SOCAR İsveçrədə elektrik enerjisi yükləmə məntəqələri tikəcək

“SOCAR Energy Switzerland” İsveçrənin Federal Yollar İdarəsi (FEDRO) tərəfindən hər biri 20 yerdən ibarət olan 5 zərfin tenderində iştirak edərək, bu ölkənin avtomobil yolları üzərindəki istirahət yerlərində 20 ədəd sürətli elektrik enerjisi yükləmə məntəqəsi tikmək hüququ qazanıb.

SOCAR bu tenderdə qalib gəlmiş yeganə ənənəvi yanacaqdoldurma məntəqəsi operatorudur.

Şirkətin özünün 11 xidmət stansiyasından 7-də sürətli yükləmə məntəqəsi artıq fəaliyyət göstərir.

Bu, İsveçrənin avtomobil yollarında ən böyük şəbəkədir. Qarşıdakı illərdə avtomobil yolları üzərindəki istirahət yerlərində yeni xidmət məntəqələrinin istifadəyə verilməsi ilə şəbəkənin daha da genişlənəcəyi gözlənilir. SOCAR hərəkət təminatçısı kimi İsvecrədə rolunu artırır və yanacaqdoldurma xidmətinə əlavə sərmayə yatırır.

Qeyd edək ki, İsveçrənin Federal hökuməti bir neçə ay əvvəl qanunvericiliyə əlavə və düzəlişlər etməklə avtomobil yollarının kənarında hökumətin nəzarəti altında olan istirahət yerlərində elektirk enerjisinin yüklənməsi üçün stansiyaların qurulması ilə əlaqədar qanun qəbul etmişdir. Sonra FEDRO özəl investorları hər biri 20 istirahət yerini özündə ehtiva edən 5 zərflə bağlı tenderə dəvət edib. Bu sahədə uzunmüddətli təcrübəyə malik “SOCAR Energy Switzerland” əvvəlcədən tender zərflərindən birinə iddiasını bildirib.

“SOCAR Energy Switzerland” şirkətinin müraciəti FEDRO tərəfindən müsbət qarşılanıb, nəticədə SOCAR xeyli iddiaçısı olan beş tender zərfindən birinin qalibi olaraq, istirahət yerlərində 20 ədəd sürətli elektrik enerjisi yükləmə stansiyası tikmək hüququ qazanıb. Fərdi zərflərə daxil edilmiş məntəqələr bütün İsveçrə boyunca yerləşir. SOCAR bunu İsveçrənin elektromobil nəqliyyatı sahəsindəki uzunmüddətli xidmətlərinə verilən qiymət kimi qəbul edir.

“SOCAR Energy Switzerland” şirkətinin baş direktoru Edqar Baxmann FEDRO ilə yeni sazişin imzalanmasından məmnundur:

“Avtomobil yollarındakı istirahət yerlərinin inkişafı SOCAR-a əsas nəqliyyat yolları üzərində mövcud olan sürətli elektrik yükləmə şəbəkəsini genişləndirmək imkanı verəcək. Biz hələ ilkin mərhələdəyik. Lakin getdikcə genişlənən şəbəkə elektromobil nəqliyyatında öz yerini möhkəmlətməkdə kömək edəcək. Biz gələcəyə istiqamətlənmiş bu texnologiyaya sərmayə qoymaqda qərarlı olduğumuzu ilk mərhələdən bildirmiş, qətiyyət göstərmişik. Biz hərəkəti dəstəkləyən bütün yeni və gələcəyə yönəlmiş texnologiyalara açığıq. Biz özümüzü hərəkətin tənzimləyicisi kimi görür və bu perspektivə əsaslanan mövcud infrastruktur və xidmətlərimizi inkişaf etdiririk.”

SOCAR-ın mövcud elektrik enerjisi yükləmə stansiyaları tərəfdaşların iştirakı ilə qurulduğu halda, yeni stansiyalar ilk dəfə olaraq müstəqil surətdə tikiləcək. Davamlı elektrik enerjisi isə istirahət yerlərinin aid olduğu regionlarda elektrik istehsalı ilə məşğul olan obyektlərdən alınacaq. SOCAR müştərilərin elektrik yükləmə stansiyalarına sürətli və asan çıxışını təmin edəcək. Yeni məntəqələrin 2019-2023-cü illərdə tikilib istifadəyə verilməsi nəzərdə tutulur.

Qeyd edək ki, SOCAR istehlakçılarına pərakəndə satış məntəqələrində yüksək keyfiyyətli xidmətlər və topdansatış məntəqələrində geniş çeşidli məhsullar təklif etməklə həm pərakəndə, həm də topdansatış bazarında fəaliyyət göstərir. Ukraynada SOCAR brendi altında 61 yanacaqdoldurma məntəqəsi çalışır. Şirkətin Rumıniyada 41 ''premium'' pərakəndə, Türkiyədə 9, Gürcüstanda isə 113 benzin və 32 təbii qaz doldurma məntəqəsi fəaliyyət göstərir. İsveçrədə 170 pərakəndə satış stansiyası SOCAR brendi altında xidmət göstərir. Bundan başqa, SOCAR Energy Holdings (SOCAR-ın İsveçrədə törəmə şirkəti) Avstriyada A1 şirkətinə məxsus 82 benzindoldurma stansiyasını, həmçinin neft yağları satan Pronto Oil şirkətini almaqla, bu ölkənin pərakəndə yanacaq satışı bazarına daxil olmuşdur.

скачать dle 10.6фильмы бесплатно
[xfvalue_video]