SON DƏQİQƏ

Gün(ortan)AYDIN, Vətənim!

Tarix:

6-07-2020, 19:00

/ 3 205 dəfə oxundu.
Gün(ortan)AYDIN, Vətənim!

Aydın CAN
Ölkəsində ədalətli şahlıq edənin... züryəti olmur. Bu baxımdan həddən artıq qüssə çəkir. Bəndəsinin şah damarınacan yaxın olan Allah görür ki, bu boyda ədalətli olmağıyla ürəyində oğul-varis arzulamağını cavabsız buraxa bilməz, odur ki, mələklərindən birini göndərir ki, ona de, insan övladından başqa, hansı heyvanın erkəyini istəyir, desin, oğlan uşağına çevirim onun üçün!
Şah fikirləşir ki, bu boyda gözəl məmləkəti şirdən, pələngdən, itdən, pişikdən əmələ gələndənsə, elə siçanın oğluna versə yaxşıdı - o birilər dağıdar, batırar, amma siçan gəmirər, yediyini yeyər, yerə töküləni də qalanına pay olar!
Əlqərəz, "dünyanın ən yakışıqlı oğlan"ı (siçanın erkəyi) ərgən olur, indi şah buna qız seçir!
Şerbitskinin qızı, bəyənmir, Şuşkeviçin qızı, bəyənmir, Məhəmməd Rza şah Pəhləvinin qızı, bəyənmir, Eyzenhauerin qızı, bəyənmir, a bala, kimi istəyirsən?
- Qonşu siçanın qızını!
Mahiyyət... və...
Şah vəziriylə mübahisə edir: "tərbiyə əsasdır!"
Vəzir dirəşir: "zat!"
Şah hirslənir, deyir vaxtı gələndə dediyini yedirdərəm sənə!
Bəli, "dressirovşik"-təlimçi tapır və pişiyi verir bunun ixtiyarına. Pişik təlimdən sonra adam balasından qanacaqlı, qabiliyyətli olur və Şah vəzirə xəbər göndərir: "ə dümbələk, gəl gör, tərbiyə nə deməkdir!"
Pişik nəinki komandaları, jestləri, mimikaları belə yüksək səviyyədə cavablandırır. Şah elə ağzını açıb bir də demək istəyəndə "gördün?", vəzir gələndə cibinə qoyub gətirdiyi siçanı buraxır!
Pişik uçur e, cumur e siçana!
Əlqərəz... mahiyyət-zat!
"Bildiniz də nə deyirəm?"
... Zatı olanı müəllim seçərlər, zatı olanla mübarizəyə qoşularlar, zatı olanı sərkərdə seçib döyüşə gedərlər!
Döyüşçünün zatı fərq eləməz - siçan siçanlıq edər, şir şirlik, amma sərkərdə, müəllim, həkim, hakim, şair, yazıçı, jurnalist, mühəndis... zat sahibi deyilsə... ölkə olmaz, həftəbecər olar!
p.s. Hitler İkinci Dünya Müharibəsini başlayana qədər... Birinci Dünya Müharibəsi dövründə inflyasiyanın (milyon faiz) fəsadlarını aradan qaldırmaq üçün alman qızlarını Argentina fahişəxanalarına işləməyə göndərib onların qazandığı pulla büdcəni xilas etmək istəyən hökümətdən - Reyxdən fərqli olaraq, göstəriş vermişdi: yeddi arxa dönənində boşanan, fahişə, oğru, qatil, xəyanətkar olmayan alman oğul və qızlarını seçin, yığın, evləndirin! O boyda Almaniyadan cəmi 7 min çütlük toplanmışdı!
Cəmi də... 7 ilə (1933-1941). Həmin o almanlar... 45 ildən sonra VAHİD ALMANİYA və dolayısıyla Hitlerin dünyaya hakim olmasını istədiyi Almaniyanı yaratdılar!
Cəmiiiiiiiiii... 45 ilə!
Futbol üzrə dünya çempionu oldu!
Almaniyanı birləşdirən Helmut Kol... özünü əbədi kansler elan eləmədi, nəinki oğluna, heç partiyasına ötürmədi hakimiyyəti! Bildi ki, xalqı... düzgün adamı seçəcək (bir kilo yağ, iki kilo qənd, üç kilo düyü verəni olmayacaq da, onu seçməyəcək də), xalqının əvəzinə düşünmədi, xalqından qisas almadı: "məni bəyənmədiniz, di indi, sizə "bəyəndiyinizi" gətirəcəm!"
Təkcə "BMW"-nin illik büdcə dövriyyəsi-qazancı 150 milyard dollardır!
1990-cı ildə Berlin divarları dağıdıldı (Xəzər sahillərinə çəkilən hasara "mıqq" edə bilmir, Berlin divarını bütün hegemon dövlətlərin iradəsinin ziddinə yıxan xalqın qabağına çıxır), biz 220 ildi Araza şeir yazırıq!
Azərbaycan 220 ildir parçalanıb - birləşmir!
Azərbaycan 20 ildir... özündə hakimiyyəti dəyişə bilmir!
Azərbaycan 1990-cı ilə qədər dünyanın rəsmən tanıdığı ərazisinin 20 faizini "acından ölən" erməninin "korrupsioner, tayfa-klan" hakimiyyətindən geri ala bilmir!
Azərbaycanda boşanmaların sayı ildə 20 minə çatmaqdadır!
Zat! Mahiyyət!
Srağagün gəlib şəhərə, dünən qaloşundan pinqvini çıxardıb, bu gün mənə Berlindən danışır... Laçın yaddan çıxıb, Kəlbəcər yaddan çıxıb, Şuşa yaddan çıxıb, bütöv Cənubi Azərbaycan yaddan çıxıb, Berlin dəyərləndirəndən danışır, ora getmək istəyir və orda məni təmsil etmək istəyir!
Bilmir adi bir həqiqəti: savadlı o adamlara deyirlər ki, onlar hesabı bilirlər, yazmağı-oxumağı bilirlər!
Hesab isə belədir: əvvəl vurursan, sonra bölürsən, ortada qalanı toplayırsan, axırda çıxırsan!
Baxır ki... bu adamdan... 220 ildir çıxıblar, 20 ildir də olan-qalanını bölürlər, ən iyrənc, ən əskik tarixə vurublar bunu, hələ bir üstünə dünya boyda da yük gəliblər, bu ayağıçarıqlı, çiynipatavalı... gəlib ki, buna bunun emissarlarının yedirtmək və yeritmək üçün konsepsiyasının mahiyyətindən dərs desin!
Qarşısına çıxmaq istədiyi (hələ çıxmayıb e, çağırmayıblar da, bu kərkinir).... Zatını bilir (amma mənim zatımı nümayiş etdirmək iddiası ilə gedən özü öz zatından xəbərsizdir), mahiyyətini bilir nə danışacağının (amma mənim adımdan danışmaq üçün gedən hələ də özü bilmir nə danışmalı olduğunu) və... fərqində deyil:
- Səni o vaxt kişi (bizim dillə desək), persona və subyekt (onların diliylə desək), tərəf-müqabil sayacaqlar ki, sən bütöv olacaqsan, biləcək ki, bilirsən əvvəl vururlar (vurduğun təsirlidirsə), sonra bölürlər (vura bildiyinin təsiri qarşılığında), baxırlar ki, nəyi nəyin üstünə gəlsinlər, axırda... qərara gəlirlər... kimi və nəyi çıxsınlar... sənin xatirinə!
Sənə ölüm hökmünü ÇIXARDIBLAR!
Sənin ailə institutunu BÖLDÜRÜBLƏR!
Səni geyə, cinsi azlığa VURDURUBLAR!
Sənin üstünə.... istədikləri kimi GƏL(DİR)İBLƏR!
Sən də... ağzıayrıq getmisən!
Baxır, baxır, baxır, 45 ilə birləşən... alman, 450 ilə Nyu-York yaradan ingilis, o boyda Luiziananı hindudan alıb ingilisə satan fransız, bu dünyanı idarə edən yəhudi... və arxayın olur: onun qabağındakı həmin o qorxduğu ZAT deyil, mahiyyətini dəyişmiş, içində şöhrət hərisliyi (200 il qabaqdan "malades sobak", 20 il qabaqdan isə "postmodern" birkası üçün) olan və nəfsgir bir miskin - nə fəth etməyi, nə birləşməyi, nə satmağı və almağı belə özüylə müqayisəyə gəlməyən... həpənd!
Rusun "poşyol von"una, ingilisin (almanın, fransızın, yəhudinin) "fak yu"suna hırıldayan... zırrama!
Təki desin ki... Vaşinqtona getmişdim, Londona çağırmışdılar, Parisdə Eyfeli gördüm!
Rəzalətin rəzillik dahiləri!
Buna deyəndə "kəndinə qayıt", elə bilir təzədən Qarabağı və daha yeddi rayonu qaytarıb... bunu atacaqlar Mərciməkə, Şınıxa, Mahmudluya, qoymayacaqlar burda yaşasın!
A bala, KƏNDİNƏ QAYIT - 3 imperiya qurub 17 imperiya dağıdan kəndinə... az məmnun ol bu "poşyol von"dan, "fak yu"dan!
Sənə "xoş gəldin"i BÜTÖV olanda deyəcəklər!
Almanlara 45 il salam verən olmadı!
O boyda divarı yıxdılar, bir dənə Arazı o yana keçə bilməməyin bir yana, Yevlaxı o yana keçə bilmirsən...
Sənin hər şeyin Yevlaxdan Şuşaya gedə bilməyindən sonra olacaq!
Onacan heç nəyin olmasa da, heç kim heç nə deyəsi deyil: tarix 7 ilə formalaşıb, 45 ilə dünyaya meydan oxumağın ən son nümunəsini görüb!
Ondan başqa da... Serbiya nümunəsini... 5 ilə!
Anlaşdıq?
di onda: günAYDIN, Vətənim!

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ