SON DƏQİQƏ

Abdullahianın zəngi nəyi göstərir?

Tarix:13-10-2021, 14:13 Oxunub:2 922

Dünən Hüseyn Əmir Abdullahianın Ceyhun Bayramova zəngində əsas məqsədin iki ölkə arasında son vaxtlar yaşanan gərginliyi aradan qaldırmaq cəhdini müşahidə edirəm.

Bu sözləri açıqlamasında politoloq Teymur Qasımlı İran və Azərbaycan XİN rəhbərləri arasında ötən gün baş tutan telefon danışığına münasibət bildirərkən deyib.

"Hesab edirəm ki, İran tərəfi bununla gərginliyi aradan qaldırmaq istəyini nümayiş etdirdi. Bu, müsbət tendensiyadır və İranın aqressiyadan imtina etməsinin təzahürüdür”, - politoloq bildirib.

Politoloq Turab Rzayev isə hesab edir ki, İran son vaxtlar müxtəlif yollarla Azərbaycana təzyiq etməyə çalışıb:

"Sərhədlərimiz yaxınlığında genişmiqyaslı hərbi təlimin ardınca Abdullahianın Rusiya səfəri zamanı Azərbaycandan şikayət etməsi və müxtəlif bəhanələr gətirməsi Bakıya təzyiqin diplomatik müstəvidə davam etdirilməsi cəhdi idi. Ancaq alınmadı. Ötən gün isə Abdullahian Ceyhun Bayramova zəng etməklə, problemləri ikitərəfli qaydada nizamlamağa hazır olduğunu nümayiş etdirdi. Əvvəldən bu xətt tutulmalı idi. Əgər İranın Azərbaycanla bağlı hər hansı narahatlığı varsa, iki ölkə arasında diplomatik kanallar kifayət qədər aktivdir və bunu rahat şəkildə müzakirə edib, aradan qaldırmaq olardı. Azərbaycanın İran yük maşınlarının Xankəndiyə qanunsuz yük daşımasını həyata keçirdiyi barədə İrana necə xəbərdarlıq etməsi haqda Prezident İlham Əliyevin sözlərini yada salaq. Əvvəlcə, qapalı şəkildə, səfir dəvət edilərək, rəsmiyyətə salınmadan etiraz edilmiş, sonra nota verilmiş, ən sonda isə Gorus-Qafan yolunda hüquqi prosedurlar həyata keçirilmişdi. Bu o deməkdir ki, Azərbaycan ilk başdan hətta rəsmiyyətə salınmadan problemi dialoqla həll etməyə çalışıb, İrandan müsbət cavab almadığına görə isə əməli addımlar atıb.

İran bunu anlayışla qarşılayaraq, diplomatik əlaqələri davam etdirməli idi. Onun da hər hansı narazılığı vardısa, bunu qarşılıqlı şəkildə müzakirə etməklə həll edə bilərdi”.

T.Rzayev qeyd edib ki, bütün hallarda İranın Azərbaycanla birbaşa əlaqəsi Tehran tərəfindən atılan müsbət addımdır:

"Azərbaycana güc yolu və yaxud qonşu ölkələr vasitəsilə təzyiq etməyin mənasız olduğunu İran, təəssüf ki, gec başa düşdü. Azərbaycanla problemləri ikitərəfli qaydada, üzbəüz oturaraq çözmək lazımdır, çünki Bakı tam müstəqil siyasət yeridir və bütün müstəvilərdə öz milli maraqlarını qoruyur. Buna görə də İran XİN başçısının bu zəngi Azərbaycanın mövqeyinin qəbul edildiyi anlamına gəlir. İnanmaq istərdim ki, bundan sonra qarşılıqlı diplomatik təmaslar artacaq və mənasız hərbi ritorikanın üstündən sükutla keçiləcək”.

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN

<