SON DƏQİQƏ

… həmin şəxs Allaha istehza etmiş sayılır…

Tarix:

23-09-2019, 13:09

/ 1 563 dəfə oxundu.
… həmin şəxs Allaha istehza etmiş sayılır…

Elvin ARİFOĞLU
“Dost” jurnalının baş redaktoru

Hər şeydən əvvəl bunu bilməliyik ki, tövbəni pozanlar Allahın varlığına inanan və Allaha iman gətirən kəslərdirlər.

Çünki əgər bir insan etdiyi pis əməlin günah olduğunu dərk edərək  peşman olub Allahdan bağışlanma istəyirsə, yəni tövbə edirsə deməli, bu hərəkət (tövbə) həmin günahkar insanın Allaha inandığından və Allahın mərhəmətini və lütfünü başa düşməsindən irəli gəlir.
Hərçənd bir çox insanlar zəif iradəli, səbirsiz və dünyaya vurğun olduqlarından şeytanın vəsvəsələri qarşısında, eləcə də nəfsin quduzluğuna tab gətirə bilməyərək onlara təslim olur, tövbələrini sındırır yenidən günah edirlər. Amma günahı etdikdən sonra nəfsin müvəqqəti sakitləşməsi ilə yenidən ağıla tabe olur, Allahın varlığı yadına düşür, Allahın mərhəmətinin böyüklüyü onun növbəti dəfə tövbə etməsinə səbəb olur.
İnsanın etdiyi tövbəni pozmasının səbəblərindən biri də onun əqidə və etiqadının zəif olmasıdır, etiqadın zəifliyi isə din elmində məlumatsızlıq, insanın etiqad etdiyi şeyləri elm ilə təsdiq edə bilməməsindəndir.
Odur ki, Qurani-kərimin Nisa surəsinin 136-cı ayəsində buyurur:

“Ey iman gətirənlər! Allaha və Peyğəmbərinə, Onun Öz Peyğəmbərinə endirdiyi Kitaba (Qurana) və ondan əvvəl nazil etdiyi kitablara iman gətirin!”

Gördüyünüz kimi bu ayədə Allah Taala bütün möminlərdən, yəni Allaha, Peyğəmbərə və Qurana iman gətirmiş insanlardan iman gətirmələrini istəyir. Bunun mənalarından biri də budur ki:
“İmanınızı, əqidə və etiqadınızı Elm və Mərifət ilə möhkəmləndirin ki, imanın ən yüksək zirvəsi olan Yəqin məqamına yalnız bu yolla çata bilərsiniz, həm də yalnız bu yolla bütün günahlardan uzaq olaraq şeytanın vəsvəsələrindən və nəfsin hiylələrindən qurtula bilərsiniz.”

Odur ki, zəif imanılı insan şeytanın və nəfsin qarşısında məğlub olaraq günah edir, lakin Allah Taala öz rəhmi, lütf və mərhəməti əsasında Tövbə qapısını həmişə açıq saxlayır ki, günah etmiş insan etdiyi günahdan peşman olduqdan sonra tövbə etsin, Ona tərəf qayıtsın. Təbiidir ki, tövbənin əsası etdiyi işdən peşman olmaq və həmin işi heç vaxt etməyəcəyini qərara almaqdır. Amma şeytanın və nəfsin qarşısında zəif olan insan qəlbi istəməsə də onlara məğlub olaraq günah edir, bu halda da həmin insan qəlbən peşman olaraq tövbə edə bilər.
Əlbəttə, Qurani-kərim ayələrinə əsasən tövbəni qorumaq ağır və çətindir, bunun öhdəsindən yalnız səbirli, güclü imana malik və dünya malına bağlılığı olmayan insanlar gələ bilirlər.
Halbuki bir çox insanlar şeytanın və nəfsin istəklərinin qarşısında axıra qədər müqavimət göstərə bilməyərək gec-tez  təslim olur və günah edirlər.
Belə olduğu təqdirdə heç bir şəxs deməməlidir ki, mən bir neçə dəfə tövbə etmişəm və sonra sındırmışan, buna görə də daha tövbə etməyəcəyəm çünki tövbəm daha qəbul olmaz.
Bu cür təfəkkür tərzi yanlışdır, həm də Allahın rəhmət və mərhəmətindən ümidsiz olmaqdır. Bildiyiniz kimi böyük günahların içində Şirkdən (Allaha şərik qərar qoşmaqdan) sonra ikinci ən böyük günah “YƏS” , yəni Allahın rəhmətindən ümidsiz olmaqdır.
Deməli, insan şeytanın və nəfsin vəsvəsələri nəticəsində hətta yüz dəfə tövbəsini pozarsa belə yenə də Allah Taalanın dərgahına üz tutaraq tövbə etməlidir ki, Allah tövbələri qəbul edəndir.
Allah Taala Qurani-kərimiz bir çox ayələrində, o cümlədən: Bəqərə surəsinin 31, 54, 128 və 160-cı ayələrində, Tövbə surəsinin 16, 64, 104 və 118-ci ayələrində və sair, bu incəliyə işarə edir ki, əgər insan etdiyi tövbəni sındırarsa və tövbəsinə vəfalı olmazsa belə, yenə də Allah Taala çoxlu tövbə qəbul edən olduğu, möminləri və xatakar müsəlmanları Öz rəhimliyinin mərhəmətinə şamil etdiyi üçün günah etmiş şəxsin tövbəsini qəbul edərək onu yenidən rəhmət gölgəsinin altına alır. Bir şərtlə ki, həmin şəxs etdiyi günaha görə qəlbən, ürəkdən peşman olsun və o günahı bir də təkrarlamaq fikrində olmasın.
Amma əgər tövbə edən şəxs qəlbində peşman olmadan tövbə edərsə və ya fürsət düşən kimi yenidən o günahı edəcəyi fikrində olarsa bu adam əslində Allahın istehza etmiş sayılır, həm də onun tövbəsi qəbul deyil. Həm də bu hərəkət tövbə deyil, çünki tövbənin mənası qəlbən peşman olmaq, düz yola qayıtmaq və o günahı heç vaxt etməyəcəyi qərarına gəlməkdir.

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ