqaza qədər itirdilər. İndi türklər bunu yaxşı anlayır. Bizdə isə fərqli situasiya var. Məsələn, ali məktəblərdən hərbi kafedralar yığışdırılıb. Halbuki XXI əsr texnika əsridir. Bizim kosmosda peykimiz var. O peykə uyğun mütəxəssislər hazırlanmalıdır. Təkcə özümüz, Qarabağ üçün deyil, bütövlükdə itirilən ərazilərimiz - Zəngəzur, Göyçəmiz üçün hədəflər qoymalıyıq. ABŞ-İran qarşıdurması var, gələcəkdə Cənubi Azərbaycanda proseslər baş verə bilər. Eləcə də Mosulda, Kərkükdə. Bu bölgələrin güclü olması lazımdır, birlik olmalıdır. 1988-ci illərdə ordumuz yox idi, amma insanlar silahlanmağa başladı. Təsəvvür edin ki, son 200 ildə Bakı faktiki xristianlaşmışdı, burada hər cür millət vardı. Baxmayaraq ki, Bakı ömür boyu türkün paytaxtı olub. Ancaq uzun illər Bakıda kosmopolit millət yaratmaq istəyiblər. 1990-cı illərdə Bakı təmizləndi, milli paytaxt halını aldı. Bakı heç vaxt bizim əlimizdə olmamışdı, bizim nəsil bunu bacardı. İndi biz yenidən Qarabağ haqqında düşünməliyik. Türkiyədə 50-60 minə yaxın köy qoruyucusu deyilən şəxslər var. Bizim cəbhə bölgəsində də bu, ola bilər. Artıq Bişkekdə imzalanan sülh müqaviləsindən 25 il keçir. Biz orada hansı öhdəliklər götürmüşük, “müharibə edə bilərikmi” kimi məsələlər araşdırılmalıdır. İçimizdə olanlarımız kənara çıxan kimi xalqa nifrət etməyə başlayır. Çünki çoxu özünü türk övladı, bu vətənin oğlu saymır, vətəni sevməyə borclu olduğunu hiss etmir.

- Ermənistanda son hakimiyyət dəyişikliyinin danışıqlar prosesinə hansı təsirləri ola bilər?

- Ermənilərin hakimiyyəti dəyişsə də, ümumi məqsəd var. Bu da mümkün qədər münaqişənin indiki statusunu uzatmaq və qoruyub saxlamaqdır. Onlar ruslarınn vasitəsilə Qarabağı əldə ediblər. Artıq bunun üzərindən 25 il keçib. Məsələn, sabah 2-3 rayonu qaytarmaqla Dağlıq Qarabağın aralıq statusunun almasına, əraziyə sülhməramlıların gəlməsinə gedə bilərlər. Bununla münaqişəni daha 25 il uzada bilərlər. Məqsədləri budur. Rusiya istəyir ki, bura öz sülhməramlılarını yeritsin, təsir rıçaqlarını daha gücləndirsin, ABŞ-İran münasibətlərində Cənubi Azərbaycan məsələsində oynasın və divident götürsün. İndi Rusiya zəiflədiyi üçün məcbur olub Türkiyə ilə əlaqələrini gücləndirir. Amma ruslar İran məsələsində Qərblə ziddiyyətlərə getməyəcək. Bölgədə yeni proseslər İranın üzərində gedəcək. Buna qədər bölgədə ruslar aktiv olsa da, sonda ingilis və farslarla birləşib. Nəticədə uduzan tərəf biz olmuşuq, bədəl ödəmişik. İndi də tarixən bizi parçalayan Rusiya bu mərhələdə sanki bizim birləşməyimiz uğrunda mübarizə aparır, ABŞ-İran qarşıdurmasında azərbaycanlı faktorundan istifadə etmək istəyir. Biz belə hədəflərə və sistemlərə qarşı öz milli sistemlərimizi qoymalıyıq ki, uduşumuz olsun. Odur ki, hər bir Azərbaycan türkü, ziyalısı ancaq özünü düşünməməlidir. Biz güc olmalıyıq. Türk dünyasının birliyinin əsas körpüsü Azərbaycandır. Odur ki, biz yenidən birləşməli, türkün ruhunu yenidən özünə qaytarmalıyıq. Bizim üçrəngli bayrağımızın bir tərifi də var. Bunu çoxları hələ də bilmir. Bunu mənə sürgündə olan və repressiyalara məruz qalan qohumum deyib. Üçrəngli bayrağın tərifi belədir: ey yeri-göyü Yaradan, bu çağdaş dünyada qaranlıqdan işığa doğru millətimin yolunda əbədi işıq saç. Yeri-göyü Yaradan dedikdə Göy Tanrı nəzərdə tutulur. Çağdaş dünya qırmızı, ay qaranlığı işıqlandıran, səkkizguşəli ulduz isə əbədi sönməyən ulduz deməkdir. Bu müqəddəs bayraqdır.

 

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ