SON DƏQİQƏ
» » Azərbaycanda yeni bir baxış ortaya qoyulub - Ekspert

Azərbaycanda yeni bir baxış ortaya qoyulub - Ekspert

Tarix:

31-01-2018, 17:43

/ 1 297 dəfə oxundu.
Azərbaycanda yeni bir baxış ortaya qoyulub - Ekspert

Ötən 14 il ərzində Azərbaycan iqtisadiyyatına 231 milyard dollardan çox investisiya qoyulub ki, bunun yarısı xarici sərmayədarların payına düşür. Xarici sərmayələrin böyük hissəsi regionlara yönəldilib. Regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramlarının icrası zamanı infrastrukturun formalaşdırılması, bazara çıxış imkanlarının genişləndirilməsi, eləcə də nəqliyyat və logistik xidmətlərin inkişaf etdirilməsi imkanları yaradılır.

Gunaz.az xəbər verir ki, bu fikirləri Azərtac-a açıqlamasında İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri, iqtisadçı ekspert Vüqar Bayramov bildirib.

Sərmayələrin regionlara cəlb edilməsinin işsizliyin azalmasına, yoxsulluğun səviyyəsinin aşağı düşməsinə səbəb olduğunu vurğulayan ekspert son illərdə Azərbaycanda biznes mühitinin inkişaf etdirildiyini söyləyib. O bildirib ki, hər bir sərmayə innovasiyaların yaranmasına səbəb olur və bu da rayonların innovativ inkişafına xidmət edir.

Strateji yol xəritələrinin qəbul edilməsi ilə Azərbaycanda yeni bir baxışın ortaya qoyulduğunu deyən iqtisadçı ekspert bu sənədlərin ölkə iqtisadiyyatının inkişafında mühüm rol oynadığını vurğulayıb. O əlavə edib ki, strateji yol xəritələri regionlarda investisiya mühitinin daha da yaxşılaşmasına, sərmayənin cəlb edilməsinə, rayonlarda kiçik və orta sahibkarlığın dəstəklənməsinə və işsizliyin aradan qaldırılmasına xidmət edir. Strateji yol xəritələri praktik olaraq sahibkarlığın inkişafı ilə bağlı yeni mexanizm təklif edir. Prosesin bir hissəsi 2017-ci ildə icra olundu. Belə ki, Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyinin, İpoteka və Kredit Zəmanət Fondunun yaradılması, sənaye ilə bağlı xüsusi qurumların təsis olunması sahibkarlığın inkişafına dövlət dəstəyinin olduğunu göstərdi. Praktik olaraq investisiya mühitinin yaxşılaşdırılması hesabına sərmayələrin cəlb edilməsi üçün yeni imkanlar yaradılır. Strateji yol xəritələri Azərbaycanı iqtisadi hədəflərinə çatdırması baxımından əsas model rolunu oynayır.

Azərbaycanın artıq tranzit ölkə kimi fəaliyyətə başladığını bildirən V.Bayramov buna misal olaraq Bakı-Tiflis-Qars dəmir yolu ilə yanaşı, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kompleksində Ro-Ro terminalının açılışını qeyd edib. O, həmçinin qeyd edib ki, azad iqtisadi zonanın yaradılması ilə bağlı qanun layihəsinin hazırlanması yüklərin Azərbaycan ərazisindən daşınması baxımından mühüm önəm kəsb edir. Beynəlxalq yükdaşımalar sahəsində elektron xidmətlər inkişaf etdirilib. Bu da xarici sərmayənin ölkəyə axınını artırır. Bununla yanaşı, Azərbaycanda iqtisadi şaxələndirmə sürətlənir. Qeyri-neft sektoru inkişaf etdirilir. İqtisadi şaxələndirmədə hər bir sektorun payının artırılması nəzərdə tutulur. Ələtdə xüsusi zonanın yaradılması imkan verəcək ki, ixrac imkanları daha da genişlənsin. Bununla da Azərbaycan beynəlxalq yükdaşımalar sahəsində regionda liderə çevriləcək.

скачать dle 12.1

Şərhlər