Avtobus əhvalatı

Rauf İlyasoğlu

Metro və avtobuslarda gediş haqqının artırılması əhali tərəfindən birmənalı qarşılanmamışdır.

Tarif Şurasında keçirilən iclasda ictimai nəqliyyatda sərnişindaşıma xidmətləri üzrə yeni tariflər təsdiq edilib. Belə ki, metro nəqliyyatında Bakı şəhərində, digər şəhər və rayonlarda sərnişindaşıma xidmətinin həddi şəhərdaxili avtobus marşrutları üzrə bir gediş üçün 30 qəpik, şəhərətrafı və qəsəbələrarası avtobus marşrutları üzrə məsafədən asılı olaraq bir gediş haqqı 30-90 qəpik, şəhərlərarası avtobus marşrutları üzrə 1 kilometr üçün 2,4 qəpik təsdiq edilmişdir.

Qiymət artımı 39 nömrəli avtobusda sərnişinlər arasında geniş müzakirəyə səbəb oldu. 75 yaşlı bir qadının dedikləri: - 180 manat təqaüd alıram, II qrup əliləm. Hər gün bu marşrutdan istifadə edirəm. Qızımın evinə gedib gəlirəm. Poliklinikadan dərman alıram. Əlbəttə ki, imkansız ailələrin büdcəsinə mənfi təsir göstərəcəkdir. Dövlət 10 qəpiklə varlanacaqmı?

Xüsusi xidmət orqanlarında çalışmış bir təqaüdçü isə bildirdi: - 10 qəpiklə heç nə olmaz.

Aydın oldu ki, bu vətəndaş 1200 manat pensiya alır. Əlbəttə ki, yüksək əmək haqqı alan vətəndaşlar bu qiymət artımından çox əziyyət çəkməyəcəklər.

Keçmiş Sovetlər birliyinin gözəl qanunlarının üstündən bir xətt çəkmək məncə olmaz.

Birinci növbədə, pensiya yaşının qaldırılması əhali arasında ciddi narazılığa səbəb oldu. Vaxtilə bütün kateqoriyadan olan əlil insanlar metro və avtobuslardan güzəştlə istifadə edirdilərsə, indi bu güzəştlər tamam ləğv olunub. 

Güc strukturlarında çalışan vətəndaşlardan fərqli olaraq həkimlərin, tibb işçilərinin, müəllimlərin, jurnalistlərin, mədəniyyət işçilərinin, əlil insanların aztəminatlı ailələrin vəziyyəti nəzərə alınmalıydı. Avtobus və metro qiymətlərinin qaldırılması kənd təsərrüfatı məhsullarının rayon və kəndlərdən şəhərlərə daşınmasında da bahaçılıq və narazılıq yarada bilər.

Əlbəttə ki, sevindirici haldır ki, müasir avtobusların paytaxtımızda fəaliyyəti insanların rahat gediş-gəlişinə xidmət edir. Bu avtobusların artırılması olduqca vacibdir. Bu sahədə ciddi iş gedir. Lakin dünya praktikasına müraciət etsək görərik ki, məsələn, Kanadada işsiz vətəndaşın ayda aldığı müavinət onun bütün dolanışığını, normal yaşamasını təmin edir. Nazirlə adi vətəndaş arasında heç bir fərq qoyulmur.

Bir çox millət vəkillərimizin əksəriyyəti xalqın xeyrinə məsələ qaldırmaq əvəzinə, ayrı-ayrı nazirliklərin, məmurların, şirkətlərin və s.xeyirinə qərarlar qəbul edirlər.

Vətəndaşların banklara dollarla olan kredit borcları hələ öz həllini tapmayıb. Banklar dolların qiymətinin qalxması ucbatından krediti ödəyə bilməyən aztəminatlı vətəndaşları, əsasən də iş tapa bilməyən 50-60 yaşlı insanları məhkəmələrə verməklə məsələnin həllini tapmış olur. İcra məmurları isə borclu insanlara hədə-qorxu gəlir və borclarını nə yolla olursa ödətməyə çalışırlar.

 Aztəminatlı ailələrin qayğısına qalınmalı, dollarla kredit götürmüş vətəndaşların sələmçi banklarımızın güzəştə getməsinə şərait yaradılmalıdır.

Vətənpərvər mövzulu 11 kitab müəllifiyəm. Jurnalist olaraq mətbuat səhifələrində müntəzəm olaraq məqalə və şeirlərim dərc olunur. Hər gün iki marşrut dəyişib nəşriyyata gəlib gedirəm. 2-ci qrup əliləm. 180 manat təqaüd alıram. “Unibank”dan 2014-cü ildə dollarla sənədləşdirdikləri, əslində manatla (5 min dolları 9998 manatla əvəz edib) aldığım krediti məhkəmə yolu ilə tutulmaqla hər ay 45 manat “Unibank” tərəfindən yüksək faizlə təqaüdümdən uzunmüddətli tutulur. “Bank of Baku”da 2000 dollar krediti verə bilmədiyimə görə məni məhkəməyə verməyə çalışır. Hansı ki, dolların qiyməti qalxana qədər kredit borclarımı müntəzəm olaraq ödədiyim halda, yaxşı müştəri olduğum üçün bank əməliyyatçıları “Albalı”, “Dostluq” kartlarını hədiyyə etməklə mənim vəziyyətimi daha da ağırlaşdırdılar. Tək mənim yox, çoxsaylı vətəndaşların.

Pensiya islahatlarına indi ciddi ehtiyac duyulur. Tarif Şurası vətəndaşların minimum dolanışığını, sosial problemlərini nəzərə alıb aztəminatlı insanların normal yaşamasına şərait yaratmalıdır.

Ölkəmizdə gözəl inkişaf gedir. Şəhər və kəndlərimiz abadlaşır, yollarımız asfaltlaşdırılır. Köhnə binalar hündürmərtəbəli yaraşıqlı binalarla əvəz olunur. Neft və qazımız Avropaya nəql olunur. Təqaüdçülərin, bütün kateqoriyadan olan əlillərin, aztəminatlı ailələrin minimum dolanışıq meyarına yenidən baxmağın vaxtı deyilmi?

2008-ci ilə qədər vəfat edən vətəndaşların pensiyalarının və ya maaşlarının 3 misli miqdarında dəfn pulu ödənilirdisə, bu gün vəfat edən vətəndaşların təqaüdlərinin baza hissəsinin 3 mislinin ödənilməsi Səlim Müslümov kimi xalqı düşünməyən əzazillərin millətə qəsdi kimi başa düşülməlidir.

İşlədiyi müddətdə maaşından həmkarlara, sosial fondlara, vergiyə tutulan pullar vəfat edən vətəndaşlarımızın ailəsinə ödənilməlidir. Əlil olmuş insanların da məmur balaları kimi yaşamağa haqqı çatır. Həyat əbədi deyil. İnsan amili əsas meyar olmalıdır.

Bəzi deputatlarımız maaşlarının az olduğunu, 10 min manat civarında qaldırılmasını təklif edincə, əlillərin imtiyazlarını, aztəminatlı ailələrin sosial problemlərini bərpa etsinlər

Tədqiqatçı jurnalist, əlil vətəndaş olaraq inanıram ki, hörmətli Prezidentimiz vətəndaşların banklara dollarla olan borclarını ödəyə bilmədiyini, ərzaq və yeyinti məhsullarının həddindən artıq qalxdığını nəzərə alaraq aztəminatlı ailələrin, əlil olmuş insanların normal dolanması naminə humanist qərarlara imza atacaqdır.

 

 

 

скачать dle 10.6фильмы бесплатно
[xfvalue_video]