SON DƏQİQƏ
» » Qazaxıstanda mühüm görüş- Nə müzakirə olunacaq?

Qazaxıstanda mühüm görüş- Nə müzakirə olunacaq?

Tarix:

13-10-2021, 10:14

/ 2 174 dəfə oxundu.
Qazaxıstanda mühüm görüş- Nə müzakirə olunacaq?

Oktyabrın 12-də Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərində Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad tədbirləri üzrə Müşavirənin (AQEM) Xarici İşlər Nazirlərinin 6-cı görüşü keçirilib.

Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.

Görüşdə Azərbaycanı xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

M.Məmməd-Quliyev Azərbaycanın AQEM-in çağırılması ilə bağlı təşəbbüsü ilk dəstəkləyən ölkələrdən biri olduğunu xatırladıb, ölkəmizin Müşavirə çərçivəsində nəqliyyat dəhlizlərinin inkişafı ilə bağlı etimad-qurucu tədbirin əlaqələndiricisi qismində atdığı addımları diqqətə çatdırıb.

O, Ermənistan-Azərbaycan münaqişəsinə son qoyulduqdan və Azərbaycan əraziləri Ermənistanın 30 ilə yaxın davam etmiş işğalından azad edildikdən sonra hazırda bu ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma işləri barəsində məlumat verib, həmin ərazilərin yaşıl enerji bölgəsi elan edildiyini, "ağıllı şəhər” və "ağıllı kənd” konsepsiyaları əsasında yenidən qurulduğunu diqqətə çatdırıb. Bu proseslərə bir çox AQEM üzv-dövlətindən özəl sektor nümayəndələrinin cəlb edilməsinin təşkilata üzv-dövlətlər arasında əməkdaşlığın yeni bir nümunəsi kimi əhəmiyyəti vurğulanıb.

Nazir müavini Zəngəzur dəhlizinin münaqişədən sonrakı normallaşma prosesi, regional sülh və etimadın möhkəmlənməsi ilə eyni zamanda şimal-cənub və şərq-qərb istiqamətlərində ticarət və nəqliyyat əlaqələrinin inkişaf etdirilməsi böyük potensiala malik olduğu diqqətə çatdırıb.

M.Məmməd-Quliyev Azərbaycan ərazilərinin Ermənistan tərəfindən minalar və digər partlayıcılarla kütləvi çirkləndirilməsi, Ermənistanın beynəlxalq humanitar hüquqa zidd olaraq bütün mina ərazilərinin xəritələrini tam dəqiqliklə Azərbaycana təhvil verməkdən boyun qaçırmasının fəsadları barəsində tədbir iştirakçılarını məlumatlandırıb.

Azərbaycanın Ermənistanla münasibətləri bir-birinin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq sərhədlərin toxunulmazlığına hörmət əsasında normallaşdırmaq, iki ölkə arasında sülh müqaviləsinin imzalanması və sərhədlərin delimitasiya və demarkasiyası barəsində təklifləri xatırladılaraq, bu təkliflərin reallaşması üçün Ermənistan tərəfindən siyasi iradə və konstruktiv yanaşmanın nümayiş etdirilməsinin zəruri olduğu vurğulanıb.

Görüşün yekununa dair Sədrlik Bəyanatı yayılıb.

Bəyanatda AQEM regionunda mövcud olan regional və qlobal əhəmiyyətli çağırışlar sırasında o cümlədən, minaların və digər partlayıcı maddələrin münaqişədən sonrakı bərpa, yenidən qurma və sülh quruculuğu səylərinə maneə olduğu bildirilir və effektiv mina təmizləmə fəaliyyətinin münaqişələrin başa çatmasından sonra sülhün və sabitliyin təmin edilməsində əhəmiyyəti qeyd edilir. Bu xüsusda, AQEM üzv-dövlətlərinin xarici işlər nazirləri BMT, digər beynəlxalq təşkilatları və fərdi dövlətləri mina və digər partlayıcılarla çirkləndirilmiş ərazilərin təmizlənməsi üçün aidiyyəti ölkələrə yardım göstərməyə çağırırlar.

Bundan başqa, Bəyanatda AQEM məkanında nəqliyyat dəhlizlərinin və logistik mərkəzlərin daha da inkişaf etdirilməsi, o cümlədən multi-modal dəhlizlərin və nəqliyyat sahəsində rəqəmsallaşmanın təşviq edilməsinin də vacibliyi vurğulanır, nəqliyyat dəhlizlərinin inkişafının sülhün və iqtisadi inkişafın təmini üçün əhəmiyyəti qeyd edilir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ