SON DƏQİQƏ

102 yaşlı qocaman Ərtoğrul Cavid

Tarix:

24-09-2021, 09:03

/ 1 661 dəfə oxundu.
102 yaşlı qocaman Ərtoğrul Cavid

Həsənəli EYVAZLI,

Naxçıvan MR-in Əməkdar mədəniyyət işçisi,

Prezident mükafatçısı, şair-dramaturq

 

Azərbaycan şifahi xalq ədəbiyyatının, daha doğrusu, milli dəyərlərimizin mayasını təşkil edən xalq mahnılarımızın və milli oyun havalarımızın tədqiq olunmasında, toplanmasında, eyni zamanda nota köçürülməsində böyük xidmətləri olan Ərtoğrul Cavidin 102 yaşı tamam olur. Sovet rejiminin repressiya qurbanlarından birinə çevrilən Hüseyn Caviddən sonra "vətən xaininin oğlu” kimi qara ləkəli bir damğanı çiyinlərində daşımağa məcbur edilən Ərtoğrul Cavid 24 illik qısa, lakin mənalı bir ömür yaşadı.

22 oktyabr 1919-cu ildə Bakı şəhərində anadan olan Ərtoğrul Hüseyn Cavid oğlu Rasizadə 1940-cı ildə Azərbaycan Pedaqoji İnstitutunu fərqlənmə diplomu ilə bitirərək 1941-42-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasında böyük Üzeyir Hacıbəyovun sinfində musiqi təhsilini davam etdirib. Eyni zamanda xalq üçün, el-oba üçün gərəkli olan bir işi – xalq mahnılarını, xalq oyun havalarını nota köçürmək, nağıllarımız, dastanlarımız haqqında tədqiqat xarakterli məqalələr yazmaq, gözəl rəsm əsərləri yaratmaq, ruhuna uyğun şeirlər yazmaq, dünya musiqiçilərinin əsərlərini dilimizə tərcümə edərək böyük əzmlə çalışmaq belə cavan yaşda böyük bacarıq və qüvvə tələb edirdi.

Ərtoğrul o qarmaqarışıq illərdə durmadan, yorulmadan çalışırdı. Sanki zamanın onun üçün daraldığını hiss edirdi. Yazıb-yaratdıqları Üzeyir bəy və Bülbül tərəfindən yüksək qiymətləndirilən Ərtoğrul Cavidin qəlbində həyat eşqi, yazıb-yaratmaq eşqi çox güclü idi. Nota köçürdüyü 200-dən çox el havaları, mətnləri, yazıya aldığı çoxsaylı dastan və nağıllar, fortepiano üçün "9 variasiya”,"Sonatina”, prelüdlər, miniatürlər, pyeslər, musiqi lövhələri, skripka və fortepiano üçün "Poema”, "Cəbhədən məktub” simfonik balladası, nəfəsli orkestr üçün marşlar, klassiklərimizin sözlərinə mahnı və romanslar, instrumental və kamera əsərləri, tamamlanmamış

"Şeyx Sənan”, "Məhsəti” operaları istedadlı bəstəkar Ərtoğrul Cavidin qısa yaradıcı ömrünün həm məzmun, həm də forma baxımından böyük dəyərli əsərləridir.

2004-2008-ci illərdə "Ərtoğrul Cavid, yaxud bir ailənin dramı” mənzum faciəsini yazarkən ciddi araşdırmalar apardım. Ərtoğrulun o zaman ata Caviddən sonra himayədarları olmuş Bülbül və Üzeyir Hacıbəyovun dili ilə onun yaradıcılığını təqdim etdiyim mənzum parçanın oxucular üçün maraqlı olacağını nəzərə alaraq bəzi hissələrini pyesdən olduğu kimi təqdim edirəm.

Bülbül – (üzünü Üzeyir bəyə tutaraq təəccüblə): -

Belə bir kamillik, iyirmi yaşında?

Gör nələr var imiş bunun başında?

Bunlar xalq mahnısı, xalq deyimidi,

Bunu nota salmaq deyildir adi.

 

Mahnının dilinə toxunmayıbdı.

Bunlar, not üstündə oxunmayıbdı.

"Üç gündə bir, beş gündə bir”,

"Uca dağlar”, "Həyətləri soğanlıq”.

 

Hələ dayan bir anlıq.

Bu gün çətin tapılar,

Belə gənc istedadlar.

"Qaşın-gözün sürməli”,

"Dağlarda çiçək” də var.

 

Üzeyir bəy: -

 

Ərtoğrul yaradar,

Cavid nəslidi,

Ərtoğrul - Cavidin elə əslidi.

Çağlayır qəlbində min arzu- kamı,

Sanki, dağ selidir, coşur ilhamı.

O həm rəssamdır, həm də bəstəkar,

Hələ o ürəkdə şairlik də var.

Cabbarla Ələsgər oxuyan zaman,

Nota köçürübdür onları, güman.

 

Bülbül – (Əlində baxdığı not kağızlarını çevirərək)

 

Aşıqlardan yazıbdı "Koroğlu ovşarını”,

Sanki, köçürüb bura, təbiət baharını.

Bu da "Güllü qafiyə”, "Paşa köçdü” mahnısı,

Xalqın ruhu duyulur, çox gözəldi hamısı.

 

Üzeyir bəy – (Əlindəki not kağızını Bülbülə uzadaraq)

 

Hələ bax, bu mahnıda deyib əsil sözünü,

Tükəzbanla işləyib, o məşhur "Kürd qızını”.

(Tükəzban İsmayılova nəzərdə tutulur)

 

Bülbül : -

 

Necə qabil insan, necə bir cavan,

Nə tərif söyləsək, inan, yeridi.

Belə düşüncəylə, belə ağılla,

Ərtoğrul, Cavidin şah əsəridi.

 

Bu misralardan da göründüyü kimi, onun həyat amalı xalqa xidmətdən ibarət idi. Ərtoğrul Avropa və rus bəstəkarlarının not şəklində çap olunmuş bir çox mahnılarını və romanslarını da dilimizə tərcümə edib. Onun qəlbində həyat, yazıb-yaratmaq eşqi ilə yanaşı, sevib-sevilmək eşqi də güclü idi. Lakin qəlbində gəzdirdiyi pünhan sevgisi elə özü ilə pünhan olaraq əbədiyyət dünyasına köçdü.

Ərtoğrul Cavidin müxtəlif vaxtlarda qələmə aldığı "Göyərçinin naləsi”, "Qalibiyyət nəğməsi”, "Bahar”, "Borjom”, "Sönük həyat”, "Dalğa”, "Ay”, "İspan qadının dilindən layla”, "Sənsən”, "Layla” və başqa şeirləri vardır. Eyni zamanda onun "Uğursuz gecə”, "Məktub”, "Oxu, bülbülüm, oxu”, "Gənc qadının ilk çocuğu ölürkən”, "Vərəmli bir qız” kimi nəsr əsərləri də vardır.

Ərtoğrul Cavid Pedaqoji İnstitutda (indiki ADPU-da) tələbə ikən bir sıra dünya klassiklərinin yaradıcılığı barədə maraqlı referatlar hazırlayıb ki, bunlar onun geniş mütaliəsindən və dərin elmi-ədəbi təfəkküründən soraq verir. O, Musiqi Elmi-Tədqiqat Kabinetində çalışdığı vaxtlarda Azərbaycanın ayrı-ayrı regionlarından toplanmış müxtəlif janrlı folklor nümunələri, eləcə də şifahi xalq ədəbiyyatına dair bəzi tədqiqat əsərləri barədə dəyərli elmi rəylər də yazıb.

1942-ci ildə ordu sıralarına çağrılan, lakin "xalq düşməninin oğlu” kimi cəbhəyə deyil, Gürcüstanda yerləşən fəhlə batalyonuna göndərilən Ərtoğrul Cavid orada vərəm xəstəliyinə tutulur. O, 1943-cü il aprelin 26-da Tiflis xəstəxanasından böyük müğənni Bülbülə məktub yazır: "Hörmətli Bülbül dayı, salamlar. Bir ədib söyləmiş ki, həyat insanlardan da insafsızdır. Doğrudan da belə imiş. Tale məni elə bir dərdə saldı ki, bütün planlarım, arzularım alt-üst oldu. Qarşıdakı əsas məsələ möhkəm yemək, təmiz hava udmaq və dincəlməkdir. Bəlkə, kiçicik ömrümə bir neçə gün əlavə edə bildim. Vəziyyətim çox da yüngül deyil. Aprel ayının 7-dən başlayaraq ta 18-nə qədər sinəmdən qan gəldi. Temperaturum səhərlər 38-dən aşağı enmir, gecə isə 40-a qədər qalxır. Lazımi davacat və yeməyin olmaması işləri daha da ağırlaşdırır. Son dərəcə zəifəm. Yerimdə otura bilmirəm. Doktor yazmağa icazə vermir. Məktubu gizli, uzandığım halda yazıram. Vəziyyətin bu qədər ağırlığına baxmayaraq, gizli bir mənbə mənə daima qüvvət verir. Məni yaşadan bu qüvvə, sarsılmaz iradə və möhkəm inamdır, mən öz məqsədimə – idealıma çatacağam. O, musiqidir. Anam salamat gəlib çatdı. Üzeyir bəyin, sizin və konservatoriyanın mənə yardım etdiklərini söyləyincə gözlərim yaşardı. Demək, mən xatirələrdə yaşayıram. Yardımınıza görə çoxlu-çoxlu təşəkkürlər edirəm. Sağlıq olsun, heç bir yaxşılıq əvəzsiz qalmır. Mənim indiki planım Naxçıvana getməkdir. Orda hər bir şey var. Nənəmlə qonşu kəndlərə gedəcəyəm. Əgər səhhətim imkan versə, kabineti maraqlandıran materiallar toplayacağam. Yanımda xeyli not və yazı kağızı var. Artıq yazacaq bir şey yoxdur. Vaxt edə bilsəniz cavab yazın. Yardımınıza görə yenə də dönə-dönə təşəkkür edirəm. Məndən hamıya – kabinetin əməkdaşlarına, müəllimlərimə, xatırlayanların hamısına salamlar. Əllərinizi sıxıram. Sizin Ərtoğrul Cavid”.

Bir müddət Tiflis şəhərində müalicə olunan Ərtoğrul Cavid Əziz Şərifin köməyi ilə Naxçıvana gətirilir. O, 14 noyabr 1943-cü ildə 24 yaşında vəfat edib və Naxçıvan şəhər qəbirstanlığında dəfn olunub. Hüseyn Cavidin nəşinin uzaq Sibirdən, həyat yoldaşı Müşkünaz xanımın nəşinin Bakıdan və oğlu Ərtoğrul bəyin nəşinin Naxçıvan şəhər qəbirstanlığından gətirilib memarlıq üslubuna görə Naxçıvan şəhərinin ən gözəl tikililərindən olan məqbərədə bir yerdə dəfn olunması ümummilli liderimiz Heydər Əliyevin Cavid Əfəndi və onun ailəsinə verdiyi dəyərin parlaq ifadəsi idi.

Bu gün Naxçıvan Şəhər Uşaq Musiqi və İncəsənət Məktəbinə Ərtoğrul Cavidin adının verilməsi, iki il bundan əvvəl 100 illik yubileyinin keçirilməsi haqqında Naxçıvan Muxtar

Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 18 aprel tarixli Sərəncamı və onun həyata keçirilməsi, böyük Hüseyn Cavidə və ailə üzvlərinə göstərilən dövlət qayğısının təcəssümü idi.

"Ərtoğrul Cavid, yaxud bir ailənin dramı” mənzum faciəsinin əvvəlində ön söz əvəzi yazmışdım ki, bir ailənin acı taleyinin həyat dramında aylar və rəqəmlər ardıcıllığı da insanı heyrətə gətirir.

Hüseyn Cavidin ailə üzvlərinin doğum tarixinə nəzər salaq: Hüseyn Cavid 24 oktyabr 1882-ci il, Ərtoğrul Cavid 22 oktyabr 1919-cu il, Turan xanım 2 oktyabr 1923-cü il. Yaxud Hüseyn Cavidin Bakıda yaşadığı evin nömrəsi: 59, sürgündə vəfat etdiyi yaş: 59 , sürgündəki ölüm aktının nömrəsi: 59, Sibirdəki qəbrinin nömrəsi:59. 1937-ci ildə ayrılan ailə üzvləri də əbədiyyətə qovuşduqdan 59 il sonra Naxçıvanda görüşdülər. Hüseyn Cavidin və ailə üzvlərinin həyatında 3 və 13 rəqəmlərinin də sanki sirli şəkildə təkrarı vardır.

Həyata gəlişləri xəzanlı payız gününə təsadüf edən ata və övladların mənalı ömürləri də xəzana döndü. Payız küləyinin budaqdan qoparıb müxtəlif yerlərə səpələdiyi saralmış yarpaq kimi…

Bu payız Ərtoğrul Cavidin 102 yaşı tamam olur. Nəzərimizdə saçı, saqqalı ağarmış bir qoca kişi siması canlanır. Lakin yaşadığı qısa – 24 ilə nəzər saldıqda, fikirləşirsən ki, az bir müddət ərzində bu qədər əsərlər yaradan insan tam bir ömür yaşamış olsaydı nələr yaratmazdı, ömür vəfa etsəydi görün musiqi xəzinəmiz dəyərli əsərlərlə nə qədər zənginləşərdi?..

 


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ