SON DƏQİQƏ

AQİL ABBAS: GƏL AY PƏNAH XAN, GORUN ÇATLASIN!

Tarix:

23-09-2018, 09:40

/ 10 660 dəfə oxundu.
AQİL ABBAS: GƏL AY PƏNAH XAN, GORUN ÇATLASIN!

1978-ci ildə ermənilər İrandan Qarabağa köçürülmələrinin 150 illiyini təntənə ilə qeyd elədilər və Xankəndinin girəcəyinə də bunun şərəfinə bir böyük abidə qoydular və onu elədilər Dağlıq Qarabağın emblemi. Və dünya dağılanadək hər il də həmin günü qeyd edirdilər, yemək-içmək, çal oynasın, vur-otlasın.

Dünya dağılandan sonra day bu bayramı keçirmədilər. Əvvəla, artıq bu bayram onlara sərf eləmirdi, həm də bayramlarının sayı çoxaldı: Şuşanın işğal günü, Laçının işğal günü, Kəlbəcərin, Qubadlının, Zəngilanın, Cəbrayılın, Ağdamın, Xocalının və sair və ilaxır… əl barmaqları çatmır, gərək keçək ayaq barmaqları ilə də sayaq.

 

Əsas bayramları da Şuşayla bağlıdı. Hər il mayın 8-9-u Şuşada vur çatlasındı. Avropadan da parlamentarilər, məşhur siyasətçilər… it ilxısı, köpək sürüsü tökülüşüb gəlirlər, hələ bir eşşək yarışı da keçirirlər. Sonra da bizim Xarici İşlər Nazirliyi ora gələnləri salır qara siyahıya. Hələ biri vardı Lapşin adında, tutub içəriyə də qoyduq, sonra da buraxdıq getdi.

Qara siyahıya düşənlər də daha sonra bizim XİN-ə bir üzrxahlıq məktubu göndərir, bizim XİN-in də ürəyi yumşaqdı və genişdi, əfv eləyir onları və onlar da xoşbəxt olurlar.

Bəli, Qarabağa köçürülmələrini bayram edən ermənilər 26 ildi Şuşanı almalarını bayram edirlər.

Gəl ay Pənah xan, gorun çatlasın!

1748-ci ildə Çingiz xanın nəvəsi, Hülakü xanın oğlu Arqun şahın nəslindən olan Pənahəli xan Cavanşir doğulduğu Bayat kəndinə (Ağcabədiyə) gəldi və Qarabağ xalnlığını qurdu. Təxminən 30 yaşlarındaydı. Və bu xanlıq ŞimaliAzərbaycanın ən qüdrətli xanlığına çevrildi. Ondan əvvəl Qarabağ xanlığı yoxuydu, Qarabağ Bəylərbəyliyi vardı Gəncədə yerləşirdi. Qarabağ bəylərbəyi də Pənah xanın babası İbrahim Xəlil ağaydı ki, sonra da Pənah xan oğlanlarının birinin adını İbrahim Xəlil qoydu ki, adı tarixə İbrahim xan kimi düşdü.

 

Mən Qarabağın tarixini yazmaq fikrində deyiləm. Bu haqda çox yazılıb, mən özüm də Qarabağ xanlığının tarixi ilə bağlı «Batmanqılınc» adlı roman yazmışam. İki dəfə də nəşr olunub, eləcə də Türkiyədə. Bəlkə saytda təkrar dərc elədim, oxumayanlar oxusun.

Gələk mətləbə.

1748-ci ildə Qarabağ xanlığı quruldu, ondan sonra Pənah xan Şahbulaq qalasını tikdirdi, Əsgəran qalasını tikdirdi, 1754-cü ildə də Şuşa qalasını tikdirdi.

1748-ci il, bu il də 2018-ci il. Bu il Qarabağ xanlığının qurulmasının 270 illiyidi. Elə bil heç belə bir hadisə olmayıb, belə bir xanlıq qurulmayıb. Nə televiziya kanallarında, nə mətbuatda bir tık da yoxdu.

Ermənilər Şuşanı almalarını hər il bayram edirlər. Ötən il də 25 illik yubileyini qeyd etdilər.

Biz Qarabağ xanlığının 270 illiyini unutmuşuq.

Falçı Bayram bu gün Pənah xandan hörmətlidi.

Gəl ay Pənah xan, gorun çatlasın. Necə ki çatlayır…

Sadıq Murtuzayev Ağdamda – İmarətdə Pənah xanın da, İbrahim xanın da, Mehdiqulu xanın da, Xan qızının da məzarları üstündə möhtəşəm sərdabələr tikdirmişdi.

Azərbaycandakı Bayraq muzeylərində Qarabağ xanlığının bayrağı varmı?

Mövzunu davam etdirəcəyik.

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ