Ağdamlı günlərimiz

 

Düz 25 il öncə ağdamlılar öz zəhmət və bacarıqlarına görə firavan yaşayıb yaradırdılar. Ağdam günü-gündən inkişaf edir, rayonun ərazisi genişlənirdi. Ətraf kəndlər, xüsusilə Seyidli, Sarhacılı, Ətyeməzli rayona birləşdirilmişdir. Yeni-yeni yaşayış binalarının tikintisinə başlanmış, yeni parklar salınır, sənaye obyektləri bir-birinin ardınca istifadəyə verilirdi.

O vaxt rayona rəhbərlik edən el ağsaqqalı, böyük təcrübəyə malik olan Sadıq müəllim Murtuzayev rayon camaatının əməksevərliyini, zəhmətkeş insanlarının öz rayonunu necə sevməsini hiss etdikdən sonra belə böyük işlərə başlamışdır.

Rayon əhalisinin bu işgüzarlığının qarşısında onların mədəni istirahəti üçün Sadıq müəllim gözəl təbiətə malik olan Abdal-Gülablı kəndində ailəvi istirahət katecləri, 500 çarpayılıq sanatoriyasının tikintisini təşkil etmişdir.

Rayonun mərkəzində yeni küçələr salınır, bəziləri genişləndirilir, kanalizasiya sisteminin yenidən qurulmasına başlanmışdır.

Əhalinin sağlamlığını təmin etmək üçün 500 çarpayılıq xəstəxana kompleksinin tikintisi böyük vüsət almışdır. Demək olar ki, rayon əhalisinin və eləcə də ətraf rayonlardan gələn işçi qivvəsi bu tikintilərdə fəal iştirak edirdilər.

Şelli, Şahbulaq istirahət zonaları kənd əməkçilərinin istirahət yerinə çevrilmişdi.

Həmin dövrdə rayonun ehtiyacı olan ailələrə və gənclərə torpaq sahələri paylandı və burada bir-birindən yaraşıqlı yaşayış evləri tikilməyə başladı.

Beləcə Ağdam yaşayırdı, inkişaf edirdi, əhalinin yaşayış səviyyəsi günü-gündən yaxşılaşırdı.

Adam fikirləşirdi ki, bu gedişlə davam etsə rayon respublikanın iri şəhərlərindən birinə çevriləcək.

Rayonda şənbə və bazar günləri böyük yarmarkalar təşkil edilirdi. Ətraf rayonlardan, hətta qonşu Gürcüstandan, Ermənistandan ailəliklə gəlib burada istədiklərini tapıb alırdılar.

Ağdam özünün müdrik düşüncəli el ağsaqqalları ilə, dünya şöhrətli alimləri, ziyalıları, şair və yazıçıları, incəsənət xadimləri, vurub-tutan cavanları, sadə, mədəni, zəhmətkeş insanları ilə fəxr edirdi.

Çox təəssüflər olsun ki, rayonun günü-gündən artan inkişafına, əhalinin firavan yaşayışına mənfur qonşular olan ermənilərin torpaq iddiası ilə başlanan müharibə son qoydu.

Müharibə başladı. Dağlıq Qarabağ ermənilərini yaxından tanıyan ağdamlılar bunu gözləmirdilər. Çünki onların yaxşı yaşayışları Ağdam və digər ətraf rayonlardan asılı idi. Lakin bina baxmayaraq ağdamlılar tez bir vaxtda könüllü dəstələr yaratmağa başladılar. Bu dəstələrə rayonun igid oğulları başçılıq etməyə başladı. Ətraf rayonlardan gələnlər də bu dəstələrə qoşulmağa başladılar. Döyüşçülərin sayı artdıqca dəstələr batalyonlara çevrildi.

Batalyonlara rayondan olan imkanlı şəxslər, eləcə də kənarda yaşayan ağdamlılar və bütün Qarabağsevərlər hər cür köməklik edirdilər.

Demək olar ki, bu batalyonlar nəinki rayonu müdafiə edirdilər, hətta tez bir zamanda erməni kəndlərini bir-bir ələ keçirirdilər.

Lakin çox təəssüflər olsun ki, düşmənin tezliklə məhv edilməsi ərəfəsində mərkəzdə gedən siyasi oyunlar qəhrəman oğullarımızın bu arzularına son qoydu. Xəyanət öz işini gördü.

AXC ilə Surət Hüseynovun dartışması və siyasət oyunlar nəticəsində doğma Ağdam şəhərimiz yağı tapdağındadır.

Bir rayondan 12 nəfərin Milli Qəhrəman adı alması, altı mindən çox Şəhid verməsi ağdamlıların bu müharibədə necə qəhrəmanlıq göstərdiyinin bariz nümunəsidir.

Allah bütün şəhidlərimizə rəhmət eləsin.

Biz inanırıq ki, günü-gündən güclənən ordumuzun köməkliyi ilə işğal altında qalan torpaqlarımızı tezliklə azad edəcəyik.

 

Rauf İlyasoğlu,

Mahir Kərimov

скачать dle 10.6фильмы бесплатно
[xfvalue_video]