SON DƏQİQƏ
» » Ey İnsan! Kimisə öldürdün və özünü gözdən salaraq...

Ey İnsan! Kimisə öldürdün və özünü gözdən salaraq...

Tarix:

2-07-2017, 21:28

/ 3 514 dəfə oxundu.
Ey İnsan!  Kimisə öldürdün və özünü gözdən salaraq...


Möhlət diyarında yaşayırıq. Fani bir Dünya, fani bir həyat..... Necə də bir göz qırpımında tufan qopur, külək əsir və heybəti ilə insanları vəcdə gətirən min illik palıd ağacını kökündən qopararaq yerə çırpır.
İnsan da fani təbiətin bir parçasıdır, ani halda nə etdiyini bilmirsən, birdən-birə də yoxa çıxır. Gərək elə yaşayasan ki, öləndə düşmənlərin də sənin üçün ağlasın, gərək elə rəftar göstərəsən ki, sənə etdiyi pisliyə görə düşmən də utansın, bu, ona ölümdən də betərdir....... Hər bir bəndə hansısa vəzifəni icra etmək üçün bu dünyaya göndərilir.
Gərək həmişə ölümün səni hər an öz ağuşuna alacağını gözünün qarşısına gətirəsən ki, Allah-Təala sənin ömrünü uzatsın, anlayasan ki, bu həyatda nəyə görə, nə üçün, kimə görə yaşadın. Məgər müxtəlif sarayların sahibi olan, qulluğunda min dənə qul-köləsi duran, süfrəsində min cür naz-neməti düzülən, ədalətsiz fərmanları ilə günahsızların boynunu vurduran, gözlərini çıxartdıran, bədənlərini tikə-tikə doğradan, dərilərini soyduran, ailələrini sürgün etdirən hökmdarların aqibətini, onların yerlə-yeksan olan taxt-tacını və pərən-pərən düşən ailələrini görmədik mi?
Nəyə lazım idi o cür nəhəng saraylar?! O saraylar ki, sahibinin son anında onun imdadına çatmaq qüdrətinə malik deyildi.
Çırpınan dəniz öz bir yerdə dayanmayan ləpələri ilə qayaları necə də döyəcləyir, tale və qismət də bu cür, insanı gah döyəcləyir, gah da ki, onu xoşbəxt edir. Hər insan sirri açılmamış bir gizli dünyadır, nə qədər istəsən də, nə qədər onun mənəvi aləminə baş vurmaq niyyətində olsan da belə, onu açmaq çətindir. Ta ki, onun dilinin açarını açmamısansa.........
Ey Fani insan! Sənin içində nələr var idi, nə istəyirdin, nə demək istəyirdin, məqsədin və niyyətin nədən ibarət idi? Ey Fani insan! Hökmdar oldun, qul oldun, söz sahibi oldun, şair oldun, həkim oldun-sən nə olmadın. Dilindən çıxmayan kəlmə qəlbində qaldı, arzuların həyata keçməmiş bu dünyanı tərk edərək getdin. Görəsən, ruhun da mı belə idi? Yox, o, belə ola bilməzdi axı. Axı o ruh Müqəddəs Tanrının pak nəfəsindən yaranmışdı ki, sənin öləndən sonra iylənmiş bədənin canlı olarkən o ruhu da çirkləndirdi, əməllərin, niyyətlərin, fikirlərin, məqsədlərin, sözlərin, gözlərindəki baxışların, hisslərin onu da məhv elədi. Özün narahat olduğun kimi, ruhun da narahatdır. Mənliyini, qürurunu, ləyaqətini, şəxsiyyətini, insanlığını-bu ali məfhumu, gözəl əməllərini bu fani dünyaya və nəfsinə satan insanın ruhu narahat olmaya bilməz......
Fani həyatda yaşadığın müddətdə insan ola-ola insanlara qarşı düşmənçilik, xainlik, paxıllıq, gözügötürməməzlik, xudpəsəndlik və pislik nümayiş etdirdin, lazım gələrsə, Vətəninə və xalqına qarşı satqın çıxdın. Ey İnsan! Oğurluq etdin, kimisə öldürdün və özünü gözdən salaraq nifrət qazandın. Amma bəzən də misli görünməmiş yaxşılıqlar etdin ki, insanların buna görə sənə hörmətləri artdı. Sən beləsən-təbiət kimisən, nəbzini tutmaq olmur, silah düzəltdin insanları qırmaq üçün. Uşaqları gözüyaşlı qoymaq üçün. Etdiyin günahlar, etdiyin səhvlər sənə böyük bir bəla gətirdi. Axırın necə olacaq? Bu Dünyaya tək gəldin, tək də gedəcəksən, amma həyatda yaşadığın müddət ərzində təmasda olduğun insanlarla rəftarın necə idi, gah sevgi, gah da ki, dava. Nə dostluğun bilindi, nə də ki, düşmənçiliyin.
Qocalaqsan, belin büküləcək, yaşadığın fani həyatda nə yaxşılıq etmisən ki, hələ bir minnət də qoyursan, nəvaziş də umursan?! Etdiyin yaxşılığı dilə gətirdikcə, sanki onun bərəkətini azaldır və aradan aparırsan.
Fikirləş, ey Fani insan, özün kimi həyat da fanidir...
Ərtoğrul Türkyurd

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ