Əflatun Amaşov
Məni tanıyanlar yaxşı bilir ki, heç kəsin toyuğuna "kiş” deməmişəm. Kindən, küdurətdən uzağam. Barəmdə yersiz danışanlara, tənqid yağdıranlara münasibətdə norma gözləmişəm. İnanın ki, onlar sonradan üzr istəyəndə heç nə olmamış kimi gülümsəmişəm. Özüm qəsdən mövzudan uzaqlaşmışam ki, utanmasınlar. Mən beləyəm.
Jurnalistlər hörmətli Vahid müəllimin (Milli Məclisin deputatı Vahid Əhmədovun) mediaya açıqlamasında mənim adımın da çəkilməsinə münasibətimi öyrənmək istəyərkən cavabdan yayındım. Yeri gəlmişkən, sağ olsun, həmkarlarım ağına-bozuna baxmadan haradasa diqqət çəkən yazı peyda olan kimi bir göz qırpımında, ya özlərinə məxsus saytlarda, ya da sosial şəbəkələrdə paylaşırlar, diqqətçəkən sərlövhələrlə mövzuya sanki rəng qatırlar. Nəyə görə həmkar məsələsini qabardıram. Çünki həmkarlarıma həmkar kimi yanaşmışam…
Bəzən hansısa məsələyə mülayim münasibət açıqlamışam və bilmişəm ki, bu, adekvat deyil. Ümumən tam adekvatlıqdan yayınmışam. Sadəcə ona ki, hər kəsdə daha çox müsbət nələrisə görməyə çalışmışam. Lakin elə məsələlər olur ki, həddən artıq ictimailəşir. İstər-istəməz düşünürsən və çox təəssüf ki, cavab vermək məcburiyyətində qalırsan. Nə üçün təəssüf edirəm? Ona görə ki, bəzən həm cavablar, həm də ümumən hansısa açıqlanmış fikir müəyyən münasibətlər sisteminə, bəlli dəyərlərə zərbə vurur. Adam bir yaşa çatanda əldə etdiyi dəyərlər barədə düşünür və təbii ki, onları itirmək istəmir. Axı, bu dəyərlər asan qazanılmayıb…
Hər kəsin özünün doğruları, doğru hesab etdiyi baxışlar var. Hər kəs etdiklərinə görə cavabdehdir. Təbii, bəzi ziddiyyətlərin kökünü bilirəm. Ümumən şəxsi zəmindəki nələrinsə peşəkar müstəviyə daşınmasının tərəfdarı olmamışam. Kim nəyə görə meydandadır, nə üçün fikir bildirir, hər birindən kifayət qədər xəbərdaram. Hər kəsin öz oyununun, öz məqsəd və mənafeyinin olması reallığını qəbul edirəm. Qəbul etmədiyim isə haqsızlıqdır. Mən kimsəyə qarşı haqsız davranmamışam. Hər zaman cəmiyyət və media üçün məqbul, reallığa uyğun orta xəttin mütləq varlığına inanmışam. Bunun üçün çalışmışam. Bu gün də heç nə dəyişməyib. Media sahəsində islahatların aparılmasının, yeniliklərin tətbiqinin, şəffaflığın təmin olunmasının, xoşagəlməz halların araşdırılması və qanuna müvafiq surətdə qiymətləndirilməsinin tərəfdarıyam. Nə hörmətli Vahid müəllimin, nə də bir başqasının bu mövqeyimdən şübhəsi olsun.