SON DƏQİQƏ

"Mən futbolu, doğurdan Foqstdan yaxşı bilirəm"

Tarix:

29-06-2018, 23:55

/ 10 816 dəfə oxundu.
"Mən futbolu, doğurdan Foqstdan yaxşı bilirəm"

Aqil ABBAS

«Asan» radionun qonağıydım. Çox maraqlı bir söhbət alındı. Söhbəti maraqlı bir məcraya yönləndirdiklərinə görə Kəmalə xanıma və Ruslan bəyə təşəkkür edirəm. Yəni ürəyim istədiyi kimi danışdım.

Və təbii ki, həm də futboldan, dünya çempionatından. Məni tanıyanlar, yazılarımı oxuyanlar çox gözəl bilir ki, zarafatla, ironiya ilə, sarkazmla danışmağı xoşlayıram. Düzdür, bəzən ironiya ilə, sarkazmla dediyim fikirlər kontekstdən çıxarılır və sosial şəbəkələrin məhkəmələrində, filmlərdə deyildiyi kimi, əleyhimə kullanılır.

Mən futbolu çox sevirəm və həqiqətən də bilirəm. «Qarabağ» komandasının ölüm-dirim vaxtında və bu günə gəlib çıxmasında az-çox da xidmətlərim var. Mən komandanın ən ağır günlərində yanında olmuşam. O vaxtında ki komandanın yanında beş-altı adam vardı: Həsən Sarıyev, Adil Nadirov, Nazim Abdullayev, Fikrət Sadıqov, Yunis İldırımzadə, Habil Qurbanov, rəhmətlik Süleyman Zeynalov, Aqil Paşayev və bəndəniz. Bunu kiməsə minnət üçün demirəm, sadəcə, futbola bağlılığım üçün deyirəm.

Hətta belə bir zarafatım da var. Bir dəfə ANS-də soruşdular ki, ölümdən qorxursan? Dedim, yox. Adam öləndən sonra öldüyün bilmir ki, görə ölüb, ürəyi partlaya. Amma dilxor oluram ki, öləndən sonra dünya çempionatları olacaq, gözəl oyunlar olacaq, mən görə bilməyəcəm. Yəni futbolu o qədər sevirəm və həm də bilirəm.

Verilişdə, yuxarıda dediyim kimi, bir az ciddi, bir az yarızarafat dedim ki, mən futbolu Foqtsdan yaxşı bilirəm.

Şəxsən tanımadığım, amma istedadlı bir şair kimi, ziyalı kimi qəbul etdiyim Rauf Qərib Alagöz mənim bu fikrimi status kimi paylaşıb. Təbii ki, paylaşımında ironiya var, qəbul edirəm. Mən hamıya ironiya edə bilirəm, mənə edə bilməzlər?

Amma, dostum, lap bu dəfə ciddi deyirəm, mən futbolu Foqtsdan yaxşı bilirəm. Dəfələrlə də aramızda mübahisə olub, məndən də zəhləsi gedirdi. Çünki sözün düzünü deyirdim. Bir dəfə də Ağdamda daha ciddi söhbətimiz oldu. Ağdamda deyəndə, yəni Quzanlıda. Bu adam bizim millətə çox yuxarıdan aşağı baxırdı. Bizimlə Afrikada cəngəlliklərdə yaşayan buşmenlər arasında fərq görmürdü. Azərbaycan xalqını meydançada top qovalayan, kitab oxumayan, dünyadan, dünyada baş verən hadisələrdən, siyasətdən, elmdən, dünya mədəniyyətindən, dünya ədəbiyyatından, incəsənətindən xəbəri olmayan futbolçularla (ifadəmə görə futbolçulardan üzr istəyirəm) bir ölçürdü.

Dünyanı qoydum bir kənara, ona sübut elədim ki, mən Almaniyanın tarixini, ədəbiyyatını, incəsənətini, fəlsəfəsini, mədəniyyətini ondan yaxşı bilirəm. Bu adam heç bilmirdi ki, alman xalqının Nitsşe, Freyd, Şopenhauer, Şpinqler kimi filosofları var. Mən Baxın yaradıcılığını necə açdımsa, bəlkə də o, Baxa bir-iki dəfə qulaq asıb. Özü də elə futbol oynamağı bilir. Axırda da üzr istədi. Amma sonra Həsən Sarıyev Şahvəlilərdə gözəl bir süfrə açıb bizi barışdırdı. Yalançının şahidi yanında olar, mənim əziz dostum və futbolu Foqtsdan da, məndən də yaxşı bilən Ramin Musayev dediklərimi təsdiq edə bilər.

Bir dəfə də yenə futboldayıq, onda limit söhbəti yox idi. «İnter» kimləsə oynayır, «İnter»də 9, rəqib komandada 8 əcnəbi futbolçu meydandadı. Yenə Foqtsla böyür-böyürə oturmuşuq. Nemesin oğlu burda milli komandaya oyunçu axtarır. Mən də dedim ki, sən bu oyuna niyə gəlmisən, burda meydançada 17 futbolçu əcnəbidi. Get o komandaların oyununa bax ki, orda azərbaycanlılar oynayır.

O da qalxdı ayağa, üzünü tutdu ətrafdakılara, ətrafdakılar da futbol cameəsinin adamlarıydı, dedi ki, bu məndən nə istəyir, sonra da acıq edib yarımçıq çıxıb getdi.

Mən dedim futbolu Foqtsdan yaxşı bilirəm, demədim ki, ondan yaxşı futbol oynayıram və ondan yaxşı məşqçiyəm.

 

Yeri gəlmişkən, ondan sonra adı dilimə yatmayan bir məşqçi gətirmişdilər ey, milli komanda uduzur, adətən uduzan komanda bütün gücüylə irəli atılır, çalışır vaxt itkisi olmasın. 89-cu dəqiqədə oyunçu dəyişdirir, hücumçu yerinə də yarımmüdafiəçi buraxdı. Nə isə…

Qayıdaq Foqtsa. Mən heç bir musiqi alətində ifa edə bilmirəm, amma bu o demək deyil ki, mən musiqini bilmirəm. Mən heykəltəraş deyiləm, amma bu o demək deyil ki, mən heykəltəraşlığın fəlsəfəsini, bu sənətin incəliklərini, tarixini bilmirəm.

Mən futbol oynaya bilmirəm, şahmat oynaya bilirəm. Orta məktəbdə oxuyanda da məktəbimizin qapıçısıydım, amma elə həmişə «zalatoy zapas»da otururdum. Çünki Nizami adlı sinif yoldaşım (Altay Əlibəylinin əmisi) məndən daha bacarıqlı qapıçı idi.

Mən şeir yazmıram, amma bu o demək deyil ki, mən poeziyanı bilmirəm.

Yenə Foqts. Deyir gedənin dalınca danışmazlar, mən bu sözləri onun üzünə dediyimə görə, danışa bilərəm.

Böyük futbolçu olub, dünya çempionu olub, futbolda nələr qazanıb, halal xoşu. Deməli, gedənə yaxın qaraçılar kimi bir şivən çıxarmışdı, bizə hədə-qorxu gəlirdi: görün nələr danışacam, nələr deyəcəm. Sonra da «udka» buraxırdı ki, onu Braziliya istəyir, Almaniya istəyir, İngiltərə istəyir, Həbəşistan istəyir. İndi bilmirəm harda it qovur, noldu bəs?

AFFA-ya da həmişə bir sözüm olub. Qardaş, ya milli komandaya, ya da klub komandalarına yüksək maaşla məşqçilər gətirirsiniz, çox gözəl. Bu bütün dünyada belədi, xaricdən məşqçi dəvət etmək. Və onunla müqavilə bağlayırsız, sənə bir belə pul verəcəm və neçə illik. Bacarmadı, yarımçıq qovsanız cərimələri ödəməlisiniz, onun maaşını ödəməlisiniz və sair və ilaxır, at gəldi örkən apardı, it gəldi çarıq, xarici məşqçi gəldi pul. Müqavilədə sən də onun qabağında şərt qoymalısan, əgər bu şərtləri yerinə yetirməzsən, üç badam, bir qoz.

Nə isə. Dostum, Rauf Qərib Alagöz, mən adətən heç kimə cavab yazmıram. Səni istedadlı bir şair, gözəl bir ziyalı, həm də zəhmətkeş bir şəxs kimi tanıdığıma görə bunları qələmə aldım.

İstədiyin vaxt qonağım ola bilərsən və söhbətimiz də çox maraqlı alınar və lazım gəlsə, mətbuata da çıxararıq.

Dostum, doğurdan da, mən futbolu Foqtsdan yaxşı bilirəm.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ