Deputat: “Atabəy Eldəniz” romanı gənc tarixçilər, siyasətçilər üçün çox zəngin materialdır”-FOTO

Bu gün yazıçı-publisist Yunus Oğuzun yeni nəşr olunan “Atabəy Eldəniz” tarixi romanının təqdimatı keçirilib.

Gunaz.az-ın məlumatına görə, təqdimatda millət vəkili, ictimaiyyət nümayəndələri və digər qonaqlar iştirak edib.

Tədbiri giriş sözü ilə açan yazıçı, jurnalist Rəşad Məcid kitabın əhəmiyyəti haqqında danışıb və kitabın tariximizin öyrənilməsi üçün mühüm vəsait olduğunu diqqətə çatdırıb.

Daha sonra çıxış edən Milli Məclisin deputatı Nizami Cəfərov bildirib ki, Y.Oğuz Azərbaycanda tarixi romanşünaslığı zənginləşdirir. N.Cəforov qeyd edib ki, müstəqil Azərbaycanda tarixi romandan danışanda Y.Oğuz birincidir: “Yunus Oğuz həm tarixi, həm tarixin fəlsəfəsini, həm dili yaxşı bilir, romanlarını hər kəsin aydın başa düşəcəyi üslubda təqdim edir. Yunus Oğuzun romanları Azərbaycan tarixini demək olar ki, bütövlükdə əhatə edir”.

Deputat qeyd edib ki, “Atabəy Eldəniz” romanı gənc tarixçilər, siyasətçilər üçün çox zəngin materialdır və burada bütün məsələlər araşdırılıb ətraflı şəkildə təqdim olunub.

Daha sonra çıxış edən xalq şairi Sabir Rüstəmxanlı bildirib ki, Y.Oğuz tariximizin ən parlaq səhifələrindən biri olan milli xalq hərəkatında fəal iştirak edib. O qeyd edib ki, Y.Oğuz həmişə öz fəallığı ilə seçilib. Onun sözlərinə görə, Y.Oğuz bu romanda öz mövqeyini ortaya qoyub: “Bu roman Yunus Oğuzun öz baxışları, araşdırmaları nəticəsində ərsəyə gəlib. Tarixi romanları yazmaq üçün tarixi, onun fəlsəfəsini yaxşı bilmək lazımdır. Yunus Oğuz tarixi yaxşı bildiyi üçün onun əsərləri tarixi romanlar içərisində seçilir".

Tədbirdə çıxış edən Milli Məclisin deputatı Qənirə Paşayeva da romanın əhəmiyyətindən danışaraq bu əsərin xaricdə təbliğatının vacibliyini bildirib. Q.Paşayeva romanın gənc nəsillər üçün vacib əhəmiyyətini qeyd edib.

Digər iştirakçılar da romanın tariximizin öyrənilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.

Əsərin müəllifi Y.Oğuz vurğulayıb ki, “Atabəy Eldəniz” tarixi romanı onun 2017-ci ildə yazdığı ikinci romanıdır. O qeyd edib ki, roman Azərbaycan tarixinin çox qaranlıq və keşməkeşli bir dövrünü əhatə edir: “Roman 1136-cı ildən 1225-ci ilə qədər dövrü əhatə edən Azərbaycan Atabəylər dövlətinin yaradılması və onun fəaliyyəti haqqındadır”.

Y.Oğuz qeyd edib ki, romanda o dövrün təlatümləri, keşməkeşləri, atabəylərlə terrorçu xaşxaşilərin mübarizəsi əhatə edilir.

 

скачать dle 10.6фильмы бесплатно
Video