SON DƏQİQƏ

Qışda göyərmiş gözlər

Tarix:

4-01-2018, 17:52

/ 2 430 dəfə oxundu.
Qışda göyərmiş gözlər

Hidayət Elvüsal

Əvvəllər baxanda ürəyimiz sıxılırdı. Şou-biznes (ŞB) əhalisinin hamısı qara eynək taxıb, ekrana çıxardılar. Sonra orda-burda söz-söhbət yayıldı ki, MKİ, yəni ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi və Rusiyanın Baş Kəşfiyyat İdarəsi (BKİ) bu məsələyə etiraz bildirib. Deyiblər ki, bu tərz onlara məxsusdur və sünnət toylarında-zadda işlənə bilməz. Ekranda isə heç yeri yoxdur.

Bizim toyxana şou-biznesinin əhalisi də bir xeyli götür-qoy ediblər. Deyilənə görə, hətta iş-güclərini bir yana qoyub, səydəş-süydəş şeir yazan elm adamları ilə də məsləhətləşiblər. Belə qərara gəliblər ki, göz çox vacib vasitədir və onu anadangəlmə buraxmaq olmaz. Odur ki, hamı qara gözlərinə vida söyləyib, onu göyərtməlidirlər. Yəni linza taxıb, gözlərinin rəngini dəyişməlidirlər. Çünki, pullularımız qara gözləri sevməkdən, şairlər şeir yazmaqdan, bəstəkarlar mahnı qoşmaqdan beziblər.

Televiziyaya baxırsınızmı? Şou-biznesə əməlli-başlı bahar gəlib. Az qala hamısının gözləri göyərib. Bəzi ağzıgöyçəklər deyirlər ki, pullular onlara dollar-zad vermirlər deyə göy linza taxıb manatdan dolların təsəllisini alırlar. Deyirəm, ay bala, biz o gözləri göy görürük, onlar bizi və pulu olduğu kimi görürlər. Elə dediklərini əzbərləyib, durublar.

O gün də bir əhvalat olub. Dost-tanışın dediyinə görə ona “Snequroçqa skandalı” deyirlər. “Tarqovu”da veyillənən bir saqqallı yolkanın yanında qəşəng, göy gözlü Qar qızı görəndə özünü saxlaya bilməyib. Qız da şou-biznes tayfasından imiş və o da linza taxıbmış. Bu saqqallı da əlini qızın şubasının altından salıb, onun yumşaq yerindən cimdikləyib. Qız “Oy, mamoçqa!” demək yerinə, “Ay nənə, gəl” deyib, qışqıranda, saqqallı sarısını udub. Görüb ki, bu Snequroçqa deyil, Qar qızdır. Qaçmaq istəyəndə, tutub aparıblar polisə.

Həə, burda məsələ bir xeyli qarışıb. Müstəntiq qızdan soruşub ki, bu saqqallı sənin harandan çimdikləyib. Qız başını aşağı salıb.

- Ay qız, niyə dinmirsən?

- …

- Göstər görək harandan çimdikləyib?

Qız yenə dinməyib. Qıpqırımızı olub, tər basıb və müstəntiq görüb ki, ə, Qar qız elə kabinetdə əriyəcək, xatası onu tutacaq, işi bağlayıb. Səbəb də bunu yazıb ki, saqqallı gədə milli Qar qıza “Snequroçqa” deyə təzyiq göstərib və cərimələnib.

Yox, qardaş, məmləkətin bu qışın oğlan çağında göyərmiş gözləri yavaş-yavaş dəb halına çevrilir. Belə getsə qara gözlü qız defisit olacaq. Hamısının da günahkarı o şou-biznes əhalisidir. Səslərini kənara qoyub, gözləriylə pul qazanırlar. Həm də, deyilənə görə göy gözlər (mavi də ola bilər) çox bahalıdı.

Telekanallara bir də baxın. Canı yanmışların gözləri par-par yanır. Yanır və yandırır. Elə buna görə də qar yağsa da qorxmayın, əriyib gedəcək.

Göyərmiş qara gözləri məmləkətin qışına da bahar havası gətirib. Bircə oxuya bilsələr…

Oxuya bilənlər, savadlı aparıcılar, “sponsor” ovuna çıxmayanlar isə elə qara gözləri ilə gözəllərdən gözəldirlər!

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ