SON DƏQİQƏ

Stoaçılıq fəlsəfi məktəbi

Tarix:

6-03-2017, 18:33

/ 4 457 dəfə oxundu.
Stoaçılıq fəlsəfi məktəbi

"Taleh, istəklini aparar, istəksizi isə süründürər. - Seneka.”

Təbiidir ki, həyat bizə hər zaman hər istədiyimizi vermir və bəzən uğursuzluqlar qaçınılmaz olur. Lakin müdrik insanlar, öz vaxtlarını başlarına gələn xoşagəlməz hadisələrə təəssüflənərək keçirmək əvəzinə, bu hadisələrə daha filosofanə tərzdə yanaşırlar. Məsələn, Kitiyalı Zenon tərəfindən Afinada yaradılmış Stoaçılıq fəlsəfi məktəbinin nümayəndələri düşünürdü ki, müqəddəratı sizin əlinizdə olmayan hadisələrə görə nigaranlıq keçirmək mənasızdır. Başımıza gələn hadisələrin bir çoxu bizim kontrolumuzdan kənar olsa da, onlara göstərdiyimiz münasibət bizim əlimizdədir. Buna görə də, bizi sadəcə dəyişdirə biləcəyimiz şeylər maraqlandırmalıdır.
Stoaçılıq fəlsəfi məktəbi e.ə 300-cü ildə Afinada yaransa da, ulduzu Romada parıldadı. Yaradıcısı Zenon da daxil olmaqla, Kleantes, Seneka, Epiktetus, Sisero kimi görkəmli filosoflar tərəfindən təlim və təbliğ olunurdu. Stoaçıların fəlsəfəsinə görə, insanın təməl məqsədi xoşbəxtlik idi və xoşbəxtlik xarici faktorlarla yox, birbaşa şəxsin özü ilə bağlı olmalı idi. Şəxs, əlində olan və olmayanı ayırd edə bilməli və ona uyğun hərəkət etməli idi.
Stoaçılar eyni zamanda bizim öz hiss və duyğularımıza görə məsuliyyət daşıdığımızı da düşünürdülər. Yaxşı və ya pis talehi biz seçə bilməzdik, düzdür, lakin onlara necə qarşılıq verəcəyimizi seçə bilərik. Uğursuzluğa düçar olduqda üzülməməyi, haqsızlıqla rastlaşdıqda qəzəblənməməyi bacara bilməli, hisslərimizin, ağlımız və iradəmizin önünə keçməsinə icazə verməməliydik. Bu həyatın hər anı üçün keçərli idi, hətta qocalıq və ölüm gerçəyi üçün belə.
İnsanlar adətən ömrün qısalığından şikayət edirlər. Ediləcək çox şey var, bizə verilən zaman isə çox azdır. Lakin Stoaçılıq məktəbinin nümayəndələrindən olan Seneka bu fikirlə razılaşmırdı. Onun fikrincə problem ömrün qısa olmasında deyildi, bir çoxumuzun zamanı düzgün istifadə etməməsində idi. Zamanın az olmasından şikayətlənmək əvəzinə, bizə verilən müddəti əlimizdən gəldiyincə faydalı şəkildə istifadə etsəydik, bizim üçün biçilən ömür nəinki az, hətta kifayət qədər uzun sayılardı. 
Düzgün bir həyat yaşamağın bir digər yaxşı tərəfi isə ixtiyarlıq və ölümdən qorxmamaq idi. Geriyə dönüb baxdıqda bihudə keçirilmiş bir həyat və utanc dolu xatirələr əvəzinə, gözəl və faydalı bir ömür keçirdiyini görən insanı nə qocalıq, nə də ölüm qorxuda bilərdi.
Bu fəlsəfi məktəbinin digər tanınmış nümayəndəsi isə Epiktetus idi. Epiktetus dünyaya kölə olaraq gəlmişdi və olduqca ağır bir həyat yaşamışdı. Ömrünün erkən illərində aclığa və əzablara tab gətirməli oldu, zəhərli bir böcəyin ayağını sancması nəticəsində topal qaldı. "Bədənlərimiz kölə olsa da, zehnimiz azad ola bilər" deyəndə öz həyat təcrübələrini nəzərdə tuturdu. Epiktetus Senekanın tələbəsi olmuşdu və müəllimi kimi onu da əxlaqi problemlər maraqlandırırdı. Epiktetusun fəlsəfəsinə görə, mənəvi baxımdan azad olması problemi şəxsin özündən asılı idi. Çəkdiyi əzablara sinə gərib, həyatı anlayan kölə, öz ehtiraslarının və nəfsinin qulu olan sahibindən mənəvi baxımdan daha azad idi.
Epiktetus eyni zamanda öz təlimlərində başımıza gələn bədbəxtliklərə necə tab gətirə biləcəyimiz haqqında da faydalı məsləhətlər verirdi. Bütün bu məsləhətlərin kökündə isə "Düşüncələrimiz bizə bağlıdır" fəlsəfəsi dayanırdı. Vyetnam müharibəsində vurularaq əsir götürülən Amerikalı pilot Ceyms Stakdeyl universitetdə aldığı bir dərsdə tanış olduğu bu fəlsəfənin köməyi ilə həyatda qalmağı bacarmışdır. 4 il düşmən əlində müxtəlif işgəncələrə məruz qalmasına baxmayaraq, ona verilən bütün əzablara dözmüş və dəyişdirə bilməyəcəyi şeylərin ona təsir göstərməsinə icazə verməmişdi. Epiktetusun fəlsəfəsi, bir çox insanı məhvə aparacaq şeylər yaşamasına baxmayaraq, Ceymsə həyatda qalmaq üçün güc verdi. 
Stoaçılar insanlara mənəvi rahatlığı aşılayırdılar və onların fəlsəfəsi bir növ psixoterapiya idi. Düşüncələrinizi bulandıran mənfi hisslərdən azad olduqda, hər şey daha bəsit bir hal alırdı. Eynilə, Epiktetusun dediyi kimi "Bizi qorxudan vəziyyətin özü deyil, onunla bağlı olan inanc və düşüncələrimizdir. Həyatımızdaki sərhədlər isə, sadəcə bizim müəyyənləşdirdiklərimizdir"

  Əminə Həsənova

Stoaçılıq fəlsəfi məktəbi

 

                                                                                                                                                                
                                                                                                                                                                
                                                                                                                                                                                    
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ