SON DƏQİQƏ

Tək oğul və hərbi

Tarix:

23-05-2018, 16:38

/ 11 051 dəfə oxundu.
Tək oğul və hərbi

Rauf İlyasoğlu

 

70 il Sovet İmperiyasının tərkibində yaşadıq. Bu illər ərzində rus dili birinci dil kimi təbliğ olunsa da, zəngin Azərbaycan dilimizi qoruyaraq saxladıq və hətta daha da inkişaf etdirdik. Bütün orta məktəblərdə vaxtilə rus dili ilə yanaşı, Azərbaycan dili geniş təbliğ olunurdu. Müəllimlər normal əmək haqqı alaraq dərsləri vicdanla keçərdilər. 

Sovet İmperiyasının sərt qərarları olsa da, gözəl qanunları da var idi.

Müstəqillik əldə olunduqdan sonra bütün sovet qanunları dəyişdirildi və hər bir respublika müstəqil qanunlar qəbul etməyə başladılar. Keçmiş Sovetlər birliyini tərifləmək fikrim yoxdur. Əlbəttə ki, bir gün müstəqil yaşamaq 100 il boyunduruqda yaşamaqdan şərəflidir.

Buna baxmayaraq, keçmiş Sovet Konstitusiyasında bəzi zəruri, düşünülmüş gözəl qanunları yenidən bərpa etməyin məncə vaxtıdır.

Əfsuslar olsun ki, Sovet birliyində analıq məzuniyyəti, uşağa görə müavinətlər yüksək səviyyədə icra olunurdusa, müstəqillik əldə olunduqdan sonra bir çox dövlət müəssiələrində, əsasən özəl müəssisələrdə çalışan qadınlar analıq məzuniyyəti pullarından məhrum oldular.

Sovetlər birliyində ailənin tək oğul övladları hərbi xidmətə çağırılmaqdan azad olunardısa, müstəqillik əldə etdikdən sonra ölkəmizdə ailənin tək oğul övladları da məcburi hərbi xidmətə çağırılırlar.

Evdə oğul dünyaya gələndə biz valideynlər sevinirik ki, kökümüzü, nəslimizi davam etdirən oğul dünyaya gəldi. Qurbanlar kəsilərdi.

Qarabağ müharibəsi başlayandan bu günə qədər hərbi xidmətdə, eləcə də Qarabağ müharibəsində şəhid olan əsgərlərin əksəriyyəti evin yeganə övladlarıdırlar.

Bu günlərdə dörd bacının bir qardaşı, ailənin tək oğul övladı cəbhə bölgəsində şəhid oldu. Valideynlərini itirən bu bacılar qardaş üzünə həsrət qaldılar.

Çalışdığım Gunaz.az saytına, Şəhid Ailələrinə Sosial Dəstək İctimai Birliyinin mətbuat xidmətinin rəhbəri, eləcə də “Həkəri” qəzetinin baş redaktoru olaraq ünvanıma çoxlu sayda zənglər, məktublar, şikayət ərizələri gəlir. Bu günlərdə Lənkəran şəhərindən bir şəhid anasının mənə yazdığı məktubu ürək ağrısı ilə oxudum, çox həyəcanlandım:

- Hörmətli baş redaktor! Bir şəhid anası olaraq sizə müraciət edirəm. Həyat yoldaşım vəfat edib. Bir oğlum var idi, hərbi xidmətə çağırdılar. Hərbi hissədə müəmmalı şəkildə vəfat etdi.

Oğlumun heç olmasa adının əbədiləşdirilməsi bir anaya təsəlli olardı. Bir nəslin davamı sona yetdi.

Yaxşı yadımdadır. 1977-ci illər idi. Böyük qardaşım Vaqif bir il idi ki, Qazaxıstanda, ortancıl qardaşım Niyaz isə Tomsk vilayətində hərbi xidməti borcunu yerinə yetirirdilər. Mənə də hərbi komissarlıqdan çağırış gəldi. Anam çox kədərləndi və dedi: - Ay İlyas, iki oğlumuz hərbi xidmətdədir, üçüncüsünü də aparsalar, mən necə dözərəm?

Böyük Vətən müharibəsində bölmə komandiri olaraq 1942-ci ildən 1947-ci ilə qədər müharibənin ən qaynar nöqtələrində vuruşaraq iki dəfə ağır yaralanan atam, baş leytenant İlyas Allahverdiyev dedi:

- Heç nə olmaz. Əksinə, vətən borcunu yerinə yetirməlidirlər. Tez gedib, tez də gələrlər.

Hazırlaşdım və səhər Ağdam rayon komissarlığına gəldim. Komissar biləndə ki, iki qardaşım hərbi xidmətdədir, mənə altı ay güzəşt etdilər və böyük qardaşlarım hərbi xidmətdən qayıtdıqdan sonra mən də uzaq Sibirdə xidmətə çağırıldım. Komandirlər məktəbini bitirdim. Hərbi texnikanın sirrinə bələd oldum.

Bunları yazmaqda demək istəyirəm ki, hər bir gənc hərbi xidmətdə olmalıdır. Lakin ailənin tək oğul övladlarına güzəşt edilməlidir.

Bu günlərdə millət vəkilləri Vahid Əhmədov və Jalə Əliyeva bu məsələnin düşündürücü, narahatedici və ağrılı olduğunu vurğulayıblar.

Yenə də daha bir gənc əsgərimiz olan Adil Tatarovu itirdik. Evin tək oğul övladı olan ananın gözünə necə dik baxmaq olar? Allahdan arzumuz budur ki, heç zaman ailələr övladsız, gözüyaşlı qalmasın.

Hərbi xidmətlə bağlı qanunvericiliyə düzəliş etməyin vaxtıdır.

Nəslin davamçıları olan tək oğul övladlarına hərbi xidmətlə bağlı mütləq güzəşt hüququ tanınmalıdır. Cəmi iki ay xidmət edən əsgəri ön cəbhəyə göndərmək nə dərəcədə düzdür?

Peşəkar döyüşçülərimiz sərhədimizi qorumalıdırlar. Həmin döyüşçülər yüksək maaşla təmin olunmalıdırlar.

Təzə doğulan buzova görə sahibkara 100 manat verildiyi halda dünyaya uşaq gətirən anaya 90 manat verilməsi onu göstərir ki, qanunlarımızda nə qədər boşluqlar var.

Böyük sənətkarımız Rəsul Rzanın “Ala buzov” şeiri bu günümüzlə necə də səsləşir!

Allahdan arzum budur ki, heç bir valideyn övlad dağı görməsin. Səngərlərdə vətənimizin keşiyini çəkən vətən oğullarının qarşısında baş əyirəm. Tək oğul övladlarını və onları böyüdən anaların arzularının reallaşdırılması həqiqətən zəruridir.

Milli Məclis bu məsələni diqqətdə saxlamalı və xalqı düşündürən cəsarətli qərarlar qəbul etməlidir.

 

 

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ