SON DƏQİQƏ

Azərbaycan şərabları Moskva sərgisində

Tarix:

14-09-2018, 09:07

/ 10 434 dəfə oxundu.
Azərbaycan şərabları Moskva sərgisində

Sentyabrın 17-dən 20-dək Moskvada “WorldFood Moscow” Beynəlxalq Ərzaq Sərgisi keçiriləcək. Azərbaycan ötən il olduğu kimi bu il də sərgidə tərəfdaş ölkə qismində iştirak edir və bir stendlə təmsil olunur.

Azərbaycanın Rusiyadakı ticarət nümayəndəsi Ruslan Əliyev AZƏRTAC-a bildirib ki, bu il Azərbaycan stendində 34 şirkətin məhsulları təqdim ediləcək.

Belə ki, sentyabrın 17-də Azərbaycan Şərab İstehsalçıları və İxracatçıları Assosiasiyası ilə birgə Azərbaycan şərablarının peşəkar dequstasiyası təşkil ediləcək və orada müxtəlif istehsalçıların 10 ən yaxşı şərab nümunəsi təqdim olunacaq. Rusiyanın aparıcı somelyeləri (şərab ekspertləri), kavistləri (elit alkoqol üzrə mütəxəssislər), şərab tənqidçiləri və blogerlər dequstator qismində cəlb ediləcəklər. Dequstasiyanın sonunda iştirakçılara Azərbaycan şərabı və ölkəmizin şərabçılığı barədə bukletlər paylanılacaq.

“Sentyabrın 18-də Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) ilə birgə təşkil ediləcək enoqastronomik furşetdə şərablarla yanaşı, Azərbaycan mətbəxinin ləziz təamları, meyvə və tərəvəzlər, meyvə-tərəvəz konservləri, alkoqolsuz içkilər, qənnadı məmulatları, mürəbbələr və s. təqdim olunacaq. Keyterinq (qida çatdırılma) üzrə xidmətləri “Bakı bulvarı” restoranına sifariş verməyi planlaşdırırıq. Bu tədbirin keçirilməsi Azərbaycan şərablarının milli mətbəxlə harmoniyasını nümayiş etdirmək məqsədi daşıyır”, - deyə R.Əliyev bildirib.

“WorldFood Moscow” sərgisi Moskvadan, həmçinin Rusiyanın regionlarından və MDB ölkələrindən olan topdan və pərakəndə ticarət nümayəndələrinə müxtəlif şirkətlərin məhsullarını təqdim etmək üçün bir fürsətdir. Sərgi biznes planlaşdırılması və yeni işgüzar münasibətlərin qurulması üçün daha münasib dövrdə keçirilir. “WorldFood Moscow” sərgisində Rusiyada və xaricdə istehsal olunmuş meyvə və tərəvəz, baqqaliyyə və qənnadı məmulatları, ət, balıq, çay, qəhvə, konservlər və digər qida məhsulları geniş çeşiddə təqdim olunacaq. Sərginin işçi proqramına Rusiya Qida Forumu, “İlin məhsulu” dequstasiya müsabiqəsi və “Yeniliklər vitrini” müsabiqəsi daxil edilib.

скачать dle 12.1

Şərhlər