SON DƏQİQƏ

Azərbaycan millisi Serbiyaya uduzdu

Tarix:

13-10-2021, 08:01

/ 1 325 dəfə oxundu.
Azərbaycan millisi Serbiyaya uduzdu

Futbol üzrə Azərbaycan millisi 2022-ci il dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində növbəti oyununu keçirib.

Canni De Byazinin baş məşqçi olduğu kollektiv A qrupundakı 7-ci matçında Serbiya yığmasının qonağı olub. Belqraddakı "Rayko Mitiç" stadionunda oynanılan görüş meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Oyuna fəal başlayan serbiyalılar artıq 11-ci dəqiqədə hesabı açmağa yaxın olublar. Lakin Duşan Vlahoviçin zərbəsində azacıq dəqiqlik çatmayıb. 3 dəqiqə sonra Höccət Haqverdinin sol cinahdan ötürülən topu uzaqlaşdırmaq istəyərkən az qala avtoqol müəllifi olacaqdı. Lakin müdafiəçinin "fərqlənməsinə" qapı dirəyi imkan verməyib. Az sonra Darko Lazoviçin yaxın məsafədən vurduğu topu Şahruddin Məhəmmədəliyev qaytarıb. Hücumun davamında isə Sergey Milinkoviç-Saviçin təkrar zərbəsi qeyri-dəqiq alınıb. Azərbaycan millisinin oyundakı ilk təhlükəli hücumu 20-ci dəqiqəyə təsadüf edib. Emin Mahmudovun sağ cinahdan cərimə meydançasına ötürməsini qəbul edən Filip Ozobiç yaxın küncü nişan alsa da, top qapıdan keçməyib. 26-cı dəqiqədə Qara Qarayev Azər Salahlını Predraq Raykoviçlə üz-üzə qoysa da, sonuncu fürsəti əldən verib. Matçda hesab yarım saatın tamamında açılıb. Haqverdinin Vlahoviçə qarşı kobudluğundan sonra təyin olunan penaltini zərərçəkmişin özü dəqiq yerinə yetirib. Sarı vərəqə alan Haqverdi isə cəzalı duruma düşüb. O, gələn ay Bakıda Lüksemburqa qarşı matçı buraxacaq. 10 dəqiqə sonra Serbiya yığması 2-ci topu vursa da, Milenkoviç-Saviçin qolu ofsayd səbəbindən qeydə alınmayıb. İlk hissənin əsas vaxtına əlavə olunmuş 2-ci dəqiqədə hesab bərabərləşib. Qapıçının kobud səhvindən sonra Mahmudov tarazlığı bərpa edib. Bu, onun seçmə mərhələdə 4-cü qolu olub. Beləliklə, komandalar fasiləyə 1:1 hesablı heç-heçə ilə yollanıblar.

İkinci hissədə də hücumlarını davam etdirən serbiyalılar yenidən hesabda önə keçiblər. 53-cü dəqiqədə Vlahoviç dubl edərək, seçmə mərhələdəki 4-cü qolunu vurub. 54-cü dəqiqədə Araz Abdullayevin zərbəsi zamanı top qapının üstündən keçib. Ardınca Luka Yoviçin zərbəsində azacıq dəqiqlik çatmayıb. 63-cü dəqiqədə Vlahoviçin akrobatik zərbə ilə het-trik etmək cəhdi baş tutmayıb. Ardınca isə Məhəmmədəliyev ikinci hissədə meydana daxil olan Aleksandar Mitorviçin fərqlənməsinə imkan verməyib. Matçda son nöpqtəni isə Duşan Tadiç qoyub. Serbiya yığmasının kapitanı penaltidən fərqlənməklə komandasının qələbəsini rəsmiləşdirib.

Bu qrupun digər oyununda isə Portuqaliya evdə Lüksemburqu darmadağın edib - 5:0.

Bu nəticədən sonra xallarını 17-yə çatdıran Serbiya seçməsi liderliyə yüksəlib. Draqan Stoykoviçin başçılıq etdiyi kollektiv Portuqaliyadan 1 oyun çox keçirib. 1 xalı olan Azərbaycan millisi isə sonuncu sırada qərarlaşıb.

скачать dle 12.1

Şərhlər