SON DƏQİQƏ
» » “Yunus Oğuzun "Ovçu" romanı düşmənə tarixi dərsdir" - Əhməd Qəşəmoğlu

“Yunus Oğuzun "Ovçu" romanı düşmənə tarixi dərsdir" - Əhməd Qəşəmoğlu

Tarix:

21-03-2020, 17:55

/ 3 303 dəfə oxundu.
“Yunus Oğuzun "Ovçu" romanı  düşmənə tarixi dərsdir" - Əhməd Qəşəmoğlu


Mən hər dəfə  Yunis bəyin yeni bir roman yazdığını eşidəndə sevinirəm. Çünki onun hər bir romanı sadəcə bədii əsər yazmaq xatirinə yazılmış bir kitab olmur. Bu romanların hər biri xalqımızın qan yaddaşını, milli ruhunu oyatmağa, xalqda öz potensialına, öz gücünə inam yaratmağa, sabahkı böyük tərəqqiyə səsləyir.  Bizim bədii ədəbiyyatımızda bu sahədə çox böyük bir boşluq var. Bir necə dəyərli yazıçımızın az sayda bu tip əsərlərini hörmətlə yad edə bilsək də, ümumiyyətlə bu boşluğun miqyası çox böyükdür. Məhz bu boşluğun hesabınadır ki, bu günkü Azərbaycan əhalisi, Azərbaycan gəncliyi öz tarixi barədə, öz potensialı barədə lazımi  biliklərə malik deyildir. Bu biliklər olmadan ölkədə vətənpərvərlik hissi arzu olunan səviyyədə ola bilməz. Bu biliklərə malik olmayan adam özünə -  mən türkəm, azərbaycanlıyam, azərbaycançıyam deyə bilməz. Bu biliklərə malik olmayan şəxs başqa xalqların məlumatlı nümayəndələri arasında özünü hər zaman yiyəsiz-sahibsiz, arxasız hesab edir. Hətta bəziləri bu xalqa mənsub olduqlarına görə utanırlar. Belələri adətən başqa xalqın nümayəndələrinə yaltaqlanır, onların dilinin, mədəniyyətinin daşıyıcısı olmağa can atırlar.Belələrinin həyatı heç zaman dolğun bir insan həyatı olmur.
Xalqımızın çox zəngin tarixi, bu tarixdə qazandığı həyat təcrübəsi, bəşəriyyətin inkişafına yön vermişböyük şəxsiyyətləri, mədəniyyəti, fəlsəfəsi, olduqca mühüm dövlətcilik, hərb təcrübəsi var. Min illərin o üzündən formalaşan türk məfkurəsinin son minillikdə  islam fəlsəfəsi ilə qaynayıb-qarışmasında  formalaşan, müasir dövrün ahəngində zənginləşən indiki mədəniyyətimizin potensialından lazımi səviyyədə bəhrələnə bilməmiz üçün belə əsərlər, necə deyərlər, hava, su kimi qiymətlidir. Milli, müstəqil dövlət quruculuğunda belə biliklər əvəzsiz bir vasitədir.
Yunis Oğuz mənim üçün ona görə qiymətli bir yazıçı, dəyərli bir ziyalıdır ki, o gec-gündüz öz imkanları daxilində bu boşluğu doldurmağa çalışır.Tariximizin çox mühüm məqamlarını özündə əks etdirən tarixi romanlar yazır. Onları böyük tirajla nəşrelətdirir. Ödənişsiz olaraq insanlar arasında yayır. Bu əsərlərin oxunmasına, müzakirə olunmasına, mənimsənilməsinə çalışır. Bir ağıllı insan kimi gözəl bilir ki, bu əsərlər  bir çox insanın, xüsusi ilə böyüməkdə olan yeni nəslin qəlbindəki münbit bir aləmə düşəcək və qol-qanad verəcək. Ölkə üçün, xalq üçün dəyərli övladların, vətəndaşların yetişməsinə kömək edəcək.
Bir yazıçı kimi, əsasən tarixi romanları ilə məşhurlaşan Yunis Oğuzun "Ovçu"  romanı da onun yazıçı, ziyalı, vətəndaş meyarlarına uyğun bir şəkildə yazılmışdır. Vətənimiz indi mənfur bir düşmənlə üz-üzədir. Bu mənfur düşmən son iki əsrdə torpaqlarımıza göz dikən quduz güclər tərəfindən şirnikləndirilib, silahlandırılıb, həvəsləndirilib üstümüzə yeridilir. Virus xislətli bu düşmən  tariximizə, torpaqlarımıza, mədəniyyətimizə, canımıza, gələcəyimizə daraşıb.  Hər bir virusa qarşı ən güclü tədbir, orqanizmdə immunitetin artırılmasıdır. Yerdə qalan vasitələr köməkçi vasitələrdir. Eləcə də bu mənfur virusdan qorunmağımız üçün silah-sursatdan əvvəl vətənpərvərlik hissinin artırılmasıdır. O zaman əldə olan silah-sursat dad aha səmərəli istifadə olunur. Çox vaxt zəkanın, qəlbin  gücü silah-sursatdan min dəfə güclü olur. 
"Ovçu" romanı 2016 - cı ildə xalqımızın mənfur düşmənə qarşı mübarizəyə qalxdığı zaman baş verən hadisələrə həsr olunub. Bu hadisələr yaxın keçmişdə baş verib və hər kəsin yaxşı yadındadır. Bütün xalq ayağa qalxmışdı. Hər kəs bu mübarizəyə öz əlindən gələn köməyi etməyə can atırdı. Bütün ölkə dəniz kimi təlatümə gəlmişdi. Ordumuzda qulluq edən əsgərlər müqəddəs bir döyüşə girmişdi. Bu mübarizəmiz beynəlxalq səviyyədə, ədalətsiz olaraq, öz mənafeləri uğrunda çalışan güclər tərəfindən yarımçıq kəsildi.Amma həmin günlər bir sınaq günləri kimi tariximizdə çox mühüm günlərdir. Həmin günlər apardığımız müharib öz əksini bədii əsərlərdə də layiqli şəkildə tapmalıdır. Elə ona görə də Yunis Oğuz kimi bir yazıcı, qədim tariximizi əks etdirən romanlarının ardınca indiki tariximizi əks etdirən belə bir roman yazmağı da özünə borc bildi.
Romanda mənim diqqətimi cəlb edən bir neçə mühüm məqam oldu. Əsər qədim şərq üslubuna uyğun olaraq fəlsəfi yüklü bir hekayətlə başlayır və sonunda da həmin hekayətlə bitir. Dovşanları sincab vasitəsi ilə güllə atmadan tutan ovçunun hekayəti çoxmənalı bir hekayətdir. Dovşanların başına gələnlər olduqca düşündürücüdür və şərq üslubunda çoxqatlı fəlsəfi ümumiləşdirməyə imkan verir.
Aprel döyüşlərinin, tarixi keçmişimizdə baş verənlərlə birlikdə nəql edilməsi müəllifin  istifadə etdiyi çox uğurlu bir  bədii üslubdur. Romanı oxuyan hər bir oxucunun diqqəti ona cəlb olunur ki, bizim çox zəngin, şanlı bir tariximiz var. Bu tarixdən ibrət götürüləsi çox şeylər vardır. Yəni bir  sıra tarixdən xəbərsizləri hərdən xəriflədiyi kimi, xalqımız zəif, tarixi olmayan bir xalq deyil. Onun tarixdə Səlcuq hökmdarları, xüsusi ilə Alp-Arsal kimi, Nadir şah kimi cahangirləri olub.  Bu paralellər birbaşa oxucunu tarixi proseslərin ovqatına kökləyir. Azərbaycanı sevən adamlarda qürur hissi yaradır. Düşmənə isə bir tarixi dərs verir. Əsər bu tarixi paralellərlə müqayisədə yazılmasaydı çox şey itirər, sıradan bir povest olardı.
Romanda ermənilərin bütün tarix boyu malik olduqları xislətləri təhlil edilir, hər bir tarixi şəraitdən öz çılız mənafeləri üçün necə istifadə etdikləri, buna adekvat olaraq dərs aldıqları da  əks olunur. Onlar istər Alp-Arsalan, Şirvanşahlar dövründə, istər  Nadir şahın dövründə, Sovetlərin dövründə eyni xislətə, eyni mənəviyyata malik olmuşlar. Güclünün tulası olmağa, bununla yararlanmağa çalışmışlar. 1948 - ci ildəxalqımızın Göyçədən, Basarkeçərdən deportasiya olunduğu zaman baş verən hadisələrin ağrılı mənzərələri oxucunun ürəyini ağrıdır. Özünü bilməməzliyə qoyan bəzi insanların diqqəti Qarabağ mübarizəsinin yalnız 1988 - ci ildə başlamadığınayönəldilir. Təsvir edilir ki, hələ XIX əsrinəvvəllərindən başlayan bu proses 2-ci dünya müharibəsindən sonra daha da gücləndi, daha da mənfur xarakter aldı...
Əsərdə ən maraqlı obraz əsərin qəhrəmanı Murad obrazıdır. Murad obrazının misalında xalqımızın əsil-kök, qan yaddaşı, əsil-nəcabət məsələsinə verdiyi önəm diqqət mərkəzinə çəkilib. Bu misal onu göstərir ki, hər bir şəxs yalnız öyüd-nəsihət, təhsil hesabına, yaşadığı mühitin təsiri altında formalaşmır. Əgər bəziləri hər bir körpəni hələ yazılmamış ağ kağıza bənzədirsə, Yunis Oğuz deyir ki, bu ağ kağızların hamısı eyni materialdan yaranmayıb. Onların hamısının keyfiyyəti, xüsusiyyəti eyni deyil. Əsərin qəhrəmanı Muradın lap ulu babası dəmirçi Murad Alp-Arslanın apardığı müharibələrdə mühüm rol oynayıb. Sonrakı babalarından biri olan Murad xan Nadir şahın qəhrəman sərkərdəsi olub. O qan, o ruh onun şəcərəsində davam edib. 1948 - ci ildə Göycədən deportasiya zamanı bu şəcərədən olan başqa bir Murad çox mərdanəliklə torpağı uğrunda həlak olub. Həmin Murad baba barədəki xatirələr gənc Muradın da  birşəxsiyyətli insan, vətəndaş kimi formalaşmasında, peşə seçməsində mühüm rol oynayıb. Əsərdə Murad nümunəvi bir şəxs, qəhrəman kimi təsvir olunub. O istər təhsildə, qarşısına qoyduğu məqsəd naminə xarici dilləri öyrənməkdə, istərsə də ailədə, sevgilisinə münasibətdə nümunəvi bir obrazdır. İnanıram ki, bu obraz bir çox yeniyetmələrimizin  vətənpərvər  bir əxlaqla formalaşmasında çox müsbət rol oynayacaq.
Müəllifin bu ümumiləşdirməsi olduqca mühümdür.Bununla xalqımızı sevməyən bütün qara qüvvələrə mesaj verilir ki, bu xalqı məhv etmək olmaz. Bu xalqın qan yaddaşı, nəsli-nəcabəti payızlıq buğda bütün qış uzunu münbit şərait gözlədiyi kimi, münbit bir tarixi dövr gözləyir. Allahın nizamı, təbiətin qanunauyğunluğu ilə bu münbit şərait yetişəcək. O zaman öz xisləti ilə tarixə ləkə kimi düşən düşmənlər öz payını alacaqlar. Eyni zamanda müəllif özümüzə də müsaj verir ki, əsilli nəcabətli insanların qədrini bilməklə, onların potensialından düzgün istifadə etməklə biz daha çox uğur qazana bilərik.
Romanın ən müsbət tərəflərindən biri də müharibə səhnələrində qəhrəmanlıq əhval ruhiyyəsinin təbliğidir.Yoxsa son zamanlar müharibə mövzusunda yazan bir sıra yazıçılarımızın əsərlərində hansısa ədəbi "...izm"  cərəyanının təsiri altında elə səhnələr verilir ki, bu insanlarda ruh düşgünlüyü yaradır. Təbii ki, hər bir hadisədən danışmaq olar. Amma baxır necə?Mopassanın bir "Pışka"  adlı əsəri var. Orda hər zaman öz yüngül əxlaqı ilə tanınan bir fransız qadının müharibə zamanı almanlar qarşısında necə bir vətənpərvərlik nümayiş etdirdiyi əks olunub. Müharibə aparan ölkədə belə əsərlərə ehtiyac daha çoxdur. Xalqı aşağılayan, ruhdan salan "əsərlər" əslində müəllifin zəifliyinin göstəricisidir.
Əsərin müsbət xüsusiyyətlərindən biri də torpaqlarımız uğrunda gedən mübarizədə xalqın, ordunun, dövlətin bir yerdə mübarizə aparmasının əks olunmasıdır. Bu mübarizədə Ali baş komandan, Dövlət qurumlarındakı əməkdaşlar, müdafiə naziri, ordudakı generallar, zabitlər, sıravilər, əhalinin bütün təbəqəsi ancaq vətənin xilası barədə düşünür, bünun üçün əlindən gələni etməyə çalışır. Həm beynəlxalq güclərə, həm mənfur düşmənlərə qarşı mübarizədə ciddi fəaliyyət göstərirlər.  Belə bir təsvir oxucuda optimist bir əhval-ruhiyyə yaradır, onu da mübarizəyə səsləyir.
Təbii ki, əsərdə ədəbi tənqid baxımından da xoş məramla tənqid olunası bir sıra məsələlər də vardır. Mən romana ədəbi tənqid baxımından yox, sosioloji baxımdan baxdım.
Yunis bəyi və bütün oxucuları belə bir roman münasibəti ilə təbrik edirəm. Düşünürəm ki, əsərin ekranlaşmasına ciddi ehtiyac vardır.

 
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ