SON DƏQİQƏ

Ətin qovrulmuşu, pencərin qaynamışı…

Tarix:

8-04-2021, 16:39

/ 4 374 dəfə oxundu.
Ətin qovrulmuşu, pencərin qaynamışı…

 Ədib İSAOĞLU

İsa baba deyirdi ki, sovet hökumətinin allı-güllü vaxtlarında, şaxsey-vaxseydən bezən bir müsəlman pendirini, çörəyini dəstərxanına büküb bağlayır belinə, üz tutur erməni keşişinin qənşərinə. Salam-kəlamdan sonra başlayır məramını açıqlamağa.

- Keşiş həzrətləri, mən islam dinindən çıxıb, xristianlığı qəbul etmək istəyirəm.

- Nə gözəl, nə gözəl xoş gəlibsən. Deməli haqqın yolunu tapıbsan. Gözümüz üstündə yerin var.

- De görüm keşiş əmi, mən nə etməliyəm xristian olmaq üçün?

- Xristian olmaq üçün üç şərt var, mənim balam.

- Nədir şərtlər keşiş əmi?

- Mənim balam, birinci şərt. De ki, İsa, Məhəmməddən yaxşıdır.

Bizim müsəlman öz-özünə fikirləşir. Mən nə Məhəmmədi görmüşəm, nədə İsanı. Çəkinmədən sıxılmadan qayıdır ki, İsa, Məhəmməddən yaxşıdır.

- Sağol, mənim balam. Keçək ikinci şərtə. De ki, kilsə, məsciddən yaxşıdır.

Müsəlman baxır ki, kilsə həqiqətəndə məsciddən yaxşıdır.

Axı sovet hökuməti, kilsələri qoruyurdu, məscidləri isə söküb dağıtmışdılar, anbar, tövlə etmişdilər.

- Burda nə var ki, kilsə məsciddən yaxşıdır.

- Çox sağol, mənim balam, sanki elə xristianlaşmısan. Qaldı üçüncü şərtimiz. De ki, pencərin qaynamışı, ətin qovrulmuşundan yaxşıdır.

Bizim bu müsəlman başlayır xəyalında pencərlə, ət qovurmasının dadını tamsınmağa. Çox götür qoydan sonra deyir:

- Yox, keşiş qırığı bunu qəbul edə bilməyəcəyəm. Ətin qovrulmuşu, pencərin qaynamışından yaxşıdır.

Ta bu yazıq hardan bilsin ki, qovrulmuş ət dadlı olsa da, insanı tez qocaldır, mədənin birinci düşmənidir. Pencərin qaynamışı isə, insan orqanizminin dostudur..

Nə isə, müsəlman xristian ola bilmir, qayıdır öz yoluna…

Rəhmətlik Mirzə Cəlil hekayələrinin birində, keşişlə mollanın fərqini belə izah edirdi (İxtisarla).

- Qərbi Azərbaycanda qohumumgildə olanda kəndi gəzirdim. Kəndin yarısından çoxunda müsəlmanlar, yarısından azında ermənilər qalırdı. Ermənilər yaşayan məhəllədən keçəndə baxdım ki, bir həyətdə keşiş erməniləri yığıb başına, sohbət edir. «Bilirsiniz ki, biz ermənilərin torpağı yoxdur. Biz bütün imkanlarımızı bir araya gətirib, pulumuzu yığıb bu Türkləri buradan qovmalıyıq». Deyir oradan aralanıb gəldim müsəlmanlar yaşayan məhəlləyə. Baxdım ki, molla kənd camaatını toplayıb başına, hədə-qorxuyla əmr edir. «Nəyin bahasına olursa-olsun, nəyiniz varsa satın, borc alın, nə edirsinizsə edin, mütləq bu il Həccə gedib borcunuzu yerinə yetirin...

Atalar yaman deyib ey bu kəlamı, «niyyətin hara, mənzilin ora».

Nəbilim vallah yenədə 12 imam bizə kömək olsun, durum gedim namazımın qəzalarını qılım…

 



скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ