SON DƏQİQƏ
» » Qəlbi dağ çaylarının zümzüməsindən su içmiş şair

Qəlbi dağ çaylarının zümzüməsindən su içmiş şair

Tarix:

13-04-2017, 17:39

/ 4 069 dəfə oxundu.
Qəlbi dağ çaylarının zümzüməsindən su içmiş şair

Pirallahıda Baba Vəziroğlu ilə görüş keçirildi
 
Qədim Pirallahıda Rayon İcra Hakimiyyəti rəhbərliyinin, Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin nümayəndələrinin, Pirallahı rayonunda fəaliyyət göstərən idarə və müəssisələrin əməkdaşlarının, məktəblilərin iştirakı ilə tanınmış nasir, şair, tərcüməçi, kinodramaturq, 1981-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, 1988-ci il respublika komsomolu mükafatı laureatı, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, hamımızın Baba Vəziroğlu kimi tanıdığımız Baba Vəzir oğlu Məsimovla görüş keçirilib.
Vaqif Mustafazadə adına Mədəniyyət Mərkəzinin böyük zalında baş tutmuş tədbirdən öncə iştirakçılar şairin kitablarından ibarət foyedə təşkil olunmuş sərgi ilə tanış olublar. Tədbiri açıq elan edən aparıcılar Pirallahı sakinlərinin də yaxından tanıdığı, şeirlərini sevə-sevə oxuduğu, sözlərinə bəstələnmiş mahnıları böyük məhəbbətlə dinlədiyi Baba Vəziroğlu haqqında geniş məlumat  veriblər. Bildirilib ki, İsmayıllı rayonunun Hacatamlı kənd orta məktəbini bitirdikdən sonra "Pravda" kolxozunda işləyən gənc Baba Vəziroğlu ali təhsilini Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsində davam etdirib, M.Qorki adına Ədəbiyyat İnstitutunun nəsr şöbəsini qiyabi bitirib. Ötən əsrin 70-ci illərində Azərbaycan Komsomolu Mərkəzi Komitəsinin qərargahında ədəbi işçi, Azərbaycan Yazıçılar İttifaqında bədii ədəbiyyatı təbliğ bürosunda təlimatçı olub, 1991-ci ilə qədər Azərbaycan Yazıçılar İttifaqında məsləhətçi işləyib. "Molla Nəsrəddin" jurnalının baş redaktoru olmaqla bərabər Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin üzvü seçilib. Şair ədəbi fəaliyyətə 1976-cı ildə "Ulduz" jurnalında çap etdirdiyi "Bir yaz axşamı" hekayəsi ilə başlayıb. Həmin vaxtdan Baba Vəziroğlu dövri mətbuatda şeir və nəsr əsərləri ilə fəal çıxış edir. Klassik rus şairlərindən tərcümələr edib. Əsərləri xarici ölkə xalqlarının dillərinə tərcümə olunub. Baba Vəziroğlunun 1000-dən artıq şeirinə mahnı bəstələnib. O, həm də istedadlı ssenaristdir. Görkəmli oftalmoloq alim Zərifə xanım Əliyevanın həyatından bəhs edən "Haradan başlanır vətən", "Elegiya" sənədli filmlərinin, eləcə də "Həsən Seyidbəyli", dünya şöhrətli müğənni Rəşid Behbudovu tərənnüm edən "Yeri boş qalan adam", əvəzsiz aktyor Həsən Turabovun ömür yolunu işıqlandıran "Sənsiz və ya ömrün son axşamı", bəstəkar Oqtay Kazımova həsr olunmuş "Beş nəğməlik ömür" və digər sənədli filmlərin ssenari müəllifi Baba Vəziroğludur. O 1983-cü ildə alman dramaturqu İon Luka Karacalenin "İtirilmiş məktub" pyesini Azərbaycan dilinə müvəffəqiyyətlə tərcümə etdiyinə görə keçmiş SSRİ Mədəniyyət Nazirliyi və Ümumrusiya Teatr Cəmiyyətinin diplomuna layiq görülüb. Baba Vəziroğlunun sözlərinə bəslənən "Bağışlaram səni” mahnısının sədaları altında xalq artisti Mübariz Tağıyev, Bəstəkar Sevinc Tofiqqızı, Şeyx Əbdül Mahmudov, istedalı müğənni Çinarə Məlikzadə, xanəndə Mütəllim Dəmirov səhnəyə dəvət ediliblər. Pirallahı məktəblilərinin ifasında şairin "Taleyimdən keçən gün”, "Nəyi gözləyirsən”, "Kim bilir”, "Bu axşam”, "Hava”, "Gözüm səni axtaracaq”, "Dəniz”, "Xatirələr” şeirləri səsləndi. Şeyx Əbdül Mahmudov, Mübariz Tağıyev, Sevinc Tofiqqızı öz çıxışlarında adını müqəddəs Baba dağından almış, qəlbi dağ çaylarının zümzüməsindən su içmiş, şeirləri meşələrimizin qəlblərə hopan tər-təmiz havası ilə nəfəs alan şairimizin nəsr və nəzm sahəsində qazandığı uğurlardan söz açıblar, "Səhər qatarı", "Yaddan çıxan görüş", "Ocaq", "Yol", "Dünya dəyməz göz yaşına" kimi kitabların ədəbiyyatımıza dəyərli töhfə olduğunu bildiriblər. Mübariz Tağıyev, Çinarə Məlikzadə və Mütəllim Dəmirovun canlı ifasında şairin sözlərinə yazılmış mahnılar dinləyicilərin zövqünü oxşayıb.  Oxucuları qarşısında bədii hesabat xarakterli çıxışı və söylədiyi yeni şeirləri ilə alqışlar qazanan Baba Vəziroğlu görüş iştirakçılarının sevimli şairə ünvanladığı çoxsaylı sualları da cavablandırıb. Tədbirin sonunda şairi bir daha ürəkdən salamlayan və yaradıcılığında yeni-yeni uğurlar arzulayan Pirallahı rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov ədəbiyyat sahəsində qazandığı nailiyyətlərə görə, eyni zamanda respublikanın ictimai-siyasi həyatında uğurlu fəaliyyəti ilə əlaqədar şair Baba Vəziroğlunun Rayon İcra Hakimiyyəti tərəfindən Fəxri fərmanla təltif edildiyini bildirib və mükafatı, eləcə də Pirallahı rayonunun simvolunun yeni maketini hörmətli qonağa təqdim edib. 

GUNAZ.az

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ