SON DƏQİQƏ
» » Uşaqlarımıza nağıllarımızla milli kimliyimizi tanıdırıqmı?!

Uşaqlarımıza nağıllarımızla milli kimliyimizi tanıdırıqmı?!

Tarix:

8-01-2019, 17:31

/ 11 037 dəfə oxundu.
Uşaqlarımıza nağıllarımızla milli kimliyimizi tanıdırıqmı?!

 

 Cavid İsmayıl

“Xalqımız gərək daima öz kökünü xatırlasın!” – Heydər Əliyev

Ədəbiyyat həyatın bədii formada əksidir. Bütün dövrlərdə SÖZ sənətkarları bunu nəsrlə, ya da nəzmlə insanlara çatdırıblar. Yazılı ədəbiyyat yazıçı və şair təxəyyülünün heyrətamiz məhsuludur. Insan duyğularını, hiss və həyəcanlarını yazıya çevirən yazıçı və şairlər SÖZün qüdrətini nümayiş etdirirlər. Və beləcə bu nümunələr özünə əbədiyyət qazanmış olur.

Həmişəyaşar SÖZ nümunələri hər bir xalqın danışan bədii dili və təfəkkürü, obrazlı düşüncəsidir. SÖZ sənəti insanın dünyaya və həyata baxışının, davranışının, bir sözlə, yaşam tərzinin poetik ifadə toplusudur. Hər bir xalqın şüuru, oxumaq bacarığı, yazmaq qabiliyyəti, mənəvi zənginliyi və zövqü onun ədəbiyyatı ilə üzə çıxır. Bu baxımdan qəti demək olar ki, ədəbiyyat hər bir xalqın tərbiyə məktəbidir. Bu məktəbin müəllimi nəsr və nəzm əsərləri olmaqla yanaşı, həm də mifologiya və folklor nümunələridir.

Folklorun ən yaxşı nümunəsi isə nağıllardı. Nağıllar şifahi xalq yaradıcılığıdır. Bu yaradıcılıq min illikləri aşıb bu günə kimi gələ bilib. Dildən-dilə keçən nağıllar bəlkə də zaman – zaman assimilyasiyaya uğramış, dövrün tələbinə uyğun dəyişdirilmişdir. Millətin arzu və istəkləri həmin nağıllarda əks olunub. Bütün dövrlərdə istər Avropada, istərsə də Şərqdə xalq yaradıcılıq nümunələri uşaqların tərbiyəsində çox böyük rol oynayıb, xüsusilə də nağıl qəhrəmanları balacaların gələcək taleyinə müsbət təsir edib. Bəri başdan deyim ki, Avropa nağılları ilə Şərq nağılları arasında fərq var. Şərq nağıllarında müdriklik fonunda sevgi, dostluq, insanın insana kömək etməsi, ona arxa-dayaq durması daha qabarıqdır. Avropa nağıllarında isə daha çox hökmranlıq etmək motivi diqqət çəkir.

Sovetlər zamanı orta və ali məktəblərdə Avropa xalqlarının şifahi ədəbiyyat nümunələri o qədər də çox təbliğ olunmurdu. Yazılı ədəbiyyat, əsasən də, sovet cəmiyyətinə uyğun olan bədii əsərlər tərcümə olunurdu. Azərbaycanlıların mütaliə “menyüsündə” rus ədəbiyyatı liderlik edirdi. Bağçadan tutmuş ali məktəblərin son kursuna qədər, hətta aspirantura və doktorantura illərində də rus ədəbiyyatına üstünlük verilirdi. Pis, yaxud da yaxşı idi – sözümün canı bu deyil. Sadəcə demək istəyirəm ki, sovet adamları rus yazıcı və şairlərini əzbər bilirdilər. Əhalinin çoxu rusdilli olduğu üçün uşaqlarını rus nağılları və cizgi filmləri ilə böyüdürdülər. Ki... bunun da fəsadları sonrakı illərdə üzə çıxdı. "Üç ayı", "Qız və tülkü", "Çəkməli pişik" nağılları, bir də “Nu poqodi” (hərfi tərcümədə məna zəif alınır deyə olduğu kimi yazdım) cizgi filmi uşaqlara bayatı, lay-lay əvəzi öyrədilirdi.

Əslində nağıl nədir? Bu, şifahi xalq ədəbiyyatının epik növüdür. Nağılların yaşı çox qədim dövrlərə gedib çıxır. Ona görə də folklor nümunəsi kimi daha çox yayılıb. Nağılların mövzusu, əsasən, fantastik və əfsanəvi qüvvələrin iştirakı ilə baş tutan uydurma hadisələr olur. Məlumdur ki, nağılların konkret bir müəllifi yoxdur, nə də onun yazıldığı tarix bilinmir. Sadəcə xalqın həyatı və məişəti, dünyagörüşü, inancları, arzuları nağıl dili ilə çatdırılır. Bu faktorlar dünyadakı bütün xalqların şifahi ədəbiyyat nümunələrinin “etiketidir”. Amma rus xalq nağıllarının bəzilərində bu “etiket” qaydaları pozulub.

Sovetlər dönəmində demək olar ki, uşaq nağıllarında daha çox siyasi çalarlara üstünlük verilirdi, xüsusilə də türklərin aşağılanması aydınca hiss olunurdu. Sovetlər dönəmi-70 illik bir zaman kəsiyində şovinist, antitürk ideyası uşaqların beyninə yeridilirdi. Rus şovinizmi ilə zəhərlənən balacalar böyüyəndən sonra bundan xilas ola bilmirdilər. Azərbaycanlıların türkçülük, milli kimliyi dərk etmə kimi hissləri “böyük qardaş” hegemonluğunda itib-batırdı.

Erməni uşağı doğulanda onun qulağına “sənin düşmənin türkdür” deyirlər. Ruslar da eynilə uşaqlarını “tatar” deyərək türklə qorxudublar: “dəcəllik etmə, yat, yoxsa tatar səni gəlib aparar”. “Baba yaqa” deyilən bir cadugər obrazı yaradıblar. Uşaqlarını bu əcaib, uydurma varlıqla qorxudurlar. Hətta xoşlarına gəlməyən, bəyənmədikləri bir adamı aşağılamaq istəyəndə ona da “Baba yaqa” deyirlər. Əslində bu adın həqiqi kökü uydurma deyil, şumerlərdən gələn bir varlıqdır. Şumer Tanrıçasının adı Baba olub. Şumerlərə görə o, Göy Tanrısı Anunun qızıdır. Hətta onun çox qədim tarixi olan büstü başında hökmdarlıq rəmzi olan tiara ilə təsvir olunub. Yaradıcı olan Ana Tanrıça “Baba” bərəkət, məhsuldarlıq, xəstələrə şəfa verəndi. Onu da deyim ki, şumer günəş tanrısı Utunun adlarından biri də Babbardı. Amma ruslar bilərəkdən bu həqiqəti, bu məqamı özlərinin mifologoyasında saxtalaşdırıb, qorxunc bir obraz halına gətiriblər.

Rus rejissoru və aktyoru Nikita Mixalkovun teleaparıcı qızı Anna Mixalkova illər öncə atasının bir filminə həsr etdiyi televiziya proqramında ən qorxduğu şeyin “Baba yaqa” olduğunu söyləmişdi. Təbii ki, Mixalkova bu sözü elə-belə deməyib, sözü kor-korana efirə buraxmayıb. Məqsədli surətdə deyilmiş sözdür. Bu gün dünyanın Türkiyəyə, türkdilli xalqaların birliyinə qarşı qısqanclıqla yanaşdığı bir məqamda rus şovinizmi də dinc dayanmır.

Məsələnin ən qorxunc tərəfi odur ki, onlar “Baba yaqanı” təkcə şifahi ədəbiyyata oturtmayıblar, yazılı ədəbiyyatda da ona yer ayırıblar. Bu şeirə nəzər salmaq kifayətdir ki, bəzi rus müəlliflərinin türkə olan nifrəti, antitürk siyasəti aydın hiss olunur.

Ай, бай, бай, бай,

Не ходи, старик Бабай,

Коням сена не давай.

Кони сено не едят,

Всё на Мишеньку глядят.

Миша спит по ночам И растёт по часам.

Ай, бай, бай, бай,

Не ходи ты к нам, Бабай. (Колыбельная песня.)

Əvvəl də dediyim kimi rus yüz illərlə böyük türkə-azərbaycanlılara və digərlərinə ümumi olaraq “tatar” deyərək bütün türkləri bir obrazda ümumiləşdirərək onu qanmaz, kütbeyin, pinti, savadsız, vəhşi, qəddar bir millət kimi sırırmağa cəhd ediblər. Müəyyən mənada buna nail də olublar.

Doğrudur, bunu türk xalqına aid etmək olmaz. Türk hər zaman güclüdür, hər zaman ayaqdadı, ayıqdı, şərəflidir. Onu yox etmək cəsarətində olanlar özləri ziyan görürlər. Amma bütün hallarda “Baba yaqa”, “tatar” kimi nəsnələr məhz buna hesablanıb ki, Böyük Türk ayaqda çox dura bilməsin. Qorxurlar ki, Türklər titrəyib özünə dönər! Rus ədəbiyyatı bu məqsədlə var gücü ilə yüz illərdi SÖZ savaşına qalxıb. Elə övladlarına uşaq beşiyində, ideoloji dəsti xəttini beyinlərə həkk etdirir.

Mariya Svetayeva hələ 1939-cu ildə yazıb:

 

В оны дни певала дрема

По всем селам-деревням:

- Спи, младенец! Не то злому

Псу-татарину отдам!

 

Ночью черной, ночью лунной

- По Тюрингии холмам:

- Спи, германец! Не то гунну

Кривоногому отдам!

 

Днесь - по всей стране богемской

Да по всем ее углам:

- Спи, богемец! Не то немцу.

Пану Гитлеру отдам!

 

Dünyanın başqa xalqları ilə müqayisədə rus xalq nağıllarında heyvan obrazlarından daha çox istifadə olunur. Bu nağıllarda xüsusilə də rus ayısı özünün mərdliyi, xeyirxahlığı və humanistliyi ilə seçilir. Ayı rusların simvoludur. Onlar bu rəmzdən ilk dəfə XVI əsrdə istifadə etməyə başlayıblar. Sonralar ayı simvolu Rusiya çarlığı, Rusiya imperiyası və SSRİ-də istifadə olunub. 1980-ci il Yay Olimpiya oyunlarının rəmzi kimi rus ayısı (Mişa) təsvir olunub.

Ayı nə xeyirxahlıq rəmzi, nə də olimpiya oyunlarına dəxli olmayan vəhşi bir heyvandır. Son illərin ən populyar cizgi filmi olan “Ayı və Maşa”da o çox xeyirxah, yardımsevər, mülayim xasiyyətli, xoş üzlü, balaca Maşanın himayədarı kimi göstərilir. Halbuki Bozrurdla müqayisədə qorxağın biridi. Bunu yaxşı anlayan antitürk ideyası bilərəkdən “Nu poqodi” adlı cizgi filmində qurdu qorxaq, əfəl, gerizəkalı, dovşanı isə daha ağıllı təsvir edib.

Qeyd edək ki, qurd türk, monqol və altay mifologiyasında müqəddəs heyvandır. Bozqurd mərddir, vəfalı və etibarlıdır. Bu cizgi filmində müəllifin nə demək istədiyi aydın deyilmi? Bu filmə baxan rus uşağı təsadüfən bozqurdlar haqqında bir bilgiyə rast gəlsə nə düşünər? Aydın məsələdir ki, dovşanı ondan üstün tutar, özünün ayısına pərəstiş edər. Bu hal, əlbəttə, şovinizmin və millətçiliyin ən pis nöqtəsidir. Sovetlər zamanı azərbaycanlı uşaqların da beyni həmin şovinizmlə “yuyulub”, az qala manqurtlaşıblar. Bugünkü bığlı-saqqallı kişilərin, ağbirçək anaların, ağıllı nənələrin çoxu hələ də “Nu poqodi”nin qorxaq, əfəl canavarına gülür. Nəvə-nəticələrinə çox həvəslə “Ayı və Maşa”ya baxmağı tövsiyə edirlər. Bozqurd anlayışları sıfıra bərabərdir.

Yaxud da, digər çizgi filmlərində və ya nağıllarda yenə də qurd özüdə boz qurd deyimi ilə, qorxaq, acgöz, maymaq və s. obrazlarda beyinlərə yeridilir.

Bu gün Azərbaycan etibarlı özüllər üzərində qurulmuş müstəqil bir ölkədir. Dünya çapında öz yeri olan, öz sanbalı və xüsusi çəkisi ilə seçilən və sayılan bir dövlətdir. Heç kimdən asılı deyil, bir başqasının tabeçiliyndə irəliləmir. Müstəqil iqtisadiyyatı, mədəniyyəti və siyasəti ilə yanaşı ədəbiyyatı da mövcuddur. Bu günün yazarları uşaqlarımızı rus ayısından, qorxaq dovşandan “baba yaqa”dan qorumalıdırlar. Bu günün nasirləri bu simvollara qarşı təpki göstərməlidirlər. Bu gün müasir nağıllar yaranmalı ki, keçmişin utanc yaradan obrazları, rəmz və simvolları aradan qaldırılsın.

Mən aşırı millətçiliyin tərəfdarı deyiləm, amma bir türk olaraq, bir azərbaycanlı kimi varlığımla fəxr edirəm, türklüyümlə qürur duyuram. İstəyirəm ki, başqa millətlər varlığımıza, milli dəyərlərimizə xələl gətirməsinlər. Çünki biz bütün millətlərə, onların folkloru, tarixi obrazlarına, xalq deyimlərinə tarixən hörmət və ehtiramla yanaşmışıq və yanaşırıqda. Azərbaycan türkünün bugünkü həyatı, fəaliyyəti, yaşam tərzi, əxlaqı, mədəniyyəti gələcək nəsillərə olduğu kimi gedib çatsın. Bunu SÖZ yaradıcıları ədəbiyyat nümunələrində qırmızı xətlə verməlidirlər.

Roman, şeir, yaxud nağıl, bayatı və dastanlar oxucuya birtərəfli zövq verməməlidir. Oxucu oxuduqlarından, dinləyərək eşitdiklərindən milli kimliyini öyrənməli, tarixi köklərinə daha da bərk bağlanmalıdır. SÖZ dünyası məhz buna köklənərsə, rus ayısı və qorxaq dovşan yox olar, yaddaşlardan silinər.

Azadlıq timsalı olan Bozqurd yenidən insanların qan yaddaşında dəyanət və hürriyyət simvoluna çevrilər.

Eyni zamanda hərdən düşünürəm, bəs bizlər bu gün müstəqil Azərbaycanımızda övladlarımıza nəyi izah edirik? Onlardamı, müəyyən dövrdən sonra düşmən “toruna” düşsünlər?

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ