SON DƏQİQƏ

HAQVERDİYEV QORXDU, MİRZƏ CƏLİL QORXMADI

Tarix:

5-02-2019, 19:19

/ 10 611 dəfə oxundu.
HAQVERDİYEV QORXDU, MİRZƏ CƏLİL QORXMADI

Aqil Abbas

Böyük bir kampaniya gedir. Bu kampaniyanı güman ki, xaricdən idarə edirlər. Bəziləri bilərəkdən bu kampaniyaya qulluq edir, bəziləri bilməyərəkdən, bəziləri də küyə gedir gündəmə gəlmək üçün. Və elə bilirlər ki, başqalarını aşağılamaqla özlərini təsdiq edirlər.

Çox ciddi bir məsələdi və bunları da susdurmaq o qədər də asan deyil. Bu kampaniyaya qoşulanlar bütün gücləri ilə sübut etmək istəyirlər ki, biz millət deyilik, nəsə bir toplumuq. Milləti millət eləyən həm də onun yetişdirdiyi böyük şəxsiyyətlərdi. O şəxsiyyətlər ki bu millətin dilini, dinini, əqidəsini, adət-ənənəsini, qan yaddaşını ölməyə qoymayıb. Ona görə də həmin şəxslər hansısa qüvvələrin idarə elədiyi adamlar tərəfindən, xüsusilə də cəmiyyətdə az-çox tanınan, dünyagörüşü olan, tarixi bilən bir zümrə tərəfindən nüfuzdan salınır. Bizi sevməyən xalqlar da onlara istinad edib deyirlər ki, baxın, bu millətin tarixdə düz-əməlli bir şəxsiyyəti, bir dahisi, bir sərkərdəsi olmayıb. Yəni bu necə xalq, ya millətdir ki, neçə min ildi bir şəxsiyyət yetişdirə bilməyib.

Babəkə min cür ləkə atırlar, Nizamini farslaşdırırlar, Nəsimini allahsızlaşdırırlar. Hələ bu günlərdə qəzəlinə bir diringi də qoşublar, televizyonlar da partapart bu diringi qoşanı reklam edir və həmin diringini səsləndirir. Bu «Nəsimi ili»nə ilk «hədiyyə»mizdi.

Şah İsmayılı soldan da vururlar, sağdan da. O gün televiziya kanallarının birində (müsəlmanın o günü, 4-5 ay əvvəl) özünü ziyalı adlandıran bir siyasətçi Şah İsmayılı Osmanlı ilə müharibəsində təqsirli çıxarır və bunun da səbəbini onun nənəsinin yunan olması ilə əlaqələndirir. Heç dəxli var? Əgər belə götürsək, Osmanlı sultanlarının heç birinin qanında heç on faiz türklük yoxdu. İkisindən başqa heç birinin xanımı türk deyil. Deməli, vəliəhdin türklük qanı əlli-əlliyə düşür. Vəliəhd də qeyri-millət alır, növbəti vəliəhdin, ya sultanın türk qanı iyirmi beşə düşür. Ondan sonrakıların qanını da, həmin ziyalının Şah İsmayılla bağlı hesabı ilə hesablasaq, onda türk sultanlarının qanında heç on faiz də türklük qalmır. Yenə heç olmasa, Şah İsmayılın türklüyü yetmiş beş faiz olur. Belə bəsit düşüncələr…

Koroğluya min iftira atırlar, hətta Koroğlunu və onun dəlilərini aşağılayan bir uydurma dastan yazıb kitab halında babat tirajla çap da elətdirdilər.

Qaçaq Nəbini quldur adlandırırlar, bu azmış kimi də Həcərə olmazın ləkələrini atırlar.

Şərqdə ilk demokratik respublikanı qurmuş, canını bu xalqın yolunda qurban vermiş görkəmli şəxsiyyətlərə şər və böhtanlar atılır. Haqq şairi Səməd Vurğun haqqında nələr yazmırlar?

Təbii ki, cavablarını alırlar, amma xaricdə oturan düşmənlərimiz o cavablara istinad eləmir, şər-böhtan atanlara istinad edir.

Zaman-zaman hədəfə gələnlərdən biri də bu xalqın, bu millətin yolunda çərlədilib öldürülən Mirzə Cəlildi.

Ağcabədinin Kəbirli kəndindən Behbud adlı orta məktəb şagirdi təxminən qırx il əvvəl Nüsrət Kəsəmənliyə iki şeir göndərmişdi. Nüsrət da o şeiri çap elətdirmişdi. Biri beləydi: «Qaldırın dünyanı çiyinlərimə».

İndi yuxarıda adlarını sadaladığım (təbii ki, hamısını yazmadım) şəxsiyyətlər kimi Mirzə Cəlil də bu dünyanı olmasa da, bu milləti, bu xalqı çiyinlərinə qaldırıb. Və Azərbaycan xalqı bu şəxsiyyətlərin və Mirzə Cəlilin çiyinlərində bu günə gəlib çıxıb. Ustad yenidən hədəfə alınıb. «Molla Nəsrəddin» kimi möhtəşəm bir jurnal «xalqın üz qarası» adlandırılıb. Ziyalılar mətbuatda cavabını veriblər. Cavab verənlərdən biri də mən idim. Baxıram, indi yenə bir nəfər bütün cavab verənlərə, eləcə də mənə dərs demək eşqinə düşüb. Mən Mirzə Cəlildən dərs almış adamam. Və bu gün Azərbaycanda bir yazıçı kimi az-çox tanınıramsa buna görə ən çox borclu olduğum şəxslərdən biri Mirzə Cəlildi.

Köşənin adını niyə «Haqverdiyev qorxdu, Mirzə Cəlil qorxmadı» qoydum?

Haqverdiyev ən çox sevdiyim, öyrəndiyim və söykəndiyim bir yazıçıdı. Mirzə Cəlil hansı zirvədədirsə, Haqverdiyev də o zirvədədi.

Azərbaycanda Sovet hökuməti qurulandan sonra bəy nəslindən olan və demək olar ki, nəslinin yarısı qurşuna tutulan, yarısı başını götürüb İrana, Türkiyəyə qaçmağa məcbur olan Haqverdiyev təzyiqlərə dözə bilmədi. Güllələnmədən, ya sürgünə göndərilməkdən canını qurtarmaq üçün Sovet hökumətini tərənnüm edən əsərlər də yazdı. Amma Mirzə Cəlil sonadək mübarizəsini apardı, bir addım geri atmadı. Ac qaldı, susuz qaldı, amma yenə dedi ki, dediyim dedikdi. «Molla Nəsrəddin» jurnalını əlindən aldılar, hətta sonda jurnalın adını dəyişib «Allahsız» da qoydular.

Mən Mirzə Cəlilin şəxsiyyəti ilə bağlı nəsə geniş bir məqalə yazmıram, çünki Mirzə Cəlilin dahiliyini və faciələrini Anar müəllim «Anlamaq dərdi» əsərində o qədər gözəl xırdalayıb ki, ondan yaxşısını yazmaq çətindi.

Mənə dərs demək istəyən və Mirzə Cəlilə ləkə atanlara həmin əsəri oxumağı məsləhət görürəm. Sonra gəlsinlər söhbət edərik.

скачать dle 12.1

Şərhlər