SON DƏQİQƏ
» » “Sovetski“ ərazisində yol infrastrukturunun 70 faizi yenidən qurulub

“Sovetski“ ərazisində yol infrastrukturunun 70 faizi yenidən qurulub

Tarix:

31-03-2017, 19:34

/ 1 888 dəfə oxundu.
“Sovetski“ ərazisində yol infrastrukturunun 70 faizi yenidən qurulub

Yasamal rayonunun Füzuli meydanı və Təzəpir məscidi kompleksi ərazisində ("Sovetski") ümumi uzunluğu 7,6 kilometrə yaxın olan 5 küçədə "Azəravtoyol” ASC tərəfindən əsaslı şəkildə yenidənqurma işləri aparılır. ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, yenidənqurma işləri 26 hektar ərazinin 3 hektarını əhatə edir və bu çərçivədə işlərin 70 faizi yekunlaşdırılıb.
Məlumata əsasən, layihə Nəriman Nərimanov, Abdulla Şaiq, Balababa Məcidov, Mirzəağa Əliyev, Füzuli küçələrini və Təzəpir məscidin ətrafındakı yolları əhatə edir. Təzəpir məscidi ətrafındaki yollar 2 zolaqlı, digər yollarda isə 3 və 4 zolaqlı olması nəzərdə tutulub.
Yenidən qurulan Balababa Məcidov küçəsində işlər tam olaraq yekunlaşdırılıb. Uzunluğu 440 metr, əvvəlki eni 7-8 metr olan küçə genişləndirilərək 15 metrə çatdırılıb. Üç hərəkət zolaqlı küçədə piyadaların rahat və təhlükəsiz hərəkəti üçün hər iki istiqamət üzrə 1,5 metr enində piyada səkiləri inşa edilib, üzərinə tamet daşlar döşənib. Bundan başqa, yeni kommunikasiya xətləri çəkilib, yağış suları üçün drenaj xətti qurulub, küçənin asfaltlanması başa çatdırılıb.
Qeyd olunub ki, uzunluğu 1825 metr olan Abdulla Şaiq küçəsində kommunikasiya xətlərinin çəkilməsi və torpaq işləri yekunlaşdırılıb. Hazırda küçənin asfaltlanması işləri aparılır ki, bu işlərin də 70 faizi tamamlanıb. Yenidənqurma işləri çərçivəsində küçənin hərəkət hissəsi ərazilərdən asılı olaraq 9-15 metrədək genişləndirilib. Asfaltlanma işlərinə paralel olaraq hazırda küçə boyu 2 metr enində piyada səkilərinin tikintisi işləri aparılır. Küçənin 2-4 hərəkət zolaqlı olması nəzərdə tutulub.
Aparılan yenidənqurma işləri çərçivəsində Nərimanov prospektinin 2165 metr uzunluğunda olan hissəsində də tam müasir yol infrastrukturunun yaradılması istiqamətində addımlar atılır. Prospekt boyunca hazırda kommunikasiya xətlərinin köçürülməsi işləri aparılır, buna paralel olaraq isə yol yatağı inşa olunur. Layihəyə əsasən 2-5 hərəkət zolaqlı prospektdə 2-3 metr enində səkilər də nəzərə alınmaqla yolun ümumi eni 11-23,5 metr təşkil edəcək.
Akademik Milli Dram Teatrının hər iki tərəfində yerləşən Mirzəağa Əliyev və Füzuli küçələrində də işlər sürətlə davam edir. Füzuli küçəsində torpaq və kommunikasiya xətlərinin tikintisi işləri yüksək keyfiyyətlə aparılaraq yekunlaşdırılıb. Hazırda isə küçə asfaltlanmaq üçün hazır vəziyyətə gətirilir.
Mirzəağa Əliyev küçəsində isə torpaq yatağının və kommunikasiya xətlərinin tikintisi davam etdirilir. Müvafiq olaraq burada fiziki işlərin faiz göstəricisi 75 və 80 faiz təşkil edir.
Bu küçələrdə yenidənqurma işləri çərçivəsində yol yatağı genişləndirilərək 19 metrə çatdırılıb. Bura 15 metr enində hərəkət hissəsi və 2 metr enində piyada səkiləri daxildir.
Qeyd edək ki, yenidən qurulan küçələrdə layihə üzrə yeni işıqlandırma sistemləri, ictimai nəqliyyat üçün 14 ünvanda "cib”lik və müasir avtobus dayanacaqları qurulacaq, yeraltı və yerüstü parkinq yerləri tikiləcək.
Yasamal rayonunun "Sovetski" kimi tanınan ərazidə aparılan bu işlərdə məqsəd hələ ötən əsr ərzində ölkə paytaxtının inkişafı ilə bağlı hazırlanmış şəhərsalma sənədlərinə uyğun olaraq, Füzuli küçəsini genişləndirməklə Nərimanov prospekti ilə birləşdirəcək yeni prospektin salınması və həmin prospekt boyunca yaşıllıq zolaqlarının yaradılmasıdır.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ