SON DƏQİQƏ
» » Azərbaycanlı səfir Fransa mətbuatının suallarını cavablandırıb- MÜSAHİBƏ

Azərbaycanlı səfir Fransa mətbuatının suallarını cavablandırıb- MÜSAHİBƏ

Tarix:

9-11-2017, 12:28

/ 1 819 dəfə oxundu.
Azərbaycanlı səfir Fransa mətbuatının suallarını cavablandırıb- MÜSAHİBƏ

Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayevin bu ölkənin “Lö Jurnal dü Parlöman” jurnalında müsahibəsi dərc olunub. Müsahibədə səfir ölkəmizlə bağlı sualları ətraflı cavablandırıb. 

Gunaz.az AZƏRTAC-a istinadən həmin müsahibəni təqdim edir:

– Etimadnamənizi Fransa Prezidenti Emmanuel Makrona təqdim etməyinizdən qısa müddət keçir. Yeni təyinatınızı necə təsəvvür edirsiniz və Fransanı necə görürsünüz?

– Azərbaycanı Fransada təmsil etmək mənim üçün böyük şərəf və eyni zamanda, böyük məsuliyyətdir. Hər iki ölkə bir-birinin prioritetləri siyahısında çox vacib yer tutur. İki tərəf əməkdaşlığı daha da inkişaf etdirmək əzmindədir. Bu da biz diplomatların üzərinə böyük məsuliyyət qoyur.

Fransa mənim üçün yeni ölkədir, ancaq bir çox cəhətdən lap yaxın və aydındır. Ölkələrimiz ərazisinə və beynəlxalq aləmdə siyasi və iqtisadi rollarına görə fərqli olsalar da, onlar arasında bir çox oxşar xarakterlər də var. Azərbaycan və fransız kimliyi müxtəlifliyə, tolerantlığa, ənənə və müasirliyin sintezi kimi dəyərlərə əsaslanır. Cəmiyyətlərimiz çoxmədəniyyətlidir, mədəniyyətlər və dinlərarası fəaliyyətlərə, ideya və məlumat mübadiləsinə açıqdır. Bütün bunlar elm, mədəniyyət və təhsil sahələrində əməkdaşlığın daha da genişləndirilməsinə münbit mühit və imkanlar yaradır.

– Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı vəziyyət necədir?

– Təəssüflər olsun ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı vəziyyət çox da optimist deyil. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi qətnamələrə, digər aparıcı beynəlxalq təşkilatların çoxsaylı qərar və qətnamələrinə, ATƏT-in Minsk qrupunun həmsədrlərinin çağırışlarına baxmayaraq, Azərbaycan ərazisinin 20 faizi hələ də Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. Beynəlxalq hüququn normalarının pozulması regional təhlükəsizlik və sabitlik, eləcə də dövlətlərin parçalanması üçün təhlükə presedenti yaradır. Bu gün onun əlamətlərini nəinki Orta Şərqdə, həm də Avropada görürük.

– Beynəlxalq ictimaiyyətdən, xüsusilə də Minsk qrupunun fəaliyyətindən gözləntiləriniz hansılardır?

– Gözləyirik ki, ATƏT-in Minsk qrupu münaqişənin nizamlanması prinsiplərinin açıq qeyd olunduğu BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi qətnamələrin icrasına nail olsun. Bunlar aşağıdakılardır:

– Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinə riayət edilməsi;

– Azərbaycanın işğal olunmuş ərazilərindən Ermənistan silahlı qüvvələrinin dərhal, qeyd-şərtsiz və tamamilə çıxarılması;

– Azərbaycanın işğal olunmuş ərazilərindən zorla qovulmuş əhalinin doğma yurdlarına qaytarılması;

– Azərbaycan və erməni icmalarının təhlükəsizliyi və inkişafı ilə bağlı bərabər hüquqlarını təmin etməklə Azərbaycan Respublikasının sərhədləri çərçivəsində Dağlıq Qarabağ regionunun statusunun təyin olunması.

Bu prinsiplər mövqeyimizin əsasını təşkil edir. Azərbaycanın ərazi bütövlüyü nə kompromis, nə də müzakirə obyekti olmayıb və olmayacaq. Azərbaycan öz ərazisində sülh şəraitində yaşamaq istəyir.

– Ermənistan tərəfi Dağlıq Qarabağın öz müqəddəratını təyin etməsində və hətta ayrılmasında təkid edir. Sizin bununla bağlı mövqeyiniz nədən ibarətdir?

– Xalqların öz müqəddəratını həll etməsi məsələsi hətta Avropada da aktualdır. Ancaq unutmamalıyıq ki, hər şeyin zorla qərarlaşdırıldığı cəngəllikdə yox, norma və qaydalar əsasında işləyən dünyada yaşayırıq.

Birincisi, beynəlxalq hüquq bu prinsipdən milli birliyi və suveren dövlətin ərazi bütövlüyünü pozmaq məqsədilə istifadə olunmasına icazə vermir. 1970-ci il oktyabrın 24-də BMT Baş Assambleyasının 25-ci sessiyasında qəbul edilmiş 2625 saylı qətnamədə xalqların öz müqəddəratını təyinetmə hüququ ilə bağlı qeyd olunub: “Suveren və müstəqil dövlətin milli birliyi və ərazi bütövlüyünün qismən və ya tam pozulmasına yönəlmiş istənilən fəaliyyətə icazə verilməməli və ya bu, təşviq edilməməlidir…”.

İkincisi, bu prinsipin həyata keçirilməsi deportasiya və etnik təmizləmə ilə uyğun gəlmir. Qeyd edək ki, erməni rəhbərlər bu prinsipdən 1987-1988-ci illərdə Ermənistanda öz dədə-baba yurdunda yaşayan 250 min azərbaycanlının qovulmasından sonra danışmağa başlayıblar. Bundan sonra 1992-1993-cü illərdə Ermənistan silahlı qüvvələri Dağlıq Qarabağdan 45 min azərbaycanlını və ya əhalinin 24 faizini, ona qonşu 7 rayondan isə 700 min soydaşımızı öz doğma evlərindən didərgin salıblar. Onda bəs bu bir milyon əhalinin öz müqəddəratını təyinetmə hüququnu necə təmin edək? Buna görə də hesab edirəm ki, xalqların öz müqəddəratını təyinetmə hüququ Ermənistanı çox az maraqlandırır. Öz müqəddəratını təyinetmə hüququ erməni təcavüzünü və Azərbaycan torpaqlarının işğalını ört-basdır etmək üçün istifadə olunur.

Üçüncüsü, Ermənistan xalqı 1991-ci ildə öz müqəddəratını həll etmək hüququnu reallaşdırıb və dövlətini yaradıb. Bu gün həmin dövlətdə yalnız ermənilər yaşayırlar. Beləliklə, Azərbaycan ərazilərində ikinci erməni dövlətinin yaradılması üçün heç bir tarixi, mədəni, siyasi, hüquqi əsas yoxdur. Bu gün İranda 20 milyondan, Gürcüstanda 200 mindən, Rusiyada 1 milyondan və Türkiyədə 2 milyondan çox azərbaycanlı yaşayır. Bu o deməkdir ki, biz “Böyük Azərbaycan” yaradılmasını tələb etməliyik və həmin azərbaycanlılar “xalqların öz müqəddəratını təyinetmə hüququ”nu tələb etməklə yaşadıqları ölkələrin sərhədlərini yenidən formalaşdırmağa tələb etməlidirlərmi?

– Bu gün qaçqın və məcburi köçkünlərlə bağlı hansı işlər görülür?

– Qaçqınların və məcburi köçkünlərin vəziyyəti bütün cəmiyyətlər üçün ciddi problemdir. Bu, ölkəmizin iqtisadiyyatı üçün ağır yükdür. Söhbət qonşu dövlətin təcavüzü nəticəsində bir milyondan çox həmvətənimizin – ölkə əhalisinin 10 faizinin hər şeydən məhrum olmasından, qaçqın və məcburi köçkün vəziyyətinə düşməsindən gedir. 2001-2017-ci illər ərzində Azərbaycan hökuməti bu qəbildən olan insanların mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün 100-dək yeni qəsəbə salıb və 250 min insan evlə təmin olunub. Həmin qəsəbələrdə normal həyat şəraiti üçün bütün lazımi infrastruktur yaradılıb. Qeyd edək ki, Azərbaycan bu ciddi problemin öhdəsindən təkbaşına gəlib. 1993-2017-ci illər ərzində dövlət bu məqsədlər üçün 5 milyard dollar vəsait xərcləyib.

Bununla belə, biz həyata keçirilmiş bu humanitar tədbirləri müvəqqəti hesab edirik. Bizim rəsmi mövqeyimiz işğal altındakı torpaqlarımızı azad etməkdən və qaçqınların və məcburi köçkünlərin doğma yurdlarına qayıtmalarından ibarətdir.

– AŞPA parlamentariləri Azərbaycanda insan hüquqlarının vəziyyəti və məhkəmələrin fəaliyyəti ilə bağlı narahatlıqlarını ifadə ediblər. Ölkəniz bu istiqamətdə hansı səyləri göstərir?

– Biz bütün tənqidlərə açığıq, təbii ki, əgər onlar konstruktivdirsə və qarşılıqlı hörmətə, dialoqa və əməkdaşlığa əsaslanırsa. Amma ölkəmizə qarşı dezinformasiya və qarayaxma kampaniyalarının əleyhinəyik. 2017-ci il oktyabrın 20-də məhkəmə-hüquq sistemində cəza siyasətinin humanistləşdirilməsi və bəzi cinayət əməllərinin dekriminalladırılması ilə bağlı Azərbaycan Cinayət Məcəlləsində dəyişikliklər Milli Məclisdə səsə qoyulub və qəbul edilib.

Bu dəyişikliklər AŞPA-da da müsbət qiymətləndirilib. Çünki qəbul olan dəyişikliklər məhkəmə sistemimizi Avropa normalarına uyğunlaşdırır. Biz bu istiqamətdə fəaliyyətimizi davam etdirəcəyik.

– Ümumi daxili məhsulda daha az artımın əldə olunduğu çətin 2016-cı ildən sonra hazırda ölkənizdə iqtisadiyyatın vəziyyət necədir?

– Bu il ümumi daxili məhsulda artım müşahidə olunub. 2017-ci ilin doqquz ayı ərzində qeyri-neft sektorunda 2,5 faiz, qeyri-neft sənayesində isə 3,1 faiz artım qeydə alınıb. Bu müddət ərzində dövlət büdcəsi 19 faiz, xarici ticarət 7 faiz artıb, valyuta ehtiyatlarımız isə 42 milyard dollara çatıb.

Bundan əlavə, infrastruktur layihələri uğurla həyata keçirilib. Fransız şirkətləri bəzi layihələrdə müvəffəqiyyətlə iştirak edirlər. Fransa parlamentarilərinin və iş adamlarının diqqətini Azərbaycanda ümumi daxili məhsulun 62 faizini təşkil edən qeyri-neft iqtisadiyyatına yönəltmək istərdim. Bu gün biz fransız müəssisələrinin yaxşı təcrübəyə və ekspertlərə malik olduğu sektorları inkişaf etdiririk. Bu, Fransa ilə ticarət əməkdaşlığı, iqtisadi mübadilə və sərmayə yatırımı sahəsində əlaqələri inkişaf etdirmək üçün çox yaxşı əsasdır.

– Azərbaycanın xarici siyasətində Avropa İttifaqı ilə əlaqələrin vəziyyəti necədir?

– Avropa İttifaqı Azərbaycanın xarici siyasətinin balanslaşdırılmış strategiyasının ən vacib elementidir. Təbii ki, Avropa yönümlü istiqamətimiz konkret və qarşılıqlı bəhrəyə əsaslanır. Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verən Azərbaycan Avropa-Asiya, eləcə də Avropa ilə müsəlman dünyası arasında körpü rolunu oynayır.

– Ölkənizin müstəqilliyininin bərpasından 25 il sonra Fransa-Azərbaycan münasibətləri hansı səviyyədədir?

– Ölkələrimiz regional və beynəlxalq gündəlikdə olan terrorizmə qarşı mübarizə, dini ekstremizm, davamlı inkişaf və mədəniyyətlərarası dialoq kimi məsələlərdə tərəfdaş və müttəfiqdir. Parisdə Azərbaycanın hərtərəfli müstəqil siyasəti, onun Rusiya, Avropa, ABŞ, Türkiyə, İran, İsrail və ərəb dünyası ölkələri ilə sıx və balanslaşdırılmış münasibətləri yüksək qiymətləndirilir. İqtisadiyyat, mədəniyyət və təhsil sahələrində ölkələrimiz geniş tərəfdaşlıq əlaqələrinə malikdirlər və çoxsaylı layihələr həyata keçirirlər. Azərbaycan Fransanın regionda əsas və birinci tərəfdaşıdır. 2015-2017-ci illərdə 800-dən çox fransız şirkəti öz məhsullarını Azərbaycana ixrac edib. Bundan əlavə, Bakıda Azərbaycan-Fransız Universiteti (UFAZ) fəaliyyətə başlayıb.

– Azərbaycanın hansı xüsusiyyətlərinin daha çox önə çəkilməli olduğunu düşünürsünüz?

– Müxtəliflik, mədəniyyətlər və dinlərarası dialoq, eləcə də tolerantlıq sahələrində Azərbaycan özünün xüsusi modelini yaradıb. Xarici təcavüzə və işğala məruz qalan, çox gərgin regionda yerləşən ölkəmizdə nə terrorizmin, nə də zorakı ekstremizmin təzahürlərini görmək olar.

Ölkəmiz qonşu regionlar arasında mədəniyyət və iqtisadi əməkdaşlıq sahəsində əsl körpü yaradaraq, konstruktiv siyasət aparmaqda davam edir. Hesab edirəm ki, bu model Avropanın, xüsusilə də Fransanın hörmət və dəstəyinə layiqdir.

– “Lö Jurnal dü Parlöman” vasitəsilə Fransa siyasətçilərinə hansı ismarıcı ünvanlamaq istərdiniz?

– 2018-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsinin 100 illiyi olacaq. Bu, müsəlman dünyasında ilk dünyəvi və demokratik respublikadır. Onun parlamentində təkcə siyasi partiyalar deyil, eləcə də bütün milli azlıqların nümayəndələri təmsil olunublar. 1919-cu ilin iyulunda bu respublika müsəlman Şərqində ilk dəfə və bir çox Avropa ölkələrindən xeyli əvvəl qadınlara səsvermə hüququ verib.

Birinci respublika fransız liberal ideyalarından ilhamlanıb və onun beynəlxalq səviyyədə tanınması da elə ilk olaraq Fransadan gəlib. Onun ilk prezidenti Parisdə dəfn edilib.

Bu respublika və bu tarix ölkələrimizi çox sıx tellərlə bir-birinə bağlayır. İstərdim ki, bu 100 illik ikitərəfli münasibətlərimizin inkişafında yeni nailiyyətlərlə qeyd olunsun və Fransa Milli Assambleyasının parlamentarilərini bu prosesə qoşulmağa səsləyirəm.

 

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ