Hazırda dünyanın
əksər hissəsi həm sosial, həm də siyasi xaos yaşayır. Lakin bu vəziyyəti
dəyişdirmək istəyənlər də var. Onlar müxtəlif ölkələrdəki hər bir problemi öz
problemləri hesab edərək bacardıqları qədər həll etməyə çalışırlar. Afrikada
hökm sürən aclığa, yoxsulluğa, daxili münaqişələrə, gəlir bərabərsizliyinə və
silahlanmaya həll yolu tapmaq üçün fədakarlıq etməyə səmimi qəlbdən
hazırdırlar.
Həmin insanların məqsədi daha ədalətli bir dünyada yaşamaqdır. Onların cəhdləri
digər insanlarda da bu yöndə təşviqedici təsir yaradır. Lakin onlar geniş
kütlələrə bunu kifayət qədər aşılaya bilmirlər. Buna görə də tez alovlanır, tez
də sönür, hətta bəzən yoxa çıxırlar. Ancaq məsələ budur ki, onların bir çoxu
problemlərin düzgün həll yolunu tapa bilmirlər. Məsələn, irqi ayrı-seçkiliklə
mübarizə aparan bəzi qrupların niyyətləri doğru olsa da, problemi heç bir yolla
həll edə bilmədikləri üçün bəzən şiddətə əl atırlar. Halbuki şiddət haqlını
haqsız vəziyyətə salan çox yanlış üsuldur. İnsanlara ədalət və sevgini
zorakılıqla öyrətmək olmaz.
Dünyanı dəyişdirməyi qarşısına məqsəd qoyan insanlar başqalarını da bu yola
doğru üsullarla təşviq etməlidirlər. İnsanların küçələrdə görməyə öyrəşdiyi
müvəqqəti etirazlar əvəzinə doğru ideoloji mübarizə apararaq uğurlu nəticələr
əldə etməli və insanları məmnun edən işlər görməlidirlər.
Din birləşdirici faktordur, ədaləti və sevgini öyrədir. Dinin təməlində bütün
insanlara, inanclara və fikirlərə hörmət var. Belə ki, dinə əsaslanan mühit
hamının rahat olduğu və ədalətin təmin edildiyi mühitdir. Bu mühit dindar
olub-olmamasından asılı olmayaraq bütün insanların motivasiya mənbəyidir.
Dindar insanlar Allaha səmimi bağlı olduqları üçün fədakarlığı, səmimiyyəti,
dürüstlüyü, səbri və xeyirxahlığı ən mükəmməl şəkildə yaşayırlar. Səmimi bir
dindar dünyadakı fitnələrə son qoymaq üçün bütün gücü ilə səy göstərər.
Çətinlik çəkənlər üçün əlindən gələnin ən çoxunu edər. Allahın razılığını
qazanmaq üçün zamanını, maddi imkanlarını və fiziki gücünü bu məqsəd üçün istifadə
edər. Məhz bu səbəbdə dindarlar üçün "yaxşıların ittifaqı” həyati əhəmiyyət
daşıyır. İnanclı xristian, musəvi və müsəlmanlar birlikdə ittifaq yaradaraq çox
böyük işlər həyata keçirə bilərlər.
Şübhəsiz, burada bəhs etdiyimiz əsil dindarlardır. Xurafata uyanlar, dini
fərqli şəkildə şərh edənlər, nifrət istəyən radikallar və ifratçılardan bəhs
etmirik. Xurafatlarla dini fərqli formada şərh etmək, onsuz da, dinə və
dindarlara qarşı iftira atmaqdır. Buna görə də nəzərdə tutduğumuz ittifaq dinin
təməlinin sevgi olduğunu bilən əsil dindarlar vasitəsilə həyata keçirilməlidir.
Dünyanı dəyişdirmək istəyən sağlam düşüncəyə sahib olan insanlar sevgi və
dinclik üçün hər cür fədakarlığı etməyə hazır olan dindarlarla birləşərək
məscidləri, kilsələri, sinaqoqları fəaliyyətə keçirə bilərlər.
Təbii ki, dindar olmayan insanlar arasında da bu xüsusiyyətlərə sahib olanlar
var. Lakin axirət inancı və Allah sevgisinin insanları doğru yola yönəldən gücü
daha böyük, daha möhkəmdir. Məhz bu səbəbdən dindar olmasalar da, gözəl
hədəflər üçün səy göstərən insanların dindarlarla ittifaqı çox əhəmiyyətlidir.
Unutmayın, fitnələr dünyada özbaşına yaranmır və nəzarətsiz şəkildə inkişaf
etmir. Bütün bunlardan mənfəət güdən bir çox insan var. Bu gün Afrikadakı
aclıqdan, Filippindəki yoxsulluqdan, Latın Amerikasındakı narkomaniyadan bəhs
ediriksə, hər kəs bilir ki, tarixin müəyyən dövründə bu bölgələr
müstəmləkəçilik uğrunda əzilmiş və xüsusi olaraq yoxsul hala salınmışdır.
Afrika yoxsullaşdıqca imtiyazlı bir qrup zənginləşmişdir. Meksikadakı kartel
döyüşlərində can verənlərin əsil qatilləri narkobiznesi idarə edən və bundan
pul qazananlardır. Filippində zibillərin arasında yaşayanların yaxınlığında
israfçılıq etməklə yaşayanlar var.
Pislik dünya miqyasında geniş yayılan mütəşəkkil bir əməldir. Bunu edənlər
dünyadakı yaxşıların arasını vurmağa can atırlar. "Yaxşıların ittifaqı”nın
qarşısında dura bilməyəcəklərini çox yaxşı başa düşdüklərinə görə ilk hədəfləri
dindar insanlardır. Xalqlar, dövlətlər və kiçik ittifaqlar təkbaşına ayaqda qala
bilmirlər. Buna görə də yaxşıların ittifaqı genişmiqyaslı və mütəşəkkil
olmalıdır. Pislərin hiylələrinin qarşısı ancaq bu şəkildə alına bilər. Bunlar
yerinə yetirilsə, dünya yaxın gələcəkdə daha yaxşı yerə çevrilə bilər.
Adnan Oktar