SON DƏQİQƏ
» » Qüdrət Həsənquliyev: “Əli Kərimli və ətrafındakılar ümumi siyasi əxlaqı pozur”

Qüdrət Həsənquliyev: “Əli Kərimli və ətrafındakılar ümumi siyasi əxlaqı pozur”

Tarix:

19-02-2018, 08:04

/ 2 121 dəfə oxundu.
Qüdrət Həsənquliyev: “Əli Kərimli və ətrafındakılar ümumi siyasi əxlaqı pozur”

“Xarici qüvvələrin seçki ilə bağlı hansısa planları payıza hesablanmışdı”

Bir sıra müxalifət partiyaları prezident seçkiləri ilə bağlı boykot və iştirak etməməklə bağlı qərar versə də, təbii olaraq seçki mövzusu ölkə gündəmində əsas müzakirə obyekti olaraq qalır. BAXCP sədri, deputat Qüdrət Həsənquliyev “Yeni Müsavat”a müsahibəsində etiraf etdi ki, seçki gününün yarım il önə çəkilməsi onun özü üçün də sürpriz olub. Bunun səbəbləri barədə təxminlərini bölüşən müsahibimiz seçki qərarının ölkə üçün əhəmiyyətindən də bəhs etdi, zamanda AXCP rəhbərliyi barədə kəskin fikirlər səsləndirdi.

- Qüdrət bəy, siz seçkilərə qatılmazdan öncə vahid namizəd məsələsini müzakirə etmək, seçkilərə birgə qatılmaqdan ötrü müxalifətə çağırış etmişdiniz. Müraciətinizə reaksiya gəldimi?

- Danışıqlar olub. Hətta sizə deyim ki, keçmiş xalq hərəkatında olmuş, sonradan özünün partiyasını formalaşdırmış insanlarla, müəyyən partiyalarla danışıqlar olub. Bəzi partiyalar vaxt istəyirlər. Sözsüz ki, bu görüşlərlə bağlı təşəbbüs bizim tərəfimizdən olub. Bildirmişik ki, namizədlik irəli sürülənə, yaxud qanunvericiliklə namizədliyi geri götürmək üçün nəzərdə tutulmuş son müddətə qədər də bu proses baş verə bilər. Yəni partiyalar bir araya gəlib, hansısa namizədi müdafiə edə bilərlər.

- Amma əksər müxalifət partiyaları seçkiləri boykot etdi. Onlarla hər hansı təmas oldumu?

- Təəssüf ki, yox. Bəzi partiyalar xüsusilə seçkilərdə uğur qazanmaq imkanlarının məhdud olduğunu əsas götürərək, bu cür birliklərə maraq göstərmirlər, bu cür koalisiyalarda maraqlı deyillər. Hər halda qeyri-rəsmi bizi dəstəkləyəcəyini vəd edən partiyalar da var, danışıqların davam etdirilməsinin vacibliyini deyənlər də var. Vəziyyətə baxacağıq, hər halda bu istiqamətdə fəaliyyətimiz davam edir.

- Belə başa düşdüm ki, sizinlə əməkdaşlıq etmək istəyənlər ancaq parlament partiyalarıdır...

- Yox, parlamentdən kənar partiyalar da var. Bəzi partiyalar seçki ilə bağlı qərarlarını yaxın günlərdə verəcəklərini deyiblər. Adları açıqlamıram, bu istiqamətdə danışıqlar gedir.

- Əksər müşahidəçilərin mövqeyi belədir ki, onsuz da seçkinin favoriti bəllidir, hakim partiyanın namizədinin qalib gələcəyi şübhə doğurmur. Bu mənada sizi seçkiyə qatılmağa vadar edən səbəb nədir?

- Bir dəfə də bu barədə sual olmuşdu. Mən bir az da obrazlı ifadə etmişdim ki, təsəvvür edin futbol üzrə Çempionlar Liqası keçirilir və Azərbaycandan da “Qarabağ” qatılır. “Qarabağ”ın “Barselona”, “Çelsi”, “Real” Madridi udacağı qeyri-realdır. Onda gəlin komandamızı qınayaq ki, “Qarabağ” bu yarışa niyə qatılır? Birincisi, bu cəmiyyətə mütləq alternativlər, alternativ ideyalar lazımdır. Azərbaycandakı problemlərin bir çoxu ondan qaynaqlanır ki, ölkəmizdə müxalifət zəifdir. Mən bu məsələdə hər zaman iqtidarı da kəskin tənqid edirəm. Düzdür, iqtidar nümayəndələri deyir ki, heç bir hakimiyyət öz müxalifətinin güclənməsinə çalışmamalıdır, əksinə, iqtidarlar müxalifəti zəiflətməyə, parçalamağa çalışır. Amma mən də hər zaman deyirəm ki, əgər ölkədə ciddi mənada strukturlaşmış müxalifət, yaxud ölkənin siyasi həyatında müxalifətin xüsusi yeri və rolu yoxdursa, deməli, o ölkədə siyasi islahatların aparılmasına ehtiyac var. Bu siyasi islahatları aparmağa da iqtidar borcludur. İqtidar bu islahatları dərinləşdirmirsə, deməli, buna görə onu qınamaq lazımdır. Yenə deyirəm, Azərbaycanda bir çox problemlər müxalifətin zəif olmasından qaynaqlanır. Müxalifət də lazımi səviyyədə hökumət üzərində effektli nəzarəti, qanunların aliliyini təmin edə bilmir ki, iqtidar mənsubları tərəfindən qanunların aliliyinə hörmət olunsun və s. Bunun da nəticəsində çoxsaylı problemlər yaranır.

Məsələn, Beynəlxalq Bankla bağlı yaranmış problemi bir nümunə kimi göstərmək olar. Ona görə də biz seçkiyə qatılacağıq. Biz ölkənin gələcəyini parlamentli respublika modelində görürük. Təbliğat kampaniyası başlayandan sonra biz ölkədə ciddi məhkəmə-hüquq islahatlarının aparılması ilə bağlı proqramla çıxış edəcəyik. Biz ölkədə ciddi siyasi və iqtisadi islahatların aparılmasının tərəfdarıyıq ki, bunun hər biri ilə bağlı özümüzün konkret platformamızı, proqramımızı ortaya qoyacağıq. Ən başlıcası isə Qarabağı qısa müddətdə necə azad edəcəyik, bu barədə də platformamızı təqdim edəcəyik. Bax, bu altrenativlərin ictimaiyyətə təqdim olunması son dərəcədə önəmlidir. Ona görə də seçkidə qalib gəlmək məsələsi ikinci məsələdir. Əsas məsələ budur ki, seçki bir yarışdır və müxtəlif platformaların cəmiyyətə təqdimatıdır. Cəmiyyətin də haqqı var ki, müxtəlif platforma və düşüncələrlə tanış olsun.

“Azərbaycandakı problemlərin bir çoxu müxalifətin zəif olmasından qaynalanır”

- Hansısa məqamda namizədliyinizi başqasının xeyrinə geri götürə bilərsiniz?

- Əlbəttə, bu, mümkündür, bunu istisna etmirəm. Lakin o, danışıqlardan asılı olacaq. Namizədliyi geri götürmək üçün qanunda nəzərdə tutulmuş son müddət var. Əgər həmin müddət ərzində uğurlu danışıqlar olacaqsa, o halda biz geri çəkilə bilərik. Ancaq dediyim kimi, gərək o halda biz həmin partiyalarla razılığa gələk ki, bizim platforma əsasında, qarşılıqlı razılaşma əsasında vahid platforma hazırlayaq.

- Bəs, iqtidarın namizədinin xeyrinə iddianızdan çəkilməyiniz, onu dəstəkləməyiniz mümkündür?

- Yox. Mən hesab eləmirəm ki, iqtidarın bizim iqtidar namizədini dəstəkləməyimizə ciddi ehtiyacı var. Bu, bir halda ola bilər: iqtidar seçkidən sonra hansısa müxalifət partiyasının da hökumətin formalaşmasına cəlb etmək fikri olarsa, o halda mən bunu mümkün sayıram.

Sözsüz ki, mən də qəbul edirəm, seçkilərin favoriti İlham Əliyevdir. Əgər mən alternativ olaraq bunu qəbul edirəmsə, deməli, cəmiyyət də bunu qəbul edir. Amma tam səmimiyyətlə deyirəm, NATO-nun Gürcüstandakı tədbirində iştirak edirdim. Orada bir cavan qızdan soruşdum ki, Saakaşvili niyə uduzdu? Dedi, mən də daxil olmaqla tərəfdarlarının çoxu ona səs vermədik, biz istəyirdik ki, Gürcüstanda dinc yolla hakimiyyətin dəyişməsi ənənəsi yaransın. Ola bilsin ki, ölkə olaraq Gürcüstan bundan əziyyət çəkəcək, amma bu ənənəni yaratmaq lazımdır. Təsəvvür edin ki, Saakaşvilinin tərəfdarı əks düşərgəyə səs verib. Azərbaycanda da insanlar fikirləşməlidirlər ki, bu ölkəyə güclü müxalifət lazımdır. Onsuz da ölkədə sabitlik istəyən və gələcək islahatları da indiki iqtidara bağlayan və indiki iqtidar tərəfindən bu islahatların keçirilməsinin daha məqsədəuyğun olduğunu düşünən insanlar var ki, onlar onsuz da iqtidara səs verəcəklər. Amma heç olmasa demokratiyanın dərinləşməsini istəyən insanlar Azərbaycan müxalifətinin digər təmsilçilərindən birini seçməlidirlər və ona səs verməlidirlər, mən özümə çağırmıram. Yalnız bu halda biz ölkədə vəziyyəti köklü surətdə dəyişə bilərik. Həm də mən həmkarlarıma da çağırış edəcəyəm ki, biz bu seçki kampaniyasını daha çox seçki platformalarının təbliği və insanlara çatdırılması imkanı kimi qiymətləndirək, təhqir və qarşılıqlı ittihamlardan qaçaq. 

- Qüdrət bəy, bu aralar payızda keçiriləcəyi halda seçkilərə xarici müdaxilənin ola biləcəyi ehtimalından çox danışıldı. Siz bu ehtimalları nə dərəcədə ciddi hesab edirsiniz?

- Ümumiyyətlə, bu seçkilərin elan olunması müəyyən mənada mənimçün də sürpriz oldu. Ona görə yox ki, mən bunu ehtimal eləmirdim. Əksinə, mən daim deyirdim ki, növbədənkənar seçkilər keçirilə bilər. Amma sözün doğrusu, ötən payızdakı müzakirələr zamanı iqtidar təmsilçilərinin seçkinin vaxtında keçiriləcəyini söyləməsi və onun ardınca növbədənkənar seçkilərin elan olunması mənimçün də sürpriz oldu. Əslində bu, müəyyən xarici dairələr üçün də sürpriz oldu, onların sözsüz ki, seçki ilə bağlı hansısa planları var idisə, bunlar payıza hesablanmışdı. Fikrimcə, hökumət tam mənada olmasa da, xeyli dərəcədə o planları pozmuş oldu. Yeri gəlmişkən, mən bu ehtimala da üstünlük verirəm ki, hakimiyyət Qarabağ məsələsində vaxt itirməmək üçün seçkini 6 ay irəli çəkib. Partiyamızın maraqları baxımından əlbəttə ki, biz mayda qurultay keçirməyi nəzərdə tutmuşduq. Payızda təşkilat komitəsi yaradılmışdı və rayonlarda konfranslara hazırlıq gedirdi. Martın 1-dən artıq bütün konfranslar keçirilməyə başlayacaqdı, mayda isə qurultay olacaqdı. Bu, təşkilatı daha artıq səfərbər etmək imkanı idi. Amma biz artıq seçkiyə qurultaysız gedirik. Yəni təşkilati baxımdan əlbəttə, partiya bundan ziyan çəkdi. Lakin ölkə maraqları baxımından biz ilk gündən bu seçkilərin keçirilməsini biz partiya olaraq normal qəbul etdik. Həm də Qərbin Azərbaycanla bağlı qorxulu planları var idisə, o planlar sözsüz ki, pozuldu. Bəzi hallarda deyirlər ki, nə baş verdi, hökumət seçkinin vaxtını dəyişdi? Başa düşmürlər ki, YAP elə ona görə uzunömürlü iqtidar partiyası olub ki, onlar nəsə baş verəndən sonra qərar qəbul etmirlər, baş verə biləcək qərarları önləmək üçün öncədən addımlar atırlar. Baxıram ki, sosial şəbəkələrdə yazırlar nə baş verdi, hökumət seçkini yarım il əvvələ təyin etdi? Fikrimcə, hökumət sadəcə proqnozlaşdırır ki, nələr ola bilər? İstənilən hökumətin borcudur ki, ölkəni gözlənilən təhlükələrdən qorusun. Yoxsa hadisə baş verəndən sonra hansısa addım atmağın heç bir mənası yoxdur.

- Bəs, seçkilərin beynəlxalq standartlara uyğun keçiriləcəyinə əminsiniz?

- Hər halda ümid edirəm ki, Azərbaycandakı bu seçkilər normal məcrada keçiriləcək. Əlbəttə, təəssüf doğuran hal o idi ki, yenə də radikal müxalifət bu seçkilərə qatılmadı. Onlar imkan verdilər ki, Azərbaycanın əleyhinə olan dairələr Azərbaycana qarşı hücumları, təbliğat kampaniyasını bir az da genişləndirsinlər. Amma reallığı bilmək istəyirsinizsə, mən səmimi şəkildə sizə deyirəm, növbədənkənar seçkilərin elan olunmasından ən çox faydalanan, seçkilər elan olunan kimi, seçkilərin boykot olunacağını deyən Əli Kərimli və Milli Şura oldu. Sizə səmimi deyirəm, xüsusilə də Əli Kərimlinin sevincini siz bəlkə heç təsəvvür edə bilməzsiniz. Ona görə ki, payızda onu biabırçı bir məğlubiyyət gözləyirdi. Yəni o, növbədənkənar seçki qərarını əsas götürərək dərhal bəyan etdi ki, seçkiləri boykot edirik. Beləliklə də o, radikal düşərgədə öz liderliyini qoruyub-saxlaya bildi. Payızda isə onun öz mövqeyini qoruyub-saxlaması mümkünsüz olacaqdı. Şantaj etməklə əlbəttə, başqa partiyaları da seçkilərə qatılmaqdan çəkindirdi, bu da gözlənilən idi. Bilirsiniz, o, radikal düşərgənin başında duran şəxslərdən biri kimi bundan siyasi və maddi mənada kifayət qədər faydalanır. Düşünür ki, indiki reallıqda əldə etdikləri də ona kifayətdir, onun üçün artıqlaması ilə yetərlidir.

İstərdim sizin qəzet vasitəsilə məni narahat edən bir fikri bildirim. Seçkiləri boykot etmək olar, amma Əli Kərimli və onun ətrafındakı uşaqlar ölkədəki ümumi siyasi əxlaqı pozurlar. Məsələn, mən sosial şəbəkələrdə yoxam. Amma mənə partiya üzvlərimiz məlumat verirlər ki, orda son vaxtlar ölkə rəhbərliyinin, vəzifəli şəxslərin ünvanına kifayət qədər təhqirlərlə dolu yazılar yazılır, fikirlər səsləndirilir. Həmin o radikal düşərgənin başında duran Əli Kərimli isə bir dəfə onlara bu cür davranışın, fəaliyyətin yolverilməz olduğu ilə bağlı çağırış etməyib ki, siz bunu dayandırın!..

- Keçmiş partiyadaşınıza bir dəfə zəng edib belə bir qınağı özünə bildirmisinizmi nə vaxtsa?

- Yox. Mənim onunla əlaqəm yoxdur. O bunu dayandırmır. Mən onun belə bir müraciətini görməmişəm. İndi sizin qəzetiniz vasitəsilə bu məsələni qaldırıram və hesab edirəm ki, artıq cəmiyyət başlamalıdır onu yazanları yox, məhz Əli Kərimlini qınamağa ki, bu əxlaqı pozan sənsən! Sizə deyim ki, söydükləri məmurların çoxu öz iş-güclərindədirlər, heç sosial şəbəkələrdəki, youtube-dəki şərhləri oxumurlar da. Açıq sizə deyirəm. Onlar ən nalayiq, kriminal ünsürlərin, küçə adamlarının belə, söymədiyi söyüşləri yazırlar, səsləndirirlər. Başa düşmürlər ki, elə onların öz elektoratı, həmin radikal insanlar bunları oxuyur. Və onların öz ana-bacıları oxuyur, o söyüşlər artıq onlar üçün adiləşir. Nəticədə bu söyüşlər gələcəkdə məişətdə onların davranışlarına keçəcək, bir-biri ilə danışığında adiləşəcək. O söyüşləri yazanlar əgər fikirləşirlərsə ki, onları hansısa vəzifəlinin xanımı, ya özü oxuyacaq, yanılırlar. Sizə deyim ki, bəlkə də heç bir faizi bunu oxumur. Amma bunu oxuyan öz ana-bacılarıdır, körpə uşaqlarıdır, ona görə ki, öz çevrəsindəki insanlar daha çox bu proseslərlə, özlərinə yaxın onları insanların fəaliyyəti ilə maraqlanırlar, belə şərhləri də oxuyurlar. Bax, mən hesab edirəm ki, Azərbaycan siyasi fikrinə və ölkədə ictimai əxlaqa ən böyük zərbəni bu adamlar vururlar. Özü də bu adamlar bunun dayandırılması üçün heç bir addım atmırlar, o adamlara münasibətdə bir təpki göstərmirlər. Məsələn, öz valideynlərinin, ailə üzvlərinin “şizofrenik” adlandırdığı birisi, həmin düşərgənin təmsilçisi, mütəmadi olaraq Əli Kərimlini, başqalarını tərifləyən adam ölkəni inqilaba çağırır. Amma məsələn, Əli Kərimli bir dəfə çıxıb demir ki, ay filankəs, sən bu çağırışı edirsən, biz sənin fikrini bölüşmürük, sən yanılırsan, səhv yoldasan. Yaxud bu söyüşü söyənləri qınayırıq, bu söyüşləri söyənlər əxlaqsız insanlardırlar, söymək olmaz, biz belə çağırışların şahidi olmuruq. Cəmiyyət də bunları görür və düşünür ki, bu cür insanlar, mənən qısır adamlar sabah hakimiyyətə doluşsalar, görün ölkə hansı vəziyyətə düşər. Onun ziyanını ümumi müxalifət adı altında biz də, konstruktiv müxalifət də görür. Çox təəssüf ki, konstruktiv müxalifətlə ayrılıqda dialoq qurub, siyasi islahatların inkişaf etdirilməsi ilə bağlı hökumətin də konkret bir proqramı yoxdur. Ona görə də hərdən mənə elə gəlir ki, bəlkə hökumət yanlış olaraq elə fikirləşir ki, onlar üçün ən uğurlu radikal müxalifət lideri Əli Kərimlidir. Hətta iqtidar öz davranışı ilə cəmiyyətə də bəzən bu formada siqnallar ötürür ki, cəmiyyət qəbul etsin ki, bizim əsas alternativ Əli Kərimlidir. Bilirlər ki, emossional, qorxaq, praqmatik düşüncədən uzaq və həm də ideyalara bağlı olmayan bir insandır. Belə bir rəqiblə davranmaq daha asadır. Əlbəttə, cari siyasət baxımından bu, iqtidara sərf edir, amma ölkənin gələcəyi baxımından bu, ölkəmizə sərf eləmir. Ona görə də məncə, iqtidar bu barədə ciddi şəkildə düşünməlidir. O düşərgənin seçkiyə qatılmaması əlbəttə, Azərbaycana müəyyən ziyan vurur. Kənarda imkan verir ki, Azərbaycan əleyhinə təbliğat aparılsın. Amma düşünürəm ki, həm də ona imkan verəcək ki, bu seçkilərdə seçki kampaniyası qarşılıqlı təhqirlər və ittihamlardan daha çox, seçki platformalarının tətbiqi baxımından daha önəmli olsun.

Elşad PAŞASOY,
“Yeni Müsavat” 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ