SON DƏQİQƏ

LƏNKƏRAN: UNİKAL QODONİMİN OLDUĞU ŞƏHƏR

Tarix:

27-05-2019, 13:41

/ 1 138 dəfə oxundu.
LƏNKƏRAN: UNİKAL QODONİMİN OLDUĞU ŞƏHƏR


Yunan dilində "yer adı" mənasını verən toponimlərin tərkib hissələrindən biri də qodonimlərdir.

 Qodonim yunan dilində "küçə, prospekt, döngə, dairə, meydan adı" deməkdir. Qodonimlər şəhər və qəsəbələr üçün xarakterikdir. Dünya praktikasından bəllidir ki, tanınmış şəxsiyyətlərin (alim, şair, yazıçı, incəsənət xadimi və d.), qəhrəmanların adlarını əbədiləşdirmək üçün (memorial\simvolik toponim) küçə və meydanlara onların adı verilir. Bəzən küçələrə orada yaşayanların əslən olduqları bölgənin (kənd, qəsəbə, şəhər, region), məşğul olduqları peşənin və digər adlar da verilir. Lənkəran şəhərindəki Qarabağlar (qarabağlılar), Qalayçılar (peşə), Hacılar (dini rütbə) küçələrini misal göstərmək olar. 
Lənkəran şəhəri Bakıdan 268 km aralıda, Bakı-Astara şose və dəmiryolunun üstündə, Xəzər dənizinin sahilində yerləşir. XVIII əsrdə şəhər, 28 iyul 1971-ci ildə isə respublika tabeliyində şəhər statusu almışdır. 01 yanvar 2019-cu ilin məlumatına görə şəhərdə 52.589 nəfər yaşayır. Lənkəran şəhər əhalisinin sayına görə respublikanın 77 şəhəri arasında 10-cu yerdədir. Lənkəranı digər şəhərlərdən fərqləndirən başlıca amillərdən biri burada yemək adı ilə bağlı yer adının olmasıdır. Yemək adı ilə bağlı yer adının olması dünya praktikasında olduqca nadir hallardan biridir. Lənkəran Azərbaycanda yeganə şəhərdir ki, burada yemək adı ilə bağlı yer adı vardır. Unikal qodonim olan bu yer adı "LƏVƏNGİ" və ya "LƏVƏNGİ DAİRƏSİ" adlanır. Şəhərin şimal-qərbində, Bakı-Astara və Lənkəran-Boradigah şose yolunun üstündə yerləşən bu ərazi öz adını talış mətbəxinin şahı ləvənginin adından götürmüşdür. Məlumat üçün qeyd edim ki, ləvəngi qoz ləpəsi və soğanın qarışığından əldə edilərək, qızardılacaq toyuq, quş və balığın, həmçinin badımcanın içinə doldurulur. 
"LƏVƏNGİ" şəhər daxili toponiminin yaranmasının maraqlı tarixçəsi vardır. Ötən əsrin 70-ci illərində salınmış yeni Bakı-Astara magistral yolunun şəhərin kənarından keçməsi "LƏVƏNGİ" toponiminin yaranmasına səbəb olmuşdur. Yeni magistral yol şəhərin kənarından keçdiyindən şəhərlərarası avtovağzal buraya köçürülmüş, burada ictimai-iaşə obyektləri və digər tikililər inşa edilmişdir. Yeni tikilmiş yeməkxanaya "LƏVƏNGİ" adı verilmişdir. Məhz həmin yeməkxananın adı ilə əlaqədar olaraq ərazi "LƏVƏNGi" və ya "LƏVƏNGİ DAİRƏSİ" adlandırılmışdır. "LƏVƏNGİ" Lənkəran şəhərinin Kiçik Bazar ərazisinə daxildir.

LƏNKƏRAN: UNİKAL QODONİMİN OLDUĞU ŞƏHƏRİldırım ŞÜKÜRZADƏ,

tədqiqatçı-tarixçi

P.S. Məlumat üçün qeyd edim ki, Lənkəran şəhər əhalisinin sayına görə respublikamızda Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Xırdalan, Naxçıvan, Şirvan, Şəki, Yevlaxdan sonra 10-cu şəhər, rayon əhalisinin ( 230 min nəfər; şəhər, kənd və qəsəbələr) sayına görə isə 1-cidir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ