SON DƏQİQƏ

“Qadooyalım, Tahir dadaş”

Tarix:

8-05-2019, 20:17

/ 504 dəfə oxundu.
“Qadooyalım, Tahir dadaş”

Aydın Canıyev

İnsan bəzən elə istəyər ki, ayın 30-nu gətirsin ayın 5-nin yerinə, yaxud da ayın 3-nün peysərindən birini tutuzdursun göndərsin ayın o başındakı 27-nin yanına. Ancaq heç bir halda əlindən gələsi iş deyil.
Tahir tanıdığım çox az adamlardan biridir ki, onun yaş sayğacına, - bizim kənd montryoru elektrik sayğaclarına barmaq edib dala qaytardığı kimi, - bir çubuq salıb, dala fırlatmasam da, yerində qalmasını istəyirəm. Niyə?
Adam gəlib 60 yaşa çatıb e!
Niyə istəyirəm cavan qalsın? Çünki Tahirin cavan qalmağı sonsuz, tükənməz enerji deməkdir. Bu enerji də o deməkdir ki, mexanikisi elektrikə çevrilir. Yəni:
Bu müstəqillik dönəmi çox dəyərlər, istisnalar tanıtdı, çoxlarını iş başında, mübarizədə gözümüzdən saldı, amma Tahir kimi ləyaqətini, dəyərini qoruyan çox az oldu!
Tahir musiqidi, muğamdı!
Tahir mərdlikdi, xeyirxahlıqdı, dəstəkdi!
Tahir ədəbiyyatdı, jurnalistikadı!
Tahir dostdu, qardaşdı!
Tahir dəyər tələb edən bütün nəsnələrin barometridi.
Amma Tahir yaxşı oğlan deyil!   
Bir dəfə “Azadlıq”ın çayxanasında (Xaqani, 33) biri Tahirin növbəti xeyirxahlığından danışaraq əlavə etdi ki, yaxşı oğlandı. Qəfil, məndən rəy gözlənmədiyi halda, aqressivcəsinə dilləndim:
- Tahir yaxşı oğlan deyil, özü də adama böhtan atma!
Stoldakılar yenə də mənim “murdarlığımı” qəsd edərək, “ə, dinmə, ə boş ver” deyəndə israrla, səsimi başıma ataraq qayıtdım ki, kişi, Tahir yaxşı oğlan deyil!
... Hamı elə bildi ki, nəsə komplo-zadım var, ya da bu dəqiqə durub çox iyrənc bir fakt deyəcəm. Acıq etmiş, küsmüş kimi ayağa durub məclisi tərk etmək ədasıyla, həm də elə ürəkdən, elə sevgiylə, elə yazıq-yazıq son sözümü dedim:
- Tahir yaxşı oğlan deyil. Tahir... çox yaxşı oğlandı!
Bu söhbət... 2003-cü ildə olub! Mən “Azadlıq”dan küsüb Moskvaya gedib qayıdandan sonra! Onda “Azadlıq”da fədailər, fədakarlar qalıb işləyirdi. Gündüz Tahirli ilə Rövşən Hacıbəylinin Qənimət Zahidin “kölgə rəhəbrliyi” dönəmiydi. Adamlar azadlıq və “Azadlıq” uğrunda hətta aylarla maaş-qonorar almadan işləməkdə davam edirdi. Və...
Günlərin birində... Tahir yaxınlaşdı ki, sən yaz, həftəyə “üç şirvan”ı mən verərəm, amma sən yaz!
Verdi də!
Sonra mən Tahirdən eşitdim ki, mənim təxmini oxucum nə qədərdi!
Onun deməyinə görə (əminəm ki, vicdanlı adam olduğundan nə onda dediyini təkzib edər, nə də unutmuş olar), mütəmadi yazdığım halda, tiraj 1500-əcən artmış olur!
Bu, mənim üçün böyük etiraf və mükafat idi!
Sonralar da bu faktın dəqiqliyinə və hətta artıq olduğuna lent.az-la əməkdaşlıq edərkən şahid oldum!
Alman yazıçısı Günter Ayx 3, Vaqif Bayatlının 500 oxucusu olduğu halda özlərini xoşbəxt saydığını bildiyim üçün... 1500 oxucumun olmağı mənim üçün çox böyük mükafat idi! “Ən məşhurlar, ən populyarlar” “biz öz oxucu şəbəkəmizi yaratdıq” deyənlər onda 600-700 oxunurdu...
Tahir təkcə məni xəlvətə çəkib deməyib “yaz, sənin qonorarını mən verəcəm”, məndən başqa çoxuna deyib!
Özünü yox, “Azadlıq”ı yaşatmaq üçün!
Mən regional, ruh və düşüncə balansıma görə muğam adamı deyiləm! Məni Tahir təşviq, təhrik elədi Alim Qasımovdan yazmağa – etiraf edirəm, heç zaman dostların təklif etdiyi mövzuda yazmaqdan imtina etməmişəm, amma bu “sifarişli və iyli yazılar” olmayıbsa!
Bugünlərdə baxıram ki, Alim Qasımovdan onda yazarkən özüm öz boynuma bir borc qoymuşammış: gərək bu il də onun ad günündə yazam!
Tahir Azərbaycanın bütün vətənpərvər, azadlıq sevdalı və “Azadlıq” imzalı isimlərin hamısını tanıyır, hər kəsin dəyərini bilir, hər kəsə öz sevgi payını ərməğan edir, hər imzanın şərəfi üçün mübarizə aparır, hər birini sözü eşidildiyi yerdə təqdir edir, heç zaman heç kəsin haqqına kimsənin girməyinə imkan vermir – hərçənd heç biri bundan xəbərdar deyil!
Tahir hamını – məni, bizi bizdən xəbərsziz sevir, dəyərləndirir, yeri gələndə, xərcimizi də çəkir!
Tahir baş redaktor olmasa da, müxbirlərin haqqını baş redaktorlardan milyon dəfə ədalətlə çatdıran bir xeyirxahdır!
Tahir içində gözəl bir şirvanlı regionçuluğu yaşadır!
Bu təəssübü Qənimət üçün də, Mirzə Sakit üçün də, Anar Niftəliyevin özü, atası Aşıq Mahmud, qardaşı Aşıq Vüqar üçün də, Aşıq Əvəzxan, Aşıq Şakir üçün də, Alim Qasımovun özü və qızı Fərqanə üçün də, Zabit Nəbizadə, Abgül Mirzəliyev, Mirabbas Qasımov, Zahid Sarıtorpaq, Aida Eyvazlı, Zöhrab Əmirxanlı, Gündüz Tahirli, məsul katibimiz Elşən, eləcə də şirvanlı sayılan İsmayıllı, Ağsu, Kürdəmir, hətta Qobustan və Mərəzə əhli üçün də eyni dərəcədədir!
Tahir Azərbaycanda yeganə regionçu adamdır ki, onun təəssübü qıcıq doğrurmur! Adamın sevgisi-təəssübü o qədər saf, pak, munisdir ki, zəhlən gedən şamaxılı bir yana, özünü şirvanlı saymayan şirvanlıya da hörmət bəsləməli olursan! Çünki onun şirvanlı sevgisini görməzdən öncə, Azərbaycan, vətən sevgisinin ləzzətini dadmış olursan, rayihəsini hiss etmiş olursan, Yardımlıdan olan Xanoğlan Əhmədovu özünün Meysərili yerlisindən heç də az əziz tutmadığına şahid olursan!
Tahirlə hər nədən, hər şeydən, hər yerdən danışmaq olur: futboldan, siyasətdən, yazıdan, şeirdən-hekayədən, toydan-vaydan, kişilikdən, döyüşdən – hər yerdə var bu adam!
Ona nə “Fil” deyirəm, nə “Əjdaha!” Sadəcə... “İnsan bu su misalı...!
Bizi – 90-cı illərdən bu yana yazan köhnələri-qocalmışları hamı unudacaq, təkcə Tahir unutmaz, unuda bilməz: bizim yazılarımız olan qəzetləri o yayıb çatdırıb və dəqiq bilir ki, hansı yazıya bu xalqın oxucuları hansı sevgini bəsləyib, dəyəri verib. Tahirin “delete” düyməsi olsaydı, bəlkə də silərdi, amma o düymə yoxdur – periferik sinir sistemi onları öz “çip”inə yığıb!
Bizləri – azadlıq iddialı “Azadlıq” imzalıları, eləcə də digər belələrini yaşadan Tahir gəlib 60 yaşa çatıb!
Hamımızın maddiyyat xərcini çəkən bu oğlan üçün bilmirəm mənsub olduğu cəbhə, təşkilat bu gün neyləyəcək və yaxud edib, amma düşünürəm ki, elə etməli(y)dilər ki, səsi Moskvayacan çata(ydı) – mən bu yazını yazana qədər!
Görünür, azadlığın və “Azadlıq”ın Əvəz Zeynallısı yoxdur! Olsaydı...
Həm də... Tahirin həyatında bu vətənə, bu vətənin imzalarına sevgidən başqa nə var ki?
Bizi sevən, özünü bizə fəda edən adamı ancaq və ancaq Allah mükafatlandıra bilər – yazıyla, yubiley tədbiriylə başa gələsi iş deyil!
Təbrik edirəm, Tahir! - “Azadlıq”ın və azadlığın dadı bitib-tükənməyən Kişisi!
p.s. Tahiri tanımayan imzalar bədbəxt sayılmasalar da, bir xoşbəxtlik anından məhrumdur – Tahir qeyrətli, ləyaqətli yazıların tanıdığı müəlliflərinə zəng edir, ürək sözlərini əsirgəmədən, qızırqalanmadan çatdırır! Dünyada bundan böyük mükafat-münsif təşkilatı ola bilməz ki! Üstəlik də... oxucuların nə dediklərini də bonus olaraq!

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ