SON DƏQİQƏ
» » Ayaz Mütəllibov: “Xocalı soyqırımının törədilməsində Serj Sarkisyanın bilavasitə rolu və iştirakı olub” — MÜSAHİBƏ

Ayaz Mütəllibov: “Xocalı soyqırımının törədilməsində Serj Sarkisyanın bilavasitə rolu və iştirakı olub” — MÜSAHİBƏ

Tarix:

21-02-2018, 14:12

/ 1 571 dəfə oxundu.
Ayaz Mütəllibov: “Xocalı soyqırımının törədilməsində Serj Sarkisyanın bilavasitə rolu və iştirakı olub” — MÜSAHİBƏ

Azərbaycanın sabiq prezidenti Ayaz Mütəllibov “Ölkə.Az” xəbər portalına müsahibə verib.

Gunaz.az  sayıtı oxucularına müsahibəni təqdim edir:

– Fevralın 20-də Dağlıq Qarabağ münaqişəsinin başlanmasının 30 ili tamam oldu. 1988-ci il fevralın 20-də Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) Xalq Deputatları Sovetinin erməni deputatları qeyri-legitim növbədənkənar sessiya çağıraraq "Dağlıq Qarabağın Azərbaycanın tərkibindən çıxarılıb Ermənistana verilməsi haqqında" qərar qəbul ediblər. Bu tarixə şahidlik etmiş dövlət rəhbəri kimi bu gün geriyə baxanda nə düşünürsünüz? 

– Sadəcə olaraq demək istəyirəm ki, Dağlıq Qarabağ münaqişəsinin həlli hələ də “sıfır” dərəcəsində qalıb. Yəni, heç bir irəliləyiş yoxdur. Baxmayaraq ki, indiyədək münaqişə həll olunmayıb. Amma Azərbaycan ötən illər ərzində öz müstəqilliyini gücləndirməyə nail olub, dünyada tanınan və nüfuz qazanmış dövlətə çevrilib. Yəni, ötən 30 ildə uduzan tərəf işğalçı Ermənistan olub. Bu gün Ermənistan ciddi iqtisadi problemlərlə üzləşib, dünyada və regionda əlaqələri geniş deyil. Bu da onu deməyə əsas verir ki, ötən illər ərzində tam məğlub edilən tərəf Ermənistandır. Çox güman ki, münaqişə də gec-tez öz həllini tapacaq. Çünki dünya ictimaiyyəti bu münaqişəyə daha çox diqqət göstərməyə başlayıb. İndiki Azərbaycan iqtidarı bu münaqişəni dünyaya tanıda bilib. Ona görə də bu gün Dağlıq Qarabağ münaqişəsini ört-basdır etmək mümkün deyil. 

– 30 il əvvəl erməni deputatların qeyri-legitim növbədənkənar sessiya çağıraraq "Dağlıq Qarabağın Azərbaycanın tərkibindən çıxarılıb Ermənistana verilməsi haqqında" qərar qəbul etməsinin qarşısını almaq mümkün idimi? 

– Bilirsiniz, bu, ermənilər tərəfindən düşünülmüş şəkildə həyata başladılan proses idi. Həmin dövrdə Dağlıq Qarabağa muxtariyyət verilməsi barədə ermənilərdə nə qədər təsəvvür var idisə, Azərbaycanda isə bir o qədər təsəvvür yox idi. Bu hazırlıqsızlığın mühüm şərti də Kreml hökumətindən irəli gəlirdi. Çünki o dövrdə SSRİ hələ dağılmamışdı. Ancaq Dağlıq Qarabağda SSRİ qanunları çox kobud şəkildə pozulurdu. Hüquqi nöqteyi-nəzərdən ermənilərin bu hərəkəti quldurluq və cinayət idi. Heç bir Sovet qanunlarına sığmırdı. Ancaq çox təəssüf ki, SSRİ rəhbərliyi bununla bağlı tədbir görmürdü. 

– Bəs bütün bunların məsuliyyətini kim, hansı dövlət başçısı daşımalıdır? Bu barədə demək istədiyiniz nə isə varmı? 

– Burada dövlət başçısının məsuliyyətindən söhbət gedə bilməz. Çünki 1991-ci ilədək Azərbaycan SSRİ-nin üzvü idi və Sovet qanunları hökm sürürdü. Ona görə də bütün icra məsələləri, qiymətləndirmələr, təhlillər yalnız SSRİ qanunlarına görə öz həllini tapırdı. Həmin dövrdə Azərbaycanda SSRİ Partiya Komitəsi fəaliyyət göstərirdi. Ancaq onun da bu məsələləri həll etmək səlahiyyətləri yox idi. Bütün məsələləri Kreml idarə edir və ya həll edirdi. Misal üçün, istənilsəydi, 1988-ci ildə Kreml hökumətinin bir sözü ilə Dağlıq Qarabağ münaqişəsi həll oluna bilərdi. 

Digər tərəfdən isə 1988-ci ildə başladılan Azərbaycan Xalq Hərəkatı Dağlıq Qarabağ münaqişəsinin həllinə mənfi təsir göstərdi. Çünki Xalq Hərəkatından sonra Azərbaycan cəmiyyəti parçalanmışdı. Ermənilər də yeni peyda olan Azərbaycan Xalq Cəbhəsindən öz planlarını həyata keçirmək üçün istifadə edirdilər. Ümumiyyətlə, ermənilər tarixən Azərbaycan cəmiyyətini parçalamaqla işğalçılıq siyasətini həyata keçiriblər. Bu, ermənilərin köhnə üsuludur. Ermənilər Azərbaycanda kiçik narazılıqlar, qarşıdurmalar görən kimi dərhal ondan öz maraqları üçün sui-istifadə etməyə çalışırlar. Çox təəssüf ki, həmin dövrdə də Azərbaycan Xalq Cəbhəsi erməni dəyirmanına su tökürdü. Əgər bu gün Azərbaycan Xalq Cəbhəsi olsaydı, ermənilər yenə də onlardan öz maraqları üçün istifadə etməyə çalışardı. Ancaq bu gün Azərbaycan Xalq Cəbhəsinin nüfuzundan heç bir iz qalmayıb. Hər dövrün öz hökmü, reallığı olur. Reallıq da o idi ki, həmin dövrdə Azərbaycan Xalq Cəbhəsi Azərbaycan cəmiyyətini birləşməyə və prezidentin ətrafında sıx birləşməyə çağırmalı idi. Belə olsaydı, torpaqlarımızı itirməzdik. 

Biz 1988-ci ildə Dağlıq Qarabağla bağlı vahid mövqedən çıxış edərək, ciddi tədbirlər görə bilsəydik, mənim tapşırıqlarıma qulaq asılsaydı, ermənilər baş qaldırmayacaqdı. Çox təəssüf ki, həmin dövrdə əl-qolumuz bağlı idi. Bütün bunlara baxmayaraq, nə isə etmək olardı. 

Kiməsə irad tutmaq fikrində deyiləm. Ancaq mənim istefa verməyimi istəyən və Dağlıq Qarabağla məşğul olan iqtidar nümayəndələri öz məsuliyyətlərini dərk etmirdilər, yaranmış vəziyyətə ciddi baxmırdılar. Mən hər zaman demişəm ki, necə olur ki, SSRİ-nin hər yerində sabitlik qorunub saxlanılır, ancaq təkcə Qarabağ vilayətində guya camaat ayağa qalxır? Təkcə, bu sübut edir ki, Qarabağda qarşıdurma yaradılması öncədən planlaşdırılıbmış. Biz hələ bir neçə il əvvəlcədən eşidirdik ki, Dağlıq Qarabağda ermənilərə silah ötürülür. SSRİ də buna göz yumurdu. 

– Bir neçə gündən sonra erməni silahlılarının Xocalıda törətdiyi dəhşətli soyqırımın ildönümü olacaq. Bu hadisədən sonra siz istefaya getmisiniz. Yəqin ki, Xocalı soyqırımı ilə bağlı sizin də deməyə sözünüz var...

– Bu dəhşətli soyqırım törədiləndə Xocalı şəhəri ərazi nöqteyi-nəzərindən ermənilərin tabeliyində idi. Təkcə bu məqama diqqət etsək, çox məsələnin üstünü aça bilərik. Yəni, təkcə bu məqam sübut edir ki, Xocalı ermənilər tərəfindən törədilən dəhşətli soyqırımdır. 

Erməni silahlıları SSRİ-nin 366-cı motoatıcı alayının yaxından iştirakı ilə Xocalıda etnik təmizləmə apararaq, günahsız dinc insanları, körpə uşaqları, qocaları qətlə yetiriblər, onların evlərini viran qoyublar. Bu, ermənilər tərəfindən dünyanın gözü qarşısında törədilən terror aktı idi. Bu cinayətin törədilməsində indiki erməni prezident Serj Sarkisyanın bilavasitə rolu və iştirakı olub.  

Çox təəssüf ki, həmin dövrdə AXC-Müsavat üzvlərinin düşüncəsiz hərəkətləri üzündən ermənilər mənim istefamı Xocalı ilə əlaqələndirməyə başlayıb. Ancaq mən hər zaman demişəm, indi də söyləyirəm. Xocalı faciəsi indiki Ermənistan rəhbərliyinin törətdiyi qanlı cinayətdir. Mən isə Xocalı faciəsinə görə istefa verməmişəm. Sadəcə olaraq, həmin dövrdə AXC-Müsavat üzvləri Qarabağda ermənilərlə müharibə aparmaq əvəzinə hakimiyyət uğrunda mübarizə aparırdılar, prezident kimi mənim fəaliyyətimə əngəl törədirdilər. Həmin dövrdə mən mütəmadi olaraq Xalq Cəbhəsinin fəalları ilə görüşümdə deyirdim ki, mənə dəstək verin, ölkənin çətin günündə gəlin bir yerdə olaq və işağlçılara qarşı mübarizə aparaq. Əslində, onlar mənə qarşı cinayət edirdilər, imkan vermirdilər ki, torpaqları işğaldan azad edim və sairə. Cəmiyyəti parçalamışdılar. Mən isə istəmirdim ki, ölkədə qardaş qanı axıdılsın. Ona görə də istefa verməyə məcbur oldum.

AXC-Müsavat fəalları Xocalı faciəsinin törədilməsində günahkar kimi mənim də adımı hallandırmaqla əslində erməni dəyirmanına su tökmüş oldular. Çox təəssüf ki, nəticədə uduzan biz olduq. AXC-Müsavat məni istefaya çağırmaqla nəyə nail oldu? Ermənilər torpaqları işğal etdi. 

 

 

скачать dle 12.1

Şərhlər