SON DƏQİQƏ

Qara sazın mahir ifaçısı

Tarix:

12-11-2017, 20:37

/ 1 856 dəfə oxundu.
Qara sazın mahir ifaçısı

 

            Ədalət Məhəmmədəli oğlu Nəsibov (Dədə Ədalət) 27 yanvar 1939-cu ildə Qazax rayonunda anadan olub. Azərbaycan aşıq sənətinin görkəmli simalarından biridir. Gənc yaşlarından saz ifası üzrə fitri istedada malik olub. İlk dərsini atası Məhəmmədəli kişidən alıb. Daha sonra Aşıq Ədalət Nəsibov Aşıq Ələsgərin qardaşı Məşədi Salehin nəvəsi Aşıq Əlinin yanında şəyirdlik edib. Xalq şairi Səməd Vurğun onun çalğısının vurğunu olub. “Qaytarma”, “Baş sarıtel”, “Ruhani”, “Yanıq Kərəm” və başqa saz havalarının bənzərsiz ifaçısıdır. Aşığa 24 iyul 1990-cı ildə “Əməkdar incəsənət xadimi” adı və 10 oktyabr 1997-ci ildə isə “Prezident” təqaüdü verilib. Beş uşaq – iki oğlan, üç qız atası olub.

 

            Sazın danışan dili, deyən sözü, görən gözü olan əfsanəvi ozanımız Dədə Ədalət vəfatı ilə qara sazın simlərində dondu. Aşığın cismi torpaqda olsa da ruhu bizlədi. İndən sonra onun ruhu qara saza köçdü. Abbas Tufarqanlı, Xəstə Qasım, Dədə Ələsgər və digər ustad aşıqlarla Aşıq Ədalətin adı qoşa çəkiləcək. Dədə Ədalət aşıq ifalarının mahir ifaçısı və bilicisi idi. Bu ifalarla ümumxalq məhəbbəti qazandı. Aşığın yaşam mənbəyi saz və xalq məhəbbəti olub. Bu iki amil ona hər zaman ilham verirdi. Məhz bu vəhdət Dədə Ədaləti sağlığında klassikləşdirdi.

            Ədalət yaradıcı bir insan idi. Aşıq sənətində bir sıra yeniliyə imza atdı. Bu yeniliklər ona ölməzlik qazandırdı. Hər ifası bir-birindən daha gözəl idi. Pərdələrdə gəzən barmaqlarla ifa etdiyi havalar dinləyicidə xoş təəssürat yaradırdı. Bu Dədə Ədalətin əsl möcüzəsi idi. Sanki həmin ifalarla sazın özü dilə gəlirdi. İfalarından göründüyü kimi aşığın barmaqları sirli bir dünya idi. Bu sirri özü ilə apardı. Bu barmaqlar aşığı sənətin uca zirvələrinə qaldırdı. Mahir ifaları ilə sənətin keşməkeşli yollarını ustalıqla qət etdi.

            Dədə Ədalət zəngin mütaliə sahibi idi. Ürəyinə illərlə qiymətli poeziya incilərini toplamışdı. Hər gün oxuyur və öyrənirdi. Hər zaman axtarışda idi. Yazılı ədəbiyyatla yanaşı ağız (dil) ədəbiyyatının da dərin bilicisi olub.

            Aşıq Ədalət hər zaman xalq ilə ünsiyyət qururdu. Əvəzsiz ifaları ilə könüllərdən-könüllərə köçürdü. Bu könüllər ifaçısına əbədillik bəxş etdi. Aşıq xalq sevgisi ilə yaşadı, xalq məhəbbəti gördü və məhəbbətsiz dünyanı heç sayırdı. Həmçinin onda bir qədimlik vardı. Keçmişə çox bağlı idi. Bu bağlılıq onu xalqa daha da sevdirirdi. Soy-kökə olan rəğbət onda hər zaman hiss olunurdu. Ömrünün çoxunu səfərlərdə keçirib. Bölgələrimizi və dünyanı gəzdi. Qədim aşıqlar kimi sənətini təbliğ edərək yaşadı. Əsl xalq aşığı idi.

            Teleməkanda, radioda Aşıq Ədalətin sazı meydana səs salanda hər kəs öz işini dayandırıb onu dinləyirdi. Xalq onun izləyicisi olub. Onu dövrünün aşıqlarından fərqləndirən xüsusiyyətdə vardı. Bu aşığın kino tarixinə düşməsidir. “Yeddi oğul istərəm” (1970), “Ədalət” (1971), “Aşıq Ələsgər” (1972), “Prima” (1992), “Tanrı payım, telli sazım” (2007) kimi filimlər onun şöhrətinə şən qatdı.

            Sağlığında aşıq haqqında dövrün qələm insanları çoxlu yazaraq dəyərli fikirlər söylədilər. Xalq şairi Nərman Həsənzadə: “Ədalət dünyaya gələcək. Dünya Ədalətsiz qala bilməz”, Xalq şairi Bəxtiyar Vahabzadə: “Ədalət kimi sənətkarlar – məktəbdir”, Türk yazıçısı Əziz Nesin: “Ədalətin ifası təkrarsız həyat kimidir”, Xalq yazıçısı İsmayıl Şıxlı: “Ədalət bizim saz sənətimizin yeni bir epoxası, yeni bir dövrüdür”, AAB-nin sədri, professor Məhərrəm Qasımlı: “Ə.Nəsibov ifaçılıq məktəbi öz arxasınca böyük bir saz ordusu çəkib aparıb” və digər tanınmış söz sahiblərinin Dədə Ədalətlə bağlı hikmətli sözləri və dövri mətbuatda yazılan yazılar gələcək tədqiqatçıların əlində bir mənbə olacaq.

            Tanınmış şairlərdən Xalq şairi Zəlimxan Yaqub, Bəhmən Vətənoğlu, Barat Vüsal, Səadət Buta, Cığatel İsaqqızı kimi və s. söz sərrafları Dədə Ədalətə şeirlər həsr edərək onu bir daha əbədiləşdiriblər. Ədalət bölgə ədəbiyyatına həmişə maraq göstərib. Bölgədə yaşayan şair və aşıqlarla sıx ünsiyyət qurardı. Onların yaradıcılığını xalqa çatdıraraq saleh əməlinin artmasına səbəb olurdu. Burada xüsusi ilə Bəhmən Vətənoğlunun yaradıcılığını qeyd etmək olar. Ədalət Bəhmən Vətənoğlunun yaradıcılığını təbliğ elədi. Vətənoğlunun “Haylı-haraylı dünyam” kitabının “Öz söz”ündə Məmməd Aslan yazır: “Sən Bəhmən Vətənoğlu olmaqla bərabər, həmdə bir az aşıq Ədalətsən. Səni sən eləyən Allahın köməyinə göndərdiyi bu ulu saz və söz sənətkarı var. Səni o qədər təbliğ etməsəydi, oxumasaydı, yəqin ki, bu ucalıqda olmağı çətin bacarardın..... O səni ucaltdı, sən onu”. Vətənoğlu isə öz növbəsində bu borcu qüdrətli kəlamları ilə qaytardı. O “Ədalətin sazında...” şeirində yazır:

Əsli nalə çəkər zülfü pərişan,

Fəqan eylər Ədalətin sazında!

Kərəm çıxar alovların içindən,

Üsyan eylər Ədalətin sazında!

            Ədalət Nəsibov hər zaman bölgə şair və aşıqların qonağı idi. Vaqif Əlioğlu Ustad Ədalətlə bağlı bir çox xatirəni danışmaqdan yorulmur. Vaqif Əlioğlu: “Dədə Ədalət beş dəfə qonağım olub. O günləri heç unutmaq olarmı? Sazlı-sözlü günlər idi. Çox istedadlı və bacarlı bir insandı. Əlləri qızıl, sinəsi sözlə dolu idi. Onun ölüm xəbərini eşidəndə çox sarsıldım. Özümdə xəstəyəm deyə, dəfinində iştirak edə bilmədim”. Tanınmış şair-pedaqoq, AYB-nin üzvü İsa Cavadoğunun “Azərbaycanam” şeirini Aşıq Ədalət Nəsibov hər zaman əzbər deyər və bir neçə şeirini saz ifalarında səsləndirərək təbliğ edərdi. Bir sözlə Aşıq Ədalət xalq sənətinin yaşadanı və təbliğ edəni idi.

            Aşığın 40 mərasimində “Qazax” Xeyriyyə Cəmiyyətinin orqanı olan “Dəli Kür” qəzetinin ustada həsr olunan xüsusi buraxılışı oldu. Buraxılışda bir sıra tanınmış şəxslərin yazıları çap olunub. Ustadın vəfatından sonra isə qəzet və jurnallar Dədə Ədalət haqqında yazılarla səhifələndi. Məti Osmanoğlu, Çiçək Mahmudqızı və s. qələm insanları Aşıq Ədalətin sənəti və onunla olan xatirələri qələmə aldılar.

            Aşıq Ədalət 14 sentyabr 2017-ci ildə 78 yaşında uzun sürən xəstəlikdən sonra Bakı şəhərində vəfat edib. Vəsiyyətinə uyğun olaraq 15 sentyabrda Qazax rayonunun Ağköynək qəbiristanlığında dəfn olunub. Beləcə əfsanəvi ozan qara sazın sinəsi ilə birgə qara torpaqda gözlərini əbədi yumdu.

 

Qara sazın mahir ifaçısıMahmud Əyyub

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ