SON DƏQİQƏ
» » QURANİ – KƏRİMDƏ BAŞ ÖRTMƏK HÖKMÜ YOXDUR- ELMİRA QAFAROVA YAZIR

QURANİ – KƏRİMDƏ BAŞ ÖRTMƏK HÖKMÜ YOXDUR- ELMİRA QAFAROVA YAZIR

Tarix:

19-04-2019, 17:18

/ 11 023 dəfə oxundu.
QURANİ – KƏRİMDƏ BAŞ ÖRTMƏK HÖKMÜ YOXDUR- ELMİRA QAFAROVA YAZIR

Elmira Qafarova 

Şərqşunas Alim

Allah Təalanın “Nur”surəsinin 31-ci ayəsindəki:“...gizlətdikləri bəzək şeylərini göstərmək üçün ayaqlarını (yerə möhkəm)vurmasınlar…”hökmünü Səudiyyə Ərəbistanından  olan məşhur islam ilahiyyatçısı və Quran müfəssiri Əbu Abdullah Əbdürrəhman ibn Nəsir Əs-Sədi (1889-1956) belə şərh edib: “Allah Təala qadınlara topuqlarına taxdıqları  zinət əşyalarını başqaları görsünlər deyə ayaqlarını [qəsdən ] (yerə möhkəm)vurmağı qadağan edir, çünki onlar bu hərəkətlə yad(naməhrəm) kişilərin diqqətini cəlb etmiş olurlar… Bu və ya digər əməl caiz ola bilər, amma əgər o günaha(zinaya) sövq edirsə və günaha(zinaya) gətirirsə, o zaman şəriət bunu qadağan edir.  Əslində,  ayaqları yerə vurmaq qadağan deyil, amma əgər qadın belə etməklə başqalarının onun  taxdığı zinət əşyalarının səsini duyması üçün  edirsə, bu qadağandır…”

Əs-Sədi də “zinət”sözünü ayağa taxılan bəzək əşyası hesab edir və ayəni heç bir məntiqə əsaslanmayan şəkildə təfsir edir. Fikrimizcə, bu şərhlə qəti şəkildə razılaşmaq olmaz, ona görə ki:

Birincisi, nəinki Əs-Sədi, hətta digər mötəbər ərəb müfəssirləri də Quranın sanki bütün ümmətlərə və bütün bəşəriyyətə deyil, yalnız ərəblərə göndərildiyini düşünüblər, bu səbəbdən də  ayələrə ərəb adət-ənənəsi prizmasından yanaşaraq şərh ediblər.Təhlil etdiyimiz ayədə ayağın topuq hissəsinə taxılan  xalxal əsasən ərəb  qadınlarının istifadə etdikləri zinət əşyasıdır, üstəlik də bu, geniş istifadə olunan bəzək əşyası deyil;

İkincisi, çəkisi nə qədər ağır olsa da və qadın ayağını  yerə nə qədər möhkəm vursa da  ayağa taxılan xalxal inəyə bağlanan zınqirov qədər səs çıxarmayacaq!!!  Xalxalın səsini qadının lap yaxınlığında olan yad kişilər bir yana qalsın, heç qadının özünün belə eşitməsi mümkün deyil. Mümkün olması üçün gərək xalxal  misdən düzəldilmiş olsun. Onda da o, artıq zinət əşyası sayılmır.

Yuxarıda söylədiklərimizi və gəldiyimiz nəticələri nəzərə alaraq “Nur”surəsinin 31-ci ayəsinin doğru və məntiqə əsaslanan bu variantda olduğunu düşünürük:

“Mömin qadınlara da de ki, gözlərini haram buyurulmuş şeylərdən çevirsinlər, ayıb yerlərini qorusunlar; öz-özlüyündə görünən (üzləri, ayaqları və qolları) istisna olmaqla zinətlərini (şəhvət doğuracaq bədən üzvlərini naməhrəmə) göstərməsinlər; örtükləri ilə yaxalarını örtsünlər (ki, döşləri   görünməsin); zinət yerlərini (döşlərini) ərlərindən, yaxud öz atalarından, yaxud ərlərinin atalarından, yaxud öz oğullarından, yaxud ərlərinin oğullarından, yaxud öz qardaşlarından, yaxud qardaşlarının oğullarından, yaxud bacılarının oğullarından, yaxud öz(lərinə yaxın olan) qadınlarından, yaxud sahib olduqları cariyyələrdən, yaxud kişiliyi qalmamış xidmətçilərdən, yaxud qadınların məhrəm yerlərini hələ anlamayan uşaqlardan başqasına göstərməsinlər; gizlətdikləri zinətləri (döşləri   və digər mərhəm yerləri) bəlli olmasın deyə ayaqlarını (yerə) möhkəm vurmasınlar (sakit, həzin yerisinlər). Ey möminlər! Hamınız Allaha tövbə edin ki, bəlkə, nicat tapasınız.

                                                                     ******************

Əslində, qadınların geyimindən bəhs edən bu məqalə “Əl-Əhzab “surəsinin 59-cu ayəsinin təhlili ilə başlanmalıydı, amma “Quran”ın  tərtib sırası ilə əvvəldə gələn “Nur” surəsinin 31-ci ayəsindən başladıq. Məlumdur ki, “Quran”ın surə və ayələri xronoloji ardıcıllıqla, yəni enmə (nazil olma) sırası ilə deyil, uzundan qısaya nizamlanıb ki, bu da ayələrin asan anlaşılmasında müəyyən çətinliklər yaradır. Bunu nəzərə alaraq nazil olunma sırasına görə 102-ci surədən əvvəl gələn 90- cı – “Əl-Əhzab” surəsinə təhlil verməyi qərarlaşdırdıq.

“Yə eyyuhə-n-nəbiyyu kul li əzvacikə va bənətikə va nisəi-l-mumininə yudninə aleyhinnə min cələbibihinnə zəlikə ədnə ən yurafnə fə lə yuzeynə va kənə-l-lahu ğafuran rahimən”(“Əl-Əhzab”;59).“Ya Peyğəmbər! Zövcələrinə, qızlarına və möminlərin övrətlərinə de ki, (evdən çıxdıqda cariyələrə  oxşamasınlar deyə, bədənlərini başdan ayağa gizlədən) çarşaflarını(?) örtsünlər.Bu, onların tanınması (cariyə deyil, azad qadın olduqlarının  bilinməsi) və onlara əziyyət verilməməsi üçün daha münasibdir. Allah bağışlayan və rəhm edəndir!”

Bu ayənin təhlilinə keçməzdən əvvəl bəzi İslam ilahiyyatçıları və müfəssirlərin fikirləri ilə tanış olaq. Əbu Abdullah Əbdürrəhman Əs-Sədi (1889-1956) yazır: “Örtünmə haqqında əsas ayə budur. Örtük dedikdə qadının üst geyiminin üzərinə saldığı, başını və sinəsini örtən əşya, yaylıq və ya şal nəzərdə tutulur. Allah Təala mömin qadınlara  başlarını və sinələrini örtmələri üçün Öz Peyğəmbərinə əmr verib. Peyğəmbər(s) də bu əmrin icrasına digər qadınlardan fərqli olaraq üzərlərində böyük məsuliyyət olan  xanımlarından və qızlarından başladı, çünki ətrafındakı insanları xeyir əməllərə dəvət edən şəxs ilk öncə həmin əməlləri öz yaxınları arasında etməlidir. Allah Təala buyurub: “Ey iman gətirənlər! Özünüzü və əhli-əyalınızı elə bir oddan qoruyun ki, onun yanacağı insanlar və daşlar (daşdan düzəldilmiş bütlər), xidmətçiləri isə Allahın onlara verdiyi əmrlərə asi olmayan, buyurulduqlarını yerinə yetirən daş qəlbli (heç kəsə zərrəcə  rəhm etməyən) və çox sərt təbiətli mələklərdir” (Ət-Təhrim”;6)Allah Təala bu ayənin mənasını belə açıqlayıb: əgər qadın örtünmürsə, qəlbi qara insanlar  onları yüngül əxlaqlı hesab edib incidə,  cariyə sayıb təcavüz edə bilərlər. Qadınlar örtünməklə bu cür  ağılsız insanlara öz çirkin niyyətlərini həyata keçirməyə imkan verməzlər. Allah Bağışlayandır, Rəhmlidir.”

Görkəmli suriyalı tarixçi, mühəddis və müfəssir, “Əl-bidəyə va-n-nihəyə”əsərinin müəllifi, şafii məzhəbinə bağlı olan İbn Kəsir(hicri 700-750)  isə bu ayəni belə şərh edir: “Allah Təala Öz Peyğəmbəri vasitəsilə mömin qadınlara, ilk növbədə özlərinin şərəfli mövqelərinə görə özünün xanımları və qızlarına Cahiliyyə dönəminin qadınlarından və cariyyələrdən fərqlənmək üçün cilbabla örtünməyi buyurur. Cilbab qadını başdan ayağa örtən və yalnız biləklərini, dabanlarını və gözlərini açıqda qoyan bütöv bir geyimdir. Ximarın üzərindən örtülən bu geyim rida adlanır. İbn Məsud, Ubeyd, Qətadə, Həsən əl-Bəsri, Səd ibn Cübeyr, İbrahim Ən-Nəhai, Ata Əl-Xorasani və digərləri də bu fikirdədirlər. Həmin örtüyə izar da deyilir. Əl-Cövhəri deyib: “Cilbab- üst geyimin üzərinə salınan örtükdür”. Əli İbn Əbu Təlhə İbn Abbasdan belə nəql edib: “Allah Təala  mömin qadınlara    buyurub ki, hansısa ehtiyaclarına görə evdən çıxarkən cilbabla elə örtünsünlər ki, yalnız gözləri açıq qalsın”.

Müsəlman ilahiyyatçı, hədis alimi və Quran müfəssiri Əbu Bəkr Muhəmməd İbn Sirin Əl-Bəsri(653-729) isə belə deyib: “Mən Ubeyd Salmanidən Allah Təalanın:yudninə aleyhinnə min cələbibihinnə“-“üzərlərinə örtüklərini salsınlar”- sözlərinin mənasını soruşdum. O da yalnız sol gözünü açıq qoyaraq sifətini və başını örtdü”.

240-327-ci illərdə yaşamış İbn Əbu Hatim isə Peyğəmbərin(s) xanımlarından olan Ümm Sələmədən belə nəql edir: “…Yudninə aleyhinnə min cələbibihinnə”ayəsi  nazil olanda ənsarların xanımları qara örtüyə bürünərək elə ehtiyatla, ehmalca, səssiz hərəkət edirdilər ki, sanki başlarında qarğa oturub. “...Zəlikə ədnə ən yurafnə fə lə yuzeynə…” –bu cür onlar daha asan  tanınar və təhqirlərə məruz qalmazlar”-yəni örtük geyinmiş qadınlar yüngül əxlaqlı qadınlardan və cariyyələrdən seçilərlər.

Şiə məzhəbinə bağlı olan Quran və hədis müfəssiri Əs-Suddi isə (təxminən 745-ci ildə  ölüb) belə  deyib: “Mədinənin əxlaqsız kişiləri axşam düşəndə küçələrdə gəzişir, qadınların yolunu kəsir, onlara sataşırdılar. Qeyd edək ki, qadınlar öz təbii ehtiyaclarını ödəməkdən ötrü evlərindən çıxmağa məcbur idilər.(Ona görə ki, o dövrdə ərəblərin evlərində ayaqyolu yox idi,insanlar təbii ehtiyaclarını ödəmək üçün Mədinənin çöllərinə gedərdilər, qadınlar isə ora əsasən gecələr üz tutardılar-E.Q) Kişilər də elə bu məqamı gözləyirdilər. Qadınlar örtünəndən sonra isə həmin kişilər belə qadınları görüb : “Bu, (kölə deyil)azad qadındır”-deyərək öz alçaq niyyətlərindən vaz keçirdilər, örtünməmiş qadın gördükdə isə: “Bu kölədir”-deyib təcavüz edirdilər”.

Nə qədər mötəbər, nə qədər şöhrətli  alim olsalar da onların məntiqə əsaslanmayan bu cür şərhləri ilə razılaşmaq mümkün deyil, çünki:

-çoxarvadlı və çoxuşaqlı ərəb ailələrində qadının  küçəyə tək çıxmasına, xüsusən də gecə vaxtı imkan verilməz, əri də olmasa, övladları onu mütləq müşaiyət edərdi;

-Gecələr zülmət qaranlığa qərq olan Mədinə küçələrində qadının azad və ya cariyyə olmasını onların çarşaf, rida, izar və ya cilbab geyinib-geyinmədiklərindən müəyyən etmək  nə dərəcədə mümkündür?

Yuxarıda adları çəkilən mötəbər alimlər  bu ayəni  də ərəb adət- ənənəsi baxımından dəyərləndirərək yanlış şərh ediblər. Düşünmək olar ki, onlar Allah Təalanın hökmlərini öz düşüncələrinə və adət-ənənələrinə uyğun şəkildə şərh etməklə  öz ölkələrində mövcud olan  problemləri həll etməyə çalışıblar.

10-cu əsrdə Abbasi sülaləsinin xəlifəsi Əl-Müqtədir (908-932) tərəfindən oğuz türklərinin yaşadığı ərazilərdə islam dinini təbliğ etmək üçün göndərilmiş ərəb səyyahı Əhməd ibn Fəzlən ibn Əl-Abbasın (877-960)”Risalə”əsərindəki qeydləri bu baxımdan olduqca maraqlıdır və yuxarıda söylədiyimiz fikri təsdiq etmiş olur. Bir türk ailəsinin qonağı olan səyyah ev sahibini İslam dininin əsas müddəaları ilə tanış edir. Evin xanımı da onların yanında olur. Əhməd ibn Fəzlən  açıq geyimdə olan evin xanımını  görüncə “əstəğfurullah”deyir. Ev sahibi bunun  mənasını soruşduqda, İbn Fəzlən qayıdır ki, qadın (başdan ayağa) örtünməlidir, onun belə açıq-saçıq geyinməsi İslam şəriətinə uyğun deyil, çünki əxlaqsızlığın yayılmasına səbəb olur. Türk də cavabında söyləyir ki, bizlərdə qadın açıq-saçıq geyinsə də namusunu möhkəm qoruyur. Başdan-ayağa örtünüb əxlaqsızlıq etməkdənsə bu daha yaxşıdır. Yəqin sizlərdə əxlaqsızlıq o dərəcədə geniş yayılıb ki, bu cür qadağalar qoymağa məcbursunuz. Həqiqətən də, onlarda (oğuz türklərində) əxlaqsızlıq yox dərəcəsindədir, çünki əxlaqsızlığa qarşı olduqca sərt qaydalar tətbiq olunur”.

İndi də həmin ayənin təhlilinə keçək.                                    

Ayənin doğru anlaşılması üçün: “yudninə aleyhinnə min cələbibihinnə…” – “üst geyimlərindən birini geyinsinlər” – kimi tərcümə olunmalı bu cümlədəki cilbab(cəm şəkli cələbib) sözünə diqqət yetirmək vacibdir. Cilbab nədir? Cilbab ərəb dilində üst geyimlərinin ümumi adıdır, ximarsözünün mütləq mənasının  örtük  olduğu kimi. Üst geyim dedikdə köynək, tunik, xalat, jaket, jilet, fərəciyyə, cübbə,plaş, pərəncə, əba, bürdə, palto, manto və s.  nəzərdə tutulur. Amma heç bir halda bu ayədə bədəni başdan ayağa örtən konkret geyimdən bəhs edilmir. Ona görə də ayədəki  cilbabın  dilimizə dəqiq olaraq çarşaf kimi tərcümə edilməsi, eləcə də mötərizədəki  “bədənlərini başdan ayağa gizlədən” sözləri də  yanlış və absurddur. Bu ayəni də şərh edərkən “Quran”ın bütün bəşəriyyətə göndərildiyi nəzərə alınmalıdır. Soyuq ölkədə yaşayan bir qadın, təbii ki, evdən çıxdıqda yaşadığı ölkənin iqliminə və havaya uyğun geyinəcək. Bu halda o xəz kürkün üzərindən mömin olduğu üçün çarşaf örtməlidir?

Ayədə cilbab sözünün: min cələbibihinnə“-üst geyimlərindən birinin -cəm şəkildə işlənməsindən də aydın olur ki, Allah Təala qadınlara evdən çıxdıqda çarşaf kimi konkret örtük deyil, istədikləri üst geyimlərdən birini geyinməyi tövsiyə edir ki, bunda da məqsəd “…zəlikə ədnə ən yurafnə fə lə yuzeynə…”– “ onların  tanınması və onlara əziyyət verilməməsi üçündür…”- Günümüzdə də bəzi kişilər qadınların müəyyən dərəcədə açıq geyimlərindən onların yüngül əxlaqlı olduqlarını düşünərək nalayiq hərəkətlərə yol verirlər. Buna görə də qadınlar öz adət-ənənələrinə uyğun və abırlı geyinməlidirlər ki, yüngül əxlaqlı qadınlardan fərqlənsinlər, bununla da özlərini yad kişilərin onlara qarşı əxlaqsız hərəkətlərindən qorumuş olsunlar. Göründüyü kimi, qadınların evdən çıxarkən geyinməli olduqları paltarın   necə olması ayənin içində gizlənib. 

Mötərizədə verilmiş: “cariyə deyil, azad qadın olduqlarının bilinməsi üçün”-  izahlı sözlərin də xüsusi şərhə ehtiyacı var. Yuxarıda qeyd etdiyimiz kimi, bu və ya digər dildən tərcümə edilən mətnlərdə tərcüməçilər tərəfindən mötərizədə əlavə izahlı sözlər verilir. Həmin əlavələr  mətnin daha asan başa düşülməsi üçün edilir. Amma bu, heç də həmişə belə olmur. Bəzən doğru seçilməmiş izahlı sözlər mətnin konteksti ilə uzlaşmadığına görə mahiyyətin səhv anlaşılmasına gətirib çıxarır. Təhlil etdiyimiz ayədəki əlavə sözlər də buna  sübutdur(??) Əgər ayədəki mötərizədə verilmiş: “cariyyə deyil, azad qadın olduqlarının bilinməsi” ifadəsinin yerində işləndiyini qəbul etsək, o zaman bu tövsiyyənin Peyğəmbərin zamanına aid olduğunu  hesab etmək  olar. Amma “Quran”ın yalnız ərəblərə deyil, bütün bəşəriyyətə və bütün zamanlara göndərildiyini, eləcə də dövrümüzdə “cariyyə”və “azad  qadın” deyə təbəqələrin olmadığını nəzərə alıb belə fikrin ayəyə aid edilməsinin absurd olduğunu tam əminliklə söyləmək olar.

********************

Bundan əvvəl təhlil etdiyimiz “Nur”surəsinin 31-ci ayəsində qadının paltarının, əgər belə demək mümkündürsə, modeli, eskizi verilib: paltarın sinə hissəsi döşlərin görünməyəcəyi,  qolları və uzunluğu isə onların rahat hərəkət etməsinə mane olmayacaq və naməhrəm kişilərdə şəhvət doğurmayacaq həddə açıq olmalıdır. Bu ayədəki geyimin ev üçün nəzərdə tutulduğunu ayənin məzmunundan müəyyən etmək mümkündür, “Əl-Əhzab”surəsinin 59-cu ayəsindək“yudninə aleyhinnə min cələbibihinnə”-“üst geyimlərindən biri ilə örtünsünlər”- cümləsindən isə qadının örtünməyi tövsiyyə olunan geyimin evdən kənar üçün nəzərdə tutulduğunu söyləyə bilərik.. Ayədəki bu cümlə fikrimizi tam təsdiq etmiş olur:“zəlikə ədnə ən yurafnə fə lə yuzeynə…” bu onların tanınması və incidilməməsi üçün daha münasibdir.

Yuxarıda qeyd edilənləri nəzərə alıb”Quran”ın “Əl-Əhzab” surəsinin 59-cu ayəsinin tərcüməsini bu variantda daha doğru hesab edirik: “(Ey Peyğəmbər!) Zövcələrinə, qızlarına və möminlərin xanımlarına de ki,(evdən çıxdıqda)üst geyimlərindən birini geyinsinlər. Bu onların tanınması( həyalı,namuslu ,abırlı olduqları) və (naməhrəm kişilərin onları) incitməməsi üçün  daha münasibdir.Allah Bağışlayan və Rəhm edəndir! Olaylar.az

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ