SON DƏQİQƏ

Yalvarıram, evdə qalın!- Elçin Mirzəbəyli

Tarix:

2-04-2020, 16:28

/ 3 201 dəfə oxundu.
Yalvarıram, evdə qalın!- Elçin Mirzəbəyli


Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi son qərarlar zərurətdən doğan və bəlkə də bir çox vətəndaşımızın məsuliyyətsiz davranışlarına münasibətdə yetərinsə sərt olmayan qərarlardır.
Müşahidələrim də bunu söyləməyə əsas verir. Məlum olduğu kimi kütləvi informasiya vasitələri indiki şəraitdə çalışmaq və insanları marifləndirməyə davam etmək məcburiyyətindədirlər. Bu bizim peşə və vətəndaşlıq görəvimizdir. Bu səbəbdən mən də iş başındayam. Amma əməkdaşlarımızdan məsafədən işləməyi, redaksiyaya gəlməməyi rica etmişəm.
Bu gün evlə iş arasındakı, təxminən 10 kilometrlik məsafədə istisnasız olaraq karantin rejiminə əməl olunmadığının şahidi oldum. Mərkəzi küçələr və prospektlərdə piyada yürüyən, yaxud şəxsi nəqliyyat vasitəsi ilə hərəkət edənlərin sayı bir o qədər də çox deyil. Amma arxa küçələrdə, yaşayış binalarının arasından keçən yollarda vəziyyət tamamilə başqadır. Bayıldan "Gülüstan" sarayına doğru gələn yolda hər şey əvvəlki kimidir. Hər kəs sanki heç bir təhlükə yoxmuş kimi əllərini sağa-sola yelləyərək, qorunma olmadan, məsafə saxlamadan yürüyür, adamlar bir-birilərinin ağızlarının içərisinə girirlər. Taksi şoferləri isə özlərini xüsusi imtiyazlı, yaxud hətta virusun da toxuna bilməyəcəyi ilahi məxluqlar kimi aparırılar. Xüsusilə də Dövlət Dəniz Adminstrasiyasının yanında, təxminən 10 nəfər taksi sürücüsü elə iç-içə dayanıb söhbətləşirlər ki, sanki qişın şaxtasında ocaq başına toplaşıblar. Elə bu əraziyə nəzarət edən daxili qoşun təmsilçilərinin və polis nəfərlərinin məsafə saxlamadan, maskalarını çənələrinin altına endirərək yürümələrini də anlaya bilmədim. Qorunmaq üçün onlara verilmiş vasitələrdən istifadə etmədən, 20 santimetrlik bir məsafədən bir-biri ilə zarafatlaşan qanun keşikçilərimiz, məgər bunun nə qədər təhlükəli olduğunu başa düşmürlər? Digər tərəfdən,öz həyatlarını təhlükə qarşısında qoyub asayişin və vətəndaşların təhlükəsizliyinin keşiyində dayanan dəyərli qardaşlarımız hansı səbəbdən karantin rejimi qaydalarına əməl etməyən taksi şöferlərinin məsuliyyətsizliyinə göz yumurlar? Doğrusu, anlaya bilmədim. Gecə-gündüz bilmədən çalışırsınız, həyatınızı təhlükəyə atırsınız, heç olmasa öz zəhmətinizi, fədakarlığınızı heçə endirməyin!
Ərzaq mağazalarında da vəziyyət, elə əvvəlki kimi, yəni ürəkaçan deyil. Maskasız, əlcəksiz, məsafə saxlamayan məsuliyyətsiz adamlar, sanki "qapıları" üzlərinə bağlanmış meydan və parkları super və hipermarketlərlə əvəzləyiblər. Dəhşətə gəlirəm, vallah! Adamlar onlara lazım olan ərzaq və digər məhsulları alıb evlərinə getmək əvəzinə super və hipermarketlərin geniş ərazisindən gəzinti meydanı, yaxud park kimi istifadə edirlər. 2-3 nəfərlik qrup halında dolaşır, təxminən 1 saata yaxın vaxt "xərclədikdən" sonra, yenə də məsafə saxlamadan, əllərindəki içərisində 1-2 ərzaq məhsulu olan səbətlə kassaların ətrafında əsl izdiham yaradırlar. Doğrudanmı bizim əziz, dəyərli vətəndaşlarımız koronavirusun nə qədər təhlükəli olduğunu başa düşmürlər? Doğrudanmı dünyanın ayrı-ayrı ölkələrində baş verən insan faciələrindən xəbərləri yoxdur?
Adamlar ölür, əziz qardaş və bacılarım! Milli mənsubiyyətindən, dinindən, hansı ölkədə yaşamasından asılı olmayaraq, virus bütün insanlara öldürücü təsir göstərir. Virus çinli, italyan, ingilis və azərbaycanlı arasında heç bir fərq qoymur. Başa düşürsünüz?! İnsafınız olsun! Özünüzə, övladlarınıza acıyın! İçi, ruhu gələcəyə ümidlə dolu günahsız insanlara rəhminiz gəlsin! Sizin təhlükəsizliyiniz üçün gecə-gündüz bilmədən çalışan insanların dövlətin əməyini yerə vurmayın!
Yalvarıram, evdə qalın!
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ