SON DƏQİQƏ

Mətbuatımızın “ekspert” bəlası

Tarix:

14-05-2019, 15:46

/ 660 dəfə oxundu.
Mətbuatımızın “ekspert” bəlası

 Asəf Abbasov

Bir anlıq yazıma haradan və nədən başlayacağım haqqında düşündüm. Çünki mövzu dərin, bir o qədər də ürəkağrıdıcıdır.

 Bu mövzuya müraciət etməyim də təsadüfi deyil. Belə ki, Azərbaycan o nadir ölkələrdəndir ki, hətta göy satana belə ekspert gözü ilə baxa bilirik və bunda heç bir qəbahət də görmürük. Nədən ki, ömrünün neçə illərini bu sahəyə - göy satmağa həsr edib. Belə deyək ki, bu sahədə əsl mütəxəssisdir, yəni potensial ekspertdir.

Marketlərdə satıcı işləyən iqtisadi, çayxanalarda “mənalı” söhbətlər edən siyasi, toylarda əlinə mikrofon alıb bir dənə “gözəl avazı” ilə mahnı oxuyan incəsənət və s. bu kimi sahələr üzrə də ekspertlərimiz var. Maşallah bu rəngarəng “mütəxəssislərimiz” də mətbuatımızın əsl simasına çevriliblər. Bu çoxlarına adi də gələ bilər. Yəni burada qəbahət heç nə görməzlər. Bəlkə də haqlıdırlar. Çünki dilimizdə ekspert sözünün mənasına diqqət çəksək görərik ki, izahlı lüğətdə bu “mubahisəli məsələlərin həlli üçün dəvət olunmuş mütəxəssis” kimi xarakterizə olunur. Yəni burada göstərilmir ki, əsl ekspert hansı ciddi kriteriyalara sahib olmalıdır. Belə deyək ki, yuxarıda qeyd etdiyim kimi göy satan da ekspert kimi çıxış edə bilər.

Bəs əslində əsl ekspert kim və necə olmalıdır? Həqiqətənmi bir sahədə bir neçə il çalışmaqla mütəxəssisə çevrilmək mümkündür?

Təbii ki, bunun bir cavabı var, xeyir. Əslində ekspert o şəxsdir ki, bu adı daşımaq üçün istənilən sahənin mütəxəssisi öz ixtisasını mükəmməl səviyyədə mənimsəməlidir. Yəni belə deyək ki, öz ixtisasını “4”-ə layiq bilirsə, onu ekspert adlandırmaq olmaz. Mütləq şəkildə o öz sahəsini “5”-ə layiq bilməlidir.

Bu gün Azərbaycanda kifayət qədər öz sahəsinin biliciləri olan şəxslər var. İstər siyasətdə, istər iqtisadiyyatda, mədəniyyətdə, incəsənətdə istərsə də digər sahələrdə. Bəs nədən bizim mətbuat bu biliciləri deyil, özünə sərf edəcək sözləri ala biləcəkləri şəxsləri “ulduz”a çevirirlər? Bax əsl bəla da buradan başlayır...

İndi isə gələk nədən bu mövzuya diqqət çəkməyimə. Çoxlarının evində və iş yerində olan dəvətsiz qonaq – televiziyada (nədən çoxları dedim, çünki hamının iş yerində olmur) telekanalların birində bir veriliş gedirdi. Diqqətimi çəkən həmin proqrama dəvət edilən “ekspertlər” oldu. Mövzu ailə dəyərlərinin qorunması, boşanmaların qarşısının alınması üçün hansı addımların atılması idi. Təbii ki,

mövzu aktual, günümüzdə həllini gözləyən ən vacib problemlərdən biridir. Çünki ilbəil boşanmaların sayındakı “artım dinamikası”nı hamımız görürük.

Diqqətimi çəkən verilişə bu mövzu ilə bağlı dəvət olunan 4 ekspert xanım oldu. Müxtəlif sahələrdə çalışan bu xanım ekspertlər o qədər “mənalı” fikirlər səsləndirirdilər ki, sanki bu mövzuda cəmiyyətə bir dərs keçirdilər. İkisini əvvəlcədən, digər ikisini isə verlişdə tanıdığım həmin “ekspertlər” xalqa nümunəvi ailə modelinin necə olmasını çox gözəl təsvir edirdilər. İlk baxışdan adam hesab edir ki, əsl öz sahəsinin biliciləri belə olar. Çünki fikirlərdə ailənin dağılmaması üçün arqumentlər çox səbatlı qoyulurdu.

Söhbət əsnasında məlum oldu ki, bu “səbatlı ekspertlər”imizin təəssüf ki, heç biri bu modelləri öz ailələrində tətbiq edə bilməyiblər. Onların hər biri ailə qurduqdan az bir müddət sonra boşanıblar. Təbii ki, mən də bir çoxları kimi boşanan insanlara normal baxıram. Yəni ailədəki ciddi problemlərin aqressiyaya çevrilərək daha da ciddi fəsadlar verməsindənsə valideynlərin (kişi ilə qadının) hörmətlə ayrılmasında heç bir qəbahət görmürəm. Gördüyüm qəbahət yalnız mətbuatımızdadır. Bu gün Azərbaycanda qurulmuş 30-40-50 illik nümunəvi ailələr var ki, onlar sözün əsl mənasında bu sahənin biliciləridir. Həmçinin bu sahənin əsl ekspertləri olacaq alim, ziyalı xanımlarımız var ki, onların verdiyi öyüd, nəsihət ailələrin qorunmasında başlıca missiya daşıya bilər. Necə deyərlər o şəxsin sözü cəmiyyətdə qəbul olunur ki, o nümunəvi insan obrazını həyatda göstərə bilir. Məhz ekspert seçərkən belə nümunəvi mütəxəssislərin dəvət olunaraq cəmiyyətə tövsiyə və məsləhət vermələri daha qəbul olunandır. Bunun üçün əziz həmkarlar, gəlin ekspert seçərkən daha diqqətli olaq!

 

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ