SON DƏQİQƏ

Bu yara çox qan aparacaq AYSEL OĞUZ yazır

Tarix:

2-04-2019, 18:00

/ 10 610 dəfə oxundu.
Bu yara çox qan aparacaq AYSEL OĞUZ yazır

Rəhmətlik dahi şairimiz Bəxtiyar Vahabzadə deyirdi ki, təqlid qədər pis və təhlükəli şey yoxdur. Sanki, bu müdrik insan indiki halımızı öncədən görüb, dəfələrlə millətimizə çatdırmaq istəyirdi ki, nə qədər gec deyil, ayılın.

Amma bizlər ayıla bilmədik, nə qış, nə də dörd fəsil yuxusundan...arada bir yuxudan diksinirik, öskürürük...sonra yenidən yuxumuza davam deyirik... Bir-iki gün əvvəl yuxudan diksindiyimiz kimi. İki gündür bütün ölkə videoya çəkilən 4-5 əxlaqsızı gündəmə oturdub. Niyə 3 yox, 4-5 əxlaqsız yazıram, çünki o videoda əxlaqsız olan təkcə o 3 "qız" deyil, o videonu çəkən baş əxlaqsızdır və o baş əxlaqsızın yanında "kişi" cinsində olanların sayı nə qədərdi deyə dəqiq bilmədiyim üçün, sayını təqribi yazdım. Nə isə, sözüm onda yox...Bunu paylaşmaqla, özü də "31 mart azərbaycanlıların soyqırımı" günü ( bir səhifədə gördüm 20 dəqiqəyə o videoya 30 min baxış sayı, 800-ə yaxın rəy bildirilmişdi)bütün dünya bir yana, biz özümüzü ermənilərə güldürdük. O ermənilərə ki, özlərinə saxta soyqırımı günü yaradıblar, özlərinə saxta tarix yaradıblar və bütün dünyaya o saxta soyqırımını qəbul etdirirlər...Moskvada göyərti satan ermənini dindirsən, olmayan "milli mənəviyyatını" müdafiə edərək, hələ bir səni də borclu çıxardacaq. Əslində o göyərti satanı mən sizə misal olaraq gətirdim. Reallıqda Rusiya bazarlarında göyərti satan bizlərik, onların çoxusu elmi-təhqiqat mərkəzlərində, Rusiya telekanallarında uydurulmuş tarixini heqemon dövlətə soxuşdurmağa çalışır, o orda istədiyinə nail olarkən bizim həqiqi göyərti satanlarımız belə bir vacib gündə medianı öz əxlaqsızlığı ilə zəbt edir. Maraqlıdır, Fuad Abbasov kimi qorxmaz həmvətənimiz Qarabağ həqiqətlərini, öz ölkəsinin mənafeyini qoruyarkən, ermənilər tərəfindən təqibə, şantaja məruz qalır və sosial şəbəkə vasitəsilə təhlükədə olduğunu ifadə edərkən, ay millətim, siz harada idiniz? Şəxsən öz adımdan deyirəm. Mən bu şəxsiyyətin videosunu, çalışdığım agentliyin "instagram" səhifəsində paylaşdım, çünki biganə qala bilməzdim, o mənim millətimdəndir. Kaş o əxlaqsız videoya olan təpki, Fuad Abbasovun çağırış videosuna da olardı.Rəylərə baxdım, hamı yazdı "Allah köməyin olsun". Niyə bu Abbasovun çağırışı, digər lazımsız, mənəviyyatsız mövzular kimi qır saqqızı kimi uzadılmadı?Cavabı çox sadədir.Uzatmağa savadımız çatmadı.Bizim savadımız ancaq ermənilərin bizdən oğurladıqları küftə-bozbaş kimi temalara çatır...o da müəyyən bir yerə qədər! Çox demirəm, biz bu ciddi mövzunu 3 gün diqqətdə saxlasaydıq, Azərbaycanın Rusiyadakı diasporası bax bayaq dediyim o dörd fəsil yuxusundan bir müddətlik ayılardı...Necə olur Afətin "pencuşeş" kimi "əsərinə" Rusiyada kartof satanın birisi bahalı maşın göndərir? O "yaxşı" oğlan bir qazimizə o bahalı hədiyyəni verə bilmir?

Diqqətimi millət vəkili Fazil Mustafanın dediyi fikir çəkdi.Deyir ki, mənəviyyatsız, əxlaqsız videolarda çəkilən və onu çəkib yayanlar, əksər hallarda savadsız insanlardır. Əslində, Fazil müəllim, bu savada bağlı olan məsələ deyil. Bu işin sadəcə iki tərəfi var, savadsızlar qanmazlıqdan hər şeyi aşkar edir, savadlı və ələlxüsus pullu insanlar isə hər şeyi gizli edir.Bu savadlıların isə iki növü var:"diplomlu savadsızlar", o biri isə "əsl savadlılar". Əsl savadlılar artıq illərdi ki, xalqa xidmət göstərmir, daha doğrusu, göstərir, amma digər xalqa. Diplomlu savadsızlılar isə ancaq xalqımıza "xidmət" göstərir, yalnız dırnaq içində.

Bəs Fazil müəllim, bilmirdiz ki, siz deputatlar himnin sözlərinin dəyişdirilməsi, filan yol hərəkət haqda qaydaların sərtləşdirilməsi, cərimələrin məbləğinin artırılması kimi mövzuları parlament müzakirələrinə çıxartsaz, təhsildə bu boyda boşluq yaranar? Boşluq olduğunu, elə öz övladlarınızı xaricdə oxutdurmaqla boynunuza alırsız. Siz məmurlar səhiyyənin inkişafından danışırsız, amma yanınızdan yel keçən kimi müalicə üçün qaçırsız xaricə.Son 8-9 ildə təhsilin nə günə qaldığını görə-görə niyə ciddi şəkildə müzakirəyə qoyub, bir tədbir görmürsüz? Bəxtiyar Vahabzadə dərya boyda şeirlərini bizlərə miras qoyub getdi. Amma dönə-dönə deyirdi ki, bu cəmiyyətdə bir boşluq varsa, deməli mənim də burda günahım var,çünki millət biz şairlərin övladıdır.Yəni o boyda dahi özünü günahkar bilir, siz özünüzü günahkar bilmirsiz? O kişidən nə qədər ağıllı ola bilərsiz?

O ki qaldı o videoya çox istərdim ki, fərqi yoxdu, hansı platformada, hər paylaşılan əxlaqsız videolara görə cərimələr tətbiq edilsin. Bəlkə gözümüz çılpaq görməkdən qurtular.

Sonda isə bunu demək istərdim, nə qədər ki, sosial şəbəkələrdə "kişilərimiz" çılpaq və ya alt paltarlının paylaşımına "super" yazıb rəy bildirməklə, o cür əxlaqsızların artımına səbəb olacaq, nə qədər ki, əxlaqsız qızlar rəylərdə "supersən" sözünü oxuyub, həqiqətən özünü super bilib, əxlaqsızlığına davam edəcək, nə qədər ki, milləti qurşaqdan aşağı temalar maraqlandıracaq, nə qədər ki, əxlaqı olmayan biri əxlaqdan dərs keçəcək, nə qədər ki, milətimiz milli mənəvi dəyərlərimizi unudub, öz toyunda böyüklərin yanında bəyin boynundan sallaşacaq və buna müasirlik deyib öz abır-həyası ilə vidalaşacaq... Sabah o videodakı 3 qızın yanına 4-cüsü də qoşular, amma unutmayın!... sizin gördüyünüz o 3 qız, 3 nəslin utancdan məhv olmağı deməkdir, hələ mən o kamera arxasında olanları demirəm...Belə getsə bu yara çox qan aparacaq...bu cür əxlaqsız məsələlərə xəmir, unu qatıb sadəcə günaha batmaq istəmədim...

Aysel Oğuz

 P. S. O videonu çəkənlərin o işi görərkən ana-bacıları niyə gözləri qabağına gəlmədi- bu başqa yazının mövzusudur.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ