SON DƏQİQƏ
» » “Gəlin birgə oxuyaq!” şüarı altında “Oxu günü” təşkil olunub

“Gəlin birgə oxuyaq!” şüarı altında “Oxu günü” təşkil olunub

Tarix:

29-04-2017, 15:30

/ 5 111 dəfə oxundu.
“Gəlin birgə oxuyaq!” şüarı altında “Oxu günü” təşkil olunub

Aprelin 29-də Heydər Əliyev Mərkəzinin parkında "Gəlin birgə oxuyaq!” şüarı altında "Oxu günü” təşkil olunub.
 Heydər Əliyev Mərkəzi, Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və "Hədəf Nəşrləri”nin təşkilatçılığı ilə keçirilən tədbirin məqsədi yeniyetmə və gənclər arasında mütaliəyə marağın artırılması, oxu vərdişlərinin inkişafına nail olmaqdır.
Tədbirdə Heydər Əliyev Mərkəzinin Heydər Əliyev irsinin tədqiqi və elmi araşdırmalar departamentinin direktoru
Məhəbbət Mehdiyeva çıxış edərək tədbirin əhəmiyyətindən söz açıb. "Təcrübə göstərir ki, kitab hər zaman olduğu kimi müasir texnologiyaların inkişaf etdiyi bir dövrdə də öz dəyərini, qiymətini qoruyub saxlayır. Kitab xalqların milli dəyərlərini, milli mənəviyyatını gələcək nəsillərə çatdırmaq üçün çox gözəl vasitədir. Ulu öndər Heydər Əliyev deyirdi: "Biz hamımız təhsilimizi, elmimizi kitablardan almışıq. Ona görə də hamımız kitaba borcluyuq”. Heydər Əliyev Fondu da fəaliyyətə başladığı ilk günlərdən bir çox kitabları nəfis şəkildə nəşr etdirməyi öz prioritet istiqamətlərindən biri kimi seçib. Əminliklə deyə bilərik ki, bu baxımdan Azərbaycan mədəniyyətini və milli dəyərlərini təbliğ edən nəşrlərin dünyaya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın xidmətləri danılmazdır. O, bu istiqamətdə yorulmaz əməyi ilə çoxsaylı işlər görüb. Fondun nəşr etdiyi kitablar arasında uşaq ədəbiyyatı da mühüm yer tutur. Bu gün Fondun bu istiqamətdə layihələrini Heydər Əliyev Mərkəzi də uğurla davam etdirir. Bugünkü möhtəşəm tədbir bunun bariz nümunəsidir”, - deyə M. Mehdiyeva vurğulayıb.
Təhsil nazirinin müavini
Firudin Qurbanov belə tədbirlərin ölkəmizin ictimai həyatında mühüm hadisə olduğunu söyləyərək kitaba verilən dəyərdən danışıb. Nazir müavini "Oxu günü”nün gənclərimizin mədəni və mənəvi səviyyəsinin formalaşmasına müsbət təsir edəcəyini bildirib. Deyib ki, eyni zamanda, kitab oxumaq və kitaba bağlılıq ənənəsi gənclərin bilik səviyyəsinin artmasına da öz təsirini göstərəcək.
"Çox yaxşı haldır ki, bu tədbir Heydər Əliyev Mərkəzinin parkında gerçəkləşib. Çünki Ulu Öndər gənclərin kitab oxumaları, mütaliə etmələri və yaxşı vətəndaş olmaları üçün hər zaman öz tövsiyələrini verib. Heydər Əliyev deyirdi: "Ədəbiyyatını bilməyən dilini bilməz, ədəbiyyatını bilməyən mədəni insan ola bilməz”. Bu baxımdan Ümummilli Lider həmişə elmə, təhsilə, biliyə və ən əsası oxumağa xüsusi diqqət yetirib. Dahi şəxsiyyətin adını daşıyan Mərkəzin ətrafında belə möhtəşəm tədbirin təşkili əlamətdardır”, - deyə nazir müavini vurğulayıb.
Firudin Qurbanov ümumi təhsil müəssisələrində şagirdlərin mütaliəsi işinin təşkil edilməsi, onların mütaliəyə həvəsinin daha da gücləndirilməsi və mütaliə vərdişlərinin inkişaf etdirilməsi yönündə keçirilən tədbirlərdən danışıb.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri
Məhəbbət Vəliyeva layihənin önəmini vurğulayaraq bildirib ki, "Oxu Günü”ndə paytaxtın 60-dək ümumtəhsil məktəb və liseyinin şagirdləri iştirak edirlər. İştirak edən şagirdlərin maraqlı çıxışlarla təmsil olunduğunu söyləyən M.Vəliyeva diqqətə çatdırıb ki, məktəblilər oxuduqları əsərlər əsasında canlı debatların aparılması üzrə strategiyanı nümayiş etdirəcəklər. Tədbir çərçivəsində kitab sərgilərinin təşkilinin əhəmiyyətindən bəhs edən natiq sərgidə, eyni zamanda, tanınmış yazıçıların öz kitablarını iştirakçılara hədiyyə edəcəyini də vurğulayıb.
Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik
İsa Həbibbəyli elm adamı kimi "Oxu Günü”nə öz xeyir-duasını verərək layihənin gənclərimizə faydalı olacağını deyib.
"Kitab insanları, xüsusən gənclərimizi bilikli olmağa, gələcəyi aydın şəkildə görməyə, öz mövqeyini düzgün çatdırmağa kömək edən nadir vasitələrdən biridir. "Oxu Günü”nün keçirilməsi, həm də elm və bilik bayramının keçirilməsi deməkdir. Bu tədbir, eyni zamanda mütaliə mədəniyyətinə, kitaba çağırış deməkdir. Kitab sözün əsl mənasında müəllimdir, həyat dərsliyidir”, - deyə İ.Həbibbəyli bildirib.
Kitabın mükəmməl elmə yiyələnmək üçün qızıl açar olduğunu söyləyən akademik geniş informasiya məkanı mühitində kitabın yeri, mövqeyi, əhəmiyyəti haqqında ətraflı danışıb.
Xalq Yazıçısı
Çingiz Abdullayev, "Hədəf” nəşriyyatının rəhbəri, filologiya elmləri doktoru Şəmil Sadiq çıxış edərək tədbirin əhəmiyyətindən, kitaba verilən dəyərdən, gənclərin mütaliəsinin vacibliyindən danışıblar.
Sonra qonaqlar kitab sərgiləri ilə tanış olublar.
Qeyd edək ki, "Oxu Günü”ndə məktəblilərin iştirakı ilə ayrı-ayrı əsərlərin müzakirələri aparılacaq, pantomima tamaşa, kitabların fərdlər üzərində əhəmiyyətini vurğulayan səhnəciklər, "fləşmob” və digər təqdimatlar olacaq.
Tədbir çərçivəsində bədii-elmi kitabların sərgisi də keçirilib. Nəşrlər iştirakçılara həm ödənişsiz paylanılıb, həm də güzəştli şərtlərlə satılıb.
"Oxu Günü” tədbirinə giriş sərbəstdir.(AZƏRTAC)

“Gəlin birgə oxuyaq!” şüarı altında “Oxu günü” təşkil olunub

 

“Gəlin birgə oxuyaq!” şüarı altında “Oxu günü” təşkil olunub

 

“Gəlin birgə oxuyaq!” şüarı altında “Oxu günü” təşkil olunub

 

“Gəlin birgə oxuyaq!” şüarı altında “Oxu günü” təşkil olunub

 

“Gəlin birgə oxuyaq!” şüarı altında “Oxu günü” təşkil olunub

 

“Gəlin birgə oxuyaq!” şüarı altında “Oxu günü” təşkil olunub

 

“Gəlin birgə oxuyaq!” şüarı altında “Oxu günü” təşkil olunub

 


GUNAZ.az

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ